Azərbaycanda prezident seçkilərini kim müşahidə edəcək? – 5 suala cavabda

  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün rəsmi Bakı yeddi beynəlxalq və regional təşkilata dəvət göndərib, lakin həmin təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yer almaması qurumla Azərbaycan arasında gərginliyə səbəb olub.

AŞPA-da bəzi deputatlar qurumun Azərbaycan hökuməti tərəfindən seçki müşahidəsinə dəvət edilməməsini “bütün əməkdaşlıq qaydalarının açıq şəkildə pozulması” kimi qiymətləndirib.

Azərbaycan başqa bir Avropa təşkilatını – ATƏT-i seçkiləri müşahidə etməyə dəvət edib və bu qurumun Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası hazırda Azərbaycandadır.

Ancaq ATƏT istisna olmaqla, dəvət edilən təşkilatlardan bəzilərinin səmərəliliyini, seçki ekspertləri, seçkiləri peşəkar müşahidə etmə metodologiyası olmadığından sual altına alıb.

Bəs Azərbaycan başqa hansı təşkilatları dəvət edib? Sual yaradan məqamlar hansılardır? Bu və digər suallara BBC Azərbaycanca cavab tapmağa çalışıb.

1. Azərbaycanda seçkiləri hansı təşkilatlar müşahidə edəcək?

Azərbaycanda növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edəcək. Onlar aşağıdakılardır:

  • Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB)
  • Müstəqil Dövlətlər Birliyi (MDB)
  • İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
  • Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)
  • Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM),
  • Türk Dövlətləri Təşkilatı (TDT)
  • Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT)

Bu təşkilatlardan hələlik DTİHB və MDB-nin müşahidə missiyası Azərbaycanda prezident seçkisinin müşahidəsinə başladığını bəyan edib.

GUAM-dan isə BBC Azərbaycancaya bildirilib ki, təşkilatın müşahidəçi qrupu fevralın 6-da Azərbaycana gələcək və seçki günü müşahidə prosesinə başlayacaq. Digər təşkilatlardan cavab almaq, davamlı səylərimizə baxmayaraq, mümkün olmayıb.

Dəvət olunan təşkilatlar arasında seçkini müşahidə təcrübələrinə görə kəskin fərqlər mövcuddur.

Seçkiləri müşahidə etməyə dəvət olunan beynəlxalq qurumlar arasında ilk dəfə bu missiyanı yerinə yetirəcək bir təşkilat – Qoşulmama Hərəkatının Gənclər Təşkilatı da yer alıb.

Avropa İttifaqında təmsil olunmayan Böyük Britaniya da Azərbaycana müşahidə missiyası göndərəcəklərini bildirib, ancaq Böyük Britaniyanın müşahidəçi qrupu ayrıca gəlməyəcək, DTİHB-nin tərkibində prosesə qoşulacaq, bu ölkənin Azərbaycandakı səfirliyindən BBC Azərbaycancaya deyiblər.

ABŞ-ın da müşahidəçi göndərə biləcəyi ehtimal edilir, ancaq bu barədə hələ ki, rəsmi məlumat yoxdr.

Təşkilatlar seçkilərin müşahidəsini beynəlxalq seçki müşahidə prinsipləri və ya təmsil etdikləri təşkilatın seçki müşahidəsinin nizamnaməsi çərçivəsində həyata keçirirlər.

Beynəlxalq və regional təşkilatlar bir qayda olaraq, şəxsi müraciətləri ilə deyil, seçkinin keçirildiyi ölkənin dəvəti əsasında müşahidə prosesində iştirak edirlər.

2. Dəvət olunan təşkilatların müşahidəçiliyi niyə sual yaradır?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli hesab edir ki, Azərbaycana dəvət edilən bir çox təşkilatların seçkiləri peşəkar müşahidə etmə metodologiyası yoxdur və seçki müşahidəçiliyinə dair beynəlxalq standartlara əməl etmirlər.

“Ona görə də, bu cür müşahidə qrupları dünyada ciddi qəbul olunmur”, – Anar Məmmədli BBC Azərbaycancaya deyib.

ATƏT istisna olmaqla, Azərbaycana dəvət edilən təşkilatlardan yalnız MDB-nin saytında qurumun müşahidə missiyasının nizamnaməsi mövcuddur.

Lakin Anar Məmmədli hesab edir ki, MDB-nin seçkilərin monitorinqi haqqında nizamnaməsi və demokratik seçki prosesinə dair konvensiyası mövcud olsa da, müşahidəçiliyə cəlb edilən şəxslərin seçim prosesi “qeyri-şəffaf” şəkildə baş verdiyindən, beynəlxalq seçki hesabatlarında bu qurumun rəyinə istinad edilmir. BBC Azərbaycanca bu iddia ilə bağlı MDB-dən cavab ala bilməyib.

Lakin Azərbaycan parlamentinin Yeni Azərbaycan Partiyasından olan təmsilçisi Cəbi Quliyev bu iddiaları “absurd” sayıb.

Onun fikrincə, MDB də daxil olmaqla, digər təşkilatlardan Azərbaycana prezident seçkilərini müşahidə etməyə gələn şəxslərin bu sahədə böyük təcrübələri var.

“Bu təşkilatların göndərdiyi müşahidəçilərin böyük əksəriyyəti başqa-başqa ölkələrin parlamentində təmsil olunan deputatlar və ya həmin ölkələrdə fəaliyyət göstərən nüfuzlu QHT-lərin üzvləri olurlar. Bunlar ciddi şəxslərdir və müşahidəçi kimi digər nüfuzlu insanların arasından seçilirlər. Ona görə də, burada şeçimlərin qeyri-şəffaf olması kimi ittihamları absurd hesab edirəm. Onlar boş adam deyillər ki, gəlib burada hansısa manipulyasiya ilə məşğul olsunlar”, – Milli Məclisin üzvü qeyd edib.

MDB-nin seçkilərin müşahidə missiyasına dair qaydalarına görə, qurum təşkilata üzv ölkələrə müraciət edərək, həmin ölkələrdən seçkiləri müşahidə etmək üçün öz müşahidəçilərini göndərməyi xahiş edir və həmin şəxslər hər hansı “qiymətləndirmə və ya seçim aparılmadan” seçki keçirilən ölkələrə müşahidəçi olaraq göndərilir.

Anar Məmmədli bunun beynəlxalq seçki müşahidəsi prinsiplərinə zidd olduğunu deyir və seçkilərə müşahidəçilərin cəlb edilməsi prosesinin elanlar əsasında həyata keçirilməli olduğunu bildirir.

Onun fikrincə, MDB də daxil olmaqla, Azərbaycana dəvət edilən 6 təşkilatda müşahidəçilər elan yolu ilə seçilmir, yerli hökumətin qərarı ilə təyin olunaraq seçkinin keçiriləcəyi ölkəyə göndərilirlər.

“Lakin ATƏT seçki müşahidəçiliyinə elan verir və ya Avropa Parlamenti öz daxilində elan verir ki, Azərbaycana seçkiləri müşahidəyə gedəcəyik, kim maraqlıdırsa, müraciət etsin. Bu zaman fraksiyalar oturur müzakirə edir. Hər fraksiyanın da kvotası var. Hərəsi iki-üç müşahidəçi göndərir. Həmin müşahidəçilər də özləri yığışıb missiyaya rəhbər seçirlər”, – Anar Məmmədli bildirib.

MDB yanvarın 17-dən etibarən, Azərbaycanda erkən prezident seçkisini izləməyə başladığını açıqlayıb və müşahidə missiyasına MDB-nin Baş katibi Sergey Lebedev rəhbərlik edir.

MDB üzv dövlətlərdə keçirilən seçkilərin müşahidə missiyasına 2001-ci ildən başlayıb və Azərbaycanda bu missiyanı ilk dəfə 2003-cü il prezident seçkilərində həyata keçirib.

Seçki eksperti Anar Məmmədlinin diqqət çəkdiyi digər məqam isə, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Azərbaycana dəvət edilən təşkilatlardan ikisinə – GUAM və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına Azərbaycanın sədrlik etməsidir.

GUAM-dan BBC Azərbaycancaya bildirilib ki, təşkilat 6 nəfərdən ibarət müşahidə missiyası göndərəcək və onlara hazırda təşkilatın Baş katibi azərbaycanlı diplomat Altay Əfəndiyev rəhbərlik edəcək.

Altay Əfəndiyev 2016-cı ildən bu vəzifədədir, daha əvvəl isə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və bir neçə ölkədə səfir olub.

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı isə qurumun 2019-cu ildə Bakıda keçirilən sammitindən iki il sonra yaradılıb və 2022-ci ildə qeydiyyata alınıb. Mərkəzi ofisi Bakıda yerləşən təşkilatın sədrindən əlavə, katibliyində təmsil olunan 19 nəfərdən 18-i azərbaycanlıdır.

Yeni yaranan təşkilatın saytında seçkiləri müşahidə təcrübəsi və metodologiyası ilə bağlı hər hansı məlumat yerləşdirilməyib və təşkilat ilk dəfə beynəlxalq qurum kimi Azərbaycanda seçkilərin müşahidəsinə dəvət edilib.

“Azərbaycan hökumətinin bu cür səriştəsi olmayan təşkilatları dəvət etməsi siyasi maraqdan irəli gəlir. Hökumətlər belə təşkilatlardan istifadə edirlər ki, qoy yerli mediaya çıxıb seçkilərdən danışsınlar, rəy yaratmağa çalışsınlar ki, guya seçki beynəlxalq standartlara uyğun keçirilib”, – seçki eksperti Anar Məmmədli bildirib.

Deputat Cəbi Quliyev BBC Azərbaycancaya bu iddiaların doğru olmadığını deyib və əlavə edib ki, “seçki kampaniyası çərçivəsində bölgələrdə olarkən, Azərbaycan hökumətinin seçkiləri monitorinq etmək üçün ölkəyə çağırdığı beynəlxalq təşkilatların nümayəndələri də onlarla birgə olublar və həmin təşkilatların hər biri öz missiyasına kifayət qədər ciddi yanaşır”.

BBC Azərbaycanca bununla bağlı təşkilatın mövqeyini öyrənə bilməyib.

sitat

3. Hansı təşkilatlar dəvət edilməyib?

Seçki, AŞPA, Azərbaycan

Şəklin mənbəyi, PACE

Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə rəsmi Bakı ölkədə növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına dəvət göndərməyib.

Seçki eksperti Anar Məmmədlinin sözlərinə görə, adı çəkilən Avropa qurumları ilə yanaşı, artıq 20 ildir ABŞ təşkilatları da Azərbaycandakı seçkiləri müşahidə etmək üçün dəvət olunmurlar.

Avropa Parlamenti yanvarın 15-də yaydığı bəyanatda bildirib ki, qurum Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi üçün seçki prosesi və onun nəticələri barədə də hər hansı şərh verməyəcək.

AŞPA-da isə bəzi deputatlar qurumun Azərbaycan hökuməti tərəfindən seçki müşahidəsinə dəvət edilməməsini “bütün əməkdaşlıq qaydalarının açıq şəkildə pozulması” kimi qiymətləndirib və bu addımı “bağışlanılmaz” adlandırıb.

Azərbaycan 2001-ci ildən etibarən Avropa Şurasının tam hüquqlu üzvüdür, ancaq ölkədə insan haqlarının vəziyyəti və seçkilərə dəvət olunmaması ucbatından Azərbaycan deputatlarının AŞPA-da fəaliyyəti bir il müddətinə dondurulub.

Anar Məmmədlinin iddiasına görə, Avropa Şurası kimi təşkilatların çağrılmamasının əsas səbəbi odur ki, “seçki prinsipləri olan təşkilatlar Azərbaycan kimi ölkələrə sərf etmir”.

“Çünki gəlib prinsipial mövqe ortaya qoyacaqlar və standartları ilə bağlı qiymətləndirmə aparacaqlar ki, bu seçki beynəlxalq standartlara uyğun gəlir, ya yox. Ona görə də, belə təşkilatların əvəzinə Azərbaycan təcrübəsiz və hökumətə yaxın təşkilarları çağırır ki, gəlsinlər, ümumi rəy yaratsınlar və Azərbaycan hökumətinin maraqlarına uyğun da rəy versinlər”, – Anar Məmmədli deyib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Cəbi Quliyev isə bu ittihamlarla razılaşmır.

Onun sözlərinə görə, hazırda Azərbaycan dövlətçilik tarixinin “ən güclü dövrünü yaşayır”, ona görə də hazırki hökumətin “hansısa manipulyasiyaya ehtiyacı yoxdur”.

Qarabağı işğaldan azad etmişik, ərazi bütövlüyümüzü təmin etmişik və bu gün hazırki hakimiyyətin siyasi mübarizədə bu tipli manipuıyasiyalara və ya başqa yollarla rəqabət aparmağa ehtiyacı yoxdur. Seçkilərin demokratikliyini təftiş eləmək istəyən şəxslər buyurub yarışa qatıla bilərdilər, seçkilərə qoşula bilərdilər, namizəd olub, öz mübarizə üsullarını seçə bilərdilər. Amma bu yoxdursa, seçkinin demokratikliyinə və şəffaflığına qarayaxma kampaniyası aparmaq düzgün deyil və qəbuledilməzdir”, – deputat BBC Azərbaycancaya deyib.

“Onlarla saxta müşahidəçi təşkilatın dəvət edilməsi yetərli deyil….İki seçki müşahidə missiyası var və onlar Azərbaycanın da üzv olduğu təşkilatlar – Avropa Şurası və ATƏT tərəfindən mandat alıb”, – AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri, Azərbaycan deputatlarının mandatının təqdiqlənməməsi prosesini başlatmış Frank Schwabe BBC-yə müsahibəsində deyib.O, Azərbaycan hökumətinin dəvətini qəbul etdiyi üçün ATƏT-i də tənqid edib. Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC Azərbaycancaya müsahibəsində belə ittihamları qərəzli hesab etdiyini deyib.

Anar Məmmədli hesab edir ki, müşahidə metodologiyasına sahib olmayan təşkilatların dəvət edilməsi onu göstərir ki, hökumət “kəmiyyət artırmağa çalışır və cəmiyyətə mesaj vermək istəyir ki, çoxlu sayda beynəlxalq müşahidəçi var”.

Azərbaycan, seçki, siyasət,

Şəklin mənbəyi, Getty Images

4. Xarici müşahidəçilərin xərcini kim ödəyir?

ATƏT-in DTİHB-dan BBC Azərbaycancaya bildirilib ki, müşahidəçi missiyasını aparan şəxslərin xərci təşkilat tərəfindən qarşılanır və onların hər biri “yüksək rəqabətli seçim” əsasında və “ödənişli müqavilə” ilə prosesə cəlb edilirlər.

ATƏT-in DTİHB-nun sözçüsü Katya Andrusz BBC Azərbaycancaya bildirib ki, Azərbaycanda seçkini müşahidə etmək üçün ayrılan vəsait 400 min-650 min avro arasındadır.

Qurumun rəsmisi qeyd edib ki, ayrılan vəsaitin aşağı və yuxarı həddi missiyanın Azərbaycanda qalacağı müddət, istifadə etdiyi resursların əlçatımlılığı, həmin vasitələrin qiyməti, getdikləri ərazidə təhlükəsizlik məsələləri və digər məqamlar nəzərə alınmaqla hesablanıb.

“Lakin bu xərcin dəqiq nə qədər olduğunu missiya başa çatdıqdan sonra biləcəyik”, – Katya Andrusz deyib.

BBC Azərbaycanca digər təşkilatların seçki müşahidəsi xərcləri ilə bağlı onlara ünvanladığı suallara cavab ala bilməyib və təşkilatların saytında da bu barədə açıq məlumatlar əks olunmayıb.

“Bilinmir bunlar Azərbaycan büdcəsi hesabına gəlir, yoxsa hansı mənbədən vəsait alaraq gəlir, yəni, onların xərclərini kim qarşılayır. Biri var sən Azərbaycan vətəndaşısan, evinin yaxınlığında seçki keçirilir, sən də gedib onu müşahidə edirsən. Buna elə xərc tələb olunmur. Amma biri də var ki, hansısa xarici ölkədən biletlər alınır, otellərdə yerləşdirilir, bütün bunlar böyük vəsait tələb edir, təəssüf ki, bununla bağlı şəffaflıq yoxdur”, – Anar Məmmədli əlavə edib.

Maliyyə Nazirliyi seçkilərə dəvət edilən beynəlxalq təşkilatların maliyyə xərclərini Azərbaycan büdcəsi hesabına ödənilib-ödənilməməsi barədə BBC Azərbaycancanın sorğusuna cavab verməyib.

ABŞ-da mənzillənən Freedom House təşkilatı ötən il yaydığı hesabatda Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olmadığını bildirib. Qurum buna nümunə kimi, seçki komissiyasının üzvlərinin formalaşmasının müstəqil şəkildə deyil, hakim partiyanın müdaxiləsi ilə həyata keçirildiyini göstərib.

Təşkilat həmçinin, mövcud seçki qanunvericiliyinin ölkədə azad və ədalətli seçki keçirməyi təmin etmədiyini bildirib. Rəsmi Bakı bu iddiaların həqiqətə uyğun olmadığını və qurumun Azərbaycanla bağlı bəyanatının qərəzli olduğunu qeyd edib.

5. Beynəlxalq seçki müşahidə prinsipi nədir?

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2005-ci ildə Beynəlxalq Seçki Müşahidə Prinsipləri və Davranış Kodekslərinə dair Bəyannamə qəbul edib və bugünədək 55 beynəlxalq və regional təşkilat bu sənədi imzalayıb.

Bəyannamə seçki prosesində informasiyaların qərəzsiz şəkildə toplanması, təhlili, eləcə də seçkiyə müdaxilə etmədən və mane olmadan pozuntuların, saxtakarlığın qarşısını almağı və hökumətlərə seçki prosesini təkmilləşdirmək istiqamətində tövsiyə verməyi nəzərdə tutur.

Azərbaycanda fevralın 7-də baş tutması gözlənilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəyə dəvət olunan beynəlxalq təşkilatlardan yalnız biri – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu bəyannaməyə imza atıb.

Namizədlər

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisində namizədliyini irəli sürən 17 nəfərdən 7-ni qeydiyyata alıb. Bu isə o deməkdir ki, seçki günü 6 milyon 300 mindən çox seçici öz seçimini bu 7 namizəd arasında edəcək.

Onlar artıq 5-ci müddətə namizədliyini irəli sürən hazırkı prezident İlham Əliyev, millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev və Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və öz təşəbbüsü ilə seçkilərə qatılan Fuad Əliyevdir.

Qurum digər 10 nəfərin namizədliyinin qeydə alınmamasını onların imza vərəqələrini təyin olunan vaxtadək (yanvarın 8-i axşam saat 18:00-dək) Mərkəzi Seçki Komissiyasına təqdim etməmələri ilə əlaqələndirib.

Lakin namizədliyi təsdiqlənməyən bəzi müraciətçilər MSK-nın bu qərarından narazı qaldıqlarını bildirərək, quruma şikayət məktubu göndərdiklərini bəyan ediblər.

“Növbədənkənar prezident seçkisində baş verən qanunsuzluqlarla bağlı MSK-ya ünvanladığım müraciət Baş prokurorluğa göndərilmişdi. Guya, şikayətdə göstərilən nöqsanlarda cinayət “tərkibi” olmadığına görə cinayət işi başlanmasından imtina edildi”, – öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Mətləb Mütəllimli Facebook sosial media hesabında bildirib.

Prezident İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı ötən il dekabrın 7-də sərəncam imzalayıb.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment