Azərbaycanda seçkilər: Nə zaman, harada, necə səs verə bilərəm? 11 suala cavabda

Şəklin mənbəyi, Getty Images

Növbədənkənar prezident seçkisinin keçirilməsinə iki həftə vaxt qalıb və bu, fevralın 7-də, çərşənbə gününə planlaşdırılıb.

Seçki günü ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları seçkilərə qatıla bilərlər.

Seçki günü qeyri-iş günü hesab olunur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb.

Səsvermə hüququ olan seçici öz namizədini gizli və şəxsi səsvermə yolu ilə seçə bilər.

Namizədlər kimlərdir?

2024-cü ildə növbədənkənar prezident seçkiləri

Şəklin mənbəyi, Getty Images

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, yeddi namizəd iştirak edəcək.

Namizədlərdən biri hazırkı prezident və 20 ildən artıq ardıcıl Azərbaycanın Prezidenti vəzifəsində olan İlham Əliyevdir.

MSK-nın siyahısında ikinci namizəd Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, müstəqil namizəd Zahid Orucdur.

Üçüncü namizəd Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevdir.

Siyahıda dördüncü namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Növbəti namizəd Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafadır.

Altıncı namizəd Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.

Siyahıda sonuncu, müstəqil namizəd Fuad Əliyevdir.

Seçki nə zamandır?

Növbədənkənar prezident seçkiləri fevralın 7-də, çərşənbə günü keçiriləcək.

Azərbaycanda səsvermə səhər saat 8.00-dan axşam saat 19.00-a kimi keçirilir.

Hansı sənədlə səs vermək olar?

şəxsiyyət vəsiqəsi ilə səs verən seçici

Şəklin mənbəyi, Getty Images

Seçki günü səsvermə məntəqəsində seçiciyə seçki bülleteni verilir.

Bunun üçün səs verən şəxs seçici vəsiqəsini və şəxsiyyət vəsiqəsini (və ya onu əvəz edən sənədi) təqdim etməlidir.

Seçici seçki bülletenini aldıqdan sonra məntəqə seçki komissiyasının üzvü şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən sənədin) seriyasını və nömrəsini seçicilər siyahısına yazır.

Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza atır.

Seçici adını seçicilər siyahısında necə yoxlasın?

seçicinin adını seçicilər siyahsında yoxlaması

Şəklin mənbəyi, Getty Images

Adınızı Mərkəzi Seçki Komissiyasının (MSK) saytına girərək seçici siyahısında adını yoxlaya bilərsiniz.

Bundan başqa, MSK-nın 115 nömrəli qaynar xəttinə zəng vuraraq adınızın seçici siyahısında olub-olmamasını yoxlamaq mümkündür.

Səsvermə gününə 35 gün qalanadək ərazisində yaşadığınız müvafiq dairə seçki komissiyasına müraciət edərək adınızın seçici siyahısında olub-olmamasını öyrənə bilərsiniz. Hər bir ərazi üzrə dairə seçki komissiyalarının ünvanı MSK-nın saytında göstərilib.

Eyni zamanda adınızın seçici siyahısında olub-olmamasını səsvermə gününə 35 gün qalmış müvafiq seçki məntəqəsinin ərazisindəki məlumat lövhələrində yerləşdirilmiş seçici siyahılarında da yoxlaya bilərsiniz. Seçki məntəqələrinin də siyahısı MSK-nın saytında göstərilib.

Harada səs verə bilərəm?

Səsvermə gününə kimi hər bir seçicinin daimi yaşadığı ünvana bildirişlər göndərilir.

Həmin bildirişdə səsvermə yeri və seçki məntəqəsinin dəqiq ünvanı göstərilir.

Bundan başqa səsvermə məntəqəsinin ünvanını 115 qaynar xəttinə zəng etməklə, MSK-nın saytında axtarış etməklə və yerli dairə seçki komissiyasından öyrənmək olar.

Barmağa görünməyən mürəkkəb vurulması nə üçündür?

seçkidə barmağa görünməz mürəkkəb vurulması

Şəklin mənbəyi, Getty Images

2005-ci ildən bəri seçkilərdə səsvermə zamanı “karusel”i önləməkdən ötrü barmağa görünməyən mürəkkəb vurulur.

“Karusel” eyni seçicinin bir neçə məntəqədə, əsasən eyni namizədə səs verməsi kimi qanunsuz təcrübəyə verilən ləqəbdir.

Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbidir.

Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir.

Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur.

Bu barədə seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.

Üzrlü səbəbdən seçki günü məntəqəyə gedə bilməsəm?

Qanuna görə, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınan seçki qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ var. Amma bunun üçün əvvəlcədən məntəqə seçki komissiyasına məlumat verməlisiniz.

“Səsvermə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsi ilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidir”, – MSK-nın saytı yazır.

Bundan sonra seçki günü məntəqə seçki komissiyasının azı 2 üzvü, müşahidəçilərin iştirakı ilə, daşınan seçki qutusunu müraciət gələn ünvana aparır və səsverməni təşkil edir.

Seçki bülleteni aldıqdan sonra nə etməli?

Azərbaycanda qanunla səsvermə gizli keçirilir və səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması kimi hallar Cinayət Məcəlləsində nəzərdə tutulan maddələr ilə məsuliyyət yaradır.

Seçki Məcəlləsinə görə, hər bir seçici şəxsən və təklikdə səs verir.

Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir.

Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur.

Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər.

Qanuna görə, əlilliyi olan seçiciyə kömək edən şəxsin qeydiyyatı aparılır.

Qanunla prezident seçkisində seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

Seçki Məcəlləsində işarənin necə olması barədə məlumat yoxdur.

Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

Seçici doldurulmuş seçki bülletenini məntəqə seçki komissiyasının möhürü ilə möhürlənən zərfə qoyur və səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.

Daimi qeydiyyat yerlərində yaşamayanlar necə səs verə bilərlər?

əsgərlər səs verirlər

Şəklin mənbəyi, Getty Images

Seçki günü qeyri-iş günü elan edildiyindən daimi qeydiyyat ünvanından uzaqda yaşayanlar müvafiq seçki məntəqələrinə gedib səs verə bilərlər.

Bunu etmək mümkün olmadıqda, seçici öncədən qeydiyyatda olduğu seçki məntəqəsinə gedərək adının seçki siyahısından çıxarılması ilə bağlı sənəd – “çıxarış vəsiqəsi” ala bilər.

Sonra həmin sənədlə hazırda yaşadığı yerdə seçici kimi adını əlavə seçici siyahısına saldırıb səs verə bilər.

MSK-dan bildirilib ki, artıq ölkə üzrə seçici siyahıları dəqiqləşdirilib və kimin harada səs verəcəyi məlumdur.

Qeydiyyatdan çıxarış haqda sənəd almaq üçün son müddət fevralın 4-də bitir.

Xaricdəki Azərbaycan vətəndaşları necə və harada səs verə bilərlər?

MSK-nın məlumatına görə, xarici ölkələrdə ses vermək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Seçici kimi qeydiyyatda olan şəxslər, həmin ölkələrdəki konsulluqlarda öncədən qeydiyyatdan keçməlidir. Belə şəxslərin sayı 50-dən çoxdursa, həmin yerdə məntəqə yaradılır və Azərbaycan vətəndaşları orada səs verə bilər.

Şəxsiyyət vəsiqəsini əvəz edən hansı sənəd və ya sənədlərlə səs vermək olar?

MSK-nın məlumatına görə, ölkə daxilində səs vermək üçün əsas sənəd şəxsiyyət vəsiqəsidir.

Bundan başqa məcburi köçkün vəsiqəsi, hərbi hissədə olan əsgərlər üçün hərbi biletlər və cəzaçəkmə müəssisələrində məhbuslar üçün müvafiq sənəd səsvermədə istifadə edilə bilər.

Azərbaycan vətəndaşı olmayan şəxslər də ölkədə 5 ildən arıtq yaşayırlarsa, Dövlət Miqrasiya Xidmətinin onlara verdiyi sənədlə səs verə bilərlər.

Ölkə xaricində olan Azərbaycan vətəndaşları yaşıl rəngli üz qabığı olan pasportla diplomatik nümayəndəliklərdə səs verə bilərlər.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment