Müxalifət isə yeni konsepsiya ilə çıxış edəcəyini deyir
Azərbaycan ordusunun 19-20 sentyabr tarixli lokal hərbi əməliyyatından sonra Qarabağdakı rejim fəaliyyətini dayandırdığını bəyan edib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu deyib.
Bundan sonra siyasi diskursda müxalifətin gələcək fəaliyyəti ilə bağlı müəyyən suallar ortaya çıxıb.
Gənclər sosial şəbəkələrdə Azərbaycan müxalifətinin gələcək fəaliyyət istiqamətləri barədə diskussiya açıblar.
“Qeyri-müəyyənlik müşahidə olunur…”
NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Araz Əliyev yazıb ki, Xankəndinin geri qaytarılmasından sonra Azərbaycanın daxili siyasətində, xüsusilə müxalif kəsimdə qeyri-müəyyənlik yaranıb.
Onun sözlərinə görə, bir-birindən fərqli yollar seçən bir neçə kəsimin formalaşdığı görünür.
Araz Əliyev düşərgənin son bir neçə ildə hakimiyyətə qarşı ittihamlarını da sadalayıb.
Bildirib ki, klassiklər adlanan birinci kəsim əsas tezislərini Qarabağ üzərində qurub:
“Hakimiyyət Qarabağı ala bilmir” tarixi tezisinin davamı kimi “Qarabağ alındı, bəs Xankəndi niyə alınmadı?” yolu ilə getdilər. Bu dəfə onların əsas istiqaməti “Xankəndi alındı, bəs Ruslar niyə çıxmadı?” ideyasıdır. Ancaq hazırda dəstəkçisi ən çox olan bu ideya gələcək üçün o qədər də uğurlu yanaşma kimi görünmür. Çünki sabah ruslar da çıxsa, ortada bu istiqaməti davam etdirəcək heç nə qalmayacaq. Bu kəsimin bir az intellektual olan hissəsi məsələni Rusiya-Qərb diskursuna çevirməyə çalışır. “Qərbə inteqrasiya” məsələsini “Rusiya müttəfiqliyi”nə qarşı qoyurlar. Beləliklə, qlobal trendə uyğun olaraq dəyişikliyin Qərb-Rusiya arasındakı geosiyasi münasibətlərin fonunda olacağını düşünürlər. Bu yanaşma hazırda perspektivli görünsə də, Azərbaycanın hələ Qərb və Rusiya arasında konkret seçim etməyə məcbur olmaması, yanaşmanın gələcəyini qaranlıq edir”.
Gənc fəal hesab edir ki, müzakirələrin bu fonda getməsi effektiv görünmür:
“Məsələn, digər bir kəsim əvvəlki illərdə baş vermiş hadisələri (Tərtər işi, dindarların həbsi, 2003-də baş verənlər və s.) yenidən ortaya atmağa və hesab sormağa çalışır. Bu yanaşma da o dərəcədə effektiv görünmür. Çünki bu hadisələr “isidilmiş yemək” effekti verir, əvvəlki kimi ciddi reaksiya gətirmir və Xankəndi söhbətlərinin fonunda ictimai rəydə görünməz olur”.
“Dördüncü kəsim isə çoxdan “islahat nağılı”nın obyektlərinə çevrilmiş kəsimdir. Onlar ümidlərinin vəd edilən referenduma bağlayıblar. Referendum nəticəsində ciddi dəyişikliklərin, daxili siyasətdə yumşalmanın və mümkün demokratikləşmənin olacağına inanırlar. Özləri də başa düşür ki, bu mərhələdən sonra çətin, amma yenə də ümid edirlər. Beşinci və sayca az olan hissə artıq siyasi proseslərin mənasız olduğunu düşünür. Onlar hər şeyi sıfırlayıb, gözləməyi, bu müddət ərzində də xırda fəaliyyətlər icra etməyi faydalı hesab edirlər. Siyasi diskursda çıxışları ya yoxdur, ya da yuxarıdakı kəsimlərlə həmrəydirlər”, – deyə Əliyev əlavə edib.
O hesab edir ki, daxili siyasi sferada “Post-Qarabağ dövrü” ilə bağlı ciddi konsepsiya əskikliyi nəzərə çarpır:
“Ölkənin gələcəyi necə görünür, nələr təklif edilir, mövcud problemlərin həlli istiqamətində hansı addımlara ehtiyac var suallarına cavab axtarılmır. Hələ də Qarabağ məsələsini mərkəzə alan siyasi dəsti-xətlərə üstünlük verilir. Hakimiyyət məsələni öz ağlında bitirib, amma müxalifət Qarabağı bitirə bilmir. Bir sözlə, daxili siyasətdə “Post-Qarabağ dövrü” başlayıb. Bu dövr yeni, rasional əsaslı konsepsiya və yeni mübarizə ruhu tələb edir. Bunu müzakirə etməyə və yeni yollar axtarmağa ehtiyac var. Çünki Qarabağ bitib, amma ölkədə problemlər bitməyib. Bir o qədəri də var hələ”.
“Yeni dövrün yeni konsepsiyası…”
AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə deyib ki, yeni dövrün yeni konsepsiyası olacaq:
“Əsas tələblər hüquq-azadlıqlar, demokratiya, geosiyasi seçimlər və Azərbaycanın daha ədalətli sosial dövlətə çevrilməsi prosesidir”.
Seymur Həzi ölkənin ciddi təhsil, səhiyyə və sosial ədalət, ekoloji, aqrar sektorda problemlərinin olduğunu vurğulayıb:
“Bütün bunlar siyasi mübarizədə öz əksini tapacaq”.
Mübarizə üsullarına gəldikdə, AXCP funksioneri deyir ki, onlar kəşf olunmuş mübarizə üsullarından istifadə edəcəklər:
“Hər halda bütün dünyanın istifadə etdiyi üsulları gerçəkləşdirəcəklər. İmkan olanda dəyirmi masalar, yazılar, məqalələr, çıxışlar, yaxud aksiyalar gündəmə gələcək. Hansısa xüsusi seçim yoxdur. Hüququn və siyasətin verdiyi bütün imkanlardan istifadə edəcəyik”.
“Azərbaycanda fundamental hüquqlar pozulur”
Siyasətçi Ruslan İzzətli İlham Əliyevə müxalifətdə olanların hamısının 1989-90-cı illərin siyasi burulğanından çıxmadığını deyir:
“Ondan sonra da siyasətə gələn yeni nəsil siyasətçilər var. Onlar hakimiyyətə qarşı kifayət qədər prinsipialdırlar”.
İzzətli deyir ki, həm yeni nəsil, həm də klassik müxalifət “Post-Qarabağ dövrü” üçün daha çox sosial problemləri qabarda bilər:
“Əliyevin 20 illik hakimiyyəti dövründə sosial problemlər həll olunmadı. Hətta 2016-cı il referendumunda da ən çox kampaniyalar sosial dövlət tezisi üzərində quruldu, amma ötən 7 ildə vətəndaş sosial dövləti öz üzərində görməyib”.
Siyasətçinin sözlərinə görə, ölkədə fundamental hüquqlar pozulur:
“İllərlə neftdən asılı büdcə var, qeyri-neft sektoru məhv edilib. Bu mənada alternativ enerjiyə təlabatın artdığı dövrdə Azərbaycan gələcəkdə büdcədən maliyyələşənlərin əməkhaqqısını verə bilərmi? Azərbaycanda kifayət qədər əzilən insanların övladları necə təhsil alacaqlar? Çünki valideynlər uşaqlarını repetitor yanına qoya bilmirlər. Deməli, sosial bərabərsizlik təhsil sistemində ədalətsizlik yaradır, nəticədə kifayət qədər potensiallı uşaqlar təhsildən kənardan qalır. Ölkədə əzəmətli diaqnostika mərkəzləri, xəstəxanalar var, amma vətəndaşın sağlamlığına çarə tapacaq nə avadanlıq, nə də peşəkar həkimlər var. Peşəkar həkimlərin olduğu özəl klinikalarda sadə vətəndaşın müayinədən keçməsi belə müşküldür”.
“1 milyondan çox insan pensiya alır, amma pensiya sistemi bərbaddır. Aqrar sektora subsidiyalar ayrılır, amma inkişaf yox, geriləməni görürük. O zaman sual yaranır: subsidiyalar kimin cibinə gedir, aqroparklar kimindir? Beləliklə, Azərbaycanda sosial problemlər və ədalətsizlik var. Hakimiyyət bu problemləri qabartmamağımızı istəyir. Deyir ki, Qarabağ qələbəsinə kölgə salmayın… Ona görə də hakimiyyət ciddi islahat aparmalıdır ki, qələbəyə kölgə salınmasın”, – deyə İzzətli fikrini tamamlayıb.
“Siyasi təşkilatlar buraxılmalı, siyasətə yeni nəfəs gəlməlidir”
Karlov Universitetinin araşdırmaçısı Bəhrum Səmədov isə ümumilikdə müxalifətçiliyin əleyhinə çıxış etmədiyini deyir.
O qeyd edir ki, heç kəsin Azərbaycanda müxalifətin olmaması barədə iddiası yoxdur:
“İddia odur ki, Azərbaycandakı müxalif partiyalar və hərəkatlar etibarlılıqlarını müxtəlif səbəblərdən itiriblər. Hakimiyyət isə olmadığı qədər güclüdür. Ötən illərdə müxalifət Qarabağ, ideoloji məsələlərlə bağlı alternativ təklif qoya bilmədi. Nəticədə hakimiyyət Qarabağ məsələsi ilə istədiyi kimi oynayıb xalqın dəstəyini qazandı, müxalifət isə etibarlılığını itirdi. Əsas səbəblərdən biri ideoloji alternativliyin olmaması və hakimiyyətdən fərqli diskursun ortaya qoyulmamasıydı”.
Ancaq Səmədov hesab edir ki, ölkədəki mövcud siyasi təşkilatlar buraxılmalı, siyasətə yeni nəfəs gəlməlidir:
“Sadaladıqlarıma əsasən bütün müxalif hərəkatlar, partiyalar özlərini buraxmalıdır, çünki uğursuz olublar. Onların bazasında isə yeni QHT-lər, hərəkatlar yaradıla bilər. Amma onlar da öz ideologiyaları üzərində yenidən düşünüb, real alternativ olmağı bacarmalıdırlar. Ümumiyyətlə, etibarlılığını itirən müxalifət bundan sonra sosial səfərbərliyə nail ola bilməyəcək”.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
O, Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında isə Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.