“Biz də çörək növbələri görmüşük, amma yardım təklif edən yox idi” – Ermənistan-Azərbaycan münaqişəsinin uzun tarixi azərbaycanlı jurnalistin gözüylə

Qida, dərman, yanacaq qıtlığına rəğmən Qarabağdakı ermənilər Azərbaycan hökumətinin ayırdığı un yardımını qəbul etmir. Bəs, nə üçün? Bölgənin münaqişələrlə zəngin tarixinə on illərlə şahidlik etmiş BBC Azərbaycancanın rəhbəri Könül Xəlilova yazır:

İnsanların çörək növbələrində aclıqdan huşunu itirməsiylə bağlı xəbərləri oxuyarkən yadıma 90-cı illərin əvvəli düşür. Atam bütün gecəni çörək növbəsində gözləyər, səhər saat 5-də evə əliboş qayıdardı, çünki qıt olan çörək satılıb qurtarırdı.

O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi. Mən məktəbin son illərində idim. Balakən rayonunda yüzlərlə insan küçələrə axışaraq Sovet İttifaqından çıxmağı tələb edirdi. Mən də onlardan biriydim.

Yeni yaranan bu millətçi hərəkatı və onun liderlərini Kreml təhlükə kimi görürdü. Buna görə də, Sovet İttifaqı Kommunist Partiyası 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıya tanklar yeridərək xalqı susdurmağa çalışdı. Həmin gecə yüzdən çox şəxs öldürüldü. O gün həm mənim, həm də ölkəmin həyatının alt-üst olduğu gün idi. Daha sonra illərlə davam edən müharibə başlayacaqdı…

Bu yaxınlarda bir dostumla həmin vaxtlardan danışırdıq. Sovet İttifaqının dağıldığı ərəfədə ərazi mübahisələri qızışmış, Ermənistan, Qarabağ və ətraf ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı.

Məktəblər bu şəxslər üçün sığınacağa çevrilmişdi, amma yaşayış üçün vacib olan şərait, su və istilik yox idi. Ən betəri isə pis qoxu idi.

Dostum “İsmayıllıdakı kəndimizdə çoxlu kasıb adam yaşayırdı, amma o günədək belə acınacaqlı vəziyyətdə olan adamlar görməmişdim. O vəziyyəti görmək məndə travma yaratdı”, – deyir.

Çörək və onu bişirməyə un yox idi. Etiraz etməyə gücümüz qalmasın deyə Kremlin Azərbaycana un göndərilməsini qadağan etdiyi və bizi ac buraxmağa qərar verdiyi deyilirdi bizə.

Lakin indi dönüb geri baxanda düşünürəm – bu, Sovet İttifaqının təchizat zəncirindəki problemlərdən qaynaqlanmış da ola bilərdi.

Ancaq səbəbi nə olursa-olsun, o vaxtlar bizə veriləcək hansısa köməkdən imtina etmək kimi bir seçimimiz yox idi. Hərçənd, heç yardım təklifi də yox idi.

Bəs bu gün Qarabağda yaşayan ermənilər niyə bu köməkdən imtina edir?

Azərbaycanlı oxucuya məlum olduğu kimi, bu münaqişənin uzun bir tarixi var. Ermənistan və Azərbaycan 90-ların əvvəlində və 2020-ci ildə iki böyük müharibə apardı. İkinci müharibə Azərbaycanın qələbəsi və Qarabağa rus sülhməramlısının girməsiylə nəticələndi.

1923-cü ildə SSRİ daxilində bu muxtar vilayət yaradılarkən onu Azərbaycanın Qarabağ bölgəsinin qalan hissəsindən fərqləndirmək üçün Qarabağa “Dağlıq” sözü artırıldı. Ərazinin Azərbaycana aid olması beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunsa da, bölgədə yaşayan on minlərlə etnik erməni oranı ayrıca “respublika” elan edib.

Bölgəni Ermənistanla birləşdirən və Laçın dəhlizi kimi tanınan əsas yol hazırda rus sülhməramlılarının nəzarətindədir. Azərbaycan torpaqlarından keçən bu dəhlizlə ermənilər qida və digər zəruri ehtiyac mallarını göndərə bilirdi.

Ancaq Azərbaycan hökuməti erməniləri bu yolla Dağlıq Qarabağa silah daşımaqda günahlandırır. Buna görə də hakimiyyət bölgədən Qızıl Xaç-ın təcili yardım maşınları istisna olmaqla, heç bir avtomobilin keçməsinə icazə vermir.

Bunun əvəzinə, köməyin Azərbaycanın cənub-qərbindəki Ağdam şəhərindən Xankəndinə gedən yoldan göndərilməsini təklif edir. Separatçı hakimiyyət Laçın dəhlizinə alternativ olan bu yolu istifadə edəcəkləri halda dəhlizin həmişəlik bağlı qalacağından narahatdır, bu yoldan kömək almaqdansa, Qarabağdakı erməni fermerlərdən anbarlarındakı məhsulu paylamağı tələb edir.

Azərbaycan Ağdam yolunun istifadəyə açılmasından sonra 24 saat içərisində Laçın dəhlizinin açılacağını bildirsə də, ermənilər bu yeni yola legitimlik qazandırmaq istəmirlər.

Otuz ildir davam edən münaqişədən sonra iki tərəfin də bir-birinə etimadı qalmayıb.

Mən Azərbaycanda çox çətin vaxtların şahidi olmuşam. 1988-ci ildə Dağlıq Qarabağdakı etnik ermənilərin ayrılıb Ermənistanın tərkibinə daxil olmaq cəhdləri ölkəmi parçalayırdı.

Etirazçıların “Miatsum!” şüarı ilə Ermənistana birləşmək tələblərini xatırlayıram.

Ardınca illərlə davam edən qətliamlar və iztirablar gəldi. Yüz minlərlə etnik azərbaycanlı Ermənistanı tərk etmək məcburiyyətində qalaraq Azərbaycana sığındı.

1992-ci ilin fevralında Dağlıq Qarabağın Xocalı şəhərinin sakinləri rus ordusunun yardımı ilə erməni hərbçiləri tərəfindən qətlə yetirildilər. Azərbaycanın rəsmi məlumatına görə, 600-dən çox şəxs öldürülmüşdü. Ermənistan isə həm hadisələrin bu şəkildə reallaşdığını, həm də ölü sayını qəbul etmir.

Aradan keçən bu illər ərzində iki tərəfin etnik təmizliyi və qətliamları nəticəsində on minlərlə insan ölüb və bir milyondan çox adam didərgin düşüb. Və didərginlərin, ölən dinc sakinlərin çoxu, rəsmi mənbələrə görə, azərbaycanlılardır.

O qədər dəhşətli hadisələr baş verdi ki… Bəzən öldürülən azərbaycanlılardan xəbəri olmayan erməniləri eşidəndə təəccüblənirəm. Onlara bu barədə heç kim deməyib.

Eyni şəkildə bu gün gənc azərbaycanlılar da 80-ci illərin sonunda və 1990-cı ilin yanvarında Azərbaycanın Sumqayıt və Bakı şəhərlərində qətl edilən ermənilərdən bixəbərdirlər. Azərbaycan da bu hadisələrin erməni versiyasını təkzib edir.

Ancaq bu gün Azərbaycanda Qarabağın erməni əhalisinə rəğbət bəsləyən çox az adam tapılar.

BBC-nin Azərbaycanca xidmətinin Facebook sosial media hesabına şərh yazan bir izləyici “ermənilər Azərbaycanın onları aclıqdan ölməyə məhkum etdiyini bildirir, amma Azərbaycanın köməyini rədd etdiklərinə görə, bu, yalandır” deyir.

BBC-nin Azərbaycanca xidmətinə şərh verən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də “bu insanların ərzağa ehtiyacı varsa, ərzaq burdadır” deyir.

Gərginlik o qədər yüksəkdir ki, bəzi ermənilər Azərbaycan hökumətini yardım ərzaqlarını zəhərləməkdə günahlandırır. Azərbaycan isə bu iddianı rədd edərək qida təhlükəsizliyi sertifikatını rus sülhməramlılarına təqdim etdiklərini bildirir.

İllərlə üst-üstə qalanmış nifrət, hər iki tərəfdən minlərlə qurbanın dərin yaraları həm də dövlət propaqandası nəticəsində nəsildən-nəslə keçərək özünü unutdurmur.

Qərb mediası tez-tez bunu dini konflikt kimi sırımağa çalışır. Ermənistanda çoxluq xristian, Azərbaycanda isə müsəlmandır. Lakin bu mənim üçün bir ərazi münaqişəsidir. Azərbaycanlılar və ermənilər hər zaman torpaq uğrunda vuruşub, onları bir-birilə döyüşdürən əsas suallar həmişə bu olub: Bu topraqlar kimə məxsusdur? Buralara ən birinci kim ayaq basıb və məskunlaşıb?

90-cı illəri xatırlayanda yalnız çörək növbələri və boş mağazaları deyil, qanlı müharibə ilə gələn xaos və kədəri də heç vaxt unuda bilmirəm.

İllərlə davam edən nifrətə rəğmən, erməni və azərbaycanlıların sülh içində, birlikdə yaşadığı dövrlər də olub. Ancaq indi təkrar barışıq üçün, əvvəlcə, hələ də qanayan yaralarımızı sağaltmağımız lazımdır.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment