- Müəllif, Olqa İvşina, İlya Barabanov
- Vəzifə, BBC, Bakı-Yerevan
Son 30 ildə Azərbaycanın əsas tələbi Dağlıq Qarabağın bütün ərazisinin, eləcə də ona bitişik yeddi rayonun Bakının nəzarətinə qaytarılması olub. 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsi nəticəsində bütün bu torpaqlar Qarabağ ermənilərinin nəzarətinə keçmişdi.
Yeddi rayonu və Qarabağın bir hissəsini Azərbaycan 2020-ci il müharibəsindən sonra geri qaytarıb. Və 2023-cü ilin sentyabr ayının sonunda Bakı faktiki olaraq mübahisəli bölgənin bütün ərazisini nəzarətə götürüb.
Beləliklə, son 30 il ərzində bildiyimiz Dağlıq Qarabağ artıq mövcud deyil. Ancaq bu, münaqişənin sona çatması deməkdirmi?
“Mən həqiqətən inanıram ki, bu, müharibənin sonu olmalıdır, çünki, nəhayət, biz sülhə gedən əsas maneəni aradan qaldırdıq. Bu maneə isə Ermənistan silahlı qüvvələrinin suveren ərazimizdə davam edən qanunsuz hərbi mövcudluğu idi”, – Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə deyib.
Əmirbəyovun dediyi “qeyri-qanuni hərbi mövcudluq” Qarabağ ermənilərinin silahlı dəstələri və onlara kömək edən erməni hərbi qulluqçularıdır. Sentyabr danışıqları nəticəsində onlar silah və ağır texnikanı Bakıya təhvil verib, döyüş mövqelərini tərk ediblər.
Sonra ermənilər Qarabağdan çıxmağa başladı – 100 mindən çox insan evlərini tərk etdi. Ermənistanda bunu Qarabağdakı ermənilərin tarixinin sonu hesab edirlər.
“Aydındır ki, bu, erməni Qarabağının minillik tarixində sonuncu səhifədir. Orada mənim çoxlu dostlarım, qohumlarım vardı və onların hamısı oradan getməyi planlaşdırırdı”, – erməni politoloq Tiqran Qriqoryan deyir.
İlham Əliyevin müşaviri Əmirbəyov hesab edir ki, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər. Lakin bu, çox ağrılı məsələdir.
Sovet dövründə iki respublika arasında inzibati sərhəd olduqca şərti şəkildə çəkilirdi, çünki o zaman heç kəs düşünmürdü ki, o, dövlətlərarası sərhədə çevrilə bilər. Nəticədə ermənilərin məskunlaşdığı bəzi sərhəd kəndləri Azərbaycan tərəfinə düşürdü və əksinə.
Üstəlik, sərhədin ayrı-ayrı hissələri bir qədər fərqli əks etdirilən müxtəlif sovet xəritələri var. Tərəflərin belə olan hallarda necə razılığa gələcəyi hələ bəlli deyil.
“2021-ci ildən bəri Azərbaycan qoşunları Ermənistanın suveren ərazisində yerləşir. (Həmin ilin mayında erməni tərəfi bildirmişdi ki, azərbaycanlılar bir neçə kilometr Ermənistanın Sünik və Qeğarkunik bölgələri ərazisinə girib – BBC). Bütün problem delimitasiya və demarkasiya prosesinin əsasını təşkil etməli olan xəritədədir. Azərbaycan hələ də, 1975-ci ilin xəritəsini bu prosesin əsası kimi qəbul etməyə razı olmayıb”, – erməni politoloq Qriqoryan qeyd edir.
“Ermənistan sülh müqaviləsinin icrası üçün mexanizmlər, müəyyən beynəlxalq təminatlar tələb edir. Belə ki, əgər biz indi hər hansı bir sənəd imzalasaq, onun da aqibəti, gördüyümüz kimi, artıq praktik olaraq mövcud olmayan 9 noyabr 2020-ci il tarixli sənədinki kimi (İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin tərəfindən imzalanmış hərbi əməliyyatların dayandırılması haqqında bəyanat – BBC) olmayacaq”, – o əlavə edir.
Əmirbəyov deyir: “Əsas məsələ odur ki, bu məsələni sülh yolu ilə həll etmək üçün hər iki tərəfin kifayət qədər siyasi iradəsi olacaqmı. Biz belə bir həlli ikitərəfli danışıqların digər istiqamətlərində nail olmaq istədiyimiz qədər çox istəyirik. Hesab edirəm ki, aramızdakı sərhəd nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. Bir o qədər də hər hansı hərbi əməliyyatın bərpa olunma ehtimalı az olar”.
Amma heç də hamı rəsmi Bakının nikbin baxışını bölüşmür. Azərbaycan tarixçisi Altay Göyüşov hesab edir ki, yeni eskalasiya tamamilə mümkündür: “Avtoritar olan Əliyevin daim millətçi təbliğata ehtiyacı var. Bax bu daimi müharibə vəziyyəti ona, onun bazasına lazımdır ki, insanlar onun ətrafında birləşsinlər. Qarabağ problemi həll olunubsa, yeni düşmən tapmaq lazımdır. Bu kim olacaq? Ola bilsin ki, İran? Amma ora Ermənistan deyil, orada çox çətin olacaq. İran böyük ölkədir və bu, tamam başqa əhvalatdır. Bundan sonra nə olacağını indi hesablamaq çox çətindir. Amma bir şey göz qabağındadır: Əliyev indi özünü qüdrətli hesab edir, onda hər şeyə qadirlik hissi var. O, özü üçün heç bir ciddi problem olmadan artıq çox mühüm məqsədlərə nail olub. Niyə davam etməsin ki? Hər şeyə qadirlik hissi hətta təcrübəli insanların başına asanlıqla qəddar oyunlar gətirə bilər. Bunu biz tarixdə dəfələrlə müşahidə etmişik”.
Ekspertlər hesab edirlər ki, eskalasiya tələbi Ermənistan tərəfdən də meydana gələ bilər. Amma çox güman ki, yaxın illərdə olmayacaq. Ölkə 2020-ci il müharibəsindəki məğlubiyyətini ağır yaşadı, ona görə də növbəti böhranın Qarabağın itirilməsi ilə başa çatması Yerevanda ciddi etirazlara gətirmədi.
Ölkədə başa düşürlər ki, indi Ermənistan ordusu həm sayca, həm də silahların keyfiyyətinə görə Azərbaycan ordusundan obyektiv olaraq geri qalır, odur ki, Ermənistan hakimiyyəti üçün Ermənistanın ərazi bütövlüyünün qarantı ola biləcək yeni beynəlxalq tərəfdaşların axtarışı indi ön plana çıxır.
Zəngəzur dəhlizi
Bakının Qarabağa tam nəzarət etməklə yanaşı, hələ ki, həyata keçirə bilmədiyi daha bir məqsədi var.
Bu, İlham Əliyevin ideyasına görə, Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirməli olduğu deyilən Zəngəzur dəhlizidır.
Əliyev Zəngəzur dəhlizinin tezliklə “gerçəyə çevrilmək üzrə olduğunu” dəfələrlə təkrar edib. Ermənistanda çoxlarını narahatdır ki, dəhlizin açılması Ermənistanın İranla həmsərhəd ərazisi üzərində suverenliyinin “tədricən” itkisinə çevrilə bilər – bir halda ki, Bakıda bu ərazini tez-tez Azərbaycanın tarixi hissəsi adlandırırlar.
Nəqliyyat marşrutunun yaradılması 2020-ci ildə Qarabağ müharibəsini dayandıran birgə bəyanatda öz əksini tapıb. Lakin sənəddə heç bir təfərrüat göstərilməyib.
Yerevan dəfələrlə qonşularını yol üzərində ekstraterritorial status əldə etmək istəməsinə görə qınayıb. Sadə dillə desək, Ermənistan ehtiyatlanır ki, onu Zəngəzur dəhlizinin daxilinə tam nəzarəti başqasına verməyə məcbur edərlər.
“Bu, tərəflərin kifayət qədər sürətlə irəlilədiyi yeganə istiqamət idi”, – Tiqran Qriqoryan qeyd edir. — Bir il əvvəl Bakı həqiqətən də ekstraterritorial dəhliz tələb edirdi. İndi müzakirə olunan ekstraterritorial dəhliz deyil, məsələ təfərrüatdadır: sərhəd nəzarətini kim həyata keçirəcək. Amma bu məsələdə Rusiya, Azərbaycan və Türkiyə arasında konsensus var (yüklərin Rusiya FTX-si tərəfindən yoxlanacağına dair – BBC) və Ermənistan üçün müqavimət göstərmək çətin olacaq. Hərçənd, digər tərəfdən avropalılar, amerikalılar və hətta İran belə bir ssenarinin əleyhinədirlər. Olduqca qəribədir İranla Qərbin bəzi məsələlərdə ümumi maraq və mövqeləri olduğunu görmək”.
Bakı açıq şəkildə bu vəziyyəti inkar edir.
“Biz buranın Ermənistanın suveren ərazisi olduğunu tanıyırıq. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir, – Əmirbəyov qeyd edir. – Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əks istiqamətdə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlar lazımdır”.
Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, lakin Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan marşrutu İran ərazisindən çəkməyə hazırdır.
Amma təhlilçi Göyüşov qeyd edir ki, bu “B” planını həyata keçirmək əslində çətin ola bilər: “İranla hər şey o qədər də asan deyil. Məhz Tehran indi Zəngəzur dəhlizinin öz ərazisindən çəkilməsi perspektivinə fəal müqavimət göstərir. Onlar dəhlizi mənimsəməkdə Azərbaycana mütləq kömək edəcək Türkiyənin güclənməsini istəmirlər. Bu isə artıq geosiyasi vəziyyəti İran üçün əlverişli olmayan istiqamətdə həddən çox dəyişdirə bilər”.
Göyüşov hesab edir ki, məhz Zəngəzur dəhlizi üzrə danışıqlar Əliyevin regionda əsl niyyətinin göstəricisi ola bilər.
“Əgər biz həqiqətən də, Bakının Ermənistan dövlət qurumlarının – məsələn, sərhədçilər, gömrük – Zəngəzur dəhlizində fəaliyyət göstərməsinə necə razı olduğunu görsək , bu, Azərbaycan rəhbərliyinin sülhsevər münasibətinin göstəricisi olar. Lakin əgər Bakı ekstraterritoriallıqda israr etməyə başlasa, deməli onlara növbəti hərbi əməliyyata başlamaq üçün yeni potensial bəhanə lazım olacaq”.
İnteqrasiya, yoxsa nifrət?
Digər çox vacib məsələ Dağlıq Qarabağda ermənilərin hər hansı şəkildə mövcud olması məsələsidir. İndi Qarabağı tələsik tərk edən insanların bu ərazilərə qayıtmaq hüququ olacaqmı və onlar bundan istifadə etmək istəyəcəklərmi?
Azərbaycan nümayəndələri əmin edirlər ki, Laçın yolunda (Qarabağı Ermənistan ərazisi ilə birləşdirən yeganə avtomobil yolu) sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirəcək və “Azərbaycan xalqına qarşı hərbi cinayətlərlə heç bir əlaqəsi olmayan” hər kəsi buraxmağa hazırdır.
Bu bəyanatları erməni soyadlı yüzlərlə insanın Avropa vətəndaşlığı olsa belə, onlara Azərbaycan vizasının verilməməsi hekayələri ilə uzlaşdırmaq çətindir. Bu təcrübə 2019-cu ildə, onlarla ingilis azarkeşlərinin Bakıda keçirilən Avropa Liqasının finalına gələ bilmədiyi vaxt ən böyük rezonans doğurmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi daha sonra bəyan edirdi ki, kütləvi imtina halları yoxdur.
İndi pərdəarxası söhbətlərdə Azərbaycan rəsmiləri “işləri tələsdirməməyi” və Qarabağı tərk etmiş ermənilərin konkret necə və hansı sənədlərə əsaslanaraq Qarabağa qayıda biləcəkləri haqqında suala ətraflı cavab tələb etməməyi xahiş edirlər.
“Bölgənin reinteqrasiyası” ilə bağlı elan edilmiş planlara əsasən, Azərbaycan bütün Qarabağ sakinlərinə qeydiyyatdan keçməyi və Azərbaycan pasportlarını almağı təklif edir. Amma erməniləri, xüsusən də Qarabağda hərbi əməliyyatlar barədə mənfi postlar yazan azərbaycanlıların Dövlət Təhlükəsizlik Xidməti ilə “söhbətə dəvət edilməsi” xəbərləri yayıldıqdan sonra, bu perspektiv, yumşaq desək, narahatlıq yarada bilir.
Hətta bir anlıq bu epizodlara gözümüzü yumsaq belə, açığı, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət onsuz da əla hesab olunmur. Buna, məktəblərdə də daxil olmaqla, ermənilərə qarşı nifrət təbliğatı da əlavə edilir.
Tərəflər arasında onilliklər ərzində həm siyasətçilərin ritorikası, həm də tarixi travmalardan irəli gələn qarşılıqlı etimadsızlıq hökm sürür. Həm azərbaycanlılar, həm də ermənilər bir-birini hərbi cinayətlər törətməkdə, əsirləri öldürməkdə, dinc əhaliyə divan tutmaqda ittiham edirlər.
Üstəlik, birinci Qarabağ müharibəsi zamanı əvvəllər Ermənistanda yaşayan azərbaycanlıların demək olar ki, hamısı oranı tərk edib. Eyni hal Azərbaycanda yaşayan ermənilərin mütləq əksəriyyətinin başına gəlib. Bakıda və ya Yerevanda bir çox gənclər qonşu ölkədən olan həmyaşıdları ilə heç vaxt ünsiyyətdə olmayıblar. Hər iki ölkədə məktəb proqramı münaqişə haqqında özünəməxsus şəkildə danışır, qarşı tərəfə qara yaxır.
Təəccüblü deyil ki, bunun nəticəsində Yerevanda və Bakıda sadə gənclər çətinliklə təsəvvür edirlər ki, döyüşmədən bir yerdə necə yaşaya bilərlər.
“Mən erməni ilə yalnız onlara necə gəlib bu torpaqda məskunlaşdığımızı göstərmək üçün görüşə bilərəm. Qarabağda və rayonlarımızda onların xarabalığa qoyduğu şəhər və kəndləri necə bərpa edirik”, – 22 yaşlı Gülüş Səmədli deyir.
Biz onunla hələ sentyabrda münaqişənin gərginləşməsindən əvvəl görüşmüşdük. Gülüş Bakıda doğulub boya-başa çatsa da, ötən il valideynləri ilə birlikdə Ağalıya köçüb. Bu nümunəvi kənd 2020-ci il müharibəsinin nəticələrinə görə Azərbaycanın nəzarətinə keçdikdən sonra Zəngilan rayonunda yenidən salınıb.
“Onlara və bütün dünyaya göstərmək üçün ki, bu torpağın sahibi bizik – yalnız bunun üçün ermənilərlə görüşə bilərəm. Amma onlarla bir ölkənin vətəndaşları kimi birlikdə yaşamaq – bu, bir az sual altındadır”, – Gülüş o zaman bizə demişdi.
Rəsmi şəxslər istisna olmaqla, Azərbaycanda son üç ildə söhbət etdiyimiz insanların hamısı deyib ki, elə bir vəziyyət təsəvvür edə bilmirlər ki, ermənilərlə qonşuluqda dinc yaşaya bilsinlər. Ən barışdırıcı cavabı isə ikinci Qarabağ müharibəsi veteranı Mənsur Şükürov verib: “Müharibə qəddardır və kaş ki, olmayaydı. Əgər siz övladınızı nifrət ruhunda böyütsəniz, uşaq atasının qisasını almaq istəsə, bu, son nəticədə növbəti müharibəyə gətirib çıxaracaq. Mən isə istəyirəm ki, uşaqlarımız müharibə görməsin – bu, həqiqətən də dəhşətlidir. Qoy heç olmasa mənim uşağım bunun nə olduğunu bilməsin”.
Lakin o da özünü erməni ilə bir masa arxasında, bir stəkan ənənəvi çay arxasında təsəvvür edə bilmir: “Ağsaqqallarımız, valideynlərimiz xatırlayırlar ki, onlar ermənilərlə bir yerdə yaşayırdılar, hər şey normal, mehriban idi. Onlara inanmamaq üçün heç bir əsasım yoxdur. Məncə, onlar doğru deyirlər. Amma mənim üçün bunun necə mümkün olduğunu təsəvvür etmək çətindir”.
Bu iki ölkə nümayəndələrinin bir-biri ilə əlaqələri Azərbaycandan və Ermənistandan kənarda kifayət qədər çoxdur. Moskvada asanlıqla erməni və azərbaycanlı iş adamlarına restoranda bir masa arxasında rast gəlmək olar. Bəziləri hətta şərikli biznes işlədirlər.
“Həm Ermənistanda, həm Azərbaycanda 30 il bir-birinə qarşı nifrət təbliğatı işləyib. Və bir saatda belə bir mirası dəyişdirmək mümkün olmayacaq”, – tarixçi Göyüşov qeyd edir. – Amma Azərbaycanın timsalında ictimai rəyin tərsinə çevrilməsi tamamilə mümkündür. Əliyev əbəs yerə demir ki, Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini tam idarə edir. O, həqiqətən də çoxlu təsir imkanlarına malikdir və bu nəhəngi istədiyi istiqamətə çevirə bilər. Əliyev həm informasiya məkanı, həm də ictimai rəydə tam hökmranlıq edir. Ona görə də əgər Əliyev azərbaycanlıların ermənilərlə birgə yaşaya biləcəyi və yaşamalı olduğu ideyasını irəli sürməyə başlasa, bu təbliğat tamamilə uğurlu ola bilər”, – Göyüşov qeyd edir.
Siyasi şərhçi Şahin Rzayevə görə, ola bilsin ki, Azərbaycan Qarabağı tərk edə bilməyən və ya getmək istəməyən bir neçə qoca ermənini nümayişkaranə şəkildə “inteqrasiya” etməyə çalışacaq. Amma qalanlarına yaxın gələcəkdə Azərbaycan məmurlarının rəhbərliyi altında yaşamaq çətin ki, rahat olsun.
“Ola bilsin ki, bu Qarabağ iqtisadi zonası münaqişədən sonrakı region hesab edilsin və müəyyən imtiyazlar, məsələn, vergidən azad olunma və ya mədəni və hətta inzibati baxımdan muxtariyyət əldə etsin, – Rzayev qeyd edir. – Bu yaxşı olardı. Amma hələlik hər şey qeyri-müəyyən və anlaşılmazdır”.