Azərbaycanda qaz limitlərinin sıfırlanması nədir?

  • Aygül Mehman
  • BBC News Azərbaycanca

Şəklin mənbəyi, AZERTAG

Azərbaycanda əhalinin qaz limitləri artıq sıfırlanıb, Azəriqazın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC Azərbaycancaya bildirib.

Azərbaycanda əhali 3 tarif üzrə təbii qaz limitindən istifadə edir.

Azəriqaz sözçüsünün sözlərinə görə, ötən il əhali qrupu üzrə abonentlərin 46 faizi təbii qazın istifadəsində 1200 kubmetr, 47 faizi isə 2500 kubmert limiti keçməyib.

Eldəniz Vəliyev deyib ki, əhali üzrə abonentlərin təxminən 6-7 faizi təbii qazın istifadəsində 2500 kubmetr limiti keçib.

O bildirib ki, ötən il Sumqayıt yaxınlığında yerləşən Yaşma bağlarında mexaniki sayğacların kənardan modem vasitəsilə oxunması ilə bağlı pilot layihə həyata keçiriblər. “Bu, o deməkdir ki, kiminsə qapısını döymədən mexaniki sayğaclarda qaz sərfiyyatının göstəricilərini xüsusi cihaz vasitəsilə kənardan oxumaq mümkündür”.

Eldəniz Vəliyev bu layihənin bu il kütləvi tətbiq edilə biləcəyinə ümid edir.

O deyib ki, hazırda smart kart tipli sayğac getdikcə istismardan çıxarılır və xüsusi cihaz qoşulmuş mexaniki qaz sayğacı ilə əvəzlənir: “Əslində, bu sayğacların quraşdırılmasından sonra abonentlər görəcək ki, əsl smart sayğac necə olur. Daha “kartımı itirmişəm” və ya “kartım koda düşüb” şikayətləri olmayacaq”.

Bəs, sıfırlanma nədir, niyə və necə həyata keçirilir? Ümumiyyətlə, qaz istifadəsində limitlər və tariflər nədir? Bəs qaz limitini keçib-keçməmək haqda məlumatı necə əldə etmək olar?

BBC News Azərbaycanca bu və digər sualları 6 cavabda toplayıb.

Balansdakı limiti keçib-keçməmək haqda məlumatı haradan almaq olar?

Vətəndaşlar aylıq istifadə etdiyi qazın həcmi, müəyyən olunmuş limitlər, mövcud borcları haqda məlumat almaq üçün “Azəriqaz” İB -nin “Azeriqaz.az” info saytına daxil olub, “Borcunu öyrən” bölməsinə tuşlamalıdır. Daha sonra isə onlar mövcud xanaya abonent kodunu yazıb, istədikləri məlumatla tanış ola bilərlər.

Əgər vətəndaşın internetdən istifadə imkanı yoxdursa, o zaman o, yerli Qaz İstismarı İdarəsinə yaxınlaşmaqla abonent kodunu təqdim edib, müvafiq məlumatları öyrənə bilər.

Bundan başqa, “Azəriqaz”-ın qaynar xəttinə zəng etməklə də bu məlumatı öyrənmək mümkündür.

Üstəlik, artıq qaz borcu qəbzlərində də limitlə bağlı məlumat əks olunmağa başlayıb. Bunun üçün qəbzin yuxarı hissəsində, abonent məlumatlarının sonuna diqqət etmək lazımdır.

Əhali üçün təbii qaza hansı tariflər tətbiq olunur?

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

  • 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,
  • 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,
  • 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının ötən ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.

Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.

Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur.

Üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kub metri 10 qəpikdən ödənilən illik limit 2200 kubmetr idi.

Təbii qaza tətbiq olunan tariflər kimlərə şamil olunur?

Təbii qaza tətbiq olunan limitlər və tariflər əhali qrupunun bütün sosial qruplarına şamil edilir.

“AzəriQaz” İB-nin Baş direktoru Ruslan Əliyev ötən ilin dekabrında bildirib ki, evin həcmi – kvadrat metri böyük olanlar daha çox “qaz pulu ödəyəcəklər”, çünki böyük evlərdə qaza qoyulan aşağı tarifli limit daha tez bitir və belə abonentlər məcburən yüksək tariflərlə qaz pulu ödəməli olurlar.

Ötən ilin axırlarına qədər bu limit daha yüksək idi.

Təbii qazın əhaliyə satışı neçə yolla həyata keçirilir?

Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır.

Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə – smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə – mexaniki sayğaclar vasitəsilə.

Təbii qaza tətbiq olunan limitlərin sıfırlanması nədir?

Ölkədə əhaliyə satılan təbii qazdan güzəştli tariflərlə istifadə üçün ayrılan limiti hər il abonentin bu limiti işlədib-işlətməməsindən, onu aşıb-aşmamasından asılı olmayaraq sıfırlanır. Yəni, bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır.

Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir.

AzərQaz bildirib ki, 1 milyon 300 min əhali-abonentin 30 faizi il ərzində 1200 kubmetrədək qazdan istifadə edir.

Amma müstəqil iqtisadçılar hesab edirlər ki, xüsusilə qış aylarında təbii qazla qızdırılan mənzillərdə 1200 kubmetri qısa vaxtda aşmaq mümkündür.

Bu isə o deməkdir ki, kiçik mənzillərdə yaşayanlar belə ilin sonuna doğru qazın kubmetrinə ən yaxşı halda bir 20 qəpik, bu limit də artıq keçilibsə, 25 qəpik ödəməli olacaq.

Bundan sonra abonent yenidən işlətdiyi limitdən asılı olaraq, il ərzində bir kub metr üçün 12, 20 və 25 qəpikdən ödəməyə başlayır. Yəni, güzəştli tariflər hər bir abonent üçün yenidən hesablanmağa başlayır.

Ötən illərdə aşağı limit 2200 kub metrədək qaldırılsa da, hazırda yenidən 1200 kub metrdir.

Sıfırlanma necə həyata keçirilir?

Təbii qaza tətbiq olunan limitli tariflər sayğacların tipindən asılı olaraq iki cür sıfırlanır.

Smart tipli sayğaclarda sıfırlanma hər il başa çatdıqda avtomatik həyata keçirilir. Mexaniki sayğaclarda isə bu proses “AzəriQaz” əməkdaşlarının müdaxiləsi ilə baş tutur.

“AzəriQaz” sıfırlanmanı yanvar ayının ilk ongünlüyündə həyata keçirir.

Qurum rəsmisi Ruslan Əliyev ötəni ilin dekabr ayında sayğacın sıfırlanmasının sürətli həyata keçirilməsini istəyən vətəndaşların yanvar ayının 1-5-i arası öz sayğaclarının fotosunu çəkib, 077 304 104 nömrəsinə göndərməli olduqlarını bildirmişdi. Qurum daha sonra bu prosesin “tələb olmadığını” BBC Azərbaycancaya açıqlamışdı.

“AzəriQaz” ötən il sıfırlanma prosesi zamanı abonentin “365 gün limitinin qorunduğunu” açıqlamışdı.

Limitin sıfırlanması hər il “yanvarın 10-dan növbəti ilin yanvarın 10-dək olan vaxtı” nəzərdə tutur.

“Yəni, biz bu ay yanvarın 1-də başladığımız sıfırlanmanı yanvarın 10-da yekunlaşdıracağıq. Növbəti il də sıfırlanma yanvarın 10-da yekunlaşacaq,” – “AzəriQaz” sözçüsü Eldəniz Vəliyev BBC News Azərbaycancaya demişdi.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment