Bakıdan Qarabağ ermənilərinə yardım: “Rus sülhməramlılarının cavabını gözləyirik”

Bir neçə müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əhalinin aclıqla üzləşməsilə bağlı xəbərlər, video-foto görüntülər yayılır.

Laçın Dəhlizi bağlandığı üçün Ermənistandan bura göndərilmiş 400 tondan çox ərzaq yardımı sərhəddə ilişib qalıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də çərşənbə axşamı günü bölgəyə 40 ton un məmulatı humanitar yardımı aparıb, hazırda rus sülhməramlıları humanitar yardımı bölgəyə buraxılması məsələsinə baxır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibi Ceyhun Mirzəyev humanitar yükün aparılması ilə bağlı, Ağdamda BBC News Azərbaycancaya müsahibə verib.

Müsahibənin videosuna Youtube-da baxa bilərsiniz.

– Vəziyyəti izah edin, zəhmət olmasa. Humanitar yardımı niyə keçirə bilmirsiniz, əsas səbəblər nələrdir?

– Deməli, Qızıl Aypara Cəmiyyəti olaraq, Azərbaycanda, həm də Qarabağ iqtisadi regionunda yaşayan erməni əhalisinə ehtiyac olduğu halda bütün yardımları vermək bizim cəmiyyətin borcudur. Bizim Cəmiyyətin İdarəetmə Şurası avqustun 21-də belə bir qərar verdi ki, biz bu addımı ataq. Dünən səhər yola düşdük, axşam saatlarında bura çatdıq. Gətirdiyimiz 40 ton unun keyfiyyət sertifikatını onlara təqdim etdik. Hazırda məsələyə onlar tərəfindən baxılmaqdadır. Mənim bütün kontaktım onlarda var, onlar məsələyə baxıb, mənə məlumat verəcəklər.

– Onlara deyəndə kimi nəzərdə tutursunuz? Rus sülhməramlılarını, yoxsa tanınmamış DQ rəhbərliyini?

– Malın keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib, hazırda məsələyə baxılmaqdadır. Danışıqlar da rus sülhməramlılarının komandanlığı ilə aparılır.

– Gəlməzdən əvvəl oradakı icma ilə əlaqəniz olubmu ki, yardım gətirirsiniz və onların bu yardımı qəbul etməsini istəyirsiniz?

– Xeyr! Ordakı icma ilə bizim heç bir əlaqəmiz yoxdur. Sadəcə məlumat – yayılmışdı ki, oradakı insanlar ehtiyac içindədir. Qızıl Aypara Cəmiyyəti olaraq, dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycan ərazisində yaşayan bütün insanlara yardım etmək borcumuzdur.

– Bu məlumatlar neçə aydır yayılır. Qarabağda yaşayan əhali aylardır ərzaq çatışmazlığ ilə üzləşdiklərini bildirir. Niyə gecikdi?

– Bunun üçün bizim Cəmiyyətin İdarəetmə Şurasının görüşüb qərar verməsi, qərarı lazım idi. Yalnız həmin qərar avqustun 21-i verildi və artıq ondan sonra planlaşma işləri bu zamana kimi vaxt apardı.

– Yəni, siz deyirsiniz ki, Qarabağda vəziyyətin pisləşməsilə bağlı məlumatlar yayılıb. Bu cür iddialar, məlumatlar, hətta videokadrlar, görüntülər yayılır ordan, boş mağazalar, çörək növbələri haqqında, siz də deyirsiniz ki, avqustun 21-i toplaşmısınız. Niyə bu qədər gec?

– Biz böyük bir təşkilatıq. Yayılan məlumatlar yalan da ola bilərdi, hər hansı jurnalistin ideyası da ola bilərdi. Biz gözlədik ki, ssenarilər necə inkişaf edəcək? Artıq bu məlumatlar artmağa başladıqda, real hərəkətə keçdik. Biz bir nəfərin fikri ilə hərəkət edə bilməzdik. Bu məlumat böyüməli, kütləvi xarakter almalı idi.

– İndi hesab edirsiniz ki, orada insanlar ərzaq çatışmazlığı ilə üzləşiblər. Bunu belə qiymətləndirmək olarmı?

– Sizə açıq bir şey deyim, bizim ora mütləq şəkildə giriş icazəmiz olmalıdır ki, real vəziyyəti qiymətləndirib, ehtiyacları müəyyən etdikdən sonra fəaliyyət planı qura bilək. Ondan sonra biz konkret olaraq hansı istiqamətdə yardım edə bilərik – bu, ərzaq olacaq, gigiyenik dəstlər olacaq, müvafiq qiymətləndirmədən sonra onu müəyyən edə bilərik. Qiymətləndirmə üçün də bizim ora mütləq şəkildə girişimiz lazımdır.

– Beynəlxalq təşkilatlar da açıqlayırdı ki, orada insanlar ərzaq çatışmazlığı ilə üzləşib. Bu məlumatlar daha erkən qərar qəbul etməyə kifayət etmirdimi, ən azı humanitar yardım təklif etməyə?

– Bizə müəyyən vaxt lazım idi ki, proses yetişsin. Hesab edirəm ki, real vaxt da indi idi ki, biz bu addımı atdıq.

– Bu yükün Xankəndinə (ermənilər onu Stepanakert adlandırır -red.) buraxılmasına rus sülhməramlıları, yoxsa yerli icma rəhbərliyi qərar verəcək?

Bizim hazırda qarşımızda gördüyünüz blok-post rus sülhməramlılarının nəzarətindədir, burada yerli icma yoxdur, gördüyümüz qüvvə ilə danışıqlar aparırıq. Biz danışığı Rusiya sülhməramlılarının komandanlığı ilə etmişik. Cavabı da onlardan gözləyirik.

– Əgər sizi buraxsalar ora gedəcəksinizmi, yerli icma əleyhinə olsa belə?

– Əlbəttə, gedəcəyik. Məramımız, məqsədimiz odur. Yəni, gördüyünüz kimi formalardayıq. Bura gəlmə məqsədimiz sırf humanitar xarakter daşıyır. Giriş izni olsa, biz ora keçib humanitar yardımı təqdim edəcəyik.

Yerli icmanın hər hansı aqressiyasını gözləyrsinizmi?

– Biz artıq ora keçdikdən sonra bəlli olacaq, indidən bununla bağlı şərh vermək çətindir.

Dünəndən iddialar səslənir sosial mediada ki, gətirilən məhsullar zəhərli ola bilər. Sertifikatlar var. Başqa hansı vasitəniz var ki, gətirdiyiniz humanitar yükün yerli əhaliyə hər hansı zərəri-ziyanı olmayacaq?

– Bu, gülüncdür. Un məmulatıdır. Hər-hansı fərdi qaydada paylanılan ərzaq yardımı olsaydı, o risk ehtimalı olardı. Qızıl Aypara Cəmiyyəti olaraq məqsədimiz insanları zəhərləmək yox, onlara kömək etmək, onların iztirablarını azaltmaqdır. Bu, növbəti qarayaxma, şər-böhtandır. Bir azdan TIR-lar açılacaq, siz məhsullara baxa bilərsiniz, çəkiliş də apara bilərsiniz.

– Niyə məhz un gətirdiniz? Arayik Harutyunyan sizin yardımdan qabaq bildirmişdi ki, biz əvvəlcə çörək məsələsini həll etməliyik. Bunun üst-üstə düşməsi təsadüfdürmü, yoxsa bir əlaqə var?

– Orda xəbərlər yayılırdı ki, insanlar çörək növbələrində dayanır. Ona görə də biz ilkin addım olaraq unu seçdik. Həm də biz orda qiymətləndirmə aparmamışıq. Ehtiyacları bilmirik. Ancaq, həqiqətən, ərzağa ehtiyac varsa, bunun əsası unda dayanır. Ona görə də biz unu seçdik.

– İki TIR gətirmisiniz, gətirdiyiniz yalnız undur?

– Bəli, hərəsində 20 ton olmaqla 40 ton undur.

– Başqa digər zəruri qeyri-ərzaq məhsulları gətirmək planınız varmı? Yoxsa, mütləq qiymətləndirmə aparmaq istəyirsiniz ki, nəyə ehtiyac varsa, onu gətirəsiniz?

– Covid-19 pandemiyası zamanı da, (paralellər gətiriəm) 44 günlük müharibə zamanı da Qızıl Aypara Cəmiyyəti öz işini yardımlar üzərində qurub. İnsanların real ehtiyacı nəyədir? Və yalnız qiymətləndirmənin nəticəsində bilə bilərik ki, ehtiyaclar nəyədir?

– Qızıl Xaçın Azərbaycan Nümayəndəliyi ilə işləyirsinizmi? Bəlkə onlarda qiymətləndirmə var? Onlarla dəqiqləşdirib hərəkət etmək fikriniz varmı?

Biz hərəkatın üzvləriyik, biz milli Cəmiyyətik, onlar Qızıl Xaç Komitəsidir. Sözsüz ki, biz onlarla işləyirik, görüşlərimiz davam edir, amma belə deyək, həm 2022-ci ildə əldə olunmuş Sevilya razılaşmasına, həm də Beynəlxalq Cenevrə Konvensiyasına görə, ölkə ərazisində olan humanitar əməliyyatların mərkəzində həmin ölkələrin Milli Qızıl Xaç və Milli Qızıl Aypara Cəmiyyətləri dayanır. Azərbaycanda da bu missiya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzərinə düşür.

– Əgər gətirdiyiniz humanitar yardımı ora Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gətirdiyi yardımı istəməsə, bunu Qızıl Xaçın vasitəsilə etmək planı gözdən keçirilirmi?

– Hər şey Rusiya sülhməramlılarının komandanlığından gələn cavabdan asılıdır. Artıq həmin cavabda giriş izni veriləcəksə, sözsüz ki, biz aparacağıq, giriş izni verilməyəcəksə, artıq bu, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi ilə müzakirə olunacaq. Ondan sonra mümkün variantlara baxılacaq.

– Bu məsələdə Azərbaycan hökuməti ilə danışıqlar aparılıbmı yardım üçün?

– Giriş icazəsi verilməsə, növbəti addımınız nədir? Çadırlar qurmusunuz, nə qədər burda qalmaq niyyətindəsiniz?

– Biz dünən axşam saatlarında çatdıq bura. Bizə belə bir cavab verildi ki, bu gün cavab olmayacaq, sabahı gözləyin. Bir qeyri müəyyənlik yarandı. Sözsüz ki, dünən hava soyuq idi və bizə çadırlar lazım idi ki, orada gecələyək. Ancaq bizim məqsədimiz bu yükü bura gətirmişiksə, burdan da Xankəndinə aparmaqdır. Biz gözləyəcəyik.

-Nə qədər lazımdır, o qədər gözləyəcəyik. İşimizi ehtiyatlı tutmuşuq. Su da, yeyəcək də gətirmişik. Yəni, biz hal-hazırda gözləmə mövqeyindəyik. Cavaba görə addımlarımız atılacaq. Mobil nömrəm Rusiya sülhməramlılarının komandanlığında var. Onlardan zəng gözləyirəm. Yəni, yəqin zəng olacaq, ya özləri gələcək burda görüş olacaq. Ona uyğun addımlar atılacaq.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment