Azərbaycan: Qafqazın Odlar yurdu – BBC News Azərbaycanca

Azərbaycanı anlamaq üçün xalqın qədim zərdüştlük köklərindən irəli gələn oda müqəddəs münasibətini dərk etmək lazımdır.

Saat 04:00 radələrində ucqar dağlarda yerləşən Xınalıq kəndinin yaxınlığındakı atəşgahda odun üzərində çay suyu ilə dolu dəmir qazan buxarlanmağa başlayır.

Azərbaycanın şimalındakı Əliyev dağının zirvəsinə uzun, qar örtmüş cığırla qalxmağa hazırlaşan turist qrupumuz üçün torpaqdakı çatdan sızaraq yanan metan qazının sönməz alovu müqəddəs bir status qazanıb.

Soyuq, rütubətli və yağışlı yaz gecəsində o nəinki bizi isidir, həm də səhər yeməyi üçün çayımızı da qaynatmış olur. Biz zehni olaraq, qarşıdakı yüksəlişə hazırlaşarkən, səssiz ehtiramla onun yanmasını izləyirik.

Böyük Qafqaz dağlarında 2350 metr hündürlükdə yerləşən və 2000 sakini olan Xınalıq kəndindən məbədin yaxınlığındakı cığırın başına çatmaq üçün QAZ markalı yük maşınının arxasında bir saatlıq yol getməlisən.

Cənubi Qafqazın ən iri milli parkı, alp çəmənlikləri və yüksək zirvələri ilə seçilən, 130,508 hektarlıq Şahdağ Milli Parkının böyük hissəsi Azərbaycanın Rusiya ilə şimal sərhədini əhatə edir.

Buludlaradək yüksələn qayalıqlı zirvələr sanki keçilməz divar yaradırdı.

Bu bölgənin sərt relyefi və gözlənilməz iqlimi tarixən insanları məsafədə saxlayıb.

Ancaq indi gözümüzü zillədiyimiz sönməz alova sitayiş heyrətamiz mənzərələr axtaran turistlərin Azərbaycanın ucqarlarındakı sıldırımlı dağlara gəlməsindən xeyli əvvəl başlayıb.

Azərbaycan böyük neft və təbii qaz ehtiyatlarına görə “Odlar yurdu” kimi tanınır.

Marko Polo XIII əsrdə Şərqi Qafqaza səfər edərkən öz xatirələrində bölgənin təbii “neft fəvvarələrini” lirik ifadələrlə təsvir edib.

Ölkənin zəngin təbii qaz ehtiyatları son 150 ildə onun iqtisadi inkişafında mühüm rol oynayıb.

Dünyanın ən qədim monoteist dinlərindən biri olan zərdüştlüyün 3 min ildən xeyli əvvəl bu əraziyə gəlməsi ilə od Azərbaycan mədəniyyəti və mifologiyasında dərin kök salıb.

Od zərdüştlüyün mərkəzindədir və bu ünsür dünyanı yaradan yeganə Tanrının – Ahura Mazdanın (Müdrik Rəbb) işığını, hikmətini və həqiqətini təmsil edir.

Zərdüştilər üçün mənəvi və fiziki od körpüləri, fani möminlərin Tanrıya bağlana biləcəyi və qaranlıqda hökm sürən şər qüvvələrindən qorunmaq üçün müqəddəs keçiddir.

Od olmadan heç bir mərasim keçirilmir və Xınalıq yaxınlığındakı belə məbədlər həmin müqəddəs alovu mömin icmalar üçün yaşatmaq məqsədilə tikilib.

Əslində, bəzi alimlər hesab edirlər ki, “Azərbaycan” adı “azar”(farscada od) və “bayqan” (keşikçi) və ya daha doğrusu “odu qoruyub saxlayan” sözlərinin birləşməsi ola bilər.

Azərbaycan tarixçisi və dinşünas Kazım Əzimovun fikrincə, zərdüştlüyün burada kök salmasının bir neçə səbəbi var.

Azərbaycanın İpək Yolu üzərindəki strateji mövqedə yerləşməsi zərdüşti tacirlərinin yerli əhali ilə təmaslarını təmin edib.

Bundan başqa, zərdüştlüyün yarandığı İranda olduğu kimi, Azərbaycanda da zəngin təbii qaz ehtiyatları var idi. Bu da dinin müqəddəs məşəllərinin saxlanılmasını asanlaşdırırdı.

Bu gün azərbaycanlıların çoxu müsəlman olsa da, zərdüştlüyün inancları, adət və ənənələri indiyədək müasir mədəniyyətdə əks olunur.

Hər il Azərbaycanda yazın gəlişi Novruz bayramı ilə qeyd olunur.

Bu ənənə Zərdüştlük folkloru ilə formalaşıb və Novruz Azərbaycanın ən böyük bayramlarından biridir.

“Novruz bayramında həyətdə tonqal qalayırıq. Şəkərbura, paxlava, qoğal bişiririk, TES Tour Baku şirkətinin bələdçisi Ayşən Şərifova deyir.

Bunlar xüsusi olaraq Novruz üçün hazırlanan şirniyyatlardır.

Onların hər biri təbiətin baharda oyanmasının ayrıca mərhələsini təmsil edir: şəkərbura aypara, paxlava ulduz, qoğal isə günəş şəklindədir”.

Zərdüştlüyün yenilənmə konsepsiyası və təbiətə hörməti müasir Azərbaycanda indi də yaşadılır.

Novruz martın 21-nə təsadüf edir, lakin İrandan fərqli olaraq, Azərbaycanda bu tarixədək dörd həftə içində də günlər qeyd olunur.

“Bayramdan əvvəlki dörd çərşənbə axşamının hər biri dörd ünsürdən birini təmsil edir: bunlar su, od, külək və torpaqdır. İnsanlar bunu rəqslə, mahnı oxumaqla, oyun oynamaqla qeyd edirlər”, – Şərifova əlavə edir.

Zərdüştilər üçün qışdan sonra təbiətin yenilənməsi özlərini yeniləmək imkanı verir.

Od bu məqsəd üçün faydalı bir vasitədir. Azərbaycanın hər tərəfində – şəhər və kəndlərdə tonqallar yandırılır, insanlar bədbəxtlikləri arxada qoyub yeni ilə təzədən başlamaq ümidi ilə alovun üzərindən tullanırlar.

Azərbaycanın zərdüştlük tarixinin maddi izlərinə rast gəlmək daha çətindir.

Bəzi alimlər hesab edirlər ki, Azərbaycanın milli simvollarından biri, Bakının tarixi İçərişəhərindəki XII əsrə aid UNESCO siyahısına salınmış 29 metr hündürlüyündəki Qız Qalası zərdüştlüklə bağlı ola bilər.

Qüllənin altında dayanaraq iki fərqli kərpic qatını görmək olar. Bəzi tarixçilər iddia edirlər ki, binanın aşağı hissəsi əvvəllər daxma, yəni cəsədlərin saflaşdığı zərdüşti dəfn qülləsi kimi istifadə olunub.

Zərdüştlükdə başqa bir müqəddəs element olan torpağın çirklənməməsi üçün insan qalıqları qüllənin üstünə qoyularaq çalağanlara yem edilirdi.

Alim və tədqiqatçı K. E. Eduljinin fikrincə, daxmalar cəsədlərin və onların mayelərinin yerə və suya dəyməsinin qarşısını almaq, bununla da torpaqla çayları çirkləndirməmək və xəstəliklərə yol verməmək üçün qurulmuşdur.

Bu təcrübə əkin sahələrinin qıt olduğu və xəstəliyin bütöv kəndi məhv edə biləcəyi kiçik dağ vadilərində yayılmışdı.

Farslar eramızdan əvvəl VI əsrdə zərdüştlüyü müasir Azərbaycanda rəsmi dövlət dini elan etmişdilər.

Atarlar, məbədlər və qüllələr eramızın 7-ci əsrində Sasani imperiyasının sonuna qədər ərazinin çox hissəsini əhatə edirdi.

Qurbangahlar, məbədlər və qüllələr eramızın 7-ci əsrində Sasani imperiyası boyunca mövcud idi.

Zərdüştlük Asiya və Qafqazda yayıldıqca, dinin müqəddəs alovunu qorumaq üçün minlərlə od məbədi tikildi. Lakin eramızın 7-ci əsrində İslamın yayılması ilə bu ritual məkanların çoxu yoxa çıxmağa başladı.

Bu gün Azərbaycan sakinlərinin çoxu əsasən şiə müsəlmanlardır, lakin burada qalan iki atəşgah bu xalqın müəmmalı zərdüştlük tarixinin ən bariz nümunəsidir.

Xınalıq Atəşgahının damında kiçik daş piramidası qurulub. Tikilinin dörd açıq tağlı girişindən qarlı zirvələrin ətəyindəki yaşıl təpələrə mənzərə açılır.

Hazırkı tikili nisbətən yenidir, buradakı yazıda deyilir ki, o, 2016-cı ildə Londonda mənzillənən Ümumdünya Zərdüştlük Təşkilatı tərəfindən yerli sakinlərin “Atəşgah” (hərfi mənada: farsca “od evi”) adlandırdıqları keçmiş mehrabın xarabalıqları üzərində tikilib.

Azərbaycanda ən məşhur od məbədi Bakının şərqindəki məşhur turizm məkanı olan Suraxanı Atəşgahıdır.

Təsadüfi deyil ki, bu gün onun ziyarətçilərinin çoxu Hindistandan gəlir.

İslam 7-ci əsrdə yayıldıqca, İranda və Azərbaycanda zərdüştilər getdikcə marginallaşmağa başladılar, bir çoxları öz vətənlərini tərk edərək Mərkəzi və Cənubi Asiyaya getməyə məcbur oldular.

Zərdüştilərin iri icması Hindistanın Mumbay şəhəri və yaxınlıqdakı Qucarat əyalətində məskən salıb.

İslamı qəbul etməkdən imtina edərək Fars İmperiyasını tərk edəndən sonra parsilər adlanan 60 minlik hind mənşəli icma dünya zərdüşti icmasının təxminən yarısını təşkil edir.

Xınalıq Atəşgahı kimi Suraxanıdakı məbəd də Azərbaycanda zərdüştlüyün süqutundan əsrlər sonra təbii yanan alov ətrafında tikilib.

1858-ci ildə Bakıya gələn fransız yazıçısı Aleksandr Düma “Bakıdakı Atəşgahdan bütün dünyanın xəbərdar” olduğunu qeyd edib.

“Atəşpərəstləri [zərdüştilər arasında alçaldıcı ifadə] görmək istəyən həmvətənlərim tələsməlidirlər, çünki məbəddə artıq çox az adam qalıb, burada cəmi bir qoca və təxminən 30-35 yaşlı yaşlarında iki gənc var”.

Dörd girişi günbəzlə örtülmüş qurbangaha açılan tikili XVII əsrə, Hindistan yarımadasından olan tacirlərin İpək Yolu ilə Azərbaycana gəlib burada qaldıqları zamana aiddir.

“Məbəd və ətrafdakı karvansaray müxtəlif dinlərə mənsub insanları qəbul edib: hinduların, siqhlərin və zərdüştilərin öz ibadət otaqları var idi ki, onları bu gün də görmək olar”, – Şərifova deyir.

“Burada zərdüşti memarlıq ünsürləri Şiva və Qaneşaya həsr olunmuş sanskrit qravüraları ilə qarışır.

Sual yaranır ki, bu məbəd zərdüştlük, hinduizm, yoxsa Asiya ilə Avropanın kəsişməsindəki fərqli məzhəblərin tarixi qarışmasının nəticəsi sayılmalıdır?

Əzimovun sözlərinə görə, hazırda zərdüştlüklə ən yaxın bağlara Azərbaycanın cənubunda, İranla sərhəd boyunca yaşayan yerli talışlar malikdir.

“Hazırda əhalinin əksəriyyətini irandilli talışların təşkil etdiyi Azərbaycanın cənubunda od müqəddəs simvol kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu bölgədə təbiət ünsürlərinə (od, su, düyü, bitkilər) başqa yerlərə nisbətən daha çox ehtiram göstərilir.

Sovetlər dönəmində bütün dinlər qadağan edilmişdi, ona görə də biz qadağaya rəğmən, zərdüşti mahnı və nəğmələri yaşatmaqla müqəddəs Novruz bayramını gizli şəkildə keçirməyə davam edən talış xalqına minnətdar olmalıyıq”.

Suraxanı Atəşgahının içindəki alov 1960-cı illərin sonlarında onu qıdalandıran metan qazı başqa yerə yönəldiyi üçün sönüb. Amma 1975-ci ildə qəsrə bənzəyən məbəd muzey kimi yenidən fəaliyyətə başlayandan sonra Bakıdan çəkilən qazla onun alovu yenidən yandırılıb.

1991-ci ildə SSRİ-nin süqutunun ardınca müstəqillik əldə edən Azərbaycan öz kimliyini geri qaytarmağa və mürəkkəb zərdüşti köklərini dərk etməyə çalışıb.

“Hesab edirəm ki, Azərbaycan xalqı hələ də ateist sovet adət-ənənələrinin təsirini hiss edir və İslamın zərdüştiliyə tarixi düşmənçiliyi hələ də yerli əhalinin yaddaşında qalır”, – Əzimov deyir.

“Son illər ərzində talış icmalarında zərdüşti yazılara marağın yenidən canlandığını gördük. Başqa yerlərdə qədim zərdüştilərin müqəddəs alovu Novruz bayramında olduğu kimi, müasir azərbaycanlıların qeyri-dini həyat tərzinə və ənənələrinə təsir edərək yeni dünyəvi məna qazanıb”.

Topuğa çıxan qarla yola çıxdıqdan altı saat sonra mən və yoldaşlarım, nəhayət ki, Əliyev dağının 3751 metrlik zirvəsinə çatırıq.

Bir neçə şəkil çəkdirmək üçün Azərbaycan bayrağını açırıq, sonra hava dəyişməmişkən enişə başlayırıq.

Baza düşərgəmizə qayıdırıq, yağış və küləyə baxmayaraq, atəşgahın içindəki alov yanmağa davam edir.

Buranı tərk edərkən mən geriyə dönüb məbədə və onun daim yanan alovuna bir daha nəzər salıram.

Ola bilsin ki, o, hələ də insanların, qitələrin və inancların daim kəsişməsində yerləşən ölkənin multikultural keçmişinə açılan pəncərə ola bilər.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment