BBC-nin The Context verilişində “Laçın dəhlizi” ilə bağlı vəziyyət müzakirə edilib

BBC efirində Laçın yolu ilə bağlı vəziyyəti müzakirə edən britaniyalı hüquqşünas və azərbaycanlı jurnalist Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə ərzaq çatdırılması, “blokada və soyqırım iddialarını” müzakirə ediblər.

BBC-nin çərşənbə axşamı efirə gedən The Context proqramının aparıcısı Christian Fraser-lə söhbət vaxtı Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo-nun 7 avqust tarixli “soyqırım iddiaları” ilə bağlı mülahizələri sorğulanıb.

Temple Garden Chambers hüquq firmasının nümayəndəsi Rodney Dixon irəli sürülən bu ittihamların əsassız olduğunu bildirib.

“Bu, soyqırım sayılmır, çünki cənab Ocampo bunu sübut edəcək heç bir dəlil müəyyən etməyib”, – Azərbaycan hökumətinin təklifi ilə məsələni araşdırdığını deyən hüquqşünas bildirib.

Onun sözlərinə görə, “soyqırım kimi ciddi iddialar” irəli sürülə bilər, amma hazırkı ittihamlar heç bir etimada layiq deyil: “Biz hamımız bunun tarixi əsaslarını və nə qədər vacib olduğunu bilirik”.

Rodney Dixon əlavə edib ki, “mülki əhalini məhv” etmək barədə iddialar Azərbaycanın Laçına alternativ Ağdam-Xankəndi yolu üzərindən ərzaq çatdırmaq təklifi ilə ziddiyyət təşkil edir.

“Beləliklə, demək istədiyim budur ki, əsl hüquqşünas mülki əhalini fiziki məhv etmək niyyətinin olması ilə bağlı iddiaları irəli sürməzdən əvvəl bu mühüm dəlilləri nəzərə almalıdır”, – Rodney Dixon deyib.

Verilişin daha bir müsahibi olan Caliber.az saytının jurnalisti Orxan Amaşov deyib ki, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə çatdırılması üçün 40 ton un göndərib.

“Hazırda Ağdam-Xankəndi yolunun girəcəyində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ayırdığı iki yük maşını giriş gözləyir. Bu yük maşınlarında 40 ton un var”.

Azərbaycanlı jurnalistin sözlərinə görə, sosial şəbəkələrdəki video və fotolardan aydın olur ki, Qarabağda “bolluq içində yaşayan müəyyən ermənilər var”.

“Amma təbii ki, ən yaxşı şəraitdə olmayanlar da var”, – o əlavə edib.

Orxan Amaşov deyib ki, bu problemi həll etmək üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edir.

Lakin o əlavə edib ki, Xankəndidə olan “separatçı rejim” ərzaq məsələsini siyasiləşdirir.

Bundan əvvəl, keçən həftə BBC-nin The Context proqramı tanınmamış “DQR”-in keçmiş “ombusdman”ı Artak Beqlaryan və amerikalı musiqiçi Serj Tankianla söhbət edib.

BBC-nin müsahibləri Laçın yolunun “blokadasının humanitar böhrana” səbəb olduğunu iddia ediblər.

Bu veriliş Azərbaycanda şiddətli tənqidlərə tuş gəlib.

BBC bu tənqidlərlə bağlı yaydığı açıqlamasında bildirib ki, Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edərək “bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır”.

“Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”, – deyə BBC əlavə edib.

BBC açıqlamasında bildirmişdi ki, Azərbaycan tərəfinin də mövqeyi eşidiləcək və bundan sonra Azərbaycanın mövqeyini müdafiə edən müsahiblər də The Context verilişinin qonağı olublar.

Ermənistan Azərbaycanı Qarabağda “qəsdən” humanitar böhran yaratmaqda ittiham edir.

“Humanitar böhran” iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını əsas gətirərək Qarabağa humanitar təminat üçün Ağdam-Xankəndi yolunu təklif edir. Erməni tərəfi isə bundan imtina edir.

Ötən həftə Avropa İttifaqı bildirib ki, Laçın dəhlizinin “blokadadan çıxarılmasının vacibliyinə və tədarükün, gündəlik təlabatların təmin edilməsi üçün Ağdam yolundan da istifadənin konkret və davamlı həllin bir hissəsi ola biləcəyinə qətiyyətlə inanır”.

Rəsmi Bakı bir müddətdir ki, Laçın dəhlizində təhlükəsizliyi, bu yolla qaçaq mal daşındığını əsas gətirərək Ermənistandan Azərbaycana girişi məhdudlaşdırıb, yalnız Qızıl Xaç Beynəlxalq Təşkilata tibbi məqsədlər üçün hərəkətə imkan verib.

Qarabağ erməniləri “Laçın yolunun bağlı” olmasına görə, bölgədə ərzaq çatışmazlığı yarandığını deyir.

Azərbaycan Ermənistandan göndərilən yardımın ölkəyə girişinə icazə verməyib. Qarabağ erməniləri də Azərbaycanın göndərdiyi 40 tonluq un yardımından imtina ediblər.

Rəsmi Bakı Ağdam-Xankəndi yolu işlək vəziyyətinə gətirilən kimi 24 saat ərzində “Qızıl Xaç”ın Laçın dəhlizi ilə Xankəndiyə yardım apara biləcəyini bəyan edib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment