Ceyhun Bayramov: “Azərbaycan Ermənistanla sülh prosesini irəlilətməkdə qərarlıdır”

Şəklin mənbəyi, Getty Images

“Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır”, – Ceyhun Bayramov cümə günü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, nazir Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı XİN rəhbərlərinin 47-ci iclasında iki ölkə arasında normallaşma prosesi barədə danışıb və bölgədə sülh quruculuğu üçün münbit şərait olduğunu deyib.

Bundan əvvəl Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Yerevanın noyabrın sonunda perspektiv sülh müqaviləsinin mətni ilə bağlı Bakıya göndərdiyi son təkliflərdə “müsbət irəliləyiş” olduğunu deyib.

Nazir bildirib ki, “Ermənistan təkcə öz istəklərini deyil, həm də Azərbaycanın qanuni maraqlarını nəzərə alaraq, tarixi ədalətə və beynəlxalq hüquqa hörmətlə yanaşsa, müsbət nəticələr əldə edilə bilər”.

Cənab Bayramov onu da bildirib ki, Yerevanın təklif etdiyi qoşunların Azərbaycan-Ermənistan sərhədindən qarşılıqlı çıxarılması iki ölkə arasında sərhədlərin demarkasiyası ilə bağlı razılaşma olmadığı müddətcə qəbuledilməzdir.

Nazirin sözlərinə görə, Bakının mövqeyi ondan ibarətdir ki, Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində heç bir üçüncü tərəf iştirak edə bilməz.

“Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının növbəti iclasının tarixi hələ razılaşdırılmayıb”, – cümə günü Ermənistan baş nazirinin müavini Mher Grigoryan news.am saytına deyib.

Naxçıvana yol

Ermənistanın baş naziri Nikol Paşinyan iki gün əvvəl rəsmi Yerevanın Azərbaycanın böyük hissəsi ilə onun Naxçıvan anklavını Ermənistanın cənubundan keçməklə birləşdirən nəqliyyat əlaqələrini təmin etməyə hazır olduğunu bir daha bəyan edib.

Rəsmi Bakı Naxçıvana “asan giriş” əldə etməkdə israrlıdır və bu yolu “Zəngəzur dəhlizi” adlandırır.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl bildirib ki, Ermənistanın cənubundan keçən perspektiv marşrut “Azərbaycandan Azərbaycana yol olacaq” və azərbaycanlı səyahətçilər üçün tranzit prosedurları asanlaşdırılmalıdır.

Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Yerevan və Bakı arasında danışıqların növbəti raundunun yeri və tarixi ilə bağlı hələlik razılığın olmadığını bildirib.

Bundan əvvəl Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri gələn ilin yanvarında Washingtonda görüşərək ölkələri arasında perspektiv sülh müqaviləsini müzakirə edəcəklər.

Azərbaycan və Ermənistan bu həftə 2020-ci ildən bəri saxladıqları hərbçiləri dəyişdirdilər, Ermənistan Azərbaycanın xeyrinə Cop29 beynəlxalq tədbirinə ev sahibliyinə namizədliyini geri götürdü.

Bu addımlar sülh sazişinin tezliklə imzalanacağına dair ümidləri artırdı. ABŞ, Avropa İttifaqı Şurası, Türkiyə və başqa dövlətlər bəyan edib ki, onlar Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün baş tuta biləcəyinə inanırlar.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment