Ermənistanda azərbaycanlı hərbçi 20 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Ermənistanın Qafan məhkəməsi azərbaycanlı hərbçi Hüseyn Axundovun 20 il müddətinə həbs edilməsi haqqında qərar verib.

Axundov Ermənistan məhkəməsi tərəfindən Zəngəzur mis-molibden zavodunun mühafizəçisi, 56 yaşlı Hayrapet Meliksetyanın qətlində təqsirli bilinib.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin əvvəlində Axundov və digər Azərbaycan əsgəri Aqşin Bəbirov Naxçıvan tərəfindən sərhədi keçib, Ermənistanın Sünik rayonunda saxlanılıblar.

Bundan əvvəl, mayın 8-də, məhkəmənin hökmü ilə Bəbirov sərhədi qanunsuz keçmək, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirmək ittihamı ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan son qərara münasibət bildirməyib. Lakin ötən ay Xarici İşlər Nazirliyi Aqşin Bəbirov barədə hökmü “qondarma” adlandırıb.

May ayında iki hərbçi barədə məlumatları Azərbaycan Prezidenti də şərh edib.

İlham Əliyev deyib ki, Ermənistanla əldə olunmuş razılığa görə, yolu azanlar iki günə qaytarılmalı idi. Lakin Ermənistan ərazisinə keçənlər işgəncələrə məruz qalıb.

“Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur”, – İlham Əliyev vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi aprelin 10-da BBC Azərbaycancaya açıqlamasında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində “əlverişsiz hava şəraiti və məhdud görmə” səbəbindən iki hərbi qulluqçunun yolu azdığını deyib.

Ermənistan rəsmiləri həmin gün bir Azərbaycan əsgərinin saxlanıldığını, digərinin axtarıldığını demişdi. Aprelin 13-də ikinci əsgərin Qafan polis şöbəsində saxlanıldığı bildirilib.

Həmin gün sosial mediada yayılmış şəkillərdə hərbi geyimli gənc kişinin üzündə qanlı zədə izləri görünür. Yayılmış videolarda isə hərbi geyimli kişinin yerə uzanmış və əlləri bağlı halda ağzına təpiklə vurulduğu görünür. Məlumatlara görə, bu, yeni tapılmış azərbaycanlı hərbçidir.

Azərbaycan Baş Prokururluğu ikinci hərbi qulluqçunun Ermənistanda “əsir düşməsi və ona işgəncə verilməsi ilə bağlı” cinayət işi başlayıb.

Hüseyn Axundov nədə ittiham olunur?

Hüseyn Axundov aprelin 12-də Ermənistan vətəndaşı, Zəngəzur Mis-Molibden Kombinatında (ZMMK) keşikçi işləyən Hayrapet Meliksetyanı “qətlə yetirməkdə” ittiham olunur.

“Hüseyn Axundov Qafan icması Şğarşik kəndində ZMMK gözətçi məntəqəsinə yaxınlaşaraq, onu avtomat silahla güllələyib və onun mobil telefonu və İran İslam Respublikasına keçmək üçün avtomobilini mənimsəyib”, Ermənistan MTX İstintaq Departamentinin ilkin istintaq materiallarında bildilir.

Məlumatda iddia olunur ki, Axundov Meliksetyanın telefonu, siqaretləri və alışqanını götürüb, lakin maşını işə sala bilməyib.

ABŞ, Britaniya və Aİ “narahatdır”

ABŞ Ermənistanda saxlanılan Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılıqla bağlı narahatçılığını bildirib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitində deyilir.

“ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır. Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”.

Zorakılıq anlarını əks etdirən videoya Britaniya və Avropa İttifaqının nümayəndələri də münasibət bildiriblər.

“Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir, -Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz Twitter hesabında yazıb. – Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Michalko isə “həbsdə olan” Azərbaycan əsgərinə qarşı zorakılıq nümayiş etdirən videonun “acınacaqlı” olduğunu bildirib. “Bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, – diplomatın tvitində deyilir.

“Ermənistanda azərbaycanlı əsgərə qarşı görünən pis rəftarın videosu dərin narahatlıq doğurur və cavabdeh olanların beynəlxalq hüquq normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunmasına köməklik etməsi üçün hadisə dərhal araşdırılmalıdır” , – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bildirib.

Hüseyn Axundov harada saxlanıb?

Bəzi Ermənistan informasiya vasitələri onun Ermənistanın Sünik vilayətinin Açanan kəndində mülki şəxslər tərəfindən saxlanıldığını yazıb. Rəsmi məlumata görə o, Qafandakı polis şöbəsində saxlanılıb.

Yerlilər hərbçinin paltarının yaş və çirkli, ciblərində müxtəlif növ patron və maska olduğunu deyiblər.

Azadlıq radiosunun ermənidilli redaksiyası – Azatutyun azərbaycanlı əsgərə rast gələn yerli meşəçi ilə danışdığını deyir.

“Yoldan yan keçirdim və kimisə gördüm. Həyat yoldaşım yanımda idi. Sonra qərara gəldim ki, bir geri qayıdıb yenə baxım ki, o, həmin azərbaycanlıdırmı? Orada bizim başqa uşaqlar da var idi. Mən onlara dedim: belə görünür ki, elə odur. Əvvəlcə iranlı olduğunu dedi. Amma o, Azərbaycan əsgərinin paltarında idi, səliqəsiz geyinmişdi, palçıq içində idi”, – “Azatutyun”un saytında Ara Sukiasyanın sözləri iqtibas olunur.

Azərbaycan Baş Prokurorluğu hərbi qulluqçunun Ermənistanda “əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülərin yayıldığını” bildirərək “əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə” maddəsilə cinayət işi başlayıb.

Qurum bildirib ki, hərbi qulluqçuya qarşı “işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərə görə Ermənistanı 1949-cu il Cenevrə Konvensiyaları, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin pozmaqda ittiham edib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları iki hərbçisinin Ermənistanda saxlandığını “ehtimal edərək” onların azad edilmələri üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü bildirib ki, Ermənistan ərazisində həbs edilən Azərbaycan əsgəri “hazırda geri qayıtmaq istəmir”.

“Araşdırmalar göstərdi ki, Azərbaycan ordusunun əsgəri digər hərbi qulluqçu ilə birlikdə yoldaşlarının təzyiqi və alçaldılması səbəbilə mövqelərindən qaçıblar. Beynəlxalq öhdəliklərə görə, belə vəziyyətdə olan şəxs geri qayıtmaq istəmirsə, biz onu zorla geri qaytara bilmərik. Ən azından indiki məqamda əsgər belə bir arzu ifadə etməyib”, Ermənistan mediası baş nazirdən sitat gətirib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment