“28 kişi. Sıfır qadın” Azərbaycanın COP29 komitəsinə qadınları daxil etməməsi xarici mediada tənqid olunur

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədən şəkil

Azərbaycan 28 üzvdən ibarət COP29 İqlim Komitəsinin tərkibinə qadın daxil etməyib.

Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29-un 28 nəfərdən ibarət və yalnız kişilərdən təşkil olunmuş Təşkilat Komitəsinin tərkibini Azərbaycan Prezidenti İlham Əliyev elan edib.

Guardian yazır ki, “She Changes Climate” (O, iqlimi dəyişir) adlı təşviqat kampaniyası qrupu komitənin tərkibinə qadınların daxil edilməməsini “reqressiv qərar” adlandırıb.

“Bunun əksinə, ötən ay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilmiş COP29 iqlim sammitində təşkilat komitəsinin 63 faiz üzvü qadınlardan təşkil olunmuşdu. COP29 komitəsinin demək olar ki, bütün üzvləri, aralarında Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin də yer aldığı nazirlər və ya rəsmilərdir. Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri də komitəyə daxildir”, – Guardian yazır.

Yazıda “She Changes Climate” yaydığı bəyanatdan çıxarışda bildirilir:

“Bu, iqlimdə gender bərabərliyi yolunda reqressiv (geriyə) addımdır. Lakin hələ də dəyişiklik üçün vaxt var. Biz bu ilin iqlim müzakirələrində idarəetmədə bərabər iştirakçılıq istəyirik, çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir, onun yarısına deyil”.

Yalnız kişilər

28 kişi, sıfır qadın. Climatechangenews saytı Azərbaycanın COP29 komitəsinin tərkibini belə təsvir edib. Sayt yazır ki, Azərbaycanın hökumət və dövlət təşkilatlarında əsas vəzifələri kişilər tutur.

Sayt həmçinin yazır ki, siyahıdakı bəzi “rəsmilərin ailələri mübahisəli ofşor maliyyə sxemlərində iştirakda ittiham olunur”.

Böyük Britaniyada fəaliyyət göstərən Qadınların Bərabərliyi Partiyası da komitədə yalnız kişilərin olması qərarına qarşı çıxıb.

“Dünya alov içərisindədir, iqlimimiz böhrandadır, qadınlar qeyri-proporsional seçilib. COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Əlbəttə ki, qadınları qərarların verilməsindən uzaqda tutmaq!”, – partiya X hesabında yazıb.

Komitədə kimlər var?

Komitənin Azərbaycan Prezidentinin saytında dərc olunmuş siyahısı belədir:

Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

Təşkilat Komitəsinin üzvləri siyahısında olanlar isə Azərbaycan Respublikasının:

Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

Ceyhun Bayramov – xarici işlər naziri

Mikayıl Cabbarov – iqtisadiyyat naziri

Vilayət Eyvazov – daxili işlər naziri

Anar Ələkbərov – Prezidentin köməkçisi

Hikmət Hacıyev – Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Kəmaləddin Heydərov – fövqəladə hallar naziri

Teymur Musayev – səhiyyə naziri

Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov – Prezidentinin Protokol xidmətinin rəisi

Pərviz Şahbazov – energetika naziri

Samir Şərifov – maliyyə naziri

Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Ruslan Əliyev – Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Eldar Əzizov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi

Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ülvi Mehdiyev – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

Qadınlarsız. “Təbii ki!”

Euronews Azərbaycanın COP29-da təşkilat komitəsində yalnız kişilərin təmsil olunmasını “qadınların qərar qəbuletmə prosesindən kənar qalması” adlandıraraq kampaaniya aparanların bunu pislədiyini yazıb.

Nəşr COP tarixinə nəzər salaraq, qadınların əsas iqlim danışıqlarında kifayət qədər təmsil olunmamasını xatırladır və tədbirin keçirildiyi 29 il ərzində yalnız beş qadının prezident təyin edildiyini vurğulayır.

Nəşr COP29-un təşkilat komitəsinin üzvlərini “qalmaqallı heyət” adlandırır və bunun qınaq doğurduğunu yazır.

Beləliklə, COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Qadınların qərar qəbul etmə prosesindən kənarda qalması… təbii ki!”, – Böyük Britaniyanın Qadın Bərabərliyi Partiyası X-da yazıb.

COP29 komitəsi sammitin təşkili və keçirilməsini tənzimləyən Fəaliyyət Planının hazırlanmasına və həyata keçirilməsinə cavabdehdir.

Euronews yazır ki, Azərbaycan mədən yanacaqlarından çox asılıdır və dünyanın ən qədim neft hasil edən regionudur.

BƏƏ 63 faiz qadınları seçmişdi

BƏƏ cop28

Şəklin mənbəyi, Getty Images

“Qadınları qərarların verilməsinə yaxın buraxmamaq: Kampaniyaçılar Azərbaycanın kişilərdən ibarət Komitəsini X-də tənqid edir” – Euronews saytında belə başlıqla yazı dərc edib.

Qadınlar əsas iqlim danışıqlarında hər zaman az təmsil olunublar və bu tədbirin 29 illik tarixində cəmi beş prezident qadın olub.

Kampaniyaçılar gender balansının pozulduğu bu qərarı geriləyici adlandırıblar, onlardan biri deyib ki, “iqlim dəyişikliyi bütün dünyaya təsir edir, yarısına yox”, Euronews yazır.

Keçən il COP28 tədbirində Birləşmiş Ərəb Əmirliklərinin təşkilat komitəsinin 63 faizi qadın idi, sayt xatırladır.

Komitə nə ilə məşğul olacaq?

Preizdent İlham Əliyev Cop29 Təşkilat Komitəsinə noyabr ayında keçiriləcək sammit üçün fəaliyyət planı hazırlamaq tapşırığı verib.

Komitəyə həmçinin tədbirin təşkilatçılığına məsul şirkət yaratmaq işi həvalə olunub.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment