Avropa Məhkəməsi Eldar Həsənova görə Azərbaycanı cərimələyib

Şəklin mənbəyi, APA

Cümə axşamı günü Avropa İnsan Haqları Məhkəməsi hazırda həbsdə olan Eldar Həsənovun Azərbaycana qarşı şikayəti əsasında qərarını elan edib, hökuməti 9234 Avro məbləğində cərimələyib.

Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən şübhəli şəxs qismində 2020-ci ilin avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılmışdı. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunmuşdu. O, 2022-ci ildə 10 müddətinə azadlıqdan məhrum edilmişdi.

Avropa Məhkəməsinin saytındakı məlumata görə, Eldar Həsənovun şikayəti İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi və başqa hüquqi aktların pozuntusu barədə olsa da məhkəmə onlardan ikisinin pozuntusunu tanıyıb.

Avropa Məhkəməsi qərarında Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəhtarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) maddələri barədə pozuntuları tanıyıb.

Hökmə görə, hökumət ərizəçiyə mənəvi zərərə qarşı 6 min, hüquqi xərclərə qarşı 3 min 234 Avro məbləğində kompensasiya ödəməlidir.

Eldar Həsənov: “Bildiklərim mənimlə qəbrə gedəcək”. O, 10 il müddətinə azadlıqdan məhrum edildi

2022-ci il yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə prosesində keçmiş səfir Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, sabiq səfirin ailə üzvlərinə, o cümlədən övladlarına məxsus bir sıra daşınmaz əmlaklar, mənzillər də müsadirə olunub, onun vəkili Cavad Cavadlı BBC News Azərbaycancaya deyib.

Eldar Həsənov son sözündə onda bəzi mühüm sirlərinin olduğuna işarə vurub və “bildiklərim mənimlə qəbrə gedəcək” deyib.

Ölkənin həm də keçmiş baş prokuroru olmuş Eldar Həsənov mənimsəmə və ya israfetmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə, vəzifə saxtakarlığında günahlandırılıb.

O bu ittihamları rədd edir, həbsini sifarişli sayır.

Vəkil Cavad Cavadlının sözlərinə görə, Eldar Həsənovun adına 1989-cu ildə dövlət tərəfindən verilmiş 6 sot torpaq və orda tikilmiş bağ evi, o cümlədən qardaşı oğluna və öz ovladlarına məxsus daşınmaz əmlaklar müsadirə edilib: “Biz həbs qərarından da, əmlakların müsadirəsi ilə də bağlı apellyasiya verəcəyik”.

Eldar Həsənovun son sözü:

Məhkəmədə “son söz”lə çıxış edən Eldar Həsənov bildirib ki, 2019-cu ilin fevralında Serbiyadan Ermənistana silah satışı haqda məlumatı da rəsmi şəkildə Xarici İşlər Nazirliyinə özü təqdim etmişdi: “Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktı Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlməyib və prezidentə başqa cür təqdim ediblər…”, Azadlıq Radiosu onun çıxışından belə bir sitat verib.

Eldar Həsənov son sözündə deyib ki, “Prezident İlham Əliyevdən inciyib”. Amma onu da əlavə edib ki, ona xəyanət etməyəcək: “Ondan inciyə bilərəm, amma ona dönüklük eləmərəm. Mənim fiziki məhvimə qərar verilsə belə, bildiklərim özümlə qəbirə gedəcək. Mən namərd olmaq istəmirəm”.

Dövlət Təhlükəsizlik Xidməti

Şəklin mənbəyi, Azərtac

Eldar Həsənovun işi: nə baş vermişdi?

Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən şübhəli şəxs qismində avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılmışdı. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunmuşdu.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilirdi ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Məhkəmə prosesi boyu Eldar Həsənov bu ittihamları rədd edib.

Həbsindən öncə Eldar Həsənov bir neçə gün idi ki, Azərbaycandaydı. O, Azərbaycana rəsmi səfərə gəlmiş Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç-i müşayiət edirdi.

DTX bundan əvvəl Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərini həbs etmişdi.

Eldar Həsənovun həbsi necə qiymətləndirilmişdi?

BBC News Azərbaycancaya müsahibəsində hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini “daha dərin qatlarda” görür və onun fikrincə, səfirin saxlanması “ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər”.

Ancaq Aslan İsmayılov əlavə edib ki, Azərbaycan hakimiyyəti ölkədə heç bir qarşılıqda maraqlı ola bilməz. O, Eldar Həsənovu şəxsən tanıdığı üçün bundan başqa bir şərh verə bilməyəcəyini bildirir: “Amma deyəcəyim budur: kimliyindən asılı olmayaraq, Azərbaycan müstəqilliyinin əleyhinə olan hər bir şəxs mənə düşməndir”.

“Azərbaycan hakimiyyətində Eldar Həsənovun Azərbaycanın müstəqilliyinə qarşı hər hansı addımı ilə bağlı informasiyasımı var” sualına hüquqşünas “deyə bilmərəm” cavabını verib: “Bildiyim odur ki, Azərbaycan Rusiya bağlılığından canını qurtarmaq istəyir”.

“Bu, sıradan bir həbs deyil”

Siyasi şərhçi Azər Rəşidoğlu Eldar Həsənovun həbsini gözlədiyini, bu gözləntisini onun “çox güclü olması” ilə əlaqələndirir. “Mən iki həftə əvvəl sosial mediada yaxınlarda haylı-küylü həbs olacağının proqnozunu verəndə də Eldar Həsənovu nəzərdə tuturdum. Məsələ burasındadır ki, Eldar Həsənov çox güclü fiqurdur. Onun ölkənin bir çox siyasi dairələri ilə əlaqəsi və münasibəti vardı. Keçmiş Heydər Əliyev komandasına daxil olan şəxslərlə də xoş münasibətdə idi. O cümlədən müxalifətçilərlə də. Üstəlik, ən müxtəlif ölkələrlə də əlaqəsi vardı, xarizmatik idi və arxasında qarabağlıların əksəriyyətinin dayandığını ehtimal edə bilərik”.

Azər Rəşidoğlunun fikrincə, siyasi müstəvidə Eldar Həsənov bir alternativ kimi görünürdü.

Siyasi şərhçi səfir Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını əsas gətirərək deyir ki, bu sübut olunsa, o zaman həbslər davam edə bilər.

Azər Rəşidoğlu BBC News Azərbaycancaya deyir ki, əgər Eldar Həsənovun günahını sübut edən konkret fakt ortaya qoyulmayacaqsa, bu, “sıradan həbs olmayacaq”.

“Onun kifayət qədər dayağı var və bu, narazılıqla qarşılanacaq. Əlbəttə, Azərbaycan hakimiyyəti hələ ki, güclüdür və Eldar Həsənov kimi güclü, xarizmatik, arxasında maliyyə imkanları və insan resursu olan bir adamın həbs olunması sıradan bir hadisə deyil”.

Siyasi şərhçinin fikrincə, bu həbslərin arxası gələ və iqtidarla müxalifətə doğru uzana bilər.

Azər Rəşidoğlu əlavə edir ki, hazırda MDB məkanında, Cənubi Qafqazda elə hadisələr baş verir ki, bir neçə aydan sonra proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətinləşib. Onun fikrincə, üstəlik post pandemiya dövründə Azərbaycanda sosial narazılıqların sayı arta, cəbhə xəttində toqquşmalar, lokal savaşlar baş verə bilər. “Bu baxımdan, nəzərə alsaq ki, hakimiyyətdə mərkəzdən qaçma tendensiyaları baş verə bilər, hakimiyyət, əlbəttə ki, özünə alternativ gördüyü şəxsləri təcrid etməkdə maraqlıdır”.

“Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur”

Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva BBC News Azərbaycancaya şərhində deyir ki, bu hadisəni hakimiyyətdə təmərküzləşmə kontekstindən qiymətləndirir:

“Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur. Əgər hansısa güc mərkəzi nəzarətdən çıxırsa, onda narahatlıq yaradırsa, onu neytrallaşdırır. Amma həbsin səbəbi müxtəlif ola bilər”.

Eldar Həsənov

Şəklin mənbəyi, APA

Eldar Həsənov kimdir?

Azərbaycanın 1995-2000-ci illərdə baş prokuroru olmuş Eldar Həsənov 2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olub.

2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.

Azərbaycanın baş prokuroru olana qədər Eldar Həsənov müxtəlif illərdə Gəncənin Polis İdarəsinin rəisi, Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri, daxili işlər naziri və baş prokurorunun birinci müavinləri vəzifələrində işləyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment