Növbədənkənar prezident seçkisinə kim qatılacaq?

Şəklin mənbəyi, Getty Images

Növbəti ilin fevralın 7-nə təyin olunan prezident seçkilərində iştirak edib-etməyənlər bəlli olmağa başlayır.

Artıq üç siyasi partiyanın növbədənkənar prezident seçkilərində iştirakı, iki partiyanınsa boykot qərarı aldığı məlumdur.

Müxalifətdə olan Milli Şura və REAL Partiyasının rəsmi qərarı hələ məlum deyil.

Şənbə günü qurultay keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyası elan edib ki, növbədənkənar prezident seçkilərinə qatılmayacaq.

Cümə günü Müsavat Partiyası da növbədənkənar prezident seçkilərini boykot qərarı alıb.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının sərdi, hazırkı Prezident İlham Əliyev partiyanın qərarı ilə növbəti dəfə namizəd olacaq.

Bundan başqa, hakimiyyətyönlü Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc da növbədənkənar prezident seçkilərində nəmizəd olacaqlarını açıqlayıblar.

Azərbaycanın iki əsas müxalifət partiyası fevralda keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərini boykot etmək qərarına gəlib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu barədə dekabrın 16-da partiyanın qurultayında məlumat verib.

Əli Kərimli daha əvvəl BBC-yə deyib ki, “Azərbaycanda hakimiyyət seçkiyə cəmiyyətdə repressiyaları artırdığı mühitdə gedir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, onların qərarları partiyanın İdarə Heyətinin dekabrın 15-də keçirilən iclasında açıqlanıb.

“Hakimiyyət tərəfindən seçkiqabağı demokratik mühit yaratmaq, bütün siyasi məhbusları azad etmək, sərbəst toplaşmaq, söz və ifadə azadlığını təmin etmək, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etmək çağrışları cavabsız qalıb”, – Müsavat başqanı Arif Hacılı öz Facebook hesabında yazıb.

Həm Əli Kərimli, həm Arif Hacılı Azərbaycandakı son həbslərə işarə edərək, növbədənkənar seçki təyin olunduqdan sonra ölkədə “repressiyaların” davam etdiyini iddia ediblər.

Boykot qərarı alanlar hesab edirlər ki, hakimiyyət heç bir ictimai müzakirə olmadan seçki keçirmək qərarı alıb və bununla ölkədə dəyişiklik istəyənlərin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib.

Müxalifətdəki REAL Partiyasının sədri İlqar Məmmədov öz Facebook hesabında yazıb ki, “Növbədənkənarda REAL partiyası texniki namizədlə çıxış etməyəcək”.

“Namizədimiz ya siyasi olacaq, yəni partiyanın rəhbəri kimi mən, ya da heç olmayacaq”, – İlqar Məmmədov sosial media hesabında yazıb.

Bu arada, hakimiyyətyönlü Böyük Quruluş Partiyasına rəhbərlik edən deputat Fazil Mustafanın fevralın 7-də keçiriləcək seçkilərdə namizədliyi irəli sürülüb.

APA-nın millət vəkilinə istinadən verdiyi məlumata görə, bu barədə partiya dekabrın 16-da məlumat yayıb.

Bu həftə hakim Yeni Azərbaycan Partiyası seçkilərdə iştirak etmək üçün hazırkı Prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

Azərbaycanda prezident seçkiləri

namizədlərin posterləri

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində reklam lövhəsində namizədlərin posterləri düzülüb

Növbədənkənar seçkilərinin keçirilmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İlham Əliyev 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci ildə Azərbaycan Prezidenti seçilib. Bu, onun 5-ci dəfə prezidentliyə namizədliyi olur.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub. Müxalifət həmin seçkiləri boykot edib və müxalifət liderləri seçkidə iştirak etməyib.

Sonuncu prezident seçkisi də növbədənkənar, planlaşdırılandan yarım il əvvəl keçirilib.

2016-cı ildə keçirilən referendum seçkiləri nəticəsində Konstitusiyada dəyişilik edilərək prezidentlik müddəti 5 ildən 7 ildək uzadılıb.

Konstitusiyaya görə Prezident İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatır.

İlham Əliyevin fevral seçki platformasının detalları hələ ki, məlum deyil.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment