“Oğlum “narkobarondur”, mən də zibillikdə dəmir yığıram”, – oğlu İrana casusluqda ittiham olunan ata

Bakının Binə qəsəbəsində yaşayan Hacıyevlər ailəsinin iki üzvü bu ilin martında kütləvi miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma ittihamı ilə həbs edilib.

Ailə deyir ki, onların oğlu və yeznəsini polis eyni gündə aparıb və uzun müddət onlardan xəbər ala bilməyiblər.

Ailənin başçısı Rəhmət Hacıyev deyir ki, “Sadə bir vətəndaşı narkotiklə həbs ediblər. Məcbur ediblər, döyüblər, işgəncələr altında onlara deyiblər ki, sən hökmən bunu boynuna almalısan. Bunu sən boynuna almas an, ailəsiylə, atası-anasıylabunları çox, çox hərbə zorba gəliblər ki, ailənizi gətirərik bura”

Rəhmət Hacıyev deyir ki, özü tullantılar arasından dəmir yığıb gününə 15 manat pul qazanır və indi bu qazancla körpə uşaqlar da olan iki ailəni dolandırmalıdır.

Oğlunun və kürəkəninin həbsindən üzülən ata deyir, üstəlik kommunal xərclər, dolanışıq qayğıları onun belini büküb.

“Nətər 15 manatı mən çatdırım bu ailəyə? Xırda uşaqlar var, evimdə 4 əsgər böyüyür. Mən sabah necə bu dövlətə bu əsgəri verim? Deyim ki, sizin atanız günahsız həbs olunub?”, -Rəhmət Hacıyev bildirib.

Apreldə polis tərəfindən tutulan Ruslan Əliyevin xanımı, Rəna Hüseynova da deyir ki, onun həyat yoldaşını kütləvi miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma maddəsi ilə həbs ediblər. Rəna xanım deyir ki, onun həyat yoldaşı pianino müəllimi olub, pianino təmirindən gündəlik çörəkpulunu çıxarıb.

Rəna xanım deyir ki, həyat yoldaşı həbs olunandan sonra yerli mediada onun və başqalarının görüntüləri yayılıb və onlar İrana casusluqda ittiham olunublar.

“Bir neçə gündən sonra üzə çıxarırlar ki, bunlar İran casusudur, kərimə dövlət düzəltmək istəyirlər. Sizin nə ixtiyarınız var, belə şey çıxarırsız? Bu informasiya hardan sızıb? Daxili İşlər Nazirliyindən sızıb. Utanmadan yazırlar ki, Daxili İşlər Nazirliyi belə deyir. Daxili İşlər Gözləsin məhkəmə olsun. Bəlkə bu insan günahkar deyil, bəlkə heç nə etməyib, bəlkə elə-belə oturub söhbət edib sonra çıxıb gedir.Bax mənim apardığım bu şəkli orda yaymışdılar. Yoldaşımı, başqa uşaqların şəklin yaymışdılar ki onlar İran casusudur. Məhkəmə olmamışdan əvvəl bunu yayırsızsa onda biz məhkəməni neynirik? Lazım deyil də artıq boynuna qoyduz da!!”, – Rəna Hüseynova deyib.

Rəna xamım iddia edir ki, onların evindən tapılan dini məzmunlu əşyaları istintaqçılar əvvəldən qoyublar.

Rəna Hüseynova danışır ki, “Deyirlər şəkil çəkiblər. Nəyin şəklin çəkə bilərlər? Hamısı internetdə var, google-da hamısı çıxır, Milli Məclis harda, ünvanı, telefonu hamısı çıxır, siz kimi aldatmağa çalışırsız? Danışıb, xəyal edib casus, vətən xaini. Vətən xaini kimi nə ötürə bilər? Strukturda işləmir, orqanlarda işləmir, heç bir sirrinizi bilmir, heç nə bilmir, nə hərbidə iştirak edir, o nəyi sata bilər? Xain satqın deməkdir o nəyi satıb?”.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, Müsəlman Birliyi hərəkatının 50-yə yaxın üzvü həbs olunub, yerli mediada onlar narkotacir kimi təqdim olunublar.

Rüfət Səfərov Azərbaycanın müxtəlif bölgələrində yüzlərlə inanclı şəxsin həbs olunduğunu güman edir.

Hüquq-mühafizə orqanları BBC-nin bununla bağlı sualını cavablandırmayıb, amma tez-tez dini inanclı hansısa şəxslərin narkotik və ya casusluq ittihamları barədə saxlanılması barədə rəsmi məlumatlara rast gəlinir.

Bu ilin mayında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadliğı üzrə Komissiyasi Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyətin mənfiyə dəyişdiyini bildirib və dövlətinə tövsiyə edib ki, Azərbaycanı Xüsusi Nəzarət Siyahısına daxil edilsin.

Qurumun hesabatına görə, Azərbaycanda ötən il azı 19 nəfər inancına görə həbs edilib və onlardan əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvüdür.

Azərbaycan hökümətinin hesabata münasibəti hələlik bəlli deyil. Bununla belə, Azərbaycan hakimiyyəti tez-tez bəyan edir ki, ölkədə bütün azadlıqlar o cümlədən din, etiqad azadlığı tam şəkildə təmin edilir və dini-siyasi baxışına görə heç kim təqib edilmir.

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının son hesabatında Azərbaycanda davamlı insan hüquqları problemləri sırasında həbsdə sistemli işgəncə və pis rəftarı da aid edib.

Hüquq-mühafizə orqanları rəhbərliyi bu hesabata münasibəti olmasa da, hakimiyyət bir qayda olaraq, belə hesabatları qərəzli adlandırır və belə hər hansı işgəncə və pis rəftar iddialarını rədd edir.

Hüquq müdafiəçisi iddia edir ki, hakimiyyətə yaxın media vasitəsi ilə ictimai rəydə yaradılan yanlış rəy də belə kütləvi həbslərə rəvac verir.

Bakıda fikrini souşduğumuz sakinlərin əksəriyyəti inanclı şəxslərin həbsi ilə maraqlanmadığını desə də bu addımı dəstəkləyənlər və əksini düşünənlər də oldu.

Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, “Əgər şəxsin əməlində cinayət əməli varsa, casusluq edibsə, dövlətə xəyanət meyilləri varsa Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə tərkib elementlərdən biri ortaya qoyulmalıdır. Düşən tərfə hansı şəkildə keçib, dövlət sirrini necə verib, komunikasiyalar, maddi sübutlar ortada olmalıdır və bu mötəbər dəlillərə əsaslanan sübutlar şəklində olmalıdır ki, biz hüquq müdafiəçiləri baxaq və qiymət verək. Amma bu sübutlar yoxdur, sadəcə zamanında İranda təhsil almış və ya oranın dii, hərbi siyasi elitasına rəğbəti olan şiə məzhəbinə qulluq edən azərbaycan vətəndaşı axı avtomatik olaraq cinayətkar anlamı daşımalı deyil?”.

Həm qardaşı, həm də həyat yoldaşı eyni gündə saxlanılan Ziyafət Hacıyeva deyir ki, onların yaxınları sanki oğurlanıb. Əvvəllər onun həyat yoldaşı İranda təhsil alamsına görə dəfələrlə polisdə dindirilsə də sonradan sərbəst buraxılıb, ancaq bu dəfə öz ayağı ilə polisə gedib, bir neçə gündən sonra isə ailəyə onun həbs olunduğu deyilib.

“Yeddi gün qardaşımın uşaqları öz atalarının köynəyi ilə yatıb-durub. Öz körpəm də elə. Harda yazılıb ki, sən yeddi gün ailəyə, vətəndaşa məlumat vermədən onun uşağını oğurlayıb saxlayasan. Yoldaşımdan əlavə dostunu da aparıblar, nədi yoldaşım rayondan gələndə onunla görüşüb. Sanki Azərbaycanda qatı cinayət törədib bu kimlə görüşübsə onu da aparıblar. Çoxdur hardasa yaxın, qonuşu, tanış bir 15 nəfər var. Hamısı da dini inanclı olanlar”, – Ziyafət Hacıyeva deyib.

Son aylarda saxlanan bəzi inanclı şəxslərin yaxınları İyunun əvvəlində Baş Prokurorluğun qarşısında aksiya keçiriblər.

Həbs olunanların və hüquq müdafiəçilərinin iddiaları barədə suallarımıza Daxili İşlər Nazirliyin, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti cavab verməyib.

Azərbaycan hakimiyyəti vaxtaşırı bəyan edir ki, əməlində cinayət tərkibi olmadığı hada heç kim cinayət məsuliyyətinə cəlb edilmir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment