Azərbaycanda daha iki jurnalist həbs edilib

Şəklin mənbəyi, az24saat.org

Şəklin alt yazısı,

Kanal 11-in rəhbəri Teymur Kərimov

Azərbaycanda iki jurnalist – Teymur Kərimov və İbrahim Hübmətovun polis tərəfindən saxlandıqdan sonra müxtəlif ittihamlarla dörd ay istintaq müddətinə həbs edildiyi bildirilir.

Bununla, son bir ay ərzində Azərbaycanda tənqidi mediada fəaliyyət göstərən və müxtəlif ittihamlarla həbs olunan jurnalistlərin sayı səkkizə çatıb.

Bundan əvvəl noyabrın 20-dən başlayaraq AbzasMedia-nın işi üzrə qurumun rəhbərləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, həmin saytın əməkdaşları Məhəmməd Kekalov, Nərgiz Absalamova dörd aylıq həbs edilib.

Turanın məlumatına görə, Youtube platformasında fəaliyyət göstərən Kanal-11-in rəhbəri Teymur Kərimov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə və külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddələri ilə ittiham edilib.

Onun vəkili Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimov məhkəmədə ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib və polis tərəfindən zorakılığa məruz qaldığını deyib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-ə təyin edilib.

Ötən gün həbs olunan Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətov “Ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur”, – Turan yazıb.

Daxili İşlər Nazirliyindən ittihamlara cavab almaq mümkün olmayıb.

“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi səslərə qarşı irəli sürülən saxta ittihamların narahatedici nümunəsinə uyğundur. Şahid olduğumuz şey müstəqil Abzas Media və Kanal 13-ün rəhbərliyinin noyabrın sonlarında həbsi ilə başlayan müstəqil mediaya qarşı təzyiqlərin güclənməsidir”, – Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib.

Amnesty International-ın təmsilçisi bildirib ki, “Baş verənlər 2012 və 2015-ci illərdə Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media təmsilçilərinin, QHT nümayəndələrinin əsassız həbsi, təqibini xatırladır”.

Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə bütün azadlıqlar, o cümlədən media azadlığı təmin olunur və ayrı-ayrı şəxslər törətdikləri cinayətlərə görə həbs olunur. Hökumət jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması barədə iddia və tənqidləri rədd edir.

AbzasMedianın rəhbərləri ötən ay həbs olunub. Jurnalistlər Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunublar.

Bundan başqa AbzasMedianın əməkdaşı Nərgiz Absalamova və direktor müavini olduğu deyilən ictimai fəal Məhəmməd Kekalov da istintaq müddətində həbs edilib.

Nərgiz Absalamova da “qaçaqmalçılıqda ittiham edilir”, Məhəmməd Kekalovunsa “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin cinayət işi üzrə cəlb edildiyi” bildirilib.

“AbzasMedia” Azərbaycanda yüksək vəzifəli dövlət rəsmilərinin korrupsiya əməlləri barədə apardığı araşdırmaları ilə tanınır.

Ülvi Həsənli, Sevinc Vaqizqızı, Nərgiz Absalamova barələrindəki bu ittihamları rədd edirlər və həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini media azadlığına təhdid kimi qiymətləndirərək jurnalistləri dərhal azad etməyə çağırıblar.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment