Bu tədbirlərin tətbiqinə hansı orqanların baxacağı da aydınlaşdırılıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı 39-cu Qaydaya və müvafiq Təlimatına dəyişiklik edib.
Dəyişikliklərin məqsədi müvəqqəti tədbirlərlə bağlı mövcud təcrübəni biraz da aydınlaşdırmaq və tənzimləməkdir.
Məhkəmə həmçinin, yenilənmiş 39-cu Qaydanı müşayət edən Tətbiqlə bağlı Təlimatını da revizə edib. Təlimat artıq müvafiq məhkəmə prosesinin gedişatına daha çox açıqlıq və şəffaflıq gətirmək məqsədi ilə “müvəqqəti tədbirlər” prosedurunun maddi və prosessual aspektlərinə dair ətraflı təlimatı əks etdirir.
Qərarlar 2024-cü il martın 28-də qüvvəyə minib.
Hüquqçu Xalid Ağəliyev deyir ki, 39-cu Qayda müvəqqəti tədbirlərin tətbiqi ilə bağlıdır. Məhkəmə müstəsna hallarda şikayətçilər barəsində hər hansı bir müvəqqəti tədbirin görülməli olmasına qərar verə bilir. Məsələn, ərizəçinin müalicəyə alınması, başqa ölkəyə verilməmə, hansısa tikilinin sökülməsi qərarının icrasının dayandırlması, məcburi hərbi xidmətə göndərilmənin önlənməsi, həbsdə olan ərizəçinin azadlığa buraxılmasının təmin edilməsi, siyasi partiyanın buraxılmasının qarşısının alınması və sair kimi.
“Müvəqqəti tədbirlərin tətbiqi haqda qərarlar Avropa Konvensiyasında nəzərdə tutulmuş hər hansı hüquqa yönəlik bərpa oluna bilməyən zərər riski mövcud olduğu durumlarda qəbul edilir”.
Dəyişikliklərin bir məqsədi də qaydanın mətninin Məhkəmənin presedent hüququ və praktikasına uyğunlaşdırmaq olub.
Yeni versiyada həmçinin, müvəqqəti tədbirlərin tətbiq edilməsi ilə bağlı müraciətlərə hansı orqanlarda baxıla biləcəyi izah edilir.