Azərbaycan-Ermənistan arasında dəmir yolu marşrutu nə zaman açılacaq?

Ermənistan və Azərbaycan sərhədində “silahlı toqquşmalar baş verdiyi və insanların həlak olduğu bir zamanda” nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar aparmaq “çətindir”, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması Yerasx-Culfa-Meğri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq, o deyib.

Rusiya baş nazir müavinin bu açıqlaması Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdiyi, tərəflərin bir-birini atəşkəsin pozulmasında ittiham etdiyi vaxta təsadüf edir.

May ayında Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşü keçirilmiş, tərəflər nəqliyyat kommunikasiyasının açılmasında “irəliləyiş əldə etmişdi”, görüşdən sonra Overçuk bəyan etmişdi.

O, TASS-a müsahibəsində bildirib ki, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin görüşündə “kompleks sənəd” tərtib edilib və burda marşrut göstərilib.

“Hər iki tərəf şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq – deyə Overçuk əlavə edib, – beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək. Ancaq bu iki dövlət və xalqlar arasında mövcud olan münasibətləri nəzərə alaraq, bütün bunları qabaqcadan təshih etmək lazımdır”.

Overçuk qeyd edib ki, sənəd layihəsi Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində formalaşıb və demək olar ki, tamamilə razılaşdırılıb.

Aleksey Overçukun sözlərinə görə, Ermənistan üçün bu dəmir yolunun açılması bu ölkənin blokadadan çıxması baxımdan əsas əhəmiyyət kəsb edir.

“Ermənistan rəhbərliyi ən qısa zamanda özünü blokdan çıxarmağa çalışır. Azərbaycan rəhbərliyinin də simmetrik qayğısı var, o da öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır”, – o deyib.

Rusiya Baş nazirinin müavini deyib ki, tərəflər arasında “ən böyük problem etibar məsələsi” olduğundan danışıqlar “ləng gedir”.

“Son nəticədə, yolla sadə insanlar – azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları hərəkət edəcəklər. Onlar sərhədi keçərkən bir-biri ilə necə davranacaq, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq?” – Overçuk əlavə edib.

Onun sözlərinə görə, bu gün əsas məsələ, “digər ölkənin ərazisində bu insanların başına heç bir pis şey gəlməyəcəyində əmin olmaq” məsələsidir: “Və əlbəttə ki, biz hamımız hazırda sərhəddə baş verənlərin təsiri altındayıq. Atəşkəs olsa, həll tapmaq daha asan olardı”.

Yolun nə zaman açılacağı haqqında suala o, belə cavab verib: “Hələlik heç kim bu suala müəyyən cavab verməyəcək. Razılıq əldə etdiyimiz və müvafiq sənədə imza atıldığı zaman. Onda sovet dövründə mövcud olan və həm ermənilərin, həm də azərbaycanlıların istifadə etdiyi bu dəmir yolunun bərpasına başlamaq haqqında danışmaq olacaq”, – o deyib.

Moskvada keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanat

Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda irəliləyişin olduğunu bildirir. Bunu Moskvada keçirilən üçtərəfli görüşdən sonra Rusiya Baş nazirinin müavini bəyan edib.

Aleksey Overçukun mətbuata açıqlamasında bildirilir ki, xüsusilə Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə “konkret addımların” həyata keçirilməsi ilə bağlı “ümumi anlaşma” əldə olunub.

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub”, – Rusiya hökumətinin saytında yayılan açıqlamada deyilir.

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan, Aleksey Overçuk arasında regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun görüşü cümə günü Moskvada keçirilib.

Görüşdən əvvəl Aleksey Overçuk deyib ki, tərəflər Azərbaycanla onun Naxçıvan anklavı arasında Ermənistanın cənubundan keçməklə dəmir yolu əlaqəsinin bərpasına “çox yaxındır”. Rusiya rəsmisinə əsasən, beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük nəzarəti və bütün digər prosedurların tətbiqi nəzərdə tutulur.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin isə ABŞ-da iyunun 12-də görüşməsi razılaşdırılıb, Ermənistan Baş naziri ötən gün Moldovada bəyan edib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Almaniya Kansleri Olaf Scholz və Fransa Prezidenti Emmanuel Macronun iştirakı ilə beştərəfli görüş olub.

Görüşdən sonra açıqlama verən Charles Michel deyib ki, onların may ayında Brüsseldəki müzakirələri yenidən nəzərdən keçirmək, “əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq” imkanları olub, Azərtac yazıb.

O bu müzakirələri iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya “çox yaxşı hazırlıq” kimi qiymətləndirib.

Charles Michel əlavə edib ki, həmin beştərəfli görüşü Avropa Siyasi İcmasının İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən təşkil etmək niyyətindədir.

Kişinyov görüşü ərəfəsində İlham Əliyev Qarabağ separatçılarının istefa verdiyi və Azərbaycan qanunlarını tanıdığı təqdirdə onların amnistiyasına baxıla biləcəyini açıqlayıb. Onun bu bəyanatından əvvəl isə Nikol Paşinyan “Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi” tanıya biləcəyini açıqlamışdı.

Mayın 30-da ABŞ Dövlət Departamenti Əliyev və Paşinyanın son açıqlamalarını təqdir edib.

Tərəflər Kişinyovdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin iştirakı Moskvada ilə bir araya gəlsələr də, hər hansı saziş imzalamamışdılar.

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olub.

Rusiyadakı danışıqlar ABŞ və Avropada Azərbaycan və Ermənistan XİN başçıları və ölkə lidelərinin keçirilən görüşlərindən sonra baş tutub.

Moskvada keçən görüşlərdən sonra Azərbaycan və Ermənistan müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə hər iki ölkənin rəsmi açıqlamasında bildirilir.

“Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb”, Azərbaycan XİN-in yaydığı bəyanatda deyilir.

Cümə günü başa çatan üçtərəfli görüşün açılışında Azərbaycan xarici işlər naziri danışıqlardakı müsbət dinamikanı qeyd edib.

“Prinsipcə, biz may ayından dinamikanın ardıcıl və müsbət səciyyə daşımasına çox müsbət yanaşırıq”, – Ceyhun Bayramov deyib. Öz növbəsində, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da irəliləyişi qeyd edib. “Mümkün sülh müqaviləsinin bir neçə bəndi, bir neçə mövzular üzrə əldə edilmiş irəliləyişləri qeyd etmək istərdim”.

Rusiya XİN başçısı görüşün açılışında deyib ki, üç ölkə rəhbərliyinin qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək.

“Rusiya vəziyyətin sabitləşdirilməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlindən gələn hər şeyi edəcək və ümid edir ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr də onlara hörmətlə yanaşacaqlar”, – Sergey Lavrov deyib.

Brüsseldə görüş

Ötən bazar günü Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlardan sonra tərəflər sülh proses danışıqlarında irəliləmənin olduğunu qeyd ediblər.

Avropa İ Şurasının Prezidenti Charles Michel-in iştirakı ilə 4 saat davam edən görüşdən sonra cənab Michel “sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyini” bildirib.

Rəsmi Yerevan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıyıb, Ermənistan Baş naziri Nikol Paşinyan mayın 17-də İslandiyanın paytaxtı Reykyavikdə, Avropa Şurasının 4-cü sammitində çıxışı zamanı bəyan edib.

“Üç gün bundan əvvəl biz Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in vasitəçiliyi ilə Ermənistanın Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr çərçivəsində, Azərbaycanın Ermənistan ərazisini 29,8 min kvadrat kilometr çərçivəsində tanıdığını təsdiq edərək, daha bir addım irəlilədik”, – Paşinyan çıxışı zamanı deyib.

Rəsmi Bakı bazar günü Brüsseldə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Charles Michel arasında üçtərəfli görüşü “normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü” hesab etdiyini açıqlayıb.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan da bazar ertəsində görüşü jurnalistlərə şərh edərkən, “regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə başlamaq məsələsini Ermənistana konkret zəmanətlər verildikdən sonra müzakirə etməyin mümkün olacağını” deyib.

Bazar günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Charles Michel arasında üçtərəfli görüş baş tutub.

Bu görüş ərəfəsində Azərbaycan-Ermənistan sərhədində 3 gün intensiv davam edən atışma baş vermiş, tərəflər itki vermişdi.

Bazar ertəsi günü Azərbaycan XİN görüşlə bağlı bəyanatında “İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb etdiyini” deyib.

“Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, XİN bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Hovhannisyan isə jurnalistlərə “ölkə ərazisindən keçən yollar ancaq Ermənistanın yuridiksiyası altında olmalıdır” deyib.

“Və yalnız qəti zəmanətlər aldıqdan sonra onların tikintisinə başlanılmasından danışmaq olar”, Hovhannisyan bildirib.

Nazir müavini “Zəngəzur dəhlizi” məsələsinin gündəmə gətirib-gətirilməməsinə dair suala Brüssel danışıqları zamanı “dəhliz” ifadəsinin işlənilmədiyini bildirib.

Onun sözlərinə görə, bu ifadənin diplomatik leksikonda olmaması vasitəçilərin bu məsələdə mövqeyini əks etdirir. Ermənistan üçün “dəhliz” məsələsi “qırmızı xətlərdən” biri hesab olunur, o deyib.

Bazar günün Aİ Şurasının Prezidenti Charles Michelin vasitəçiliyi və iştirakı ilə baş tutan 4 saatlıq görüşdən sonra cənab Michel Avropa İttifaqının gizli gündəliyi olmadığını bildirib.

“Qurumun “yeganə məqsədi Ermənistan və Azərbaycanda hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir”, o deyib.

Təmsil etdiyi qurumun Azərbaycan və Ermənistanın “birgə səylərinə töhfə verməyə hazır olduğunu” bildirən Charles Michel tərəflərin Brüssel görüşlərinin lazım gəldikdə tez-tez keçirməyə razılaşdıqlarını da bildirib. “Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz də yaxın gələcəkdə Fransa Prezidenti Macron və Almaniya kansleri Scholz-la Kişinyovda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək üçüncü EPC sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm. Məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir”, – cənab Michel vurğulayıb.

“Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”

Sərhəd məsələlərinə toxunan Charles Michel “sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyini” deyib:

“Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin cavabı ilə bağlı razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”. O, iki ölkə arasında əlaqələrə də toxunub.

“Əlaqələrə gəlincə, tərəflər nəqliyyatın açılması və iqtisadi əlaqələr istiqamətindəki danışıqlarda irəliləyiş əldə ediblər. İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu xətlərinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb”.

Aİ Şurasının Prezidenti, həmçinin, bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının köməyindən istifadə etmək barədə razılığa gəlindiyini deyib.

Humanitar məsələlərə gəlincə, cənab Michel “yaxın həftələrdə əlavə təfərrüatların açıqlanacağını” xəbər verib.

“Mən, həmçinin, sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın qorunmasının vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyinin həlli və ərazilərin minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsinin vacibliyini müzakirə etdik. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı mübadilələrimizi davam etdirdik”, – o deyib.

Aİ Şurasının rəhbəri Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdiyini də əlavə edib.

“Bakı ilə bu əhali (Qarabağın erməni əhalisi) arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyini də qaldırdım. Düşünürəm ki, qarşılıqlı məqbul həllər əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla məşğul olmaq və liderlik nümayiş etdirmək vacibdir”, – Aİ Şurasının Prezidenti vurğulayıb.

Charles Michel Azərbaycan və Ermənistan liderləri ilə ayrıca görüşlər keçirib

Brüsseldə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel ilə görüşüb.

Rəsmi Bakının məlumatına əsasən, görüşdə hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı “məmnunluqlarını” ifadə ediblər.

Prezident İlham Əliyev Charles Michel-ə “bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib”, rəsmi məlumatda deyilib.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Waşington danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.

Məlumatda qeyd olunduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Carles Michel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi də müzakirə edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü axşam Brüsseldə Aİ Şurasının Prezidenti Charles Michel ilə görüşüb.

“Paşinyan və Michel regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyəti müzakirə ediblər”, Ermənistan mediası bildirib.

Həmin məlumatlara əsasən, görüşdə Paşinyan Azərbaycanın “Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlamasının nəticəsində Dağlıq Qarabağda humanitar böhranın yaranması,” eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələlərə toxunub.

Armen Qriqoryan: Yerevan Zəngəzur dəhlizinə heç zaman razı olmayacaq

Brüsseldə görüşlər davam edərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan heç zaman öz ərazisindən Zəngəzur dəhlizinin çəkilməsinə yol verməyəcək.

Qriqoryan bunu Rusiya müxalifətinin liberal qanadının mətbu orqanı sayılan Novaya Gazeta nəşrinə müsahibəsində bildirib.

“Ermənistan heç vaxt öz ərazisindən eksterritorial dəhlizə razı olmayacaq. Bizim üçün bu, qırmızı xəttdir”, – Qriqoryan deyib.

Müxbirin “Bəs müharibə olsa?” sualına Ermənistan Təhlükəsizlik Şurasının katibinin cavabı belə olub: “Müharibə olursa, olsun”.

Charles Michel-in təşəbbüsü ilə bu üçtərəfli formatda görüş sonuncu dəfə Brüsseldə keçən ilin dekabtın 7-də keçirilməli idi, lakin Ermənistan həmin görüşdə Fransa prezidenti Emmanuel Macron-un iştirakında israr etdiyindən görüş baş tutmamışdı.

Bakı Fransa Prezidentinin bu formata qatılmasına etiraz etmişdi.

Brüsseldə Charles Michelin iştirakı ilə yüksək səviyyəli Ermənistan-Azərbaycan sülh dialoqunun keçiriləcəyi barədə məlumatlar mayin əvvəlində Washingtonda 4 gün davam edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Arart Mirzoyanın ABŞ Dövlət katibi Antony Blinkenin iştirakı ilə danışıqları başa çatdıqdan sonra mətbuata sızmağa başlamışdıı.

Washington danışıqlarının sonunda Bakı və Yerevan sülh sazişi layihəsinin bəzi maddələri üzrə irəliləyişin əldə edildiyini qeyd etsələr də, digər əsas məsələlərdə fikir ayrılıqların qaldığını bildirmişdilər.

ABŞ Dövlət katibi Blinken görüşün müsbət nəticə verdiyini və sülh müqaviləsinə nail olmaq yolunda tərəflərin irəliyə doğru növbəti addım atdıqlarını qeyd etmişdi.

Washington danışıqlarından dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması üçün “yeganə hüquqi baza” yalnız Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ola bilər.

Bundan sonra mayın 9-da Ermənistanın Baş naziri Moskvaya səfər edərək Rusiyada Qələbə gününün qeyd olunmasında və Qırmızı meydanda hərbi paradda iştirak edib, həmçinin Putinlə də danışıqlar aparıb.

İki gün sonra, mayın 11-də Ermənistan-Azərbaycan sərhədində top atəşi səsləri eşidilib, buna görə tərəflər bir-birini ittiham edib. Başlanmış artillleriya dueli 3 gün çəkib. Nəticədə hər iki tərəfdən ölən və yaralananlar olub.

Mayın 13-nə olan tərəflərin rəsmi məlumatına əsasən, son 3 gün ərzində sərhəddə baş vermiş gərginlik nəticəsində Azərbaycan ordusunun 2 hərbi qulluqçusu həlak olub və 1 əsgər yaralanıb, Ermənistan isə 1 hərbçisini itirdiyini və ümumilikdə 8 hərbi qulluqçusunun yaralandığnı açıqlayıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment