Arayik Harutyunyan istefa verir, lakin o Qarabağda qalacaq

Tanınmamış “Dağlıq Qarabağ Respublikasının” rəhbəri Arayik Harutyunyan sabah istefasını “Artsax xalqına və Milli Məclisinə təqdim edəcəyini” açıqlayıb.

Bu gün günorta saatlarında öz Facebook sosial media hesabında yazaraq, o, dəyişiklərin vacibliyindən bəhs edib və bunun üçün “özündən başlamalı olduğunu” yazıb.

“Bu gün dünyada mövcud olan qeyri-sabit geosiyasi vəziyyət, regional hadisələr… Artsaxda və ətrafında baş verənlər, Artsaxın daxili siyasi və sosial atmosferi birbaşa yanaşma və addımların dəyişdirilməsinə, çeviklik nümayiş etdirilməsinə ehtiyac olduğunu göstərir. Yuxarıda göstərilənlərə nail olmaq üçün Artsaxda məndən başlayaraq əsas fiqurları dəyişmək lazımdır”.

O, dövlət naziri Qurqen Nersisyanı da işindən azad edib. Onun yerinə “daha geniş səlahiyyətlərə malik olmaqla” Təhlükəsizlik Şurasının başçısı Samvel Şahramanyanı təyin edib.

Arayik Harutyunyan istefasından sonra ailəsilə birlikdə Artsaxda yaşamağa davam edəcəyini açıqlayaraq, bu addımının qondarma respublika daxilində “sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəldiyini” vurğulayıb.

Araik Arutyunyan 2020-ci ilin martında qondarma “Dağlıq Qarabağ Respublikasının Prezidenti” olub.

2020-ci ilin payızında Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Qarabağda və Ermənistanda bir çox siyasi qüvvələr hərbi əməliyyatların uğursuz nəticəsinə görə məsuliyyət daşıdığını iddia edərək, Harutyunyanın istefasını tələb ediblər.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ ətrafındakı əraziləri özünə qaytarıb, bundan sonra Rusiya, Ermənistan və Azərbaycan arasında razılaşmaya əsasən, bölgədə “etnik ermənilərin təhlükəsizliyinə zəmanət” olaraq Rusiya sülhməramlıları yerləşib.

Bundan sonra nə olacaq?

BBC-nin Rusca Xidmətinin xəbər redaktoru

Araik Harutyunyanın vəzifədən getməsi Qarabağ ermənilərinin liderləri arasında ikinci səs-küylü istefadır.

İlin əvvəlində tanınmamış “respublika”nın Baş naziri, gözlənilmədən Qarabağda peyda olmuş rusiyalı milyarder Ruben Vardanyan vəzifədən getməli oldu.

BBC-yə müsahibəsində Vardanyan Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən boyun qaçıraraq, bəyan etmişdi ki, o, Azərbaycanla “yalnız bərabərhüquqlu müstəqil dövlət (Azərbaycan da Ermənistan kimi separatçı “Dağlıq Qarabağ Respublikası”nı tanımır) kimi danışıq aparmağa razıdır. Harutyunyan da onunla eyni mövqedə idi.

Qarabağ ermənilərinin rəhbərliyinin dəyişməsinin bu mövqeyi nə qədər dəyişəcəyini demək çətindir.

Mart ayında Azərbaycan tərəfi ilə danışıqları aparan işçi qrupuna Samvel Şahramanyan rəhbərlik edib.

Azərbaycan ermənilərə qarşı öz hərbi üstünlüyündən fəallıqla istifadə etməklə onları Qarabağın Azərbaycanın tərkibində adi inzibati ərazi vahidinə çevrilməsi faktı ilə barışmağa məcbur edir.

Rusiya regionda gedən proseslərə getdikcə daha az təsir edir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, “Laçın dəhlizindəki mövcud vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir”.

Rəhbərliyi yenidən dəyişmiş rus sülhməramlılarının mandatı 2025-ci ildə bitir. Həmin il Qarabağ münaqişəsinin tarixində həlledici il ola bilər.

İndi əsas sual odur ki, həmin tarixə qədər tərəflər bir-birinə tərəf addıma ata biləcəkmi?

“Qondarma rejim özünü buraxmalıdır”

Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını “qəbul etməyəcək”, – Azərbaycan Prezidentinin xüsusi müşaviri Hikmət Hacıyev cümə axşamı günü Ağdamda BBC müxbirinə açıqlamasında deyib.

İki gündür Ağdam-Xankəndi-Əsgəran yolunun girişində içində 40 ton un yardımının olduğu iki TIR-ın gözlədiyi əraziyə bu gün səfər edən cənab Hacıyev vurğulayıb ki, “qondarma rejim özünü buraxmalıdır”.

Çərşənbə günü Azərbaycan Qızıl Aypara Cəmiyyəti Laçın Dəhlizi bağlandığı üçün Dağlıq Qarabağın qida çatışmazlığı ilə üzləşdiyi bildirilən etnik erməni əhalisinə un yardımı aparıb.

Lakin iki gündür Bakıdan Xankəndinə gedən yardım Ağdamda “icazə gözləyir”.

Tanınmamış “Dağlıq Qarabağ Respublikası Prezidentinin müşaviri” David Babayan çərşənbə günü BBC Azərbaycancaya deyib ki, onlar “Laçın dəhlizi normal fəaliyyət göstərməyənə qədər hər hansı humanitar yardım qəbul etməyi mümkün görmürlər”.

“Əvvəlcə Laçın yolu açılsın, sonra Ağdamı müzakirə edək”, – David Babayan əlavə edib.

Laçın Dəhlizində yerləşən sərhəd-buraxılış məntəqəsindən son iki həftədə yalnız Qarabağdan Ermənistana gedən 650 nəfərdən çox şəxs keçə bilib. Dəhliz yük və şəxslərin Qarabağa keçməsi üçün bağlıdır.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment