İran, yoxsa Mehri yolu: Bakı şərtini açıqlayır, Yerevan isə…

Yayımlandı: 18 Oktyabr 2023 14:58

Hansısa tərəfin etirazı yolun açılması ilə bağlı prosesi şübhə altına almır”

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Baş nazir həmçinin Azərbaycanı Naxçıvanla birləşdirən Mehri dəmir yolunu bərpa etməyə də hazır olduğunu qeyd edib.

Paşinyan bildirib ki, bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək:

Bundan əlavə, 1991-ci il sərhəd xəttindən qoşunların çıxarılmasına hazırıq. Bu o deməkdir ki, Azərbaycanın Ermənistan ərazisinin heç bir hissəsində, Ermənistanın isə Azərbaycan ərazisində qoşunları olmayacaq”.

Azərbaycan-Ermənistan. Foto: Ilin Sergey/shutterstock

Bundan bir gün əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin rusdilli xəbər xidmətinə demişdi ki, Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.

“Biz tanıyırıq ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyacımız var. Bakı danışıqlara hazırdır”, – deyə Əmirbəyov bildirib.

Hər iki açıqlama Mehri yolunun açılmasına real şəraitin yarandığını göstərir. Amma Bakının Tehranla sonuncu razılaşması yolun açılıb-açılmaması və hansı siyasi güclərin mane ola bilməsi ilə bağlı sualları da aktuallaşdırıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, indi bu suallara şərh vermək çətindir.

Onun fikrincə, kommunikasiyanın istifadəsi ilə bağlı şərtlər hələ müəyyən olunmayıb:

Tofiq Zülfüqarov. Foto: Meydan TV

Əslində, hansısa tərəfin etirazı yolun açılması ilə bağlı prosesi şübhə altına qoymur. Bundan əlavə, texniki məsələlər var, yəni ərazidə tikinti işləri başa çatmayıb. İkincisi, Azərbaycanın bir hissəsindən digər hissəsinə vətəndaşlar və yüklər üçün gediş-gəliş necə olacaq sualına cavab verilməlidir, o cümlədən də, keçirilən yüklərin vergiləri. Üçüncüsü, təhlükəsizlik geniş müzakirə olunmalıdır. Yəni kim nəzarət edəcək?”.

Biz sərhədlərin müəyyənləşməməsini də nəzərə almalıyıq, baza xətti haradan keçəcək və üzərindən delimitasiya-demarkasiya prosesi başlaya bilər. Çünki Ermənistanın işğalçılıq niyyətləri onda başlamışdı ki, onlar Azərbaycana qarşı ərazi iddiaları irəli sürərkən sərhədlərini ləğv etdilər. Ona görə Paşinyan Ermənistan parlamentində kadastr almağın vacibliyini bəyan edirdi. Ərazi bütövlüyü üçün bu amili də unutmayaq”, – deyə o qeyd edib.

“Ermənistan 1975-ci il xəritələrindən danışır, Azərbaycanın təklifi isə fərqlidir. Bəziləri tələsirlər, Qranadada Fransa və Almaniya SSRİ Baş Qərargahının 1975-ci il xəritələrinə dəstək verdi. Çox qəribədir, NATO-nun aparıcı dövlətləri 30 ildən çoxdur ki, çökən SSRİ-nin xəritələrinə dəstək verir”, – deyə Zülfüqarov fikrini tamamlayıb.

Ermənistanla Azərbaycan arasında 1988-ci ildən başlanan konfliktdən etibarən Dilican Qazax istiqamətində dəmir yolu 1989-cu ildə tamamən fəaliyyətini dayandırıb.

Bu xətt demək olar ki, bütünlüklə sökülüb.

Ermənistanın cənubundan keçən Mincivan-Mehri-Culfa dəmir yolu da Qarabağ müharibəsi zamanı öz fəaliyyətini  dayandırıb.

Ardınca bu xəttin Mehri isiqamətindən keçən hissəsi də sökülüb.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment