Azərbaycan-Ermənistan sərhədində atışma: tərəflər bir-birini ittiham edirlər

Bazar günü Ermənistan Müdafiə Nazirliyi (MN) elan edib ki, gecə saatlarında Azərbaycan ordusunun bölmələri dövlət sərhədinin Geğarkunik vilayətinin Yuxarı Şorca, Sotk yaşayış məntəqələri və Sünik vilayətinin Nerkin Hand kəndi istiqamətində müxtəlif çaplı silahlardan atəş açıblar.

Ermənistan MN bildirib ki, öz tərəfindən itki yoxdur.

Azərtacın məlumatına görə, Azərbaycan MN qarşı tərəfin yaydığı bu məlumatı “qəti surətdə təkzib edib”.

“İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Geğarkunik (Basarkeçər – azərbaycanlılar belə adlandırır) və Tavuş (Şəmşəddin – azərbaycanlılar belə adlandırır) rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil”, – Azərbaycan MN-nin mətbuat xidmətindən Azərtaca bildirilib.

Azərbaycan və Ermənistan arasında Washington, Brüssel və Moskvada keçirilən silsilə danışıqların ardınca atəşkəsin pozulması barədə xəbərlərin arası kəsilmir. Bu həftə Azərbaycan-Ermənistan sərhədində bir neçə istiqamətdə atışma olub, Laçın dəhlizi bağlanıb. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Şənbə günü Azərbaycan, Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğunu bildirib. Ermənistan Azərbaycanın açıqlamasını “dezinformasiya” adandırıb. Cümə Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanla Ermənistanın dövlət sərhədində Naxçıvan və Gədəbəy istiqamətində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Şuşa istiqamətindəki bölmələrinin atəşə məruz qaldığını bildirib.

Bundan əvvəl isə Laçında bir Azərbaycan əsgərinin Ermənistanla sərhəddə, keçid məntəqəsində yaralanmasından sonra bu yol bağlanıb. Azərbaycanda hökumətyönlü Caliber.az saytı ötən gün baş vermiş hadisə tam araşdırılmayana qədər keçid məntəqəsinin açılmayacağını bildirib.

Ermənistan isə bundan əvvəl Azərbaycan tərəfdən ərazisinin atəşə tutduğunu bildirib. Naxçıvan istiqamətində atəşkəsin pozulması, Yerasx-da xarici sərmayə ilə tikilən metallurgiya zavodunun atəşə tutulması nəticəsində iki Hindistan vətəndaşı yaralanıb, Ermənistan Müdafiə Nazirliyi iyunun 14-də açıqlayıb.

Azərbaycan-Ermənistan: atəşkəsin pozulmasında kim maraqlıdır?

Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı xəbərlərin sayı may ayında keçirilən danışıqlardan sonra yer alır. Bəs görəsən, diplomatik danışıqların intensivləşdiyi bir vaxtda gərginlik kimin maraqlarına xidmət edir?

Siyasi təhlilçi Əhməd Əlili deyir ki, Bakı keçmişdə “hərbi diplomatiya ilə sıravi diplomatiya” kombinasiyasını uzun müddət uğurla “təşkil və istifadə” etsə də, hazırda gərginlikdə maraqlı deyil, çünki may ayı boyunca əldə edilən diplomatik uğurlar onu qane edir.

“Azərbaycan o diplomatik istiqamətdə əldə etdiyi nəticələri “qoruyub saxlamaq niyyətindədir”.

Ermənistan sərhəddəki “təxribatlara görə” Azərbaycanı ittiham edir.

İyunun 16-da Ermənistan-Azərbaycan sərhədindəki son insidentlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə çağrılan Rusiya səfirinə “kəskin narazılıq” ifadə olunub.

“Ermənistan Xarici İşlər Nazirliyində görüşdə Həkəri körpüsü yaxınlığında Rusiya sülhməramlılarının iştirakı ilə baş vermiş insidentlə bağlı Rusiyanın Ermənistandakı səfirinə qəti narazılıq ifadə olunub”, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Əhməd Əlili hesab edir ki, hazırkı gərginlik Washington və Brüssel platformasındakı “uğurların neytrallaşdırılması”na çalışan Rusiya kimi xarici qüvvələrə əl verir. Eyni zamanda, onun fikrincə, bundan Nikol Paşinyanın özü da daxil, Ermənistandakı daxili qüvvələr də istifadə edə bilərlər.

“Paşinyan komandasının kənarında Paşinyanın sülh gündəliyini dəstəkləyən insanların sayı kifayət qədər azdır”, – Əhməd Əlili deyib. Onun sözlərinə görə, Paşinyana göstərmək lazımdır ki, müharibə təhlükəsi, hərbi faktor “ordadır, yerindədir”.

“Paşinyan bundan daxili auditoriya üçün, daxili auditoriyanın öz apardığı fəaliyyətinə dəstəyini təmin etmək üçünü istifadə edə bilər”, -siyasi təhlilçi bildirirb.

May ayının sonunda atəşkəsin pozulması hallarını şərh edən Ermənistanın Baş naziri Bakını Ermənistana qarşı hərbi təzyiqdə ittiham edib.

“Azərbaycan hərbi təzyiq siyasətini davam etdirir, hərbi təzyiq yolu ilə danışıqlarda daha əlverişli şərtlər əldə etməyə çalışır”, – Nikol Paşinyan deyib.

Azərbaycan və Ermənistan arasında danışıqlar Washington, Brüssel və Moskva platformasında keçirilir. Mayın 26-da Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü heç bir sənəd imzalanmadan başa çatıb. Moskva əvvəllər qeyd edib ki, Aİ və ABŞ-ın vasitəçiliyi regionda vəziyyəti sabitləşdirmək deyil, Rusiyanı danışıqlar prosesindən sıxışdırmaq məqsədini daşıyır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də ABŞ-da gözlənən görüşü isə təxirə salınıb. ABŞ rəsmiləri görüşün Azərbaycanın xahişi ilə təxirə salındığını bildirib. Bakı və Yerevan əlavə şərh verməyib.

Amma məhz bundan sonra iki ölkə arasında, o cümlədən Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədə atəşkəsin pozulması ilə bağlı xəbərlərin intensivləşdiyi müşahidə olunub.

Atəşkəsin pozulması halları

Cümə günü hər iki tərəfin rəsmi qurumları bir neçə istiqamətdə atəşkəsin pozulduğunu bildiriblər. Bundan bir gün əvvəl isə Laçında bir Azərbaycan əsgərinin Ermənistana keçid üçün yeni açdığı sərhəd məntəqəsində yaralanmasından sonra bu yol bağlanıb.

Həftə içində Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan ordusu Yerasx-da (Arazdəyən – azərbaycanlılar belə adlandırır) xarici sərmayə ilə tikilən metallurgiya zavodunu atəşə tutub, iki nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvandakı Heydərabad, Gədəbəydəki Qalakənd əraziləri Ermənistan tərəfindəki mövqelərdən atəşə tutulub, Qarabağda isə separatçı qüvvələr Şuşa istiqamətində atəş açıblar. Nazirlik bildirib ki, adıçəkilən istiqamətlərdə Azərbaycan ordusu “cavab tədbirləri görüb”.

“Azərbaycanın mövqelərinin atəşə tutulması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı həqiqətə uyğun deyil”, – Ermənistan Müdafiə Nazirliyi bildirib.

Laçın dəhlizində Azərbaycan hərbçisinə atəş açılıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Ermənistan ərazisindən Laçın dəhlizindəki Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə atəş açılıb.

“Nəticədə bir Azərbaycan sərhədçisi yaralanıb”, məlumatda deyilir.

Sosial mediada yayılmış videoda hərbi geyimli şəxslərin Azərbaycan bayrağını daşıdıqları, daha sonra isə qaçıb gizləndikləri görünür.

Ermənistan Milli Təhlükəszilk Xidməti Azərbaycan sərhədçilərinin Ermənistan ərazisində Azərbaycan bayrağını sancmaq cəhdinin qarşısının alındığını bildirib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment