Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyasının sayını 138-dən 209 nəfərə artırmağa qərar verib. Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının “özbaşına genişləndirilməsi” adlandırıb.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell bazar ertəsi Ermənistan-Azərbaycan sərhədinin Ermənistana aid hissəsində mülki missiya həyata keçirən əməkdaşların sayını artırmağa qərar verdiklərini bildirib, qurumun saytında qeyd edilib.
Aİ-nin Xarici İşlər Şurası bazar ertəsi keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəlib, Şuranın yaydığı bəyanatda bildirilir.
Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin həmin gün Brüsseldə keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuranın bu qərarını tənqid edib və əməkdaşların sayının “özbaşına genişləndirildiyini” diqqətə çatdırıb.
“Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi”, – nazir Ceyhun Bayramov deyib, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Avropa İttifaqı Şurası bu il yanvarın 23-də Ermənistan-Azərbaycan sərhədində “sabitliyə tövhə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib.
Rəsmi Bakı o vaxt bəyan etmişdi ki, qurum Ermənistanda monitorinq missiyası yerləşdirərkən Azərbaycan tərəfinin “legitim maraqlarını nəzərə almalıdır”.
Qurumun ali nümayəndəsi Josep Borrell bölgədəki monitorinq missiyasının sayını artırmaqla sülh prosesinə və sabitliyə “tövhə verdiklərini” diqqətə çatdırıb.
“Əməkdaşlarımızın sayını mühüm səviyyədə artırmaqla Ermənistan və Azərbaycan sərhədində sabitliyi qorumaq missiyamıza nə qədər önəm verdiyimizi və sülh prosesinə vacib tövhəmizi açıq şəkildə göstərmiş olduq”, – Josep Borrellə istinadla Aİ-nin saytında qeyd olunub.
Ceyhun Bayramov isə çıxışında Ermənistandakı monitorinq missiyasının Azərbaycan əleyhinə “təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğunu” bildirib.
Onun sözlərinə görə, Aİ vasitəsilə Ermənistanı silahlandırmaq kimi “sabitliyi daha da pozan” təşəbbüslər irəli sürülür.
“Bu cür təşəbbüslərin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”, – Ceyhun Bayramova istinadla Azərbaycan XİN-i məlumat yayıb.
Nazir qeyd etdiyi məqamları əsas gətirərək Aİ-ni Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərər verməməyə çağırıb.
“Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli “Şərq Tərəfdaşlığı” regionu qura bilərik”, – nazir Bayramov əlavə edib.
Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Josep Borrell ilə Azərbaycanın xarici işlər naziri arasında təkbətək görüş də baş tutub.
Avropalı rəsmi Ceyhun Bayramovla görüşdən sonra Cənubi Qafqazda sülhə nail olmaq üçün “tarixi imkan” yarandığını və təmsil etdiyi qurumun buna tövhə vermək missiyasına sadiq qaldığını bəyan edib.
“…Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranıb. Aİ Ermənistan-Azərbaycan normallaşma prosesinə dəstək verməyə tam sadiqdir”, – Josep Borrell X sosial media hesabında yazıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da bir araya gələn Aİ-nin ali nümayəndəsi rəsmi Yerevanla əməkdaşlığı artırmaqda maraqlı olduqlarını və Ermənistanın demokratik yolda atdığı addımları dəstəkləməyə davam edəcəklərini deyib.
Aİ-nin iki ölkə arasında sərhədin Ermənistan hissəsində apardığı monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və patrul xidməti həyata keçirir, qurumun açıqlamasında bildirilir.