Azərbaycanın Ukrayna üzərindən Avropaya qaz satışı nə dərəcədə realdır? – 7 suala cavabda

Şəklin mənbəyi, Azertac

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca

Avropa İttifaqı 2025-ci ildə Rusiya qazından imtina etməyə hazırlaşır.

Rəsmi Brüssel buna nail olmaq üçün Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün “daha etibarlı” tərəfdaşları ilə yeni əməkdaşlıq qurmaq istəyir.

Bu məqsədlə Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı təklif edib. Bu barədə tərəflər iyunun 13-də Brüsseldə baş tutmuş 5-ci Avropa-Azərbaycan Təhlükəsizlik Dialoqunda müzakirə aparıblar.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Politico nəşrinə müsahibəsində bildirib ki, hazırda rəsmi Bakı Avropa İttifaqı və tranzit ölkələrlə bu təklif ətrafında danışıqlar aparır.

Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır.

2022-ci ildə isə tərəflər Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Bu anlaşma Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 ay sonra baş tutmuşdu.

Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən çoxdur davam edir və mütəmadi olaraq tərəflər bir-birilərinin ərazilərinə raket və dron zərbələri endirir. Belə bir vəziyyətdə Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli nə dərəcədə realdır? Hansı risklər var və tərəflər bir-birinə nə təklif edirlər?

Avropa İttifaqı nə istəyir?

Avropa İttifaqı Rusiya qazından daha çox asılı olan şərq üzvlərinin, xüsusilə Slovakiya, Macarıstan və Avstriyanın mavi yanacaq ehtiyacını Azərbaycanın enerji ehtiyatları hesabına ödəmək niyyətindədir.

Hələ bu ilin mayında Bakıda səfərdə olarkən Prezident İlham Əliyevlə görüşündə Slovakiyanın Baş naziri Robert Fico Azərbaycan qazının Ukrayna ərazisi üzərindən almaqda maraqlı olduqlarını dilə gətirmişdi.

“Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik”, – Robert Fico qeyd edib, president.az saytı yazıb.

Rusiya ilə Ukrayna arasında 2019-cu ildə imzalanmış qaz nəqli ilə bağlı 5 illik müqavilənin müddəti bu ilin sonunda bitir. Ukrayna tranzit ölkə olaraq Rusiya qazının öz ərazisi ilə Avropaya daşınmasını istəmir və müqavilənin müddətini uzatmayacağını bəyan edib.

Rəsmi Brüssel də, Rusiyanın enerji sahəsində maliyyə mənbələrini azaltmaq üçün Kiyevin bu qərarını dəstəklədiyini bildirib.

İllik mavi yanacaq istehlakı təxminən 400 milyard kub metr olan Avropa İttifaqı hələ 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra enerji mənbələrini şaxələndirmək üçün fəaliyyətə keçdi. Lakin əlavə qaz nəqli üçün infrastrukturun olmaması yalnız 2022-ci ildə Aİ-na bu məqsədə çatmağa imkan verdi.

Əslində həmin il Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi işini sürətləndirmiş oldu. Belə ki, qurumun 2023-cü il üzrə enerji hesabatına əsasən, 2021-ci ilədək ittifaq ölkələri illik qaz ehtiyacının 45 faizini Rusiyanın hesabına ödədiyi halda, 2023-cü ildə bu rəqəm 3 dəfə azalaraq 15 faizə enib.

Ukrayna niyə əhəmiyyətlidir?

Bloomberg nəşrinin yazdığına görə, Aİ Rusiyadan qaz idxalını azaltsa da, bu kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlamaq istəyir.

Buna əsas səbəb isə ittifaqa üzv olan bəzi Şərqi Avropa ölkələrinin infrastruktur problemi ilə əlaqədardır.

“Ukraynadan keçən qaz kəmərinin fəaliyyətinin dayanması enerji təchizatının təhlükəsizliyində risklərə yol aça bilər, çünki Avropanın qaz sistemindəki mövcud tranzit infrastrukturu olduqca dar imkanlara malikdir”, adının açıqlanmasını istəməyən avropalı diplomat Politico nəşrinə müsahibəsində bildirib.

Avropa İttifaqını narahat edən digər məqam qiymətlərin dəyişəcəyi ehtimalı ilə bağlıdır. Əmtəə bazarları üzrə ekspert Aura Sabadus Politico-ya açıqlamasında deyib ki, qaz tədarükünün Ukrayna üzərindən deyil, alternativ yollarla aparılması, Slovakiya, Avstriya və Macarıstan istehlakçıları üçün mavi yanacağın qiymətini artıra bilər.

Bundan əlavə, Aİ bu kəməri açıq saxlamaqla, müharibə şəraitində olan Ukraynanın tranzit ölkə olaraq gəlir götürməsinə çalışır.

Bunu həll etmək üçün avropalı rəsmilər digər variantlarla yanaşı, Azərbaycan qazının da Rusiya kəmərlərinə vurulmasının mümkünlüyü üzərində işləyir, Bloomberg yazıb.

Bakının bu təklifə münasibəti necədir?

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, hazırda rəsmi Bakı “Avropa İttifaqı və tranzit ölkələrlə bu barədə müzakirələr aparır”, Politico nəşri yazıb.

“Hazırda biz bu prosesə töfhə vermək üçün müxtəlif variantları gözdən keçiririk. Bununla bağlı hər hansı tarix vermək istəmirəm, lakin bir daha qeyd edim ki, bu barədə müraciət olub və biz buna ciddi yanaşırıq, çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir” – Hikmət Hacıyev Politico-ya müsahibəsində deyib.

Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. İlk dəfə 2020-ci ilin sonlarında Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır.

Prezident İlham Əliyev ötən ay bildirib ki, Azərbaycandan Avropa İttifaqına nəql olunan qazın həcmi “bu il 12 milyard kubmetrə qalxacaq”, president.az saytı yazıb.

Əliyev həmçinin, 2027-ci ilin sonuna qədər bu rəqəmin illik 20 milyard kub metr olacağını diqqətə çatdırıb.

Hazırda Avropa İttifaqına üzv ölkələrdən 8-i Azərbaycandan qaz alır.

“Ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq”, İlham Əliyev Slovakiyanın Baş nazirini qəbul edərkən deyib.

“Çox uyğun bir vaxtda Azərbaycan qazının idxalçılarının coğrafiyasını daha geniş Avropa ailəsinə yaymağı səbirsizliklə gözləyirik”, – Politico Hikmət Hacıyevin müsahibəsindən sitat gətirib.

Rusiya amili risk yaradırmı?

Rusiya qazı

Şəklin mənbəyi, TASS

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli müəyyən suallar yaratsa da, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BBC Azərbaycancaya müsahibəsində bunun reallaşmasının mümkün olduğunu deyib.

Onun sözlərinə görə, Moskva və Kiyev arasında hərbi-siyasi gərginlik davam etsə də, iqtisadi maraqlar, xüsusilə də milyardlarla dollar vəsaitin xərcləndiyi enerji kəmərlərinin təhlükəsizliyi Kremlin də maraqları çərçivəsindədir.

Rusiyanın hələlik Azərbaycan və Aİ arasında gedən bu danışıqlara münasibəti bəlli deyil.

Slovakiyanın Baş naziri Robert Fico Bakıda olarkən deyib ki, söhbət Azərbaycan qazından getdiyi halda, Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar.

“Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Azərbaycan üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər”, – Robert Fico deyib, president.az saytı yazıb.

Rusiyanın enerji nəhəngi “Gazprom”un ötən ili gəlir itkisi ilə başa vurması rəsmi Moskvanın da bu razılaşmaya qarşı çıxmayacağını göstərir, İlham Şaban bildirib.

Reuters agentliyinin yazdığına görə, “Gazprom” 2023-cü ildə Avropaya qaz satışının azalması səbəbindən 7 milyard dollar gəlir itkisi yaşayıb. Bu, 1999-cu ildən bəri şirkətin ilk illik mənfəət itkisidir.

“Gazprom” maliyyə baxımından çətin vəziyyətdədir. İstehsal ən aşağı həddə düşüb və şirkət mavi yanacağını satmaq istəyir”, – Aura Sabadus Politico-ya müsahibəsində deyib.

Ukraynanın mövqeyi nədir?

Kiyev Rusiya qazının öz ölkəsindən keçməklə satışına qarşı çıxır. Bunun əvəzində isə Ukrayna qazın enerji ilə zəngin digər ölkələrdən alınaraq Ukraynadan keçən Rusiya kəmərlərinə vurulmasını təklif edir.

Bunu əsas gətirən Ukrayna mediasının yazdığına görə, rəsmi Kiyev Azərbaycan qazının da öz ərazisindəki Rusiya kəmərlərinə vurulmasında maraqlı olduğunu bildirib.

İyunun 20-də Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev X sosial media hesabında Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüyünü və iki ölkə arasında enerji əməkdaşlığını müzakirə etdiyini bildirib. Lakin ukraynalı diplomat detallara toxunmayıb.

Bundan bir neçə gün əvvəl isə Ukraynanın Naftogaz şirkətinin baş icraçı direktoru Aleksey Çernişov Bloomberg-ə müsahibəsində Azərbaycandan qaz alma təklifini “müsbət qiymətləndirdiklərini” bildirib.

Azəraycan qazı

Şəklin mənbəyi, Azertac

Azərbaycan qazı Ukraynaya necə daşınacaq?

Azərbaycan qazının Ukraynadan keçən Rusiya kəmərlərinə daşınması ilə bağlı hələlik rəsmi açıqlamalar olmasa da, təhlilçilər iki mümkün variant üzərində dayanırlar:

qazın Rusiya ərazisi vasitəsilə Rusiya-Ukrayna sərhədindəki məntəqəyə daşınması;

Azərbaycan və Rusiya arasında “swap” (svop – dəyiş-düyüş yolu ilə mübadilə) əməliyyatı;

İlham Şabanın fikrincə, hazırda hər iki variant üzrə mavi yanacağın daşınması müəyyən vaxt tələb edəcək.

Azərbaycan və Rusiya arasında Hacıqabul-Mozdok qaz kəmərinin olmasına diqqət çəkən təhlilçi hesab edir ki, Azərbaycandan Rusiyaya qazın daşınması üçün mövcud infrastruktur olsa da, onun nisbətən təkmilləşdirilməsinə ehtiyac var.

“Bu kəmərin daşıma gücü illik 5 milyard kub metrdir. Lakin bu həcm Avropa üçün kifayət etmir. Çünki Rusiyadan Avropaya daşınan illik qaz həcmi 15 milyard kub metrdir”, Neft Araşdırmaları Mərkəzinin rəhbəri bildirib.

Onun sözlərinə görə, yerdə qalan həcmi Rusiya ilə Gürcüstanı birləşdirən qaz kəmərindən istifadə etməklə də daşımaq mümkündür.

Lakin o, svop əməliyyatını daha optimal variant kimi görür.

“Azərbaycan Türkiyə bazarında təxminən 10 milyard kub metr qaz satır. Həmin həcmi Rusiyaya ötürə bilərik və Rusiya bunun əvəzində eyni həcmdə öz qazını Rusiya-Ukrayna məntəqəsinə vura bilər”, – İlham Şaban BBC Azərbaycancaya deyib.

Bununla belə, təhlilçi svop əməliyyatı üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Aİ arasında müqavilələrin yenilənməsinə zərurət yaranacağını bildirib.

Azərbaycan üçün risklər nələrdir?

Azərbaycan qazın Ukrayna üzərindən Avropaya daşınmasında iki mühüm suala cavab tapmaq istəyir.

Bakı deyir ki, Avropaya qaz satışını artırmaq üçün əlavə hasilata ehtiyac var. Qaz hasilatını artırmaq üçün isə yeni investisiyalar lazımdır. Bakını düşündürən birinci sual Aİ-nin lazım olan investisiyanı ayırıb-ayırmamasıdır.

Prezident İlham Əliyev hələ bu ilin aprelində çıxışı zamanı bildirmişdi ki, qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün “maliyyə institutları ilə bağlı məhdudiyyət var”, president.az saytı yazıb.

“Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir”, – İlham Əliyev deyib.

Azərbaycan Prezidenti onu narahat edən ikinci məsələnin bu razılaşmanın uzunmüddətli olması ilə bağlı Avropanın “heç bir zəmanət verməməsidir”.

Onun sözlərinə görə, əgər razılaşma 5-10 illik dövrü əhatə edərsə, o zaman Bakı “milyardlarla investisiya yatırıb, sonra həmin xərcləri geri qaytarmama” riski ilə üzləşə bilər.

“Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik”, – İlham Əliyev qeyd edib, president.az saytı yazıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bakının narahatlığının başadüşülən olduğunu deyir.

Onun sözlərinə görə, qaz layihələri neft layihələrindən ona görə fərqlənir ki, qaz sektoruna qoyulan vəsaiti daha uzun müddətə qaytarmaq olur.

“Misal üçün Azəri-Çıraq-Günəşli neft yatağından 1997-ci ilin sonunda neft çıxmışdı. 2008-ci ilin ikinci rübündə ora qoyulan bütün kapital geri qayıtdı, yəni 10 il müddətində. Amma indi gəlin baxaq Şahdəniz qaz yatağına. Burada hasilat 2006-cı ilin sonunda başlanıb. Artıq 18 ildir hasilat davam edir, lakin ora qoyulan kapitalı çıxartmaq yalnız 3-5 ildən sonra mümkün olacaq. Yəni neftlə müqayisədə təxminən 2 dəfə çox vaxt gedib, amma qoyulan vəsait hələ tam qayıtmayıb”, – təhlilçi bildirib.

Onun sözlərinə görə, əgər sabah Aİ və Azərbaycan qaz hasilatı ilə bağlı razılaşsa, Abşeron yatağının işlənməsi minimum 4 il vaxt aparacaq. Əlavə iki il də lazım olacaq ki, oradan çıxarılan qaz layihə gücünə çatsın.

“Yəni təxminən 2030-cu ildə bu ideyanı reallaşdırmaq mümkün olacaq. Avropanın siyasəti isə budur ki, 2040-ci ilə kimi ənənəvi enerji mənbələrini minimuma endirməklə 2050-ci ildə dekarbonizasiya ilə bağlı qoyduğu hədəflərə çatsın. Belə olan halda bu layihəyə qoyulan vəsaiti qaytarmaq mümkün olacaqmı? Əlbəttə ki, yox”.

Onun sözlərinə görə, Azərbaycanın bu layihəyə start verməsi üçün müqavilə müddəti ən azı 20 illik olmalıdır ki, Azərbaycan qoyduğu vəsaiti çıxara bilsin.

Avropa İttifaqı hələlik layihənin maliyyələşdirilməsi ilə bağlı detalları açıqlamasa da, bu ideyanın reallaşması üçün Bakı ilə danışıqların getdiyini təsdiqləyib, adının açıqlanmasını istəməyən avropalı yüksək rəsmi Politico nəşrinə bildirib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment