Azərbaycanın AŞPA qalmaqalı: ATƏT Şvabın ittihamları ilə razı deyil

Şəklin mənbəyi, OSCE.org

ATƏT Azərbaycandakı seçki müşahidəçi missiyası üzvlərinin və seçki müşahidəçilərinin “təsir, manipulyasiya və ya qərəzdən uzaq” olduğunu bəyan edib.

Keçən həftə BBC Azərbaycancaya müsahibəsində Avropa Şurası Parlament Assambleyasında Almanyia nümayəndə heyətinin rəhbəri Frank Schwabe (Frank Şvab) iddia edib ki, ATƏT-in Azərbaycanda prezident seçkiləriylə bağlı hesabatı “tənqidi olmayacaq”.

BBC Azərbaycanca ATƏT-dən Frank Şvabın Azərbaycanın seçkilərin nəticələrinə təsir etmək gücü haqqında ittihamlarına reaksiya verməsini istəyib.

ATƏT deyib ki, “uzun illər ərzində 400-dən çox seçkini” müşahidə edib və seçki metodologiyası “hərtərəfli, sistemli və müstəqil”dir.

Şvab müsahibəsində iddia edib ki, hazırda ATƏT “Azərbaycan tərəfindən güclü təzyiq altındadır”.

“İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq”, – o deyib.

Ancaq ATƏT bu ittihamları qəbul etməyib. “Seçkidən bir gün sonra təqdim etdiyimiz nəticələr dərc olunmazdan əvvəl [seçkini keçirən] dövlətlərlə müzakirə edilmir və [ATƏT-in] Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin işi Müşahidəçinin Davranış Kodeksinin tələb etdiyi kimi hər hansı təsir, manipulyasiya və ya qərəzdən uzaqdır”, – deyə təşkilatın sözçüsü Katya Andrusz BBC Azərbaycancaya deyib.

“Azərbaycanda hesab edirlər ki, ATƏT-i dəvət etmək, Avropa Şurasını isə kənarda saxlamaq daha yaxşıdır”, – deyə Şvab iddia edib və fikrini onunla əsaslandırıb ki, “bu ilin oktyabrında ATƏT-in gələcəyi ilə bağlı müzakirələr zamanı bütün ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyacları olacaq, ona görə də bəzi ölkələr tərəfindən, xüsusilə də Azərbaycan tərəfindən ciddi təzyiqə məruz qalırlar”.

“ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik”, – Şvab deyib.

“Ya biz birlikdə çağrılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”, – Şvab BBC Azərbaycancaya müsahibəsində deyib.

ATƏT-in sözçüsü Katya Andrusz isə BBC-yə açıqlayıb ki, ATƏT və Avropa Şurası “yaxından əməkdaşlıq etsə də, o cümlədən seçkiləri müşahidə etməkdə, ATƏT və Avropa Şurası iki tamamən fərqli təşkilatdır, onların strukturları və mandatları da fərqlidir” .

“Öz mandatına əsasən, Demokratik Təsisatlar və İnsan Haqları Ofisi ATƏT üzvü olan 57 ölkəyə digər dövlətlərdən seçki müşahidəçilərini bir araya gətirməkdə kömək edir”, – o deyib.

“Avropa Şurası və ATƏT arasında bir fərq var ki, ATƏT-in işləməsi üçün səs yekdilliyilə verilən qərarlara ehtiyac var. Azərbaycan, Rusiya və Türkiyə kimi ölkələr ATƏT-in zəif təşkilat olmasını istəyər”, – deyə Şvab iddia edib.

Rusiyanın ATƏT-də səsvermə zamanı hər ölkə kimi veto qoymaq hüququ, təşkilat üçün son illərdə problemlər yaradıb. Moskva təşkilatın büdcə və sədrlik məsələlərinin səsverməyə qoyulması zamanı veto hüququndan istifadə edib və Ukraynanın qatı dəstəkçisi olan Estoniya xarici işlər nazirinin sədr olmasına qarşı çıxıb. Bu, ATƏT-də böhranlı vəziyyət yaradıb və təşkilat bir neçə ay 2024-cü ilə sədrliyə namizəd tapmağa çalışıb.

Bundan başqa, keçən ilin sonlarında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakına etiraz olaraq, Baltikyanı ölkələr və Ukrayna ATƏT xarici işlər nazirlərinin sammitində iştirakdan imtina edib.

ATƏT “Azərbaycan hakimiyyətindən dəvət alıb və 2023-cü ilin dekabrında həyata keçirilmiş qiymətləndirmədən sonra biz, Bakıya qarşıdan gələn prezident seçkiləri üçün müşahidə missiyası göndərmişik. Müşahidə komandası işinə sentyabrın 27-də başlayıb və Bakıda fevralın 17-ə kimi qalacaq”, – ATƏT sözçüsü Katya Andrusz BBC Azərbaycancaya email ilə göndərdiyi şərhində bildirib.

Yanvarın 17-də Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti bir il müddətinə dondurulub – AŞPA etimadnamələri təsdiq etməyib, bu barədə səsə qoyulmuş qətnamə səs çoxluğu ilə qəbul edilib. Bu barədə təklifi irəli sürən Frank Şvab Azərbaycanda insan haqları vəziyyətilə yanaşı, həmçinin Azərbaycanın seçkiləri müşahidə etməyə yalnız ATƏT-i dəvət etməsindən və üzvü olduğu Avropa Şurasına dəvət göndərməməsindən narazılıq ifadə edib. AŞPA bu barədə qətnaməyə səs verərək, bu fikri dəstəkləyib.

“Lakin Avropa Şurasına qarşı bunu etmək olduqca çətindir, çünki biz qərarların əksəriyyətini majoritar prinsiplə, yəni çoxluğun nəyi dəstəkləməsinə əsasən veririk. Bu cür vəziyyətlərdə biz daha yaxşı işləyirik və biz bu metodu istifadə etmək niyyətindəyik”, – deyə Şvab iddia edib.

ATƏT bildirib ki, uzun illər ərzində qazandığı seçki təcrübəsi ona “öz yanaşmasını təkmilləşdirməyə” imkan verib və seçki proseslərinin qiymətləndirilməsində “misilsiz təcrübə” qazandırıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası “hazırda Bakıda olan 11 beynəlxalq ekspert komandasından ibarətdir, onları ODİHR təcrübələri və beynəlxalq təcrübələrinə əsaslanaraq işə cəlb edib.

Bizim, həmçinin 26 uzunmüddətli müşahidəçimiz ölkənin müxtəlif yerlərində işləyir, 220-yə yaxın qısamüddətli müşahidəçi isə seçki gününə bir neçə gün qalmış gəlməlidir. Onlar ATƏT regionu boyunca 29 ölkədən gəlirlər”, ATƏT-dən BBC-yə bildiriblər.

Azərbaycanda erkən prezident seçkiləri 2024-cü il fevralın 7-ə təyin olunub.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment