Sergey Paracanov: Sovet cəhənnəmindən çıxan kino dahisi

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Qonşu həyətin dəmir darvazası ilə salamlaşmaq. Sergey Paracanovun ən məşhur fotoşəkillərindən biri. 1984-cü ilin oktyabrı

  • Müəllif, Mark Qriqoryan
  • Vəzifə, BBC Rusca üçün

Düz yüz il əvvəl, 1924-cü il yanvarın 9-da Tbilisidə erməni ailəsində Sarkis (Sergey) Paracanov adlı oğlan uşağı anadan oldu. Onun taleyinə şedevr kimi tanınan bir neçə film çəkmək, sovet həbsxanasına düşmək, orada çox ağır şəraitdə sağ qalmaq və 20-ci əsrin ən böyük kinorejissorlarından biri olmaq düşdü.

“Məni Sovet İttifaqı Kommunist Partiyasının 340 üzvünü zorlamaqda ittiham ediblər”, – dünya mədəniyyət xadimlərinin səyləri nəticəsində Sovet həbsxanasından çıxandan sonra verdiyi müsahibələrində Paracanov istehza edirdi.

1974-cü ildə o, eynicinsli intim münasibətlərdə ittiham olunaraq, beş il müddətinə azadlqdan məhrum edillmişdi: hökmə görə onun şəxsi əmlakı müsadirə olunmalıydı və cəzasını sərt rejimli düşərgədə çəkməliydi.

Paracanov dünya adamı idi. Onun Tbilisidəki Kote Mesxi küçəsindəki muzey və eyni zamanda antikvar dükanı xatırladan evinə Marcello Mastroianni, Tonino Guerra, Andrey Tarkovski, Vladimir Vısotski və Marina Vladi kimi dünya məşhurları gəlirdi. O, Lilya Brik və Federiсo Fellini ilə dost idi.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Başında qəfəs olan və bir çox məna daşıyan fotonu Paracanovun özü səhnələşdirib. Bu, rejissorun kanonik adlandırıla bilən ən çox yayılmış fotoşəkillərindən biridir. 1988-ci ilin iyunu

O, əsil mifyaradıcı idi. Onun özü, həyatında baş verən müxtəlif hadisələr, zarafat və parodiyalar və hətta qalmaqallar barədə çoxlu əhvalatlar yayılıb və indi də yayılmaqda davam edir, onun ekssentrik təbiətinə həsr olunmuş məqalələr də tirajlanır və ağızdan-ağıza ötürülür. Miflər necə nəsildən-nəsilə ötürülərsə, bax elə.

Paracanov Sovet sisteminə dair tənqidi fikirlərini gizlətmirdi. Bu, təkcə hakimiyyətin ünvanına açıq çəkildə ictimai tənqid deyildi, bu, həm də elə yaşamağa və işləməyə cəhd etmək idi ki, sanki Sovet İttifaqı və onun cəzalandırıcı aparatı, məhdudlaşdırıcı və ideoloji cəhətdən yoxsul mədəniyyət siyasəti sadəcə mövcud deyil.

Həbsxanada rejissor şəkərli diabet xəstəliyinə tutulur, ağciyərin iltihabı isə xərçəngə çevrilir və 66 yaşında ölümünə səbəb olur.

Təhsil. Ukrayna kinosu

Demək olar ki, Paracanovun bəxti gətirib. Necə ki, gələcək rejissorlar Aleksandr Alov və Vladimir Naumov, Marlen Xutsiyev, Yuri Ozerov, Lətif Fayziyev, Qriqori Melik-Avakov və başqalarının. Onların bəxti onda gətirdi ki, hamısı Sovet və Ukrayna kinosunun klassiki İqor Savçenkonun tələbələri oldular.

Savçenko artıq o zaman “Boqdan Xmelnitski” monumental filminin müəllifi kimi məşhur idi. Onun “Üçüncü zərbə” (faşist qoşun qruplaşmasının məğlubiyyəti və Odessa və Krımın azad edilməsi haqqında) filminin çəkiliş meydançasında tələbələr praktik məşğələlər keçirdilər. “Taras Şevçenko” filmini bitirməmiş Savçenko vəfat etdi və müəllimin işini başa çatdırmaq onun keçmiş tələbələrinə tapşırıldı.

İqor Savçenkonun ölümündən sonra onun emalatxanasına Ukrayna kinosunun digər klassiki Aleksandr Dovjenko rəhbərlik edirdi.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

David Qareci (azərbaycanlılar buranı Keşikçi Dağ adlandırır) monastırında “Surami qalasının əfsanəsi” filminin çəkilişi. 1983-cü ilin dekabrı

Təəccüblü deyil ki, bu kursun məzunlarının əhəmiyyətli bir hissəsi VGİK-i (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) bitirdikdən sonra Ukraynaya – Kiyev və Odessa kinostudiyalarına işləməyə gediblər.

Paracanova da Kiyevə getmək nəsib olur.

Və burada onun yaradıcılığında çox maraqlı bir dövr başlanır. Paracanov bir neçə, açıq desək, orta səviyyəli film çəkir. Birincisi Sovet nağıl filmləri üslubunda hazırlanmış “Andrieş”dir.

Ondan sonra “Birinci oğlan”, “Ukrayna rapsodiyası”, “Daş üzərində çiçək” gəlir. Bunlar tipik sosialist realizmi filmləridir; görünür, gənc müəllif bununla sovet quruluşuna sədaqətini təsdiqləmək, “hamı kimi” kino düzəldə bildiyini göstərmək istəyir. Ancaq, haqq üçün demək lazımdır ki, onda alınmadı.

“Unudulmuş əcdadların kölgələri” – ən yaxşı Ukrayna filmi

Lakin daha əvvəl, 1962-ci ildə Andrey Tarkovskinin “İvanın uşaqlığı” filmi çıxır. Bu filmdə müharibənin oğlanın həyatını – əvvəlcə onu uşaqlıqdan məhrum edərək, sonra isə, sadəcə öldürərək – necə şikəst etdiyi göstərilir.

İrlandiyalı tədqiqatçılar Fergus Daly və Catharina Waugh Parajanovdan sitat gətirirlər: “Mən heç nə bacarmırdım və “İvanovun uşaqlığı” olmasaydı, heç nə etməzdim”. Əlbəttə, hər şey o qədər də sadə deyil, amma deyə bilərik ki, Tarkovskinin ilk filmi Paracanovun düşüncələrinə və yaradıcılıq axtarışlarına təkan, yeni istiqamət verdi.

Bu axtarışlar 1964-cü ildə Kiyev kinostudiyasında Ukrayna ədəbiyyatının klassiki Mixailo Kotsyubinskinin əsərləri əsasında çəkilmiş “Unudulmuş əcdadların kölgəsi” filmində öz əksini tapdı. Təxminən 60 il sonra film ukraynalı kino tənqidçiləri tərəfindən Ukrayna kino tarixinin ən yaxşı filmi kimi tanındı.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

“Pirosmani mövzusunda arabesklər” filminin növbəti seriyasının çəkilişindən əvvəl məşq. 1985-ci ilin apreli

“Unudulmuş əcdadların kölgəsi” İvan və Mariçkanın – bu qutsulların (Karpat ukraynalıları – red.) romantik Romeo və Cülyetta hekayəsidir. Onda Paracanov kinosuna xas olan bir çox keyfiyyətlər özünü göstərir: metaforizm, incə ştrixlərlə hissləri çatdırmaq bacarığı, etnoqrafizmın, milliliyin dərindən dərk edilməsi, mistisizmə gedən simvolizm və rejissor müşahidəçiliyi və bütün bunların kadrın və səsin heyrətamiz orqanikliyi ilə müşayiət olunması.

Film Ukrayna dilində çıxdı və rus dilinə dublyaj edilmədi.Bu, o vaxtlar üçün görülməmiş hal idi. Paracanov dərhal məşhurlaşdı, məşhur rejissor oldu, amma hakimiyyət də onu ukraynalı millətçi kimi gördü, yəqin ona görə ki, o, dissidentlərlə dostluq edir və Sovet İttifaqının mədəniyyət siyasətindən narazılığını gizlətmirdi.

Bu, onun növbəti “Kiyev freskaları” filminin bağlanmasında mühüm rol oynadı, baxmayaraq ki, filmin çəkilişləri sürətlə gedirdi.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Sergey Paracanov “Gürcüstanfilm” kinostudiyasının həyətində.1988-ci ilin fevralı

Yerevan. “Sayat-Nova”, yaxud “Narın rəngi”

Paracanov narahat idi. Dostları deyirdilər ki, o, depressiyaya düşməyə başlayıb, Tbilisiyə qayıdıb və heç kimi görmək istəmir. Və onda Paracanovun dostu, memar Viktor Jorbenadze onu Ermənistana səfərə getməyə razı salır.

Səfər onun taleyini təyin edir: Paracanov 18-ci əsrin sonlarında yaşamış aşıq Sayat-Nova haqqında film çəkmək üçün müraciət edir.

Sayat-Nova Cənubi Qafqaz tarixində qəribə şəxsiyyətdir. Üç, bəlkə də dörd dildə – erməni, Azərbaycan, gürcü, fars dillərində yazır və ifa edirdi. Mən onun mahnı və şerlərinin sözlərini öz əli ilə yazdığı dəftərini vərəqləmişəm – bəzilərini gürcü hərfləri ilə erməni dilində, bəzilərini isə erməni hərfləri ilə Azərbaycan dilində yazıb.

Sayat-Nova çar II İraklinin bacısı (digər bir versiyaya görə, qızı) Annaya aşiq olduğuna görə Tiflisdən (o vaxt şəhər belə adlanırdı-red.) qovulub, sonra paytaxta qayıdıb və yenidən monastıra gedib. Rəvayətə görə, Sayat-Nova ibadət zamanı fars qılınclarının zərbələri altında ölüb və Tbilisidə, Müqəddəs Gevork kilsəsinin divarları yanında dəfn edilib.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Sergey Paracanov otağının bağlı qapısının arxasındadır. 1985-ci ilin avqustu

Bir şairin (Paracanovun) digəri (Sayat-Nova) haqqında çəkdiyi film isə aşığın necə böyüdüyündən, sevgisindən, monastıra getməsindən, ölümdən bəhs edir.

Lakin kino sənayesi məmurları nə filmin obrazlardan və allyuziyalardan toxunmuş metaforik dilini, nə rəmzlər və eyhamlar üzərində qurulmuş hekayəni, nə statik “fotoqrafik” səhnə və kadrları, nə də rejissor təfəkkürünün yeniliyi və qeyri-adiliyini anlayıb qəbul edə bildilər. Nəticədə film senzuraya məruz qaldı, adı ( “Sayat-Nova”dan “Narın rəngi”nə) dəyişdirildi və rejissor Sergey Yutkevich tərəfindən yenidən montaj edildi.

Uzun illər Yutkeviçi müəllif niyyətini təhrif etməkdə ittiham ediblər (bu, yəqin ki, qaçılmaz idi), lakin indi, əsassız olmayaraq, hesab edilir ki, əslində, o, filmi xilas edib.

Sovet rəsmilərinin rədd etdiyi “Narın rəngi” bütün dünyada heyranlıqla qarşılandı. Bu gün o, qeyd-şərtsiz şedevr kimi tanınır və indiyə kimi müxtəlif ölkələrdə nümayiş etdirilir. Britaniya Kino İnstitutunun versiyasına görə, “Narın rəngi” bütün zamanların ən yaxşı 100 filmi sırasına daxildir. “Narın rəngi” əsasında dünya məşhurları Madonna və Lady Gaga-nın klipləri çəkilib… Və bu siyahını sonsuza qədər davam etdirmək olar.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Sergey Paracanov ona verilən naməlum oğlanın portreti ilə evdə poza verir. 1984-cü ilin dekabrı

Həbsxana. Cəhənnəmə və geriyə

“Narın rəngi”ndən sonra SSRİ-də onun müəllifi üçün bütün qapılar bağlandı. Paracanov onlarla, o cümlədən (Viktor Şklovski ilə birlikdə) nağıl ustası Andersenin həyatından bəhs edən “Odensedəki möcüzə” kimi “zərərsiz” ssenari yazıb. Amma onların heç biri həyata keçirilməyib – bürokratlar ayıq idi. Ən pisi isə odur ki, xüsusi xidmət orqanları da yatmırdı.

Paracanov DTK-nın diqqət mərkəzindəydi. Amma rejissor buna məhəl qoymayaraq, dissidentlərlə dostluğunu davam etdirir (hərçənd onun özünü dissident adlandırmaq olmazdı) və zaman-zaman açıq şəkildə “qiyamlı antisovet nitqləri ilə” çıxış edirdi.

Və təhlükəsizlik orqanları hərəkətə keçdilər. Anonim donoslar uyduruldu, cinayət işləri tikildi, ittihamlar irəli sürüldü. Məhkəmə (əlbəttə!) qapalı oldu və 1974-cü ildə Paracanov eynicinsli əlaqələr, təcavüz və pornoqrafiya ittihamı ilə beş il müddətinə ciddi rejimli düşərgələrə məhkum edildi.

Homoseksuallığa görə Sovet həbsxanasına düşən üçün oradan sağ çıxmaq son dərəcə çətindir. Əsl cəhənnəmdən – işgəncə, zorakılıq, intihar cəhdi, ağır xəstəliklər və aclıqdan – keçsə də, Paracanov çıxa bildi.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

“Azadlığın simvolu” – 1981-ci ilin mayında Sergey Paracanov Tbilisidə evinin yanındakı küçədə tullanan zaman fotosu çəkilib. Paracanov bunu “əsrin kadrı” adlandırıb. 2004-cü ildə rejissorun 80 illik yubileyi münasibətilə Tbilisdə bu fotoşəkil əsasında heykəltəraş Vaja Mikaberidzenin yaratdığı abidənin açılışı olub

Əvvəlcə yanlarına məşhur rejissorun düşdüyünə inanmayan məhbuslar get-gedə ona bir rəssam kimi hörmət bəsləməyə başlayıblar.

Paracanovun həbsi istedadın yeni dalğasını, kreativliyi və yaradıcı həllərin qeyri-adi parlaqlığını üzə çıxardı.

Həbsxanada olduğu illərdə o, onlarla kollaj və rəsm çəkdi. Onların arasında xüsusilə seçilən “Pasolini İncili” filmi üçün illüstrasiyalar, Cokonda (“Mona Liza”) mövzusunda variasiyalar, həbsxanada onunla yanaşı cəzalarını çəkən cinayətkarların portretləri, oyun kartları, nəhayət, məşhur “talerlər” – süd şüşələrinin qapaqları üzərində basılmış sikkələr var.

Lilya Brik, Andrey Tarkovski, Luçino Viskonti, Robert de Niro və digər dünya şöhrətli incəsənət və ədəbiyyat xadimlərinin rejissorun azadlığa buraxılması üçün apardığı kampaniya fransız yazıçı Louis Aragon-un Xalqlar Dostluğu ordenini almaq üçün Sovet İttifaqına gəlməyə razı olmasından sonra nəticə verdi. Louis Aragon Leonid Brejnevdən Paracanovun azad edilməsini xahiş etdi.

Və məqsədinə çatdı. Rejissor 1977-ci il dekabrın 31-də azadlığa buraxılaraq vətənə, Tbilisiyə qayıtdı.

Qayıdış. “Suram qalasının əfsanəsi” və “Aşıq Qərib”

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

“Sayat-Nova” (“Narların rəngi”) filmində rahiblərin nar yediyi kimi Sergey Paracanov da narı dişləyir. 1985-ci il

Bir neçə il sonra tamamilə gözlənilmədən ona kinoya qayıtmağa icazə verildi. Və 1983-cü ildə Paracanov “Suram qalasının əfsanəsi” filmi üzərində işləməyə başlayır. Hər ehtimala qarşı, problemdən qaçmaq üçün filmin titrlərində formal olaraq iki rejissorun adı yazılır. Paracanovla həmmüəllif olmağa David Abaşidze razılaşır.

Film tikilməsində ən yaxşı daş və ən möhkəm məhluldan istifadə edilsə də, həmişə yıxılan gürcü Surami qalasının divarlarından bəhs edir. Divarlar dayanmaq istəmirdi. Və bu zaman falçı deyir ki, divara bir oğlan uşağı diri-diri hörüldükdən sonra qalanı tikmək mümkün olacaq. Paracanov süjeti kəskinləşdirir və filmdə yaraşıqlı gənc oğlan bilə-bilə özünü qurban verir.

Folklor və mistik assosiasiyalarla dolu film 1984-cü ildə ekranlara çıxır.

Aşıq Qərib

Şəklin mənbəyi, Youtube

Şəklin alt yazısı,

Aşıq Qərib, bəlkə də, Paracanovun bütün filmləri arasında ən mükəmməlidir.

Yenidənqurma [Perestroyka] başlayanda isə Paracanova xaricə getməyə icazə verildi və, nəhayət orada o öz dünya şöhrətindən zövq ala bildi. İşləyə də bildi. 1985-ci ildə Tbilisidə onun işlərinin böyük sərgisi keçirildi, düz üç ildən sonra isə – Yerevanda.

Elə həmin 1988-ci ildə David Abaşidze ilə birlikdə o, Azərbaycan materiallarına istinadən Lermontovun yazdığı əsərin motivləri əsasında “Aşıq Qərib” filmi üzərində işləməyə başladı.

“Aşıq Qərib” gənc və kasıb aşıqdan, sevgidən və əsl məhəbbətin zamana və uzaqlığa qalib gələcəyindən bəhs edir. Bu, bəlkə də Paracanovun bütün filmləri arasında ən mükəmməlidir.

Amma Ermənistanda onu layiqincə qəbul etmədilər, çünki azərbaycanlılardan bəhs edir, Azərbaycanda isə erməni tərəfindən çəkildiyinə görə təqdir olunmadı.

Bu, Paracanovun son filmi idi.

“Etiraf”. Ölüm

“Etiraf” filminin ssenarisini o, sətəlcəmdən müalicə olunarkən xəstəxanada yazıb. Film onun uşaqlığından, ilk xatirələri və təəssüratlarından bəhs etməli idi. Lakin “Etiraf” filminin çəkilişləri cəmi iki gün çəkdi. Xəstəliyin şiddətlənməsi səbəbindən işini davam etdirə bilmədi.

1990-cı il iyulun 20-də Paracanov vəfat etdi.

Bizə onun Yerevandakı Paracanov muzeyində toplanmış parlaq filmləri, heyrətamiz kollajları və rəsmləri qalıb.

Sergey Paracanov

Şəklin mənbəyi, Yuri Meçitov

Şəklin alt yazısı,

Sergey Paracanovun Yuri Meçitovla görüşdüyü gün çəkilmiş portreti. Paracanov bu portreti “Cakonda” adlandırıb. 1978-ci ilin noyabrı

Sergey Paracanov özünün metaforalar üzərində qurulmuş poetik kinematoqrafiyasını yaradıb: burada hisslər və düşüncələr kadrların düzülüşü, personajların hərəkəti ilə çatdırılır, tamaşaçılar isə sanki süjet konturunun qurulmasında iştirak edir, arzu edərlərsə, rəsm və ya fotoşəkilə bənzəyən statik kadrları məzmunla, hətta emosional və semantik anlamla doldura bilərlər.

“Mənə elə gəlir ki, rejissor doğulmalısan, – Paracanov son müsahibələrinin birində deyib. – Bu, uşaqlıq macərasıdır – kiçik uşaqlar arasında təşəbbüs göstərmək və rejissor olmaq, rəhbərlik etmək, əsrarənglik yaratmaq, plastika yaratmaq, onu icad etmək və öz artistizmliyinlə ətrafında hamını təngə gətirmək”.

Və bütün həyatı boyu o, belə də edirdi.

Mark Qriqoryan jurnalist, yazıçı. Hazırda Sergey Paracanov haqqında kitab üzərində işləyir.

Fotolar: Yuri Meçitov. Bütün hüquqlar qorunur.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment