Yayımlandı: 19 Oktyabr 2023 12:42
İlkin Cəlilovun bölmədə təhqir olunduğu, videoya çəkildiyi bildirilir
Bakı şəhər sakini İlkin Cəlilov Meydan TV-nin paylaşımına şərh yazdıqdan sonra Sabunçu rayon 12-ci polis bölməsinə çağırılıb.
Bu barədə Meydan TV-yə onun qardaşı, videobloger Manaf Cəlilzadə məlumat verib. Onun sözlərinə görə, oktyabrın 18-də polis bölməsində İlkin Cəlilova təzyiq göstərilib:
“Qardaşımı təhqir ediblər, vurublar. Daha sonra isə onu videoya çəkiblər. Videoda məcbur ediblər desin ki, qələt etmişəm prezident barədə paylaşıma rəy bildirmişəm, bir daha etməyəcəm”.
Meydan TV İlham Əliyevin bu fikirlərini paylaşıb: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”.
İlkin Cəlilov isə həmin paylaşıma “Yaxşı olardı ki, neft gəlirləri vətəndaşlar arasında ədalətli bölünərdi” yazıb. Bundan sonra o, təzyiqə məruz qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-yə bildirib ki, ötən gün İlkin Cəlilov barədə 12-ci polis bölməsinə müraciət daxil olub.
“Vətəndaş polis bölməsinə dəvət edilib, araşdırma aparılıb və sərbəst buraxılıb. Onun polis bölməsində təzyiqlərə məruz qalması ilə bağlı iddialar isə şəxsi mülahizələridir”, – DİN sözçüsü deyib. Nurlan Əliyev İlkin Cəlilovun hansı müraciət əsasında çağırıldığını açıqlamayıb.
Vətəndaşların sosial şəbəkələrdə paylaşımlarına görə təzyiqlərə məruz qalması ilk hadisə deyil. Hazırda təcridxanada paylaşımlarından sonra müxtəlif maddələrlə ittiham edilib həbs olunan xeyli ictimai-siyasi fəal var. Onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunur.
İlham Əliyev isə çıxışlarında Azərbaycanda söz və ifadə azadlığının toxunulmazlığından danışır.