Bayden Ukrayna və İsraillə bağlı Konqresə sorğu göndərdi

Yayımlandı: 21 Oktyabr 2023 15:28

Prezident 106 milyard yardım istəyir

ABŞ Prezidenti Co Bayden ölkə Konqresinə Ukrayna və İsrailə ümumilikdə 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunub ki, Bayden administrasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxıb, indi də müttəfiqi İsrailə  kömək etməlidir.

Ağ Ev ABŞ qanunvericilərini ölkənin milli təhlükəsizlik ehtiyacları üçün vəsaitin ayrılması ilə bağlı gələcək həftələrdə hərtərəfli razılaşma əldə etməyə çağırıb.

ABŞ administrasiyası xüsusi olaraq Konqresdən Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün 61,4 milyard dollardan çox vəsait ayırmağı xahiş edib.

O cümlədən, Kiyevə hərbi yardımın göstərilməsi və Amerikanın silah ehtiyatlarının artırılmasına təxminən 44,4 milyard dollar xərc planlaşdırılır.

İsrailə isə 14,3 milyard dollar dəyərində yardım göstərmək təklif olunur.

Bundan əlavə, Bayden administrasiyası ABŞ-nın cənub sərhədini qorumaq üçün təxminən 13,6 milyard dollar ayrılmasını istəyir.

Hindistan-Sakit okean regionunda ABŞ tərəfdaşlarına dəstək üçün təxminən 7,4 milyard dollar ayrılması təklif edilib.

Ağ Ev Konqresə sorğunu Prezidentin Amerika xalqına televiziya müraciətindən bir gün sonra göndərib.

Co Bayden çıxışında Rusiyanın müdaxiləsinə qarşı döyüşən Ukraynaya və HƏMAS radikal təşkilatı ilə mübarizə aparan İsrailə ABŞ yardımının həyati mühüm olmasını vurğulamışdı.

Rusiya-Ukrayna müharibəsi

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Yaxın Şərqdə nə baş verir?

2023-cü il oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.
Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

1

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment