Şəki: Qafqazın az tanınan mədəniyyət paytaxtı

  • Müəllif, Simon Urwin
  • Vəzifə, BBC səyahət

Bu az tanınan şəhər bir vaxtlar dünyanın ən yaxşı ipəyini istehsal edib. İndi o, Azərbaycanın mədəniyyət və kulinariya paytaxtı hesab olunur.

“Bir çoxları üçün İpək Yolu Özbəkistanın Səmərqənd, Buxara və Xivə şəhərləri ilə sinonimdir”, – bələdçim Habil Qüdrətli deyir.

“Lakin Azərbaycanda həm də Asiyanı Avropa ilə birləşdirən ticarət yollarının əsas qovşaqları olub; onlardan biri ticarət məntəqəsindən böyüyən və ipək ticarətinin aparıcı beynəlxalq mərkəzinə çevrilən Şəki şəhəridir”.

Azərbaycanın parıltılı paytaxtı – Bakıdan təxminən 300 kilometr şimal-qərbə doğru yerləşən kiçik Şəki şəhəri Böyük Qafqaz dağlarının ətəyində, Rusiya və Gürcüstan sərhədinə yaxındır. Burada palıd, qoz və fıstıq meşələri, eləcə də tut ağacları var. Onun yarpaqları ilə bəslənən ipək qurdlar sayəsində çox qiymətli parça istehsal olunur.

Şəki XVII əsrin ortalarında yerli hökmdarlar (xanlar) tərəfindən xanlıq paytaxtı elan edildikdən sonra şöhrət qazanıb.

Bölgədə ipəkçiliyin VI əsrə aid olduğunu təsdiqləyən dəlillər olsa da, onu inkişaf etmiş istehsal halına gətirən Şəki xanları olub.

“XVIII-XIX əsrlərdə Şəki ipəyi dünyanın ən keyfiyyətli ipəyi hesab olunurdu”, -Habil Qüdrətli deyir.

“Çindən Yaponiyaya qədər uzaq ölkələrin zəngin elitası onu təkcə keyfiyyətinə və gözəlliyinə görə deyil, həm də gigiyena və rahatlığına görə alıb, çünki başqa parçalardan fərqli olaraq, bitlər ipəkdə yaşaya bilmir”.

1819-cu ilə qədər bu bölgəni Şəki xanları idarə edib və onların çiçəklənən siyasi və ticarət imperiyası bir növ Qafqaz Əlhambrasını xatırladan bağlar, fəvvarələr və mərmər hovuzlarla bəzədilmiş qala kompleksində yerləşib.

Qalanın divarları hələ də durur, lakin onun daxilində 30-a yaxın qədim tikilidən yalnız biri qalıb – UNESCO-nun siyahısındakı Şəki Xan sarayı. O vaxtilə yay iqamətgahı və inzibati bina olub.

Ziyarətə gələn yüksək səviyyəli qonaqları heyran edəcək iki mərtəbəli möhtəşəm saray, tovuz quşları, çiçək və əjdahaların ecazkar təsvirləri ilə bəzədilib. Binanın inşası iki il çəkib (daşların arasını bağlamaq üçün əvvəllər yumurtanın ağından istifadə olunub) və bəzədilmə ilə bağlı işlər səkkiz ilə tamamlanıb.

Habil Qüdrətli məni sarayın qızılgül bağında 20 ildən artıqdır ki, binanın ornamentlərini öyrənən tədqiqatçı Zəminə Rəsulova ilə tanış edir.

O, məni bir-birinin ardınca ekstravaqant otaqlara apararkən, təkrarlanan ən mühüm motivlər arasında narın əhəmiyyətini qeyd edir.

“[Şəkiyə] 8-ci əsrdə gəlmiş İslamda nar bütün cənnət meyvələrinin şahıdır, çünki onun qabığı tacı xatırladır”.

Zəminə Rəsulova daha sonra əlavə edir ki, nar Şəki xanları üçün həm də hökumətin rəmzi kimi qəbul olunub.

“Al-yaqut dənəciklər insanları təmsil edir; pərdə onları fərqli bölgələr, mədəniyyətlər və etnik qruplara ayırır. Əgər yaxşı idarəçilik onları bir araya gətirirsə, o zaman birlik əmələ gəlir və bu da öz növbəsində zəngin bəhrə verir”.

Sarayın ən çox nəzərə çarpan xüsusiyyəti onun geniş şəbəkə-pəncərələridir (yapışqan və mismar olmadan hazırlanan dekorativ pəncərələr).

Zəminə Rəsulovanın dediyinə görə, hər kvadrat metr 5 mindən çox ağac və əlvan şüşədən ibarətdir ki, onları ipəkqurdu və barama müqabilində Venesiya yaxınlığındakı Muranodan gətiriblər.

“Şəki ipək qurdlarına bütün dünyada tələbat var idi. Təkcə İtaliyada deyil, Lionda (Fransanın ən iri ipək mərkəzi) və hətta ipəyin vətəni olan Çində də təlabat var idi, çünki onlar soyuqlara daha dözümlü idilər”.

Şəki inkişaf etdikcə bölgəyə xalçaçı, təkəlduzçu, misgər, dulusçu, dəyirmançı və çəkməçi kimi müxtəlif peşə sahibləri cəlb olunurdu.

Şəki qabaqcıl peşə və sənətkarlıq mərkəzi kimi tanınıb və şəhər bu nüfuzunu bu gün də qoruyub saxlayır.

Bu dövrdə karvanların hərəkətində artım beş karvansara binasının tikilməsinə səbəb olub ki, onlardan ikisini bu gün də görmək olar.

Hamamlar, əsas yollar və şəhərin ilk cümə məscidi olan Xan məscidi ilə yanaşı ictimai meydanlar tikilib.

Xan məscidi ictimaiyyət üçün açıqdır. Habil Qüdrətli məni gülabla qarşılayan yerli imam Habil Xəlilovla görüşdürür.

“Gülab Məhəmməd Peyğəmbəri təmsil edir” deyən imam ətirli mayeni qaşlarıma çəkir.

“Peyğəmbər qaşların xüsusi əhəmiyyətinə inanırdı, çünki onlar körpədə ilk nəzərə çarpan tüklərdir və buna görə də yeni həyatın rəmzidir”.

İnanclı olmayanların da xoş gəldiyini deyən Xəlilov, məni ibadət zalında əyləşməyə dəvət edir.

“Azərbaycan əhalisinin 96 faizdən çoxu müsəlman olsa da, o, dünyəvi ölkə olaraq qalır”, imam deyir.

“Burada çoxlu dinlərə rast gələ bilərsiniz; bura unikal tolerant və multikultural bir yerdir”.

O, mənə 1769-1770-ci illərdə binanın çaylaq daşı, bişmiş kərpic, püstə, qoz və çinar ağacının istifadəsi ilə necə tikildiyini söyləyir.

Vaxtilə binanın şəbəkə pəncərələri varmış və o, özünün ayrıca ibadət yerlərinə malik 32 tarixi məhəlləsi olan şəhərin əsas məscidi olub.

Qədim zamanlarda çox saylı məscidlərinə görə Şəki “Bala İstanbul və ya Kiçik İstanbul adı ilə tanınırdı”.

“İndi cəmi yeddisi qalıb; bəziləri zəlzələ və torpaq sürüşmələrində məhv olub, lakin əksəriyyəti rus bolşeviklərinin Azərbaycana hücumu və işğalı zamanı dağıdılıb”.

Azərbaycan 1922-1991-ci illərdə SSRİ-nin tərkibi hissəsi idi və ateizm rəsmi ideologiya idi.

Günorta namazına hazırlaşmaq üçün ayrılarkən əlini sinəsinə basaraq baş əyib vidalaşan imam deyir ki, mən Şəkinin kulinariya ənənələrinə vaxt ayıra bilərəm, çünki onlardan bir çoxu qədim ipək ticarəti ilə bağlıdır.

Yerli xörəkləri dadmaq üçün Habil Qüdrətli məni İlhamə Çay Evinə aparır ki, oranın mətbəxində rast gəldiyimiz Şükufə Həmidova böyürtkən, ətirşah yarpağı və qəndlə təzə kompot (adətən yeməklə verilən içki) hazırlayır.

“Şəki camaatı şirniyyata meyli ilə tanınır. Bir vaxtlar İrandan şəkər qamışı gələnə qədər baldan istifadə edərdik. Hal-hazırda, bu, bir asılılıqdır; biz bamiyə, şəkərli badam və halvanı çox sevirik. Deyirlər ki, bu şəkər bizim əhval-ruhiyyəmizi də şirinləşdirir; biz yaxşı yumor hissimiz ilə tanınırıq”.

İpək Yolu boyunca İrandan yerli sakinlərin və ümumi əhalinin ən məşhur yeməklərindən birinin – pitinin – əsas inqridienti olan zəfəran da gəlib.

Bizim süfrəmizə yaxınlaşan başqa bir aşbaz Şəhla Bəşirova quzu əti, noxud, zəfəran və quyruq piyi ilə dolu iki piti dopusu (kiçik saxsı qab) gətirir.

Deyilənə görə, yağlı və doyurucu pitinin adı “daha yeməyə gərək yoxdur” mənasını verən qədim türk sözünə əsaslanır.

“O, ipək tacirləri və xanlar üçün işləyən muzdlu fəhlələr üçün mükəmməl qida idi, – Şəhla Bəşirova deyir. Ət və karbohidratların birləşməsi onlara cəmi bir yeməklə gün boyunca işləmək üçün enerji verirdi”.

Biz naharı armudu stəkanda verilən qara çayla tamamlayırıq.

Habil Qüdrətli onun yerli üsulla necə içilməli olduğunu göstərir: əvvəlcə qəndi çaya batırıb sorur və sonra bir qurtum içirsən, bu, təməli xanlar tərəfindən qoyulan ənənə sayılır.

Şirin çayın Azərbaycan toy mərasimlərində də mühüm yeri var.

Habil Qüdrətlinin sözlərinə əsasən, kənd yerlərində qızın ailəsi öz mümkün qayınatasına şəkərsiz çay verirsə, bu, göstərir ki, sövdələşməyə münasibət mənfidir.

İpək ticarətindən nəyin qaldığını görmək üçün maşınla sonuncu ipək fabrikinin yanından (o, sovet dövründən qalıb) keçməklə Əmiraslan Şamilovun emalatxanasına tərəf üz tuturuq. O, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş kəlağayı (bəzəkli ipək yaylıq) sənətçilərinin səkkizinci nəslini təmsil edir.

“Bu, çoxəsrlik sənət növüdür və tanınmağa laiqdir”, biz gələrkən qazanda pəsab (yağlı pasta) qızdıran Şamilov deyir.

“Kəlağayı bir dəb növünü və ya inancı əks etdirməkdən daha üstün olan bir şeydir, o, milli kimliyimizin tərkib hissəsidir”.

Şamilova əsasən, kəlağayı vaxtilə o qədər əhəmiyyətli olub ki, qadın baş örtüyünü çıxarıb dava edənlərin arasına atmaqla küçə döyüşünü dayandıra bilərdi və kəlağayı həmçinin, bir növ “şifrəli dil” kimi də istifadə olunurdu.

“Dul qadınlar qara, hamilə qadınlar isə qayğıya ehtiyac əlaməti kimi yaşıl rəngi, subay xanımlar isə bəylərə evliliyə açıq olduqlarını göstərmək üçün çəhrayı rənglini seçərdilər”.

Şamilov düzbucaqlı parça üzərinə naxışlar vurmağa başlayanda mən ondan “vaxtilə onlarla istehsalçısı olan şəhərdə sonuncu müstəqil kəlağayı emalatxanasını idarə etməsinə münasibətini” soruşuram.

“Bundan başqa, Şəkinin Azərbaycanın mədəniyyət və kulinariya paytaxtı kimi tanınması şəhərə səyahətçi və müxtəlif sənətkarlıq nümayəndələrinin axınına səbəb olub.

Köhnə İpək Yolu yenisi ilə – qlobal turizmlə əvəz olunub”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment