Ağdam-Xankəndi yolundan reportaj: “Əgər bu insanların bu ərzaqlara tələbatları varsa, ərzaq buradadır”, Hikmət Hacıyev

  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər çörək qıtlığı ilə üzləşdiklərini deyirlər.

Azərbaycan Ermənistandan Qarabağa göndərilən humanitar yardımın bir aydan çoxdur Laçın dəhlizinə girişinə icazə vermir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə çatdırmaq istədiyi un məmulatı ilə dolu iki TIR isə qarşı tərəfdən giriş icazəsi gözləyir və bu icazə verilənə qədər buradan tərpənməyəcəklərini deyirlər.

Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postunun bir neçə metrliyində artıq çadırlar qurub. Onları o tərəfə həm də postdan bir-iki metr aralı yaradılan “neytral zonada” sülhmərmalıların qoyduğu dəmir tikanlı baryer buraxmır.

40 ton un yüklənmiş TIR-lar ilk gün Ağdam-Xankəndi yolunda üzü Xankəndiyə sarı dayanmışdı. Amma sabahısı günortadan sonra yük maşınlarının üzünü çevirməli oldular.

Burada olan media nümayəndələrinə qeyri-rəsmi bildirildi ki, yaxın saatlarda rus sülhməramlıları bu 50 kq-lıq un kisələrini Xankəndiyə daşıyacaqlar. Amma çərşənbə axşamı gecəyə qədər “rus TİR”ları gəlib çıxmadı. Onlar heç çərşənbə günü də gəlmədilər.

Ağdama Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlarla gələn Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev təsdiqlədi ki, unu Rusiya sülhməramlıları ilə ərzağın onların daşıyacağını müzakirə ediblər, amma “görünür buna təşkil edilmiş aksyalar vasitəsi ilə mane olmaq istəyirlər”.

Bazar ertəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndiyə un apardığını elan etdikdən sonra sosial medianın erməni seqmentində Ağdam-Əsgəran yolunda erməni sakinlərin etiraz aksiyalarından görüntülər yayımlanmışdı.

Hikmət Hacıyev bunu “rasizim” adlandırır, ərzaq məhsullarının ”milli mənsubiyyət baxımından hər hansı ölkəyə aid edilməsi yanaşmasını qəbuledilməz” sayır.

“Əgər bu insanların bu ərzaqlara tələbatları varsa, ərzaq buradadır”, o BBC Azərbaycancaya deyir.

Azərbaycan Qarabağ ermənilərinin humanitar fəlakətlə üzləşməsi iddialarını israrla rədd edir, Qızıl Aypara-nın TİR-larındakı un məhsulunu isə “humanitar yardım” adlandırmır: “Bu, humanitar yardım deyil, ərzaq məhsullarıdır, ərzaq yüküdür. Un da var burada”, Hikmət Hacıyev sualıma cavab verərkən dedi.

Hərçənd, elə o iki TİR-da ancaq un var.

Hikmət Hacıyev Qarabağda hazırkı problemi “siyasi manipulyasiya”, “qanunsuz statusu saxlamağa davan etdirmək” cəhdi kimi qiymətləndirir.

“Azərbaycan yardımı Qarabağa buraxmır, Qarabağdakı ermənilər də Azərbaycanın yardımını istəmir. Bu nə qədər uzun müddət davam edə bilər?” – deyə Hikmət Hacıyevdən soruşuram.

“[Yaranmış vəziyyətin] məsuliyyəti bilavasitə Ermənistanın və özünü qondarma rejimin rəhbərləri kimi təqdim edən şəxslərin üzərinə düşür”, – Prezident köməkçisi məsuliyyəti Azərbaycanın üstündən atır və əlavə edir: “Əgər Ermənistanın baş naziri Nikol Paşinyan deyirsə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm, hər hansı humaniar yardım gösəriləndə sahib ölkənin, burada Azərbaycanın icazəsi, razılığı olmalıdır”.

Azərbaycan ərzağı Xankəndiyə yola düşən günü tanınmamış “Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi” Lusine Avanesyan yerli mediaya bildimişdi ki, əgər Azərbaycan “həqiqətən də Artsax xalqının humanitar fəlakətini aradan qaldırmaqda maraqlıdırsa, Laçın dəhlizi ilə təchizatın bərpasını, sadəcə, qadağan etməməlidir”.

Əslində Laçın dəhlizi açıla bilər, amma rəsmi Bakının “Ağdam-Xankəndi yolu açılandan sonra” şərti var. Özü də bu yol müntəzəm işləməlidir: “Bilirsiniz, yalnız bir fakt olmamalıdır. [Yolun] müntəzəm şəkildə işləməsi təmin olunmalıdır. Biz ilk növbədə bunu təmin etməliyik”, – Hikmət Hacıyev Laçın dəhlizinin açılma şərtləri ilə bağlı bir az da detallara varır.

Bundan başqa, şərtə əməl olunarsa, Laçın keçid məntəqəsi qapısını yalnız Qızıl Xaç Beynəlxalq Təşkilatın yardımına açacaq, bir aydır sərhəddə ilişib-qalmış Ermənistan karvanı isə yəqin ki, geri qayıtmalı olacaq, çünki Azərbaycan “onun içində nə olduğunu” bilmir.

“Ağdam-Stepanaket yolu Laçın koridorunun tam fəaliyyət göstərməsi üçün alternativ və ya ön şərt ola bilməz”, – tanınmamış “Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri” David Babayan BBC Azərbaycancaya çərşənbə axşamı bildirib.

Hikmət Hacıyev David Babayanın dediklərini şərh etmək istəmədi, amma bildirdi ki, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını “qəbul etməyəcək”, “[özünü] qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslər yolların bağlanma şərtlərini diktə edə bilməzlər”.

“Bu yol açılmalıdır, bundan sonrakı məsələlər müzakirə olunmalıdır. Müxtəlif həll yolları təklif olunacaq”, – Hikmət Hacıyev əmin edir.

Necə? Axı Bakı-Xankəndi arasında təmaslar dayanıb. Prezident köməkçisi gizlətmir ki, görüş perspektivində “hər hansı inkişaf yoxdur”. Elə Azərbaycan-Ermənistan sülh danışıqlarında da…

Baxmayaraq ki, bu ilin sonu iki ölkə arasında sülh sazişinin imzalanması nikbinliyi vardı, amma indi danışıqlarda da “hər hansı hərəkətlilik yoxdur”, – Hikmət Hacıyev məyusdur, amma o, burda da məsuliyyətin Ermənistanın üzərinə düşdüyün deyr və əlavə edir ki, Azərbaycan elə əvvəldən sülh təşəbbüskarıdır.

Qarabağ ermənilərinin Azərbaycan ununu qəbul etməmələrini cənab Hacıyev reinteqrasiyaya yox” cavabı kimi qəbul edir.

“Qarabağ erməniləri reinteqrasiyaya yox demə səbəbləri arasında Azərbaycandakı insan haqlarına zəif hörmət edilməsi arqumentini də səsləndirirlər” deyə Hikmət Hacıyevdən buna şərhini istəyirəm. O bu arqumenti birmənalı əsassız sayaraq deyir ki, Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlarının da sahib olduğu eyni “dil, mədəni, dini, o cümlədən, bələdiyyə hüquqları” təklif edib.

Ağdam-Xankəndi yolunda avqustun 28-nə kimi yalnız tünd göy və yaşıl rəngli xüsusi formalı polislər və hərbçilər keşik çəkirdi. İndi onlara al-qırmızı rəngli xüsusi forma geyinən humanitar yardım könüllüləri də qoşulub. Onların burada nə qədər qalacağını isə heç kim bilmir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment