Yayımlandı: 18 Oktyabr 2023 19:22
AİHM-də ümumilikdə qərar gözləyən 75 min 350 şikayət var
2023-cü il oktyabrın əvvəlinə olan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycandan göndərilmiş 2 min şikayət baxılmasını gözləyir. Bu, AİHM-də baxılmasını gözləyən şikayətlərin 2,7 faizidir.
2023-cü il mayın əvvəlində Azərbaycandan göndərilmiş 2100 şikayət qərar verilməsini gözləyirdi. Hazırda gözləyən ərizələrin sayında cüzi azalma var. AİHM-də ümumilikdə qərar gözləyən 75 min 350 şikayət var.
2023-ci il mayın əvvəlində belə şikayətlərin sayı 76 min 700 olub. AİHM-də baxılmasını gözləyən şikayətlərin 24 min 100-ü Türkiyədən göndərilib. Bu rəqəm 2023-cü il mayın əvvəlində 23 min 250 idi. Türkiyənin göstəricisi qərar gözləyən şikayətlərin 32 faizinə bərabərdir. İkinci sırada 14 min 850 şikayətlə Rusiya, üçüncü yerdə 9 min 250 şikayətlə Ukrayna gəlir. Rumıniyadan göndərilmiş 4600, İtaliyadan 3250, Polşadan 2750, Yunanıstandan 2450 şikayət qərar verilməsini gözləyir. Azərbaycan mayın əvvəlindəki kimi sıralamada səkkizincidir. Doqquzuncu yerdəki Serbiyadan 1750, onuncu sıradakı Ermənistandan isə 1250 şikayət qərar ərəfəsindədir. Avropa Şurası məkanına daxil olan yerdə qalan 37 ölkədən göndərilmiş, qərar verilməsini gözləyən şikayətlərin ümumi sayı isə 9100-dür. Bu göstərici AİHM qarşısında baxılmasını gözləyən şikayətlərin hamısının 11,1 faizidir.
Ümumilikdə 2023-cü ilin doqquz ayında AİHM-ə 28350 şikayət daxil olub. Doqquz ayda hökumətlərlə 10764 ərizə kommunikasiya edilib. 2022-ci il ərzində isə 4866 ərizə kommunikasiya edilmişdi. 9 ayda ümumilikdə 25 min 639 ərizə üzrə qərar və ya qərardad çıxarılıb ki, onların 21936-sı qəbuledilməzlik və ya siyahıdan çıxarma ilə bağlı olub. 2022-ci il ərzində isə 11 min 652 ərizə barəsində siyahıdan çıxarma və ya qəbuledilməzliklə bağlı qərardad qəbul edilib.