Rusiyadan Ermənistana hədə: “Rusiya ilə əlaqəni pozmaqla… çox böyük səhvə yol verir”

Şəklin mənbəyi, Getty Images

Rəsmi Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın bazar günü xalqa müraciətini “Rusiyaya qarşı qəbuledilməz hücum” kimi qiymətləndirib və bu cür mesajların iki ölkə arasında “kin-ədavət doğurduğunu” qeyd edib.

Rusiya Ermənistan rəhbərliyini “Qərbin öyüd-nəsihətlərinə qapılmaqda,” daxili və xarici siyasətdə “uğursuzluqlara görə məsuliyyəti öz üzərindən ataraq, Moskvanın üzərinə yıxmaq cəhdində”, “respublikanı bilərəkdən Rusiyadan üz döndərməyə hazırlamaqda” ittiham edib.

Nikol Paşinyan müraciətində konkret ölkəni hədəf göstərmədən “bəzi tərəfdaşları”nın ölkənin daxili və xarici təhlükəsizliyi üçün problemlər yaratmasından gileylənib.

“…məğlubiyyət daha az ağır olardı”

Rəsmi Moskva bazar ertəsi yaydığı müraciətində vurğulayb ki, Ermənistan Rusiya ilə maraqlarının “əsasən oxşar” olduğunu unudub: “ABŞ və digər NATO ölkələri isə Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də bizim ümumi Avrasiya məkanımızın sabitliyini pozmağı qarşılarına məqsəd qoyublar”, – bəyanatda deyilir.

Rəsmi Moskva iddia edib ki, 2020-ci ilin payızında məhz Rusiya və şəxsən Prezident Vladimir Putinin səyləri Ermənistanın tam məğlubiyyətinin qarşısını almağa imkan verib.

“Əgər Nikol Paşinyan həftələr əvvəl atəşkəsə razılaşsaydı, məğlubiyyət daha az ağır olardı”, – Rusiya XİN-in açıqlamasında deyilir.

Paşinyan: “Bəzi tərəfdaşlar ölkənin təhlükəsizliyini… təhlükə altında qoyur”

Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Şəklin mənbəyi, PRIMEMINISTER.AM

Nikol Paşinyan xalqa müraciətində “bəzi tərəfdaşların” Ermənistanın daxili və xarici təhlükəsizliyi və sabitliyini təhlükə altında qoyduğunu deyib.

“2020-ci ilin dekabrında Dağlıq Qarabağın Xtsaberd və Hin Tağerin işğalı və 60-dan çox erməni hərbçisinin əsir götürülməsi, Fərrux hadisələri, Dağlıq Qarabağın erməni əhalisinə qarşı çoxsaylı terror hadisələri, Laçın dəhlizinin qanunsuz blokadası, Azərbaycanın sentyabrın 19-da Dağlıq Qarabağa hücumu Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı fəaliyyətinin məqsədi və motivləri ilə bağlı son dərəcə ciddi suallar doğurur”, – Paşinyan deyib.

Paşinyan vurğulayıb ki, hadisələrin bu cür inkişafına görə bütün məsuliyyət tamamilə “etnik təmizləmə siyasəti aparan Azərbaycanın və Dağlıq Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingentinin” üzərinə düşəcək.

İkinci Qarabağ müharibəsi və ondan sonra Azərbaycan tərəfinin istər Qarabağda apardığı “hərbi və ya antiterror əməliyyatları”, istərsə də iki ölkə arasında dəqiqləşməmiş sərhəddə baş verən toqquşmalar Ermənistanda təhlükəsizliklə bağlı narahatlığı daha da artırıb və rəsmi Yerevan bəyanatlarında bunu gizlətmir.

Azərbaycan isə dəfələrlə bəyan edib ki, apardığı əməliyyatlar “vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onları qanunsuz silahlı birləşmələrin mümkün təxribatlarından qorumaq və konstitusiya quruluşunu bərpa etməyə” xidmət göstərib və hansısa ölkənin “ərazi bütövlüyünə qəsd məqsədi” daşımır.

Lakin son bir ay ərzində Ermənistan-Rusiya münasibətlərində müşahidə edilən soyuqluq rəsmi Yerevanın təhlükəsizliklə bağlı səsləndirdiyi ittihamların Bakıdan daha çox Moskvaya istiqamətləndiyini göstərir.

Hələ sentyabrın əvvəlində Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “La Republica” qəzetinə verdiyi müsahibəsində təhlükəsizlik məsələsində ölkəsinin yalnız Rusiyaya bel bağlamasını “strateji səhv” adlandırmışdı və Rusiyanın regionu “tamamilə tərk edə biləcəyi” fikrini səsləndirmişdi.

Ermənistan liderinin açıqlamasına münasibət bildirən Kreml isə Rusiyanın regionu tərk etmək niyyətində olmadığını və Paşinyanın təhlükəsizliklə bağlı Rusiyaya yönəlik ittihamlarına isə “pis rəqqas” haqqında misal gətirərək cavab vermişdi.

“…məsuliyyəti öz üzərindən atmaq istəyir”

Rusiyanın Xarici İşlər Nazirliyi Paşinyanın son açıqlamasını daxili və xarici siyasətdə yaşadığı “uğursuzluqlara görə məsuliyyəti öz üzərindən atma cəhdi” adlandırıb.

Ermənistan lideri qeyd edib ki, ölkəsinin bəzi müttəfiqləri rəsmi Yerevanın “müstəqil, suveren, azad və demokratik dövlət yaratmaq arzusuna” diqqət yetirmək əvəzinə, Ermənistanın təhlükəsizlik sahəsində “zəif tərəflərini dərinləşdirməyə” səy göstəriblər.

“İndi də [Ermənistanın bəzi tərəfdaşları] diplomatiya, dövlətlərarası münasibətlər və hətta müqavilələr çərçivəsində üzərinə götürdüyü bütün etik və ədəb normalaranı pozaraq, təkcə xarici deyil, həm də daxili təhlükəsizliyimizi və sabitliyimizi təhlükə altına qoyur”, – Paşinyan bildirib.

Rusiya isə Yerevanın bu ittihamlarını “Qərb vektoruna” meyl etməsi ilə əlaqələndirib və Moskva və KTMT-nin ünvanına səslənən fikirləri “öz səhvlərinə bəraət qazandırma” cəhdi kimi qiymətləndirib.

Paşinyan “Qərbin öyüd-nəsihətlərinə qapılıb”

“Regional məsələlərdə Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ilin noyabrında Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə qapıldı. Praqa və Brüsseldə Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəldi. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı şərtləri, eləcə də Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişib. Ermənistan rəhbərliyinin bəsirətsizliyi ucbatından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı, xüsusən də Paşinyan Azərbaycanla həmsərhəd rayonlarına KTMT müşahidə missiyasını göndərmək haqqında altı ölkənin bütün xarici işlər nazirləri tərəfindən artıq razılaşdırılmış qərarı imzalamadı”, – Rusiya XİN-i qeyd edib.

“Əsasən Rusiya və Azərbaycanla birgə ritmik işdən çəkinib Qərbə tərəf qaçmağa üstünlük verən Ermənistan rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticəsində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin icrası dalana dirəndi”- deyə Moskva Azərbaycanla sülh müqaviləsinin razılaşdırlması üçün “qiymətli vaxtın itirildiyni” vurğulayıb.

Bundan əlavə, Moskva onu Ermənistanın daxili təhlükəsizliyinə təhdid yaratmaqda günahlandıran Yerevanı “məsuliyyətsiz siyasət yürütməkdə” ittiham edib və bildirib ki, bu gün Yerevan küçələrində baş verən etirazlar erməni cəmiyyətinin Paşinyanın siyasətindən narazılığını göstərir.

“Təbii ki, onların Rusiyadan təhrik edilməsi ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hökumət başçısına yaxşı məlum olmalıdır ki, “rəngli inqilablar” təşkil etməkdə kifayət qədər mahirləşmiş Qərbdən fərqli olaraq, Moskva belə şeylərlə məşğul olmur”, – rəsmi Moskvanın bəyanatında qeyd olunub.

Rəsmi Moskva əminliklə bildirib ki, Yerevan rəhbərliyi “qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirərək, çox böyük səhvə yol verir” və Ermənistan əhalisinin “böyük əksəriyyəti də bundan xəbərdardır”.

Lakin iki ölkə arasında müşahidə edilən gərginlik yalnız sözdə deyil, əməli tədbirlərdə də aydın hiss olunmağa başlayıb.

Belə ki, rəsmi Yerevanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda planlaşdırılan təlimlərini keçirməkdən imtina etməsi, daha sonra təşkilatda yer alan nümayəndəsini geri çağırması Rusiya-Ermənistan əlaqələrini pisləşdirən ilk amillərdən biri oldu.

Bundan əlavə, sentyabrın 1-də Ermənistan hökuməti Vladimir Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməkdə qərarlılıq göstərməsi Moskva ilə münasibətlərdə müşahidə edilən soyuqluğu daha da artıran səbəb kimi şərh edilir.

Moskva bununla bağlı Yerevandan izahat istəyib, lakin Nikol Paşinyan Kremli əmin etməyə çalışıb ki, bu addım Rusiyaya qarşı yönəlməyib.

Yerevanda isə Ermənistan hökumətinin addımlarını erməni xalqının “Rusiyadan məyusluğu” ilə əlaqələndirirlər:

“Siyasi və diplomatik fikir ayrılıqlarından qat-qat vacib olan əsas problem Ermənistan cəmiyyətinin Rusiyanın Qarabağın blokadasına münasibətindən məyus olması və müttəfiqinin Qarabağ xalqını aclıqdan xilas etmək üçün əlindən gələni etməsinə inamını itirməsidir… Kremlin baş verənlərə münasibətini nümayiş etdirmək istəməməsi ermənilərin Rusiyaya münasibətinə çox mənfi təsir göstərir”, – erməni jurnalist Mark Qriqoryan Yuri Vendikə müsahibəsində deyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment