“Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir”.
Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin fevralın 1-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ölkədə bu il bələdiyyə seçkiləri keçiriləcək:
“Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik”.
Deputat həmçinin qeyd edib ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur.
“Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizəd təxminən eyni sənədləri təqdim etməli olur. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyələri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.