Azərbaycanlı hüquq müdafiəçiləri Gürcüstanda təqib olunduqlarını deyirlər

Yayımlandı: 19 Oktyabr 2023 22:29

Onlar sosial şəbəkələrdən təhdid mesajları alıblar

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun rəhbəri və əməkdaşları Gürcüstanda təqibə məruz qaldıqlarını deyirlər.

Hüquq müdafiəçilərinin yaydığı müraciətdə deyilir ki, Avtandil Məmmədov, Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsinin əməkdaşı Nuranə Aşurova, Müstəqil Reportyorlar Komitəsinin idarə heyətinin üzvü, jurnalist Bəhruz Əliyev Gürcüstanda naməlum şəxslər tərəfindən təzyiqlərə məruz qalıb.

Bildirilir ki, Nuranə Aşurovanın həyat yoldaşı Samir Aşurov siyasi baxışlarına görə təqiblərə məruz qaldığı üçün 2018-ci ildə Almaniyaya mühacirət edib. Lakin Aşurovlar ailəsi 2022-ci ildə Almaniyadan Azərbaycana deportasiya edilib və Aşurovlar deportasiya edildikdən sonra Samir Aşurov həbs edilib.

Məlumatda deyilir ki, Nuranə Aşurova ailəsinin və digər fəalların müdafiəsini təşkil etdiyinə görə Azərbaycanda təqiblərə və təhdidlərə məruz qalıb. O, müvəqqəti olaraq Gürcüstana köçüb. Gürcüstana köçdükdən bir neçə həftə sonra, oktyabrın 15-də saat 12:30 radələrində yaşadığı ərazidə naməlum şəxs tərəfindən yaxından izlənilib.

Bundan başqa, həmin gün, oktyabrın 15-də, Avtandil Məmmədov evdə olmadığı vaxtda, gecə 23:10 radələrində ailəsi ilə yaşadığı mənzilin qapısı çalınıb, ailə üzvləri və azyaşlı uşaqları qorxudulub.

Hadisə baş verən zaman Nuranə Aşurova azyaşlı uşaqları ilə birlikdə Avtandil Məmmədovun evində olub. Bundan bir neçə dəqiqə sonra, saat 23:53 radələrində Nuranə Aşurovanın “Facebook” hesabına saxta profildən təhdid mesajı gəlib.

Oktyabrın 15-dən 16-na keçən gecə saat 00:30 radələrində Azərbaycanda məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün Gürcüstana gələn təşkilatın digər əməkdaşı, jurnalist Bəhruz Əliyev “Opel” markalı avtomobillə təqib edilib. Belə ki, bu zaman onun üzərinə “Opel” markalı avtomobil sürülüb və o, müvəqqəti yaşadığı ünvana qaçaraq hadisədən xilas olub”, – məlumatda deyilir.

Foto: “iprf-hrd”

Bəhruz Əliyev Gürcüstanda təqiblərə məruz qaldığı üçün oktyabrın 17-də Gürcüstanı tərk etməli olub.

Bundan sonra oktyabrın 16-da saat 03:00 radələrində Hüquq və Azadlıqların Müdafiə İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Avtandil Məmmədova da “Facebook” üzərindən təhdid mesajı gəlib.

Avtandil Məmmədov deyir ki, əvvəllər də həmin saxta profildən təhdid mesajları alıb.

Oktyabrın 17-də səhər saat 08:30 radələrində Avtandil Məmmədovun həyat yoldaşı uşaqları məktəbə apararkən onu avtomobillə naməlum şəxslər təqib edib.Təqib edən edən şəxs, Avtandil Məmmədovun həyat yoldaşı və uşaqlarını, yaşadığı ərazidən məktəbə qədər təqib edib”, – məlumatda vurğulanır.

Avtandil Məmmədov Azərbaycanda da bir neçə QHT-də təmsil olunub. O, 2017-ci ildə təqiblərə məruz qaldığı üçün Gürcüstana mühacirət edib.

Bildirilir ki, 2018-2019-cu illərdə Gürcüstanda naməlum şəxslər tərəfindən təqiblərə məruz qalıb. 2019-cu ildə Azərbaycanın tələbi ilə Gürcüstanda saxlanılıb və onun Azərbaycana ekstradisiyasına cəhd edilib.

Avtandil Məmmədov 2018-ci ildə yaranmış Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun təsisçisi və rəhbəridir.

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun nəzdində Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi və Müstəqil Reportyorlar Komitəsi fəaliyyət göstərir. Nuranə Aşurova komitənin koordinatoru, Bəhruz Əliyev isə institutun media üzrə koordinatorudur.

Bu, ictimai-siyasi fəalların Gürcüstanda ilk təqibi deyil. 2017-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramova Gürcüstana qayıdarkən Azərbaycan sərhədində həbs edilmişdi.

Elə həmin il mayın 29-da Tbilisidə müvəqqəti yaşayan jurnalist Əfqan Muxtarlı “yoxa çıxıb“, səhərisi gün Azərbaycanda həbs edilib. Jurnalistin evinə gedərkən oğurlandığı, başına torba keçirilərək Bakıya gətirildiyi məlum olub.

2018-ci ildə siyasi fəal Mehman Qələndərov Gürcüstandan Azərbaycana qayıtdıqdan sonra həbs edilib və həbsxanada həyatını itirib.

2021-ci ildə Azərbaycanda işgəncələrə məruz qaldığı bildirilən bloger Hüseyn Bakıxanov Gürcüstana mühacirət edəndə onun ölümü ilə nəticələnən insident baş verib.
Siyasi fəal, bloger Rəşad Ramazanov 2022-ci ildə Gürcüstana qayıtdıqdan sonra Azərbaycanda həbs edilib.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment