Dağlıq Qarabağ: “İnsanlar çörək növbəsində gözləyərkən huşunu itirir”

  • Müəllif, Rayhan Demytrie
  • Vəzifə, BBC-nin Cənubi Qafqaz üzrə müxbiri, İki ölkə sərhədinin Ermənistan tərəfindən

Onlar bu yolu “Həyat yolu” adlandırırlar. Belə ki, bu, 120 min etnik erməninin yaşadığı Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistan Respublikası ilə birləşdirən yeganə yoldur.

Lakin təxminən doqquz aya yaxındır ki, Laçın Dəhlizi Azərbaycan hökuməti tərəfindən bağlıdır, bu isə separatçı regionda ciddi qida, dərman, gigiyenik məhsullar və yanacaq çatışmazlığı ilə nəticələnib.

On səkkiz yaşlı Hayk Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində – Goris-də sadə bir otelin balkonunda dayanıb, video zəng yolu ilə anasıyla söhbət edir.

“Yumurta yox, qənd yox, şirin şey, ümumiyyətlə, yoxdur, çörək adambaşına hesablanıb verilir. Səhər saat 4-də oyanmışam ki, növbəyə dayanım”, – anası deyir. O, Ağdərə (Ermənilər onu Mardakert adlandırır-red.) şəhərindədir.

Hayk oğlanın əsl adı deyil. Onun təhlükəsizliyi üçün mən adını dəyişmişəm.

Buradakı ermənilər Laçın Dəhlizinin digər tərəfində qalan ailələrinə qovuşa bilmirlər, çünki Dəhliz 2022-ci ilin dekabrından Azərbaycan tərəfindən bağlanıb.

Heç bir müstəqil media Dağlıq Qarabağa gedə bilməyib.

Boş mağazaların video və fotoları sosial mediada dövr etməkdədir.

“İnsanlar paylarına düşən minimum qidanı əldə etmək üçün saatlarla növbədə dayanırlar. Adamlar çörək növbəsində huşunu itirir”, – yerli jurnalist İrina Hayrapetyan etnik ermənilərin yaşadığı anklavdan göndərdiyi səsli mesajda deyir.

“Nəqliyyat üçün yanacağımız yoxdur. İnsanlar kilometrlərlə yolu ayaqla qət edirlər ki, ailələrini yedirtmək üçün nə isə ala bilmək adına növbəyə dursunlar”, – o əlavə edir.

Dağlıq Qarabağın yerli administrasiyası bildirir ki, hər üç ölümdən birinin səbəbi pis qidalanmadır.

“Mən xəstəxanaya getməyə yanacaq olmadığı üçün uşaq salan hamilə qadın tanıyıram”, – Haykın anası deyir.

O, qaz verilişinin mart ayından dayandırılmasından, yanacaq yoxluğundan, dərman, hətta şampun çatışmazlığından, elektrik təchizatında davamlı kəsintilərin olmasından bəhs edir. Qışın gəlişi ilə vəziyyət daha da pisləşəcək.

Onun oğlu nifrət, qorxu və ümidsizliklə deyir:

“Mən başa düşürəm ki, tez, ya gec mənim evim, mənim şəhərim, mənim ölkəm Azərbaycan tərəfindən ələ keçiriləcək”.

Ermənilər Qarabağı Artsax adlandırır, özünü respublika elan etmiş bu qurum dünya xəritəsində yoxdur, dağlıq bölgədə yerləşən anklav Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin bir hissəsidir.

Oxşar mədəniyyətə sahib olmasına baxmayaraq, iki Cənubi Qafqaz ölkəsi – Azərbaycan və Ermənistan bu torpağın üstündə minlərlə şəxsin həyatı bahasına başa gələn və onilliklərlə davam edən müharibələr aparıb.

Ən sonuncu 6 həftəlik – 44 günlük müharibədə (2020-ci ildə) Azərbaycan Ermənistanın 1994-cü ildən bəri ələ keçirdiyi Dağlıq Qarabağı əhatələyən əraziləri geri alıb.

Atəşkəs Rusiyanın dəstəyi ilə elan edildikdən sonra bura etnik ermənilərin təhlükəsizliyini zəmanət altına almaq üçün bölgəni Ermənistanla birləşdirən yeganə quru yolu olan və əhalinin Ermənistandan bura sərbəst gediş-gəlişini və yaşayış üçün vacib əhəmiyyətli məhsulların bölgəyə gətirilməsini təmin edən Laçın Dəhlizinə rus sülhməramlıları yerləşdirilib.

Lakin Rusiyanın diqqətinin Ukraynaya yönəlməsindən sonra Azərbaycan Dağlıq Qarabağın regional paytaxtı Stepanakertlə (azərbaycanlılar onu Xankəndi adlandırır-red.) Ermənistanı birləşdirən yolu ötən ilin (2022) dekabrında hökumətin dəstəklədiyi iqlim fəalları vasitəsilə bağlayıb.

Azərbaycan bu ilin aprel ayında Laçın dəhlizinin girişində özünün “suveren hüququ”na və “ərazi bütövlüyünün tam bərpasına” haqq verən sərhəd-keçid məntəqəsini quraşdırdı. Azərbaycan Ermənistanı bu yoldan silah-sursat gətirmək üçün istifadədə ittiham edib, Ermənistan isə bu iddianı inkar edir.

Dağlıq Qarabağa yeganə çıxışı olan beynəlxalq humanitar təşkilatlar -Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və əraziləri minalardan təmizləmə təşkilatı Halo Trust-dır.

Halo Trust bildirir ki, son həftələrdə minatəmizləmə qruplarını yerləşdirə bilməyib, çünki işçiləri bütün gecə çörək növbəsində gözlədikdən və həm də əliboş qayıtdıqdan sonra işləmək iqridarında deyillər.

Bildirilir ki, Ağdərədə minatəmizləmə əməliyyatlarının dayandırılması xüsusilə təəssüf doğurur, çünki bu, 2020-ci ildə müharibə nəticəsində didərgin düşmüş insanlar üçün bir mərkəzə çevrilib – və onlar indi yaralanma və qida çatışmazlığı riski ilə üz-üzədirlər.

Qırmızı Xaç tibbi təxliyələr aparsa da, iyulun 29-da Xaçatryanlar ailəsinin təhlükəsiz keçidini təmin edə bilməyib.

Həmin gün 68 yaşlı Vaqif Xaçatryan ürək xəstəliyindən təcili əməliyyat olunmaq üçün Ermənistanın paytaxtı İrəvana aparılmalı idi.

“Azərbaycan nəzarət-buraxılış məntəqəsinə yaxınlaşanda onlar dedilər ki, bir neçə sual vermək üçün onu 10 dəqiqəliyinə aparmalıdılar”, – Vaqif Xaçatryanın qızı Vera Xaçatryan deyir.

“Atamı Qırmızı Xaç işçisi ilə apardılar. Bir neçə dəqiqədən sonra Qırmızı Xaç işçisi geri qayıtdı, amma atam naməlum istiqamətə aparıldı”.

Əslən Qarabağdan olan Vera, atəşkəs razılaşması çərçivəsində yaşadığı kənd Azərbaycana qaytarıldıqdan sonra Ermənistanın Cermuk şəhərinə köçüb.

“İndi hər dəqiqə, hər saniyə düşünürəm: ürəyi dayansa, nə olacaq?”

Azərbaycan hökuməti onun atasını 1992-ci ilə – Birinci Qarabağ müharibəsində müharibə cinayəti törətməkdə ittiham edir.

“Onu media hesabatlarından tanıyan çoxlu şahidlər var. Biz heç vaxt müharibə canilərinin ədalətlə üzləşməyəcəyini deməmişik”, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi müşaviri Hikmət Hacıyev deyir.

Vera ittihamların doğru olmadığını deyir.

“Öz ölkəni müdafiə etmək cinayət deyil. Azərbaycanda ədalətli mühakimə ola bilməz. Bəlkə bir gün ədalət yerini tapacaq, ancaq bizim onu gözləməyə vaxtımız yoxdur”.

Vaqif Xaçatryanın məsələsi Qarabağda yaşayan kişilər arasında şok effekti yaradıb.

Üç gənc Qarabağın erməni futbol oyunçuları bu həftə sözügedən sərhəd-buraxılış məntəqəsində 2021-ci ildə Azərbaycan bayrağını təhqir etdikləri üçün saxlanılıblar.

İndi qorxu var ki, erməni kişilər sərhədi keçməyə çalışsalar, Xaçatryanla eyni aqibəti yaşaya bilərlər.

Veranın digər iki bacısı Qarabağda blokadadırlar.

“Mənim bacımın qız nəvəsi iki aylıqdır, orda uşaq üçün qida yoxdur. Anası yetərli səviyyədə qidalanmadığı üçün südü kifayət deyil. Mənim müharibədə beynindən xəsarət alaraq danışığını itirmiş və sağ qolunu hərəkət etdirə bilməyən bacım oğluna lazım olan dərman yoxdur”, – Vera deyir.

Bu ay ABŞ BMT Təhlükəsizlik Şurasının bu böhranla bağlı çağırılmış fövqəladə iclasında Laçın Dəhlizi ilə sərbəst gediş-gəlişi təmin etməsi üçün Azərbaycana çağırış edib.

Beynəlxalq Ədalət Məhkəməsi isə artıq Azərbaycana Laçın Dəhlizində hər iki istiqamətdə “insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə” icazə verməsi üçün qərar verdiyini açıqlayıb.

Lakin ermənilər beynəlxalq ictimaiyyətin böhranın həlli ilə bağlı öhdəliklərinə sadiqliyinə şübhə ilə yanaşırlar. Yerevanda etirazçılar yolun açılmasını tələbi ilə BMT ofisinin girişini ərzaq və un kisələri ilə bağlayıblar.

Azərbaycan bölgədə humanitar böhranın yaşandığını inkar edir.

Azərbaycan əraziyə tam nəzarət etmək istədiyini deyir və 2020-ci il müharibəsi zamanı geri alınan Ağdam şəhərindən Xankəndinə alternativ təchizat marşrutu təklif edir.

“Daha sonra Laçın yolu da açılacaq və 24 saat ərzində açıq olacaq. Daha çox yol hamı üçün yaxşıdır”, – Azərbaycan Prezidentinin xüsusi müşaviri deyir.

Hikmət Hacıyev deyir ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlarının da sahib olduğu eyni “dil, mədəni, dini, o cümlədən, bələdiyyə hüquqları” təklif olunub.

Ancaq Ermənistanlı siyasətçi Edmon Marukyan Laçın Dəhlizinin Ermənistanı Dağlıq Qarabağa birləşdirən yeganə marşrut olduğu halda, Azərbaycanı yalan vədlər verməkdə ittiham edir.

“Onlar beynəlxalq ictimaiyyətin diqqətini hədəfdən yayındıraraq, Laçın dəhlizinin əhəmiyyətini və öhdəliyini ləğv etmək istəyirlər”.

BMT-nin keçmiş xüsusi məruzəçisi Gülnara Şahinyan xəbərdarlıq edir ki, bölgənin Ermənistanla sonuncu əlaqələrini kəsmək Qarabağ ermənilərinin məhvi deməkdir.

“Azərbaycanda insan hüquqlarının pozulmasının hansı səviyyədə olduğunu bilirsiniz. Onların bu nifrət siyasəti ilə Qarabağda ermənilərə münasibətin yaxşı olacağını necə gözləmək olar?”

Qorisdən maşınla qısa müddətlik bir məsafədə açılan dağ panoraması mövcud böhranın aydın mənzərəsini təqdim edir.

2020-ci il atəşkəs sazişi çərçivəsində Azərbaycana qaytarılan ərazidən yan keçmək üçün salınan Ermənistan tərəfdəki yeni yolda heç bir hərəkət yoxdur.

Azərbaycan nəzarət-buraxılış məntəqəsinə yaxın yolda isə Qarabağa ərzaq, dərman, körpə qidası və digər zəruri vasitələr da daxil olmaqla 400 ton humanitar yardımla yüklənmiş yük maşınları sıra ilə dayanıb.

Haykın anasının ən çox ehtiyac hiss etdiyi şeyin “yemək bişirmək üçün yağ” olduğunu xatırlayaraq, Qorisdə gözləyən yük maşınının sürücüsündən nə gətirdiyini soruşuram.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment