Azərbaycan və Ermənistan sülh sazişinə əngəllər nədir?

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İlham Əliyev və Nikol Paşinyan hələ ki, vasitəçisiz görüşməyiblər.

Azərbaycan və Ermənistan bu həftə saxladıqları hərbçiləri dəyişdirdilər, Ermənistan Azərbaycanın xeyrinə Cop29 ev sahibliyinə namizədliyini geri götürdü.

Bu addımlar sülh sazişinin tezliklə imzalanacağına dair ümidləri artırdı. ABŞ və Türkiyə bəyan edib ki, onlar Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün baş tuta biləcəyinə inanırlar.

Hətta Ermənistanda belə məlumatlar yayıldı ki, gələn ay Washington-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Ancaq Azərbaycan XİN başçısı Ceyhun Bayramov belə bir görüş olacağı barədə məlumatları bu gün təkzib etdi.

Azərbaycan və Ermənistan liderləri 2020-ci il 2-ci Qarabağ müharibəsi başa çatdıqdan bəri, müxtəlif platformalarda sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması üzərində çalışsalar da, onların bu məqsədlərə nə dərəcədə yaxın olduqları hələlik, sual altında qalır.

Azərbaycan və Ermənistan sülh sazişinə nə dərəcədə yaxındır? İki xalqın dinc yaşamasına nə mane olur? Türkiyədən jurnalist Könül Şahin BBC Azərbaycanca üçün yazır:

Qarabağ xəritə

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabrında başlayan, bu il oktyabrın sonunda gerçəkləşməsi planlaşdırılan Brüssel formatındakı görüşdə Azərbaycan prezidenti İlham Əliyev vaxt yetərsizliyini səbəb göstərərək iştirak etməyəcəyini açıqladı.

İlham Əliyevin sözlərindən belə anlaşıldı ki, o imzalanmağa hazır sazişin masa üzərində olmadığı görüşlərə getməyi uyğun hesab etmir. Belə ki, dekabrın 5-də ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda yerli və xarici siyasi şərhçilər ilə görüşən Əliyev, Brüssel formatında keçiriləcək növbəti görüşün həll yönümlü olmasının vacibliyini bildirdi:

“Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və hesab edirəm ki, bu, Brüsseldə anlayışla qəbul olunur”, – İlham Əliyev qeyd edib.

Belə qeyri-müəyyənliyə baxmayaraq, Azərbaycan və Ermənistanın bir-birinə qarşı dekabr ayında atdığı addımlar təəcüblü və gözlənilməz olub. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında heç bir vasitəçi olmadan aparılan danışıqlar nəticəsində iki ölkə əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Azərbaycan 32 erməni əsiri, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı əsiri azad edib.

Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasına Tərəfdaş Dövlətlərin 29-cu konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri çəkərək Azərbaycanın namizədliyini dəstəkləyib.

Dekabrın 9-da Ermənistan İctimai televiziyasında çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanın birlikdə yayınladığı bu bəyanatın sülh sazişi yolunda mühüm addım olduğunu bildirib və əlavə edib ki, sülh sazişi ilin sonuna qədər imzalana bilər.

BBC Azərbaycancaya danışan siyasi şərhçilər yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanıb-imzalanmayacağı ilə bağlı sualları cavablandırıb və prosesin irəliləyişinə maneə olan səbəbləri dəyərləndiriblər.

Britaniyalı jurnalist və siyasi şərhçi Onnik James Krikorianın fikrincə, proses Minsk Qrupu prosesinə bənzər “dejavü” hissi verir:

“Heç vaxt heç vaxt deməyək, amma hərtərəfli sazişi bir yana qoyaq, ilin sonuna qədər hətta çərçivə sazişinin olmasına dair heç bir əlamət görünmürdü. Əvəzində 2020-ci ildən əvvəl ATƏT-in Minsk Qrupu prosesində yaşananlara bənzər dejavü hissi yaşanmışdı. Bununla belə, keçən həftəki birgə bəyanatı yalnız alqışlamaq olar, lakin bu, razılaşmanın yaxınlaşmaqda olduğu demək deyil. Bu, düzgün istiqamətdə bir addımdır və olduqca həvəsləndiricidir, lakin çox şey bundan sonra nə olacağından asılı olacaq və bundan sonra nə olacağını bilmirik.”

“Biz keçən il də “ilin sonu” vədlərini eşitmişdik.” – deyən Krikorian qeyd edir ki, birgə bəyanatdan öncə əsas fikir ayrılıqlarının aradan qaldırılıb-qaldırılmadığı hələ aydın deyil.

“Şübhəsiz ki, dövriyyədə olan bəzi ritorikaya son qoyulmalı və əhali sülhə hazırlaşmalıdır.’’ – Krikorian qeyd edir.

Bakıda yerləşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi-nin direktoru Fərhad Məmmədov yaxın gələcəkdə sülh sazişinin imzalanacağının real olduğunu düşünsə də, şərhçinin fikrincə, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə artıb və bu artıq sülh sazişinin imzalanacağı məkanın belə böyük güclər tərəfindən problemə çevrilməsinə səbəb olur:

“Azərbaycan, nə qədər, vasitəçilər arasında vasitəçi olmağa, proses ətrafında geosiyasi gərginliyi azaltmağa çalışsa da, Ermənistan hökumətinin ənənəvi ittifaqlardan uzaqlaşması, Rusiyaya qarşı addımlar atması və Qərbin Ermənistana göstərdiyi dəstək bu prosesə böyük problemlər yaradıb. Artıq geosiyasi fon sülh prosesinə mənfi təsir göstərməkdədir’’, o deyir.

Siyasi şərhçi Onnik James Krikorian hesab edir ki, sülh sazişinin imzalanması üçün fundamental hesab edilən bəzi məsələlərdə, hələ də, razılıq yoxdur:

“Təəssüf ki, biz müzakirələrin bütün təfərrüatlarını bilmirik, amma əldə edə biləcəyimiz şeylərə əsasən, sərhədlərin demarkasiyası, hansı xəritələrdən istifadə ediləcəyi, eləcə də anklavlar probleminin həlli, regional iqtisadi və nəqliyyat yollarının açılması ilə bağlı maneələr görünür. Bakı İran üzərindən Azərbaycanı Naxçıvana bağlayan yolun inşasına davam edir ancaq Ermənistandan keçən ilkin razılaşdırılmış yolun unudulmadığı aydındır. Bu, hər halda qarşılıqlı asılılığın və sülhün əsas təməli hesab olunurdu”, – Krikorian qeyd edir.

Krikorianın fikrincə, belə bir yolun necə işləyəcəyi, xüsusən gömrük və sərhəd qaydaları, eləcə də insanların və malların tranzitinin təhlükəsizliyi baxımından fikir ayrılığının olması əsas problemdir.

ABŞ-ın Lehigh Universitetinin professoru siyasi şərhci Arman Qriqoryan BBC Azərbaycancaya deyib ki, tərəflər arasında fikir ayrılığı olan prinsipial məsələlər var və onlar üzrə razılığa gəlmək vaxt aparacaq:

“İki əsas maneə var. Biri Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiyalar, konkret olaraq onun statusunun necə olacağı, ona kimin nəzarət edəcəyi, kimin zəmanət verəcəyi məsələsidir. Mən hesab edirəm ki, müqavilənin təminatçısının kim olacağı ilə bağlı qeyri-müəyyənlik qaldığı üçün müqavilə ləngiyir.’’ – cənab Qriqoryan deyir.

BBC Azərbaycancaya danışan Topçubaşov Mərkəzinin siyasi şərhçisi Tural Həmidin fikrincə, Azərbaycan və Ermənistanın birlikdə yayınladığı bəyanat aradakı gərginliyi azaltsa da il sonuna qədər bir sazişin imzalanması aşağı bir ehtimaldır:

“Azərbaycan 30 illik işğala görə kompensasiya, hərbi cinayətkarların rəsmi Bakıya təhvil verilməsi, eləcə də Zəngəzurdakı transport korridoru ilə bağlı rəsmi razılıq olmadan bu sazişin imzalanmasını məqbul hesab etmir. Bütün bunların reallaşacağı halda Azərbaycan sülhə razılaşa bilər. Ermənistan buna razılaşmayacağı halda isə saziş olmadan status-kvo münasibəti davam etdirilə bilər.”

Britanyalı jurnalist Onnik James Krikorian hesab edir ki, sülh müqaviləsinin müzakirəsində problemli olan məsələlərdən biri də Qarabağı tərk edən ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir:

“Xatırlayırsınızsa, Qranada Bəyanatında onların könüllü qayıdışına, eləcə də dönüşlərini təmin etmək və izləmək üçün müəyyən növ “beynəlxalq mexanizmlərə” istinad edilirdi. Qeyd edək ki, bu bəyanatı Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri arasında görüşə getməyən Azərbaycan imzalamayıb. Buna cavab olaraq, Bakı da 35 il əvvəl Ermənistanı tərk etmiş etnik azərbaycanlıların könüllü qayıtması barədə danışır. Bu qarşılıqlılıq məsələsi, əlbəttə ki, yeni deyil. Eyni şey nəqliyyat əlaqələri məsələsində də baş verdi”, o deyir.

Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetinin təşkil etdiyi forumda çıxış edərkən qeyd edib ki, Ermənistan tərəfinə saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd olunacağı təqdirdə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqlarının da sazişdə əks olunmasını təklif edib:

“Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Digər variant bu mövzunu ümumiyyətlə qeyd etməmək idi. Beləliklə, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatından sonra görünür, bu maneə də aradan qalxdı. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur.”- İlham Əliyev deyib.

Avropa Şurasının prezidenti Şarl Mişel Azadlıq Radiosuna müsahibəsində deyib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməlidir.

“Biz hesab edirik ki, etnik ermənilərin geri qayıtmaq və ya heç olmasa Azərbaycanın həmin hissəsinə səfər etmək hüququ olmalıdır və onların təhlükəsizliyi və hüquqları təmin edilməlidir. Azlıqların müdafiəsi ilə bağlı beynəlxalq standartlar var ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq onlara riayət edilməli, onların çərçivəsində azlıqların hüquqları təmin edilməlidir” deyə Mişel bildirib.

Sülh sazişinin imzalanmaması riskləri artırır

Erməni siyasi şərhçi Arman Qriqoryanın fikrincə, diplomatik yolla həll edilməyən problemlər güc yolu ilə həll üçün şərait yaradır. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında güclərin asimmetriyası və geosiyasi qeyri-müəyyənlik problemi daha da dərinləşdirir:

“Əgər tərəflər diplomatik həll yoluna gələ bilmirlərsə, danışıqlar masasında əldə edə bilmədikləri şeyi güc yolu ilə əldə etmək hər zaman şirnikləndirici olacaq”, o əlavə edib.

Britaniyalı juranlist Onnik James Krikorian hesab edir ki, qısa müddətdə sülh sazişi imzalamamaq problemin həllini çətinləşdirir.

“Mən heç vaxt belə bir vəziyyəti qonşu dövlətlər və cəmiyyətlər üçün normal və ya sağlam hesab etməmişəm’, – deyən Krikorian qeyd edir ki, prosesin ləngiməsinin hər iki ölkənin bir-birindən tamamilə təcrid vəziyyətdə yaşamağa davam eden xalqlarına heç bir xeyiri yoxdur.

Vasitəçi ölkələr necə addım atmalıdırlar?

Azərbaycanlı siyasi şərhçi Fərhad Məmmədov hesab edir ki, Rusiya və ABŞ Azərbaycan-Ermənistan arasındakı prosesə mənfi təsir göstərir:

“Vasitəçi ölkələr nə qədər az təşəbbüslər irəli sürsələr o qədər yaxşıdır. Düşünürəm ki, hazırkı dövrə, yəni 19 sentyabr antiterror əməliyyatından sonra yaranmış vəziyyətə uygunlaşma gedir. Bu proses zamanı Qərbin yanaşmasında Azərbaycan ilə böhrana şahid olduq. Azərbaycan və Ermənistan tərəfi vasitəçilərsiz kontaktlara davam edə, beynəlxalq geosiyasi fon imkan verdikcə, bu sülh sazişi ilə bağlı addım ata bilərlər.”– Fərhad Məmmədov qeyd edir.

Azərbaycanlı siyasi şərhçi Tural Həmid hesab edir ki, dekabrın 7-də Azərbaycan və Ermənistanın birgə bəyanatı, noyabrın 30-da Qazax- İcevan sərhədində Ermənistan Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissyaların görüşü tərəflərin birbaşa danışıqlar apara biləcəyinin sübutudur:

“Lakin delimitasiya və demarkasiya Sovet xəritələri əsasında aparılacağı üçün istənilən halda Rusiyanın vasitəçiliyinə ehtiyac duyula bilər. Burada da Ermənistanın nümayiş etdirəcəyi mövqedən çox şey asılıdır.”- Tural Həmid deyir.

Britaniyalı jurnalist ve siyasi şərhçi Onnik James Krikorian qeyd edir ki, vasitəçilərin neytral olması vacibdir. O bildirir ki, Azərbaycan xarici işlər nazirləri Cenevrədə, Tbilisidə və ya Vaşinqtonda görüşəndə ikitərəfli danışıqlar aparmasına baxmayaraq Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşlərdə hər zaman başqa tərəflər iştirak edir və bu, geosiyasi maraqların daha çox nüfuz qazanması ilə getdikcə ciddiləşən problemlərə gətirib çıxarır. O qonşu ölkə Gürcistanın ikitərəfli görüşlər üçün uyğun məkan olduğunu düşünür:

“Şəxsən mən istərdim ki, vasitəçilik proseslərinin davam edib-etməməsindən asılı olmayaraq, Gürcüstan daha çox məkan kimi istifadə edilsin.

Səyahət və tezlik baxımından logistikanı sadələşdirəcək və liderlər səviyyəsində olmaq məcburiyyətində deyil. Xarici işlər nazirləri Tbilisidə bir dəfə görüşdülər və mən başa düşmürəm ki, mübahisəsiz daha neytral məkan daha yaxın olduğu halda, onlar niyə görüşmək üçün yalnız ABŞ-a getməlidirlər.” – cənab Krikorian deyir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment