- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Azərbaycanın 19-20 sentyabr tarixində Qarabağda həyata keçirdiyi “antiterror tədbirləri”nin bu həftə bir ayı tamam olub.
Əməliyyatlar zamanı Azərbaycanın 200-ə yaxın hərbçisinin həlak olması, 500-dən çox hərbi qulluqçusunun yaralanması bəzi təhlilçilərə görə, bir gün üçün böyük itki sayılır.
BBC-yə danışan şərhçilərin bəziləri döyüşə cəlb olunanların “qeyri-peşəkarlığını” əsas gətirərək, “itkilərin çox” olduğunu desə də, digərləri keçirilmiş əməliyyatın arealını nəzərə alaraq, həlak olan hərbçi sayının çox olmadığını bildirirlər. Onlardan bəziləri isə deyir ki, uzaqvuran silahlardan istifadə edildiyi üçün “itkiləri minimuma endirmək onsuz da mümkün olmazdı”.
Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, birgünlük əməliyyat 44 günlük müharibənin davamıdır və bu “əməliyyat qeyri-peşəkardır deyə bu qlobal nəticəyə damğa vurmaq, ona kölgə salmaq, üzərindən xətt çəkmək deməkdir, bağışlanmazdır”.
Azərbaycan hakimiyyətinin təmsilçisi Elçin Əmirbəyov döyüşlərdən sonra BBC-yə müsahibəsində birgünlük “antiterror tədbirlərini” “ildırım”, “cərrahi əməliyyat” kimi ifadələrlə təsvir edib.
Sentyabr ayında iki mülki, dördü polis olmaqla altı nəfərin Xocavənd yaxınlığında minaya düşərək həlak olmasından sonra Azərbaycan Qarabağda “antiterror tədbirləri” adlandırdığı hərbi əməliyyatlara başlayıb, bir gün sonra əməliyyatlar başa çatıb, sentyabrın son ongünlüyündə rəsmi Bakının və Qarabağın erməni əhalisinin nümayəndələri Azərbaycanın Yevlax və Xocalı şəhərlərində üç görüş keçirərək, “bölgənin etnik erməni əhalisinin reinteqrasiyası və humanitar məsələlərin müzakirəsini” aparıblar.
18 yaşlıların döyüşlərə cəlb olunması
Əslən Ağdamdan olan, Mingəçevirdə məskunlaşmış, Birinci Qarabağ müharibəsi veteranı olduğunu bildirən İlqar Səfərov yerli Abzas Mediaya deyib ki, ailənin son beşiyi olan oğlu Gökhanı Mingəçevir Turizm Kollecindəki təhsilini yarımçıq saxladaraq, hərbi xidmətə aparıblar.
“18 yaşlı uşağın hansı taktikası ola bilərdi ki, onu erməninin 40-50 ildir qurduğu qruplaşmanın qabağına buraxıblar?!”, – övladı birgünlük döyüşlərdə həlak olmuş ata sual edir.
Hərbi məsələlər üzrə şərhçi Cəsur Sümərinli birgünlük əməliyyatda həlak olan hərbi qulluqçuların sayının çox olduğunu deyir və bunu döyüşlərə cəlb edilən əsgərlərin hərbi xidmət təcrübələrinin az olması ilə əlaqələndirir.
Onun sözlərinə görə, “antiterror tədbirləri”ndə həlak olan hərbi qulluqçuların “təxminən 25-30 faizi hərbi xidmətə çağırıldıqdan bir neçə ay sonra” döyüşə cəlb olunan əsgərlərdir.
Bununla belə, Cəsur Sümərinli çoxsaylı itkilərin səbəblərindən biri kimi əməliyyat aparılan ərazilərin “strateji xüsusiyyətlərini” göstərsə də, bu amilin də itki sayının “bu qədər çox olmasına əsas vermədiyini” diqqətə çatdırır.
“Siyahıya baxsaq, görərik ki, şəhidlərin 30 faizi, yəni, təxminən 60 nəfərə yaxını 18-20 yaşlı əsgərlərdir və çətin bölgədə hərbi əməliyyatlar aparmaq üçün ciddi bir təcrübəyə malik olmayıblar. Bu da məhz təlimin zəifliyindən, hərbi əməliyyatlar aparılması baxımından biliklərin zəifliyindən hansısa formada əsgər ölümlərinə gətirib çıxara bilən amil hesab oluna bilər”, – şərhçi BBC News Azərbaycancaya bildirib.
O hesab edir ki, Azərbaycanın peşəkar hərbi qulluqçu göndərməyə imkanları olub.
“Komandolar var, müddətdən artıq hərbi xidmət qulluqçuları var, XTQ (Xüsusi Təyinatlı Qüvvələr- red.) var, onları cəlb edə bilərdi. Onları cəlb ediblər, lakin hiss olunur ki, kifayət qədər təcrübəsiz hərbçiləri də cəlb ediblər”.
Bir günlük döyüşlə 2020-ci il İkinci Qarabağ müharibəsini qarşılaşdıran Cəsur Sümərinli deyir ki, “o vaxt da təcrübəsiz əsgərləri aparmışdılar döyüşə”, yeganə fərq, onun fikrincə, “birgünlük döyüşlərdə ehtiyatdan çağrılanların olmaması”dır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “antiterror tədbirləri”ndə gənc əsgərlərin əməliyyatlara cəlb edilməsi fikri ilə razılaşmadığını bildirir.
“Həmin gənclər həmin forpostda əməliyyatın ağırlığını üzərlərinə götürməyiblər. Bizim komandolar və bir qisim də xüsusi təyinatlılar əməliyyatın önündə olublar. Lakin ərazi o qədər böyük, coğrafiya o qədər mürəkkəb və çətindir ki, həmin alınmış ərazilərdə o qeyd etdiyiniz yeni çağırışçılardan olan hərbi hissələr orda yerləşiblər”, – deputat bildirib.
Cəsur Sümərinli itkilərin çox olmasının daha bir səbəbi kimi hərbi qulluqçuların “məsuliyyətsizliyini” göstərir:
“Videolarda gördük ki, bir çox ərazilərdə hərbi qulluqçular sərbəst şəkildə tankın üstündə video çəkdirirlər, düşmən üçün hədəf kimi gəzirlər. Hərbi rəhbərlik əsgərlərin təlim-tərbiyəsinə diqqət etməlidir”.
Onun sözlərinə görə, Azərbaycanın “hərbi-siyasi rəhbərliyi qısa müddət ərzində daha çox əraziyə nəzarətin ələ keçirilməsində daha çox maraqlı olub, nəinki təhlükəsizliyi düşünməkdə”.
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 19-da bəyan edib ki, bir neçə hərbi qulluqçu xidmət zamanı smartfondan istifadə etdiyi üçün cəzalandırılıb.
Məlumata görə, onların smartfonla şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşdıqları aşkarlanıb.
“Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb”, – Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Qurum həmin şəxslərin görüntüləri nə zaman paylaşdığı haqqında məlumat verməyib.
“Stress içindəyik, nə əziyyətlə illərlə böyütdüm…”
Yeganə övladını birgünlük əməliyyatda itirmiş Nəsib Beydiyev Abzas Mediaya bildirib ki, oğlu hərbi xidmətə aparılarkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Oğuz bölməsindən onu “əmin ediblər ki, Röyal ön cəbhəyə aparılmayacaq”.
“Mən inanmırdım oğlum getsin. Çünki evin tək uşağı idi. Nə bilim, bəlkə də beyni duman olub, gəlib şirnikdiriblər, gedib xüsusi təyinatlılara. Oğuzun hərbi komissarı məni əmin etmişdi. Şəhid olandan sonra dedim ki, oğlumu niyə qabağa aparmısınız? Dedi, özü ərizə yazıb getmək üçün. Dedim, yalan deyirsiniz. Başladı ki, vətən sağ olsun, başınız sağ olsun, belə övlad böyütmüsünüz, səbr edin. Dedim, indi düşün ki, mənim oğlum deyil, sənin oğlundur, səbr elə görüm, edə bilirsən? Stress içindəyik, nə əziyyətlə illərlə böyütdüm. Necə oldu bu mənim başıma gəldi? Mən yetiməmsə, belə eləmək lazım idi?!”, – 19 yaşlı övladını itirən Nəsib Beydiyev deyir”, – Abzas Media atanın nitqindən iqtibas edir.
Siyasi təhlilçi Alya Yaqublu itkilərin böyük olması fonunda ictimaiyyətin itkilərlə bağlı hakimiyyətdən hesabat tələb etmədiyini deyir və bunu “ictimai qınaq, ictimai ovqat və hüquqi savadsızlıqla” əlaqələndirir.
“Hakimiyyət özünə lazım olanda dövlət maraqları, vətənpərvərlik və sair bu kimi şüarlarla ictimaiyyəti yönləndirir və əhalidə vətənpərvərlik hissləri coşur. O ərəfələrdə insanların başqa yolu, başqa imkanı qalmır desin ki, mənim uşağımı niyə aparıb öldürdünüz?”.
O, bu məsələdə “hüquqi savadsızlıq” məqamını da vurğulayır.
“Çağırışçıların, müqavilə ilə işləyənlərin yox, məhz yeni çağırışçıların aparılıb, hərbi əməliyyatlara cəlb edilməsi, onların orada çox sayda həlak olması məsələsinə valideynlər hüquqi tərəfdən baxmır. Baxa bilmir, çünki o dərəcədə hüquqi savadlılıq yoxdur. Bu da digər bir problemdir…”
Siyasi təhlilçi diqqəti həm də övladı şəhid olanların aid olduğu təbəqəyə çəkir:
“Bir də baxın görün bunlar hansı təbəqədir? Əhalinin ən yoxsul təbəqəsinin övladlarıdır. Düzdür, bunu hamıya aid etmək olmaz. Ancaq Azərbaycanda yüzlərlə məmur ordusu var. Hansının övladı var orda? Heç birinin. Heç müxalifətin də öndə gedənlərinin övladlarını biz görmədik. Nə İkinci Qarabağ müharibəsində, nə də sonralar. Yoxdur! Seçilmişlərin, imtiyazı olanların, tanınmışların heç birinin övladı yoxdur orda. Əhali də məzlumdur, ona görə də cəmi iki ay orduda xidmət etmiş övladının cəbhəyə aparılmasını sorğulaya bilmir ki, niyə aparmısan döyüşlərə? Belə kədərli mənzərədir”, – Alya Yaqublu fikrini yekunlaşdırır.
Hərbi təhlilçi Ədalət Verdiyev hesab edir ki, “əslində, bir nəfər itki də çox hesab oluna bilər”.
Onun sözlərinə görə, Azərbaycan “antiterror tədbirlərini on min nəfərlik kontingentə, kifayət qədər ciddi hazırlığa, silah-sursat ehtiyatlarına malik birləşmələrə qarşı keçirib və bu birləşmələrin də birmənalı olaraq, təchizat-təminatı Laçın sərhəd-keçid məntəqəsindən (açıq olarkən) Ermənistan tərəfindən təmin olunub”.
Ədalət Verdiyev birgünlük müharibəni 44 günlük müharibə ilə müqayisə edərək deyir ki, “vətən müharibəsi (İkinci Qarabağ müharibəsi – BBC Azərbaycanca) zamanında da müharibənin ilk günlərində itkilər daha çox olub”.
“Bu da ondan irəli gəlirdi ki, illər ərzində ki, mühəndis-istehkam qurğuları qurulub, onu yarmaq daha çətin olur, itkilərin ən çoxu da bu vaxt baş verir. Burada bizim itkilərin əksəriyyəti artilleriya və minaatanlardan idi – uzaqmənzilli silahlardan. Belə olan halda itkilərdən qaçmaq olmur. Erməni tərəfindən məhv edilən mövqelərin sayı, silah-texnika, heyətin sayını da nəzərə alsaq, deyə bilərik ki, erməni tərəfinin itkiləri bizdən dəfələrlə çoxdur”, – o əlavə edir.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın ombudsman aparatının hərbi əməliyyatın dayandırıldığı 20 sentyabr tarixində verdiyi məlumata görə birgünlük əməliyyat zamanı Qarabağın ermənilər yaşayan ərazilərində “10-u dinc sakin olmaqla, ən azı 200 nəfər ölüb, 40-ı mülki olmaqla 400-dən çox adam yaralanıb”.
Milli Məclisin deputatı Zahid Oruc itkilərin sayının çox olması, eləcə də ordunun qeyri-peşəkarlığı ilə bağlı səslənən ittihamların doğru olmadığını bildirib.
Parlament üzvü də döyüşdə qarşı tərəfin uzaqmənzilli silahlardan istifadə etdiyini təkidlə səsləndirir və vurğulayır ki, döyüş “on günlərlə davam etsəydi onun zərbəsilə nə qədər insanımız həyatını itirə bilərdi”.
“Erməni durub orda gözləmirdi ki, sən gəlib onun əlindəki hissəni alasan. Son üç ildə onlar dayanmayıblar. Silahların hər birinin markası və hardan alındığı görünür, ən müasir silahları gətiriblər. Ondan əvvəl də qənimətlər parkına gətirilmiş silahları görmüşdük. Ona görə də Azərbaycan dövləti bu əməliyyatı, bu savaşı, bu müharibəni o dərəcədə yüksək peşəkarlıqla hazırlayıb ki, BMT-nin iclasının getdiyi anda bir günə başlayıb sona çatdırmaq, uğurla düşməni 200 il ərzində regionda Qarabağı yaraya çevirən, cənab Prezidentin də söylədiyi kimi “zəhər yuvasını” dayandırmaq və ermənilərin orada hərbi qüvvələrini bölgədən vurub çıxarmaq və bütün dünya ermənilərinin onun üzərində müdafiəsini qurduğu dairələrin məğlubiyyətini doğurmasına qiymət vermək əvəzinə, 39 yaşı da, 21 yaşı da olanın hər birinin itkisi bizi ağrıtmalıdır”.
“Dronlar olmasaydı…”
Cəsur Sümərinli hesab edir ki, dronlar olmasaydı, əməliyyatın müddəti uzana, itkilər daha çox ola və daha az ərazi nəzarətə götürülə bilərdi.
“Antiterror tədbirlərinin” qısa müddətli olmasına çalışılması cəhdini Azərbaycan prezidentinin xüsusi məsələlər üzrə köməkçisi Elçin Əmirbəyov da BBC-yə müsahibəsində vurğulamışdı.
Cənab Əmirbəyov müsahibəsində döyüşlərin qısa müddətdə - “ildırım kimi” baş tutduğunu bildirmişdi.
Birgünlük əməliyyatı şərh edən Cəsur Sümərinlinin fikrincə, 2020-ci il təcrübəsi olsa da, üç il böyük müddət olmadığı üçün Azərbaycan ordu məsələsində ciddi irəliləyiş əldə edə bilməyib.
“Hətta komando birlikləri və türklərin köməyi ilə alternativ (mən bunu alternativ ordu adlandırardım) ordu birlikləri yaratmağa çalışsalar da”, – o vurğulayır.
Bu ilin əvvəlində Beynəlxalq Böhran Qrupunun (BBQ) “İzlənməli 10 münaqişə” hesabatında, eləcə də ən son Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrlə bağlı məruzəsində 2023-cü il üçün Azərbaycan-Ermənistan arasında ”yeni müharibə riskinin böyük“ olduğu bildirilirdi.
Əməliyyatın arealına baxanda…
Siyasi təhlilçi Zaur Şiriyevsə deyir ki, əməliyyatın arealına baxanda itkilər “əslində çox deyil”.
“Əməliyyatlar tək bir istiqamətdən yox, bütün istiqamətlərdən aparıldığı üçün çox deyil. İkincisi isə çox olmağını düşündürən odur ki, əməliyyat bir gün davam etdi. Əgər beş gün davam etsəydi, itkilər hətta 500 olsaydı, insanlar onu normal qəbul edəcəkdi”.
Azərbaycan hökuməti 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanın “kapitulyasiya aktına imza atdığını” bildirsə də, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Xocalı, Xocavənd, Əsgəran və Ağdərə yaşayış məntəqələrinin böyük hissəsi və Xankəndi şəhəri separatçı qurumun nəzarətində idi. Bu ilin sentyabrında həyata keçirilmiş “antiterror tədbirləri”ndən sonra tanınmamış Dağlıq Qarabağ Respublikasının de-fakto lideri təslim olduqlarını və özünü buraxdığını elan etdi. Bu əməliyyatdan sonra Azərbaycan Qarabağın bu arealına da nəzarəti bərpa etdi və Prezident İlham Əliyev bunu “suverenliyin bərpası” adlandırdı.
Birgünlük döyüşlərdə peşəkarların da olduğunu deyən cənab Şiriyev hesab edir ki, insanlarda qıcıq yaradan məqam “itkilərin çoxluğundan daha çox gənc əsgərlərin, yəni, o tipli əməliyyatlarda iştirak etməməli olan şəxslərin orada iştirak etməsi”dir:
Hərbi təhlilçi Ədalət Verdiyev isə bu fikirlə razılaşmır və antiterror əməliyyatlarına gənc əsgərlərin cəlb olunmadığını deyir:
“Arxada tutaq ki, ön xətdən və ya əməliyyatların keçirildiyi ərazidən onları 5-10 kilometr arxada belə saxlasaq, itkilərdən qorunmaq olmur. Bizim atdığımız silahlardan qarşı tərəfdə də var. Eyni silah sistemləridir, ona görə də, sığortalanmaq mümkün deyil. Dövlət də istəməz ki, 18 yaşında əsgər getsin, bu qədər komando dura-dura. Təbii ki, gənc əsgərləri qorumaq üçün tədbirlər görülüb, təəssüf ki, təmizləmə əməliyyatlarını biz keçirirdik və Ağdərə istiqamətində düşmənin mövqeləri yüksəkdə idi. Bizim Kəlbəcər, Ağdam istiqamətindəki hərbi hissələrin heç birində üç ayın əsgəri təmizləmə əməliyyatına və ya döyüşə cəlb olunmayıb”.
Deputat Zahid Oruc vurğulayır ki, “istər yeni çağırışçı, istərsə də, onillərlə hərbi sistemə peşəkarcasına professional ordunun təmsilçisi olaraq xidmət edən insanların hər hansı əməliyyatda, döyüşdə, kəşfiyyat prosesində həyatını itirməsi ağrıdan hadisədir”.
“Belə bir anlayışı cəmiyyətə yeritmək və onun mövqeyi kimi təqdim etmək ki, yalnız təzə çağırışçılara ağrımalıyıq, başqalarının ölümü isə ictimai qavrayışda qəbullanılan hadisədir, bu, çox doğru olmayan, bərabərsizlik yaradan, insanlarımız üzərində ayr-seçkilik mövqeyi doğuran, parçalayan, ordunun vahidliyinə xələl gətirən bir münasibət olar”, – Milli Məclisin üzvü əlavə edib.