Azərbaycan Fələstinin dövlətçilik mübarizəsini dəstəklədiyini açıqladı

Yayımlandı: 18 Oktyabr 2023 19:32

Rəsmi Bakı tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdı

Azərbaycan İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığında münaqişə zonasında son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında bu barədə danışıb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Nazir tərəfləri hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırıb.

O, son hadisələr zamanı Yaxın Şərqdə mülki əhali arasında artan itkilərlə bağlı narahatlığını da bölüşüb.

XİN qeyd edir ki, nazirin çıxışında dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb.

Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub”, – deyə XİN-in məlumatında bildirilir.

Bayramov həmçinin Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini də bildirib.

Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib”, – deyə rəsmi məlumatda vurğulanır.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar ayırıb.

Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS-ın gözlənilmədən İsrailə hücum etdiyi bildirilir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

İsraillə Fələstin arasında münaqişə ötən əsrin ortalarında başlayıb.

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verilib.

Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb və nəticədə tərəflər arasında münaqişə yaranıb.

Sonradan bir sıra ərəb ölkələri də İsraili müstəqil dövlət kimi tanıyıblar.

Hazırda Fələstin BMT-də müşahidəçi statusuna malikdir.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment