Azərbaycan və İran “qardaş ölkə” olacaqmı – Pezeşkianın prezidentliyi nə vəd edir?

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC Azərbaycanca

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da Əliyevi İrana dəvət edib. Azərtac yazır ki, hər iki lider dəvəti “məmnunluqla qəbul edib”.

İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqlarıyla bağlı problemlərin həllinə diqqət artırıb.

Yeni Prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir, BBC News Azərbaycancaya danışan təhlilçilər deyirlər.

GünAz TV-nin təmsilçisi Araz Obalıya görə, gözləntilər yüksək olsa da, əslində Məsud Pezeşkian ölkəyə rəhbərlik edən dini lider Xameneyinin “hördüyü divarın içindədir”.

“Əgər Ali lider Azərbaycanla münasibətlərin gərginləşməsini istəyəcəksə”, Pezeşkian bu siyasəti aparacaq, – Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan BBC News Azərbaycancaya bildirir.

ABŞ-da yaşayan İran azərbaycanlısı, sosioloq Ramin Cabbarlı isə hesab edir ki, Pezeşkianın prezident olaraq səlahiyyətləri məhdud olsa da, o, azərbaycanlıların ana dili, Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri həll edə bilər.

“Azərbaycanın İranla münasibəti arzu etdiyimiz səviyyədə olmayacaq”

İlham Əliyevlə Məsud Pezeşkian bazar ertəsi günü olan telefon söhbətində “ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub”, – Azərtac yazıb.

Onlar ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar, – dövlət agentliyi bildirib.

Son aylara qədər Azərbaycan-İran arasında münasibətlər Azərbaycanın İrandakı səfirliyinə ölümcül hücumdan sonra gərginliyin pik həddinə çatmışdı. Rəsmi Bakı bu hücumu “terror adlandırmış”, bunda İran hakimiyyətini məsul tutmuş, Tehrandakı səfirliyini bağlamışdı. İran bunu məişət zəminində cinayət hadisəsi kimi təsvir etmişdi.

Azərbaycan hələ də Tehranda səfirliyinin fəaliyyətini bərpa etməyib.

İranla Azərbaycan arasında münasibətlərin “biz güney azərbaycanlıların arzu etdiyi kimi olması mümkün deyil”, ABŞ-da mənzillənən GünAz TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Araz Obalı BBC News Azərbaycancaya deyir. O bunun səbəbini İran hökumətinin xarici və daxili siyasətini müəyyənləşdirən ideologiyada görür.

Araz Obalı hesab edir ki, məhz buna görə Azərbaycanın İranla münasibəti Türkiyə ilə olduğu kimi “qardaşlıq bağları” əsasında inkişaf etməyəcək.

“Pezeşkian ölkənin xarici siyasəti üçün nə edə bilər? O, yalnız siyasi rəhbər Xameyeninin hördüyü divarın içində nəsə edə bilər. Pezeşkian qonşuları ilə savaş istəmir. Zaman keçdikcə, bunun hansı səviyyədə olacağını görmək mümkün olacaq”, – Araz Obalı deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkianın bu “divarı” yarıb keçməyə nə gücü, nə də səlahiyyəti var.

“Əgər Xameneyi Azərbaycanla münasibətlərin pisləşməsini istəyərsə…”

Iran prezidenti Pezeşkian

Şəklin mənbəyi, Getty Images

“Əgər Xameyenin xarici siyasət kursunda Azərbaycanla münasibətlər pisləşməlidirsə, Pezeşkian münasibətlərin kəskinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Yox, əgər siyasi kurs bu əlaqələrin mülayimləşdirilməsi, əməkdaşlıqdırsa, onda Prezident bu xətti davam etdirəcək”, -Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir.

Onun sözlərinə görə, Pezeşkianın Azərbaycanla münasibətləri “müstəqil olaraq, yaxşılaşdırmaq, inkişaf etdirmək, gücləndirmək, “bir qardaş, iki dövlət” deyə bir şüar irəli sürmək kimi bir səlahiyyəti yoxdur”.

İranda ölkənin ali rəhbəri Əli Xameneyi sayılır. O, məhkəmə, ordu və media rəhbərlərini təyin edir, prezidentin seçildiyini təsdiqləyir.

Prezident ən yüksək vəzifəli şəxsdir və ali liderdən sonra ikincidir. O, hökumətin gündəlik işinə cavabdehdir və daxili siyasətə və xarici siyasətə əhəmiyyətli təsir göstərir.

Lakin onun səlahiyyətləri nisbətən məhduddur – xüsusən də təhlükəsizlik məsələlərində. Polis qüvvələrinin komandiri ali rəhbər tərəfindən təyin edilir və birbaşa onun qarşısında cavabdehdir.

Sədrəddin Soltan deyir ki, Pezeşkian islahatçılar qanadının nümayəndəsi kimi təmsil olunsa da, bu o anlama gəlmir ki, islahatçılar ölkənin siyasi quruluşunda köklü dəyişikliklər eləmək istəyirlər. “Burda, əsasən, Qərblə münasibətlərin yaxşılaşdırılması nəzərdə tutulur”, – deyə o əlavə edir.

Onun fikrincə, Pezeşkian hicab məsələsini yumşalda bilər, amma bunu edəcəksə belə, bu fəaliyyətə Ali rəhbər tərəfindən şərait yaradılacaq.

“Pezeşkian Urmiya gölünə su dolduran deyil. O, Azərbaycan türkünün öz dilində məktəb açılmasına fədakarlıq göstərə bilməz. Çünki o təkcə Azərbaycan türkü deyil, həm də İran prezidenti və vətəndaşıdır.

Ölkədəki digər xalqlara milli mədəni haqların verilməsi Konstitusiyada nəzərdə tutulub və ona görə kosmetik işlər görülə bilər, amma o, fundamental islahatların aparılmasına başçılıq edə bilməyəcək”, – Sədrəddin Soltan deyir.

İslahatçı Məsud Pezeşkian iyulun 5-də sərt mühafizəkar rəqibi Səid Cəliliyə qalib gələrək İran prezidenti seçilib.

Prezident seçkisinin ikinci turunda o, 30 milyondan çox səsin 53,3 faizini qazanıb, Cəlili isə 44,3 faiz səs toplayıb.

Ürək cərrahı və İran parlamentinin üzvü olmuş Pezeşkian İranın əxlaq polisini tənqid edib, ölkənin dünyadan “təcrid olunmasına” son qoymağı vəd edib.

O, həmçinin Qərblə “konstruktiv əməkdaşlığa” çağırıb.

İran son illərdə nüvə proqramına görə Qərbin sərt sanksiyaları ilə üzləşib.

GünAz TV-nin Azərbaycandakı təmsilçisi Araz Obalı deyir ki, xalq Qərblə münasibətlərin yaxşılaşdırılmasını istəyir. “Çünki bu gərgin münasibətlər daha çox xalqa təsir edir, nəinki vəzifəli məmurlara. Onların, “ABŞ-a, Qərbə ölüm” deyənlərin uşaqları ABŞ-da, Qərbdə təhsil alırlar, yaşayırlar”, – o əlavə edir.

Araz Obalı qeyd edir ki, eyni zamanda insanlar hicab siyasətinin dəyişməsini istəyir, iqtisadi problemlərin həllini, idarəçilikdə qohumbazlıq, korrupsiya məsəllərini aradan qaldırılmasını istəyir.

Onun sözlərinə görə, İranda milli şüur əvvəlki illərlə müqayisədə xeyli dəyişib və hakimiyyət gec-tez mədəni haqları vermək məcburiyyətində qalacaq.

“Məsələn, ana dili gününü qeyd etmək üçün tədbir keçirə bilərik. Bu cür tədbirlərə icazə verilə bilər”.

Araz Obalı hesab edir ki, Məsud Pezeşkian “Urmiya gölünün qurudulmasının qarşısını ala bilər”, amma bunun üçün gölə gələn “yüzdən çox çayların qarşısına qoyulan süni sədlərin” açılmasına nail olmaq lazımdır.

Açıq sözlü kimi tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

Pezeşkianın parlamentdəki çıxışı sessiyanın dayandırılması ilə nəticələnib. O, çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, “insanlara vəhşi heyvanlar kimi hücum etməyin, deməyin ki, “mən ağayam, kim səsini çıxartsa, onu əzəcəm” ifadələrini işlədib.

İran Urmiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Urmiya gölü

ABŞ-da yaşayan İran azərbaycanlısı, sosioloq Ramin Cabbarlı deyir ki, Pezeşkian azərbaycanlıların problemlərini uzun illər bilən, bu barədə danışan siyasətçidir: “O, İran Azərbaycanının yeraltı sərvətlərinin başqa bölgələrə daşınmasına etiraz edib. Təbrizdə seçkiqabağı çıxışında da bildirdi ki, Süngünün misinin daşınmasına izn verməyəcək, o, buranındır. Hər halda belə vəd maraqlı idi”.

Ramin Cabbarlı deyir ki, İran azərbaycanlılarını ən çox narahat edən Urmiya gölünün qurumasıdır, əgər göl tamam quruyarsa, ətrafında yaşayan azərbaycanlılar oranı kütləvi tərk etmək məcburiyyətində qalacaqlar.

“Prezidentin ixtiyarı var bunu həll etməyə və ciddi şəkildə iş görə bilər. O bu məsələlərə uzun illər toxunduğu üçün azərbaycanlılarda inam var ki, Pezeşkian artıq səlahiyyətləri olan prezident kimi bu problemlərin həllinə çalışacaq”, – o deyir.

“Məsud Pəzəşkian uzun illər azərbaycanlılara qarşı həqarətlər edilməsinə etiraz edib, parlamentdəki çıxışlarında dəfələrlə vurğulayıb ki, türklüyü ilə qürur duyur, heç bir etnikdən aşağı deyil, heç bir etnik də ondan üstün deyil”, – Ramin Cabbarlı deyir və bildirir ki, etnik kimliyini qabartmaqdan çəkinməyən bir siyasətçinin ölkədə yüksək vəzifəyə gəlməsi İranda yaşayan azlıqlar üçün müsbət hadisədir və belə bir siyasi təmsilçilik milli azlıqlar üçün yeni imkanlar açır.

Məsud Pezeşkian yaxın günlərdə prezident kimi and içəcək.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment