Qubad İbadoğlunun həbsi: Hakimiyyət “qorxutmaq və güc göstərmək” istəyir

İqtisadçı, hakimiyyət tənqidçisi Qubad İbadoğlunun həbsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Çərşənbə axşamı onun Hüquqlarının Müdafiə Komitəsi yaradılıb, yerli media yazıb.

Bazar ertəsi Bakının Nərimanov rayon məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə təqsirləndirilir.

Bir gün əvvəl, bazar günü evində və ofisində axtarış aparılan zaman Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, Qubad İbadoğlu “FETÖ ilə əlaqəli əməliyyat zamanı saxlanılanlardan birinin ifadəsi” əsasında polis tərəfindən saxlanıb.

Qubad İbadoğlu bu ittihamları rədd edib və bildirib ki, o, “İlham Əliyevin sifarişi ilə” saxlanıb.

Onun həbsinə etiraz edənlərin bəzilərinin fikrincə, Qubad İbadoğlunun bu yaxınlarda Londonda Azərbaycan Təhsil Fondu təsis etməsi hakimiyyət dairələrində narahatlıq yaradıb”.

Turan İnformasiya Agentliynin rəhbəri Mehman Əliyevə görə isə, hakimiyyət “qorxutmaq və güc göstərmək” istəyir.

BBC Azərbaycancaya danışan Hakim Yeni Azərbaycan Patiyasının (YAP ) parlamentdə təmsilçisi Məlahət İbrahimqızı Qubad İbadoğlunun ictimai-siyasi fəlaiyyətinə görə təqib olunması ilə bağlı fikirlərlə razılaşmır və deyir ki, Azərbaycanda heç kəsi “əsassız yerə tutmurlar, böhtan atmırlar”.

Qubad İbadoğlu kimdir?

Qubad İbadoğlu uzun illər Müsavat partiyasının Divan üzvü olub. 2015-ci ildə o, Müsavatla yollarını ayıraraq tərəfdarları ilə birgə müxalifyönlü ADR hərəkatını təsis edib.

Müxtəlif illərdə ABŞ-ın və Böyük Britaniyanın nüfuzlu təhsil müəssisələrində dərs deyib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu, həmçinin Azərbaycan hakimiyyətini tənqidi çıxışları ilə və Azərbaycan iqtisadiyyatını təhlil edən araşdırmaları ilə tanınır.

O, həbsindən 2 həftə əvvəl Britaniyada Azərbaycan Gənclərinin Təhsili Fondunu qeydiyyatdan keçirdiklərini açıqlayıb.

Qubad İbadoğlu Fondun məqsədlərindən birinin “Azərbaycan hakimiyyətinin xalqdan oğurladığı çirkli pulları geri qaytarmaq və onu gənclərin xaricdə təhsil almasına sərf etmək” olacağını bildirib.

Fondun yaranmasının elan edilməsindən sonra Azərbaycanda hakimiyyətə yaxın mətbuatda Fondun təsisçiləri- Qubad İbadoğlu, professor Cəmil Həsənli və sabiq diplomat Arif Şahmarlının “xaricdəki gəncləri təhsil adı altında öz şəbəkələrinə cəlb etməyə çalışdıqlarını” əks etdirən yazılar çap edilib.

İbadoğlu “Fonda görə həbs olunub”

Azərbaycan Gənclərinin Təhsili Fondunun həmtəsisçisi, keçmiş səfir Arif Şahmarlı iqtisadçının “fondun təsisçisi olduğu üçün həbs olunduğu” qənaətindədir.

“Bu fondun məqsədi Azərbaycan xalqından oğurlanan pulların geri qaytarılması yolu ilə gənclərimizin təhsil almasını təmin etməkdir. Əlbəttə ki, hökumət oğurladığı pulların xalqa geri qaytarılacağından narahat olduğu üçün Qubad bəyi təsisçi kimi həbs edib. Qubad bəyin həbsi Azərbaycan hakimiyyəti üçün böyük rəzalətdir”, – Arif Şahmarlı BBC-yə bildirib.

Qubad İbadoğlunun həbsdən azad olunmasından ötrü “beynəlxalq ictimayyəti ayağa qaldırmaq üçün fəaliyyətə başladıqlarını” deyən Arif Şahmarlı bildirir ki, “əslində, iqtisadçı Bakıya qayıdarsa, həbs olunacağını ehtimal edirmiş”.

“Hətta mən ona dedim ki, bəlkə getməyəsiz? Lakin o, ADR -in partiya məsələlərini həll etmək və xəstə anasına baş çəkmək üçün getməyi seçdi”, – Arif Şahmarlı BBC-yə deyib.

Təsis olunan fondun sonrakı taleyinin necə olacağına gəlincə isə, o bildirir ki, Qubad İbadoğlu həbsdə olsa belə, digər iki təsisçi bu işi davam etdirəcək.

“Məncə, yeni həbslərə də hazır olmaq lazımdır”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi analitik Mehman Əliyevə görə, Qubad İbadoğlunun həbsi onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.

Onun fikrincə, Qubad İbadoğlu iqtisadçı olduğundan, onun ölkənin iqtisadi vəziyyətini, problemlərini, inkişafını sistemli şəkildə araşdırıb cəmiyyətə təqdim etməsi hakimiyyətdə narahatlıq doğurmaya bilməzdi, üstəlik, o, həm də siyasi partiya təsis etmişdi:

“Bütün bu ictimai-siyasi fəaliyyəti onun həbsinin əsas səbəblərindəndir”, – Mehman Əliyev bildirir.

O hesab edir ki, Azərbaycan hakimiyyəti “yeni həbslərlə, xüsusi ilə müxalif qanadı qorxutmağa” çalışır.

“Bəxtiyar Hacıyevin, Nazim Bəydəmirlinin, Qubad İbadoğlunun həbsindən sonra, məncə, yeni həbslərə də hazır olmaq lazımdır. Bütün bunlar o konteksdə baş verir ki, deyirlər, referendum olacaq.

Siyasi sistemdə dəyişikliklər gözlənilir, hesab edirəm ki, indi ciddi məqamdır. Hakimiyyət narahatdır və cəmiyyətə, xüsusi ilə də siyasi-ictimai qanada, fəallara təpki göstərmək istəyir ki, onlar prosesə maneəçilik törətməsin. Yəni, məqsəd budur. Hakimiyyət qorxutmaq və güc göstərmək istəyir”, – Mehman Əliyev əlavə edir.

“Azərbaycanda heç kəsi əsassız yerə tutmurlar”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesab edir ki, Qubad İbadoğlunun həbsinə etiraz edənlərin səsləndirdiyi fikirlər əsassızdır.

“Belə fikirlərlə qətiyyən razı deyiləm. Əlbəttə ki, müdafiə etmək üçün belə şeylər deyəcəklər. Mənim də mətbuatdan oxuduğuma görə, hətta Türkiyə kəşfiyyatının da verdiyi faktlar var. Bilirsiniz ki, mətbuatda onun FETÖ ilə bağlılığı da qeyd olunur. Ona görə də mən Qubad İbadoğlunun tərəfdarlarının dedikləri ilə razılaşmıram”, – millət vəkili BBC-yə deyir.

YAP təmsilçisi əlavə edib ki, Azərbaycanda heç kəsi “əsassız yerə tutmurlar, böhtan atmırlar”.

“Əlbəttə ki, ən düzgün qərarı məhkəmə, hüquq mühafizə orqanları verəcək. Heç kəsin də ixtiyarı yoxdur ki, hüquq mühafizə orqanlarının işinə müdaxilə etsin. Yəqin ki, yaxın günlərdə lap dəqiq səbəblər ictimayyətə açıqlanacaq”, – Məlahət İbrahimqızı deyir.

“İbadoğlunun həbsini yaxından izləyirik”

ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsini “yaxından izləyir”. Bazar ertəsi keçirilən brifinqdə Dövlət Departamentinin sözçüsü Matthew Miller bildirib.

O deyib ki, Azərbaycanı “konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və fundamental azadlıqlarını qorumağa” çağırırlar.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment