Ermənistan Xankəndiyə “humanitar yardım karvanı göndərir”

Ermənistan Qarabağa humanitar yardım göndərməyə qərar verib. Bu, Qarabağ ermənilərinin “bölgədə humanitar böhranın dərinləşməsi” ilə bağlı çağırışları fonunda baş verir.

Xankəndi/Stepanakertdən yayımlanan yerli tv kanalı və yerli bloqçular boş dükanlar və ərzaq növbəsinə duran sakinlərin videolarını paylaşırlar.

Ermənistanın Qarabağa humanitar yardım göndərmək qərarını “təxribat” kimi qiymətləndirən rəsmi Bakı “humanitar böhran” iddialarını rədd edir və bunu “siyasi manipulyasiya” adlandırır.

Separatçı “Dağlıq Qarabağ Respublikasının rəhbəri” Arayik Harutyunyan çərşənbə axşamı günü Qarabağdakı vəziyyəti “fəlakət zonası” adlandırıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi son açıqlamasında hazırda Laçın dəhlizi ilə humanitar yardım daşıya bilmədiyini bildirib və humanitar əməliyyatın bərpası üçün çağırış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatında Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edildiyini açıqlayıb.

Rəsmi Bakı bildirib ki, tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidin davam etməsinə şərait yaradılıb.

Xankəndində “humanitar böhran” çağırışları fonunda Ermənistan Baş naziri Nikol Paşinyan çərçənbə axşamı keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bötüvlüyünü tanıdıqlarını və Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha təkrarlayıb.

Çərşənbə axşamı günü Ermənistanın “Dağlıq Qarabağda humanitar böhranın həlli üzrə işçi qrupu bölgə əhalisinə təcili humanitar yardım (ərzaq və dərman preparatları)” göndərilməsi ilə bağlı qərarları təsdiqləyib, armenpress saytı yazıb.

Humanitar karvanın tezliklə Yerevandan Qarabağa yola düşəcəyi gözlənilir, xəbərdə deyilir.

Azərbaycan Dövlət Sərhəd Xidməti ötən gün yaydığı məlumatda Ermənistan tərəfinin bu addımını “təxribat” kimi qiymətləndirib.

“Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə növbəti təxribat əməli planlaşdırılır”, – qurumun məlumatında bildirilib.

Harutyunyandan “fəlakət zonası” bəyanatı

Çərşənbə axşamı günü tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbəri Arayik Harutyunyan Qarabağdakı vəziyyəti “fəlakət zonası” adlandırıb.

Harutyunyan Qarabağdakı ermənilərin fiziki mövcudluğuna təhlükə yarandığını deyib və beynəlxalq ictimaiyyətdən kömək istəyib, yerli media yazır.

Xankəndi/Stepanakertdən yayımlanan yerli tv kanalı və yerli bloqçular boş dükanlar və ərzaq növbəsinə duran sakinlərin videolarını paylaşır.

Rəsmi Bakı bildirib ki, sərhəd buraxılış məntəqəsinin yaradılmasından sonra “erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şərait” yaradılmışdı. Ancaq iyunun 15-də Laçın dəhlizində sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra “müvafiq tədbirlər” görməsi səbəbi ilə ümumi gediş-gəliş dayandırılıb.

Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin bu keçiddən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq ittihamlarına görə məhdudlaşdırılıb.

“Qızıl Xaç” humanitar əməliyyatın bərpasını istəyir

Çərşənbə axşamı günü Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Laçın dəhlizi və ya Ağdam marşurutu ilə əhaliyə humanitar yardım daşıya bilmədiyini bildirib və humanitar əməliyyatın bərpası üçün çağırış edib.

“On minlərlə insan bu marşurutlar üzərindən onlara gələcək humanitar yardımı gözləyir. Hazırda oradakı əhali həyati əhəmiyyətli dərmanlar və gigiyenik vasitələr, uşaq qidaları kimi ilkin təlabat məhsullarının yoxluğundan əziyyət çəkir”, – qurumun bəyanatında deyilir.

Rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edir

Azərbaycan Xarici İşlər Nazirliyi “Qızıl Xaç”a cavab bəyanatında bildirib ki, Ağdam-Xankəndi yolundan istifadə etməklə qarşı tərəfə yardım çatdırıla bilər.

“Böyük miqdarda dərman preparatları, yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edilib. Lakin, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir”, – Azərbaycan XİN bildirib.

Bundan əvvəl, rəsmi Bakı tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidin davam etməsinə şərait yaradıldığını açıqlamışdı.

Paşinyan: “Qarabağ Azərbaycan ərazisidir”

Elə bu ərəfədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu” bir daha təkrarlayıb.

Çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında, o, “Ermənistanın özü də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Odur ki, bu mənada, beynəlxalq hüquq nöqteyi-nəzərindən, Dağlıq Qarabağ da Azərbaycandır” deyib.

Bu fikirləri səsləndirərkən, Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatına istinad edib.

Yerevanda və Qarabağda etiraz mitinqi

Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə bağlı dedikləri Yerevanda və Qarabağda erməni sakinlərin etirazına səbəb olub.

Onun mətbuat konfransından sonra Yerevanın Azadlıq meydanında “Dağlıq Qarabağa dəstək” şüarı altında mitinq keçirilib.

“Artsax bizik” təşəbbüs qrupunun fəalı Liana Petrosyan Azadlıq meydanına toplaşanların “Artsaxın (Qarabağ erməniləri keçmiş DQMV-ni Artsax adlandırırlar -red.) təkbaşına buraxılmadığını” dünyaya çatdırmaq istədiklərini bəyan edib:

“Məqsədimiz lal-kar dünyaya çatdırmaqdır ki, Dağlıq Qarabağ tək 120 min vətəndaş deyil, həm də məcburi köçkünlər, Ermənistanda və diasporada yaşayan və Dağlıq Qarabağın ağrısını bölüşən bütün soydaşlarımızdır”.

Qarabağda separatçı qurumun “dövlət naziri” Qurqen Nersisyan deyib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına dair Yerevandan səslənən “istənilən şifahi, ya da yazılı bəyanat yolverilməzdir”.

O bildirib ki, “Dağlıq Qarabağ xalqının taleyini yalnız Dağlıq Qarabağ xalqı” həll edə bilər.

Qarabağ erməniləri Azərbaycanın bir hissəsi olmaq istəmədiklərini bildirirlər.

Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir.

Rəsmi Bakı Qarabağ ermənilərinə reinteqrasiya təklif edərək onların hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun təmin ediləcəyini açıqlayıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment