Modinin Yunanıstana səfəri: Türkiyə, Pakistan və Azərbaycan amili

Hindistanın Baş naziri Cənubi Afrika paytaxtı Yohannesburqda keçiriləcək BRİCS sammitindən sonra, avqustun 25-də Yunanıstana yollanacaq.

Narendra Modi son 40 ildə Yunanıstana səfər edən Hindistanın ilk hökumət rəhbəri olacaq, qarşıdan gələn səfər barədə yazan KİV-lərdə qeyd olunur.

Hindistan və Yunanıstan Baş nazirlərinin sonuncu ikitərəfli görüşü 2019-cu ilin sentyabrında New York-da BMT Baş Assambleyası çərçivəsində baş tutub. Avqustun 25-də isə baş tutacaq bir günlük səfər artıq rəsmi səciyyə daşıyır.

“Mən 40 ildən sonra Yunanıstana səfər edən ilk Hindistan Baş naziri olmaq şərəfinə nail oldum”, – səfərdən əvvəl Narendra Modi deyib. Baş nazirin sözləri Hindustan Times qəzetində iqtibas olunur.

Narendra Modi Yunanıstanda naməlum əsgərin məzarını ziyarət edəcək.

Səfər vaxtı Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis ilə danışıqların keçirilməsi nəzərdə tutulur, rəsmi mənbələrə istinadən Hindistan mediası yazır.

Yunanıstan-Hindistan arasında hərbi əməkdaşlıq

Səfər zamanı müdafiə, enerji, kənd təsərrüfatı və digər sahələr üzrə bir sıra sənədlərin imzalanması gözlənilir, media yazır.

“Ermənistandan Yunanıstana: Hindistanın geosiyasəti Türkiyə, Azərbaycan və Pakistan üçlüyünü narahat edir”, Hindistanın Financialexpress nəşri səfər barədə təhlilinə belə başlıq seçib.

Qəzet yazır ki, Hindistanın Ermənistana silah satmaq və Yunanıstanla strateji tərəfdaşlığını möhkəmlətmək qərarı bu ölkələrə birbaşa çağırış kimi qiymətləndirilir:”Ermənistan Rusiyanın ənənəvi müttəfiqi, Yunanıstan isə NATO-nun üzvüdür. Hindistan bu ölkələrlə əlaqələrini gücləndirməklə Türkiyənin başçılıq etdiyi qeyri-rəsmi üçlüyə güclü mesaj verir.”

Hindistanın Yunanıstan ilə strateji tərəfdaşlığı Türkiyəyə açıq mesaj göndərir, Cammu və Kəşmir ilə Yunanıstan-Türkiyə mübahisəsi kimi kritik məsələlərdə dəstəyi vurğulayır, Yunanıstanın greekcitytimes.com saytında deyilir.

Hərbi əməkdaşlıq mövzusu Yunanıstanın pentapostagma.gr saytında da təhlil olunur.

“NATO üzvü olan Yunanıstan Hindistan Hərbi Hava Qüvvələrinə böyük taktiki yardım göstərə bilər, çünki bizim Hərbi Hava Qüvvələrimiz təkcə Hindistanın Fransadan aldığı Rafale deyil, həm də Pakistanın F-16 təyyarələrini istifadə edir”, məqalədə deyilir.

Yunanıstanın onalert.gr saytında ölkələrin konkret hərbi əməkdaşlıq misalları sadalanır. Qeyd olunur ki, Hindistan qırıcıları HNIOHOS 2023 təlimində iştirak edib və Yunanıstan-Hindistan donanmalarının keçən ilin iyulunda birgə PASSEX təlimləri baş tutub.

“Avropaya qapı”

Hindistanın Xarici İşlər Nazirliyi bildirir ki, Modi Yunanıstana səfəri zamanı, o cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığı şaxələndirməyə çalışacaq.

Yunanıstanla əlaqələrinin gələcəyi barədə yazan İndia Today qəzeti Narendra Modinin sözlərini iqtibas edir: “Mən Yunanıstana səfərimin çoxşaxəli əlaqələrimizdə yeni səhifə açacağını gözləyirəm”.

Yunanıstan Hindistanın bir sıra beynəlxalq məsələlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasında daimi yer əldə etmək məsələsində dəstəkləyən ölkə olub, Hindistanın The Statesman qəzeti yazır.

“Biz həqiqətən Hindistanın Avropaya qapısı kimi çıxış etmək istəyirik. Hindistanlı investorların qapını işə salması üçün dəniz limanlarını, hava limanlarını və logistika mərkəzlərini əhatə edən hərtərəfli özəlləşdirmə sxemini təklif edərək buna hazırıq”, Times of İndia qəzetinə danışan Yunanıstanın müvəqqəti işlər vəkili Alexandros Boudouris deyib.

Hindistan da öz növbəsində Yunanıstanın “vacib tərəfdaş” olduğunu bildirir, Baş nazir Modinin səfərindən əvvəl media xəbər verir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment