Çərşənbə günü ABŞ Bayden administrasiyasının Ukraynanın NATO-ya üzvlük perspektivlərinə qarşı çıxması barədə xəbərləri qətiyyətlə təkzib edib.
“Bu məlumatlar doğru deyil”, – Dövlət Departamentinin sözçüsü Metyü Miller çərşənbə günü brifinqdə Turan-ın Vaşinqton müxbirinə bildirib.
“Siz eşitdiniz ki, ABŞ prezidentinin özü, eləcə də dövlət katibi dəfələrlə söylədilər ki, Ukrayna NATO-ya üzv olacaq”, – Miller deyib.
Bundan öncə Foreign Policy jurnalı öz mənbələrinə istinadən bildirib ki, Almaniya ilə birlikdə Vaşinqton Ukraynanın NATO-ya daxil olması prosesini uzatmağa çalışır.
Millerin şərhləri bu həftə NATO baş katibi Yens Stoltenberqin ABŞ-ın paytaxtına səfəri zamanı səslənib. O bildirib ki, Ukraynaya dəstək və NATO-nun yenidən silahlanması bir-birilə ayrılmaz şəkildə bağlı olan məsələdir, ABŞ və onun müttəfiqlərinin milli təhlükəsizliyinə kömək edir.
Putinin müharibəsi təkcə Ukrayna üzərində nəzarətdən ibarət deyil, çərşənbə günü Stoltenberq Vaşinqtonda çıxış edərkən deyib. “Rusiya ABŞ-ın gücünün azaldığı, NATO-nun bölündüyü, daha kiçik demokratiyaların isə diz çökdürüldüyü alternativ dünya düzəni formalaşdırmaq üçün təsir dairəsini genişləndirməyə çalışır”, – deyib.
Çərşənbə günü Kiyevə səfər edən dövlət katibinin müavini Viktoriya Nuland da bu fikri dəstəkləyib. O, Ukrayna rəhbərliyilə cəbhədə vəziyyəti, Ukraynaya qlobal yardımın davam etdirilməsinin vacibliyini müzakirə edib, – Metyü Miller bildirib.
Kiyevdə KİV qarşısında çıxış edən Nuland əmin olduğunu bildirib ki, 2024-cü il ukraynalılara döyüş meydanında “sanballı uğurlar” gətirəcək.
“Cənab Putini döyüş meydanında xoş sürprizlər gözləyir və bu il Ukrayna çox güclü uğur qazanacaq”, – o deyib.