5 ailə üzvünü öldürən Əhməd Əhmədov “psixi xəstədir, məsuliyyətdən azad edilib”

Şəklin mənbəyi, İTV

Bakıda 5 ailə üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədov məhkəmə qərarı ilə psixiatriya xəstəxanasında məcburi müalicə ediləcək.

Məhkəmə hesab edib ki, Əhməd Əhmədov qətl hadisələrini anlaqsız vəziyyətdə törədib, üstəlik indiki psixi vəziyyəti də onun özü və ətrafdakılar üçün təhlükə yaradır. Buna görə də o, psixiatriya xəstəxanasında intensiv müşahidə altında məcburi müalicə olunmalıdır.

Yerli media yazır ki, Əhmədovun yaxın qohumları məhkəmənin bu qərarına etiraz etməyib. Yalnız Əhməd Əhmədovun bacısının qaynı məhkəmədə ifadə verərkən qardaşının həyat yoldaşı və 3 yaşlı qızının qətlinə görə ona ömürlük həbs cəzası verilməsini tələb edib.

Əhmədov məhkəmə

Şəklin mənbəyi, İTV

Məhkəmənin Əhməd Əhmədovu cinayət məsuliyyətindən azad etməsi və məcburi müalicəyə göndərməsi ictimaiyyətdə mübahisə və narazılıq yaradıb.

Keçmiş Müsavat başqanı Arif Hacılı Facebookda yazıb: “İfadəsində azyaşlını öldürməsinin motivini, öldürdüm ki, o da böyüyüb onlardan biri olacaqdı, deyə izah edən birinin hansı psixiatriya müalicəsindən söhbət gedə bilər? Bütün bunlar tamamilə sıradan çıxmış Ədalət Mühakiməsi sisteminin Azərbaycan cəmiyyətinə qarşı hörmətsizliyinin, həqarətinin daha bir sübutudur”.

Sosial mediada bəziləri hesab edir ki, qərar ədalətli deyil və Əhməd Əhmədov sağalandan sonra yenidən ictimaiyyət arasına qayıdacaq və bunu təhlükəli sayırlar. Bəzi sosial media istifadəçilərinə görə isə, 5 ailə üzvünü qətlə yetirən şəxs psixi cəhətdən sağlam ola bilməz və məhkəmə doğru qərar verib.

Kriminalist İlqar Altaylı sosial media hesabında yazıb ki, bu məhkəmə qərarı Əhməd Əhmədovu əslində cəzadan azad etməyib. “İxtisaslaşmış tibb müəssisəsi türmə kimi kamerada, ciddi polis nəzarətində olan xüsusi şəraitdir. Qanun, adamı ruhi xəstə bilib, həbsə məhkum etmirsə, ictimai təhlükəli kimi, həkim müalicəsi yolu ilə yenə də təcridə göndərir. Və bu təcrid, türmədəkindən daha pis, sıxıntılıdır”, – o vurğulayıb.

Baş Prokurorluq sonradan yaydığı açıqlamada bildirib ki, Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, onun, ümumiyyətlə, “azad edilməsi demək deyil”.

Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Orxan Səmədov mediaya deyib ki, ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə “bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə aparılır”.

Amma məlum deyil ki, müalicə uğurlu olduğu təqdirdə, Əhməd Əhmədov azadlığa buraxılacaqmı?

Hüquqşünası Əsabəli Mustafayev BBC-yə deyib ki, əgər məhkəmə hesab edirsə ki, Əhmədov hadisəni anlaqsız vəziyyətdə törədib, o zaman sağalandan sonra da cinayət məsuliyyətinə cəlb edilməməlidir.

“Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, ictimai təhlükəli əməli, yəni cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, mübahisəsiz yazılıb, istisna yoxdur. Məhkəmə qərarı ilə məcburi müalicə tətbiq edilə bilər. Müalicənin müddəti göstərilmir, uzun da çəkə bilər, ömürlük də ola bilər. Sağaldığı halda daha məsuliyyətə cəlb olunmur, azadlığa buraxılır”.

“Əhməd Əhmədov sağaldığı təqdirdə azadlığa buraxılacaqmı” sualına BBC Baş Prokurorluqdan birbaşa cavab ala bilməyib. Qurumdan BBC-yə yalnız onu bildiriblər ki, Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan “Xüsusi icraatların bir növü olan hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat formasında, məhkəmə qərarı ilə həll edilir”.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment