- Müəllif, Justin Rowlatt
- Vəzifə, BBC-nin iqlim məsələləri üzrə redaktoru
Azərbaycanda başlayacaq iqlim dəyişikliyi konfransının – COP29-un yüksək rütbəli rəsmisinin potensial qazıntı yanacağı sazişlərinin müzakirəsi ilə bağlı görüş təşkil etmək üçün öz rolundan istifadə etdiyi görünür, BBC xəbər verir.
Biz Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim edən adamla ölkənin dövlət neft və qaz şirkətində çeşidli “investisiya imkanlarını” müzakirə etdiyini əks etdirən gizli çəkilişləri görmüşük.
“Bizim işlənəsi çoxlu qaz yataqlarımız var”, – o deyib.
BMT-nin iqlim danışıqlarına məsul qurumunun keçmiş sədri BBC-yə deyib ki, onun hərəkətləri “tamamilə qəbuledilməzdir” və COP prosesinə “xəyanətdir”.
Azərbaycanın COP29 komandası bizim şərh sorğumuza cavab verməyib.
Bazar ertəsi Bakıda COP29 konfransına start veriləcək.
Bu, hökumətlərin gələcək iqlim dəyişikliyinə hazırlıqlarını, onu necə məhdudlaşdıracaqlarını və problemin həlli üçün qlobal ambisiyaları necə artıracaqlarını müzakirə edəcəkləri BMT-nin 29-cu illik iqlim sammiti olacaq.
Hərçənd ki, BBC ardıcıl ikinci ildir ki, ev sahibi olan hökumət tərəfindən yol verildiyi iddia olunan qanunsuzluqları aşkar edir.
İki həftə əvvəl İspaniyada baş verən dağıdıcı daşqınlar 200-dən çox insanı öldürdü və bu, iqlim dəyişikliyinin necə bir kəskin havaya səbəb ola biləcəyinin vahiməli xatırlatması idi.
BBC-yə Global Witness insan haqları təşkilatı tərəfindən çəkilmiş gizli video görüntülər və sənədlər göstərilib.
BBC anlayır ki, təşkilatın nümayəndələrindən biri özünü COP29 komandasına Honkonqda yerləşən enerji üzrə ixtisaslaşmış uydurma investisiya şirkətinin rəhbəri kimi təqdim edib.
O deyib ki, bu şirkət COP29 sammitinə sponsorluq etmək istəyir, lakin əvəzində Azərbaycanın dövlət neft və qaz şirkəti – SOCAR-da investisiya imkanlarını müzakirə etmək niyyətindədir.
Elnur Soltanovla onlayn görüş təşkil edilib. COP29-un baş icraçı direktoru olmaqla yanaşı, cənab Soltanov həm də Azərbaycanın energetika nazirinin müavini və SOCAR-ın Müşahidə Şurasının üzvüdür.
ABŞ hökumətinin rəqəmlərinə görə, neft və qaz Azərbaycan iqtisadiyyatının təxminən yarısını, ixracının isə 90 faizindən çoxunu təşkil edir.
Görüşdə cənab Soltanov potensial sponsora deyib ki, konfransın məqsədi “iqlim böhranını çözmək” və “karbohidrogenlərdən ədalətli, nizamlı və bərabərhüquqlu şəkildə uzaqlaşmaq”dır.
O deyib ki, neft və qaz şirkətləri də daxil hər kəs “həll yolu təqdim edə bilər”, çünki Azərbaycanın “qapıları açıqdır”.
Bununla belə, o, təkcə iqlim həlləri üçün deyil, neft və qaz da daxil sövdələşmələr üçün də “açıq qapı” təqdim edib.
Cənab Soltanov potensial sponsora əvvəlcə SOCAR-ın cəlb olunduğu bəzi “yaşıl keçid layihələrinə” investisiya qoymağı təklif edib, lakin sonra o, yeni qaz xətti infrastrukturu da daxil olmaqla, Azərbaycanın qaz istehsalını artırmaq planları ilə əlaqəli imkanlar barədə danışmağa başlayıb.
“Çoxlu birgə müəssisələr yaradıla bilər”, – cənab Soltanovun potensial sponsora dediyi qeyd olunur. “SOCAR Asiya da daxil olmaqla, bütün dünyada neft və qaz ticarəti aparır”.
Cənab Soltanov təbii qazı “keçid yanacağı” adlandırıb və deyib: “Müəyyən həcmdə neft və təbii qaz istehsallarımız davam edəcək, bəlkə də həmişəlik”.
BMT-nin iqlim elmi qurumu – İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli 2050-ci il və daha sonrasında neft-qazın bəzi rolu olacağını etiraf edir, amma eyni zamanda aydındır ki, “istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmağa çalışmaqla yeni neft və qaz yataqlarının işlənməsini inkişaf etdirmək bir-birinə uyğun deyil”.
Bu, həmçinin dünyanın son qlobal iqlim sammitində qazıntı yanacaqlarından uzaqlaşmağı qəbul etdiyi razılaşmaya ziddir.
Cənab Soltanov müzakirələrin baş tutmasına köməkdə həvəsli görünərək potensial sponsora deyib: “Müzakirələrin başlaması üçün sənin komandanla onların [SOCAR-ın] komandası arasında əlaqə yaratmağa şad olaram”.
Bir neçə həftə sonra saxta Honkonq investisiya şirkəti e-mail alıb – SOCAR məsələni davam etdirmək istəyib.
COP29 prosesinin bir hissəsi kimi biznes sövdələşmələri etməyə cəhd bir COP rəsmisindən gözlənilən davranış standartlarının ciddi şəkildə pozulması kimi görünür.
Bu tədbirlər iqlim dəyişikliyinin əsas səbəbi olan qazıntı yanacaqlarının daha çox satılması üçün deyil, dünyada onlardan istifadənin azaldılması üçün olmalıdır.
Bu standartlar BMT-nin iqlim müzakirələrinə məsul qurumu – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən tərtib olunub.
BMT deyib ki, aşkarladıqlarımıza birbaşa şərh verə bilməzlər, lakin qeyd edib ki, konfransın istənilən ev sahibinə “eyni ciddi standartlar” tətbiq olunur və o standartlar “vəzifədə olan bütün sədrlərin qərəzsizliyinin vacibliyini” əks etdirir.
COP rəsmilərinin davranış kodeksində deyilir ki, onlardan “ayrı-seçkilik, qərəz, tərəfkeşlik, kapriz, şəxs maraq, üstünlük vermə və ya itaətkarlıq olmadan, ciddi şəkildə sağlam, müstəqil və ədalətli mühakiməyə əsaslanan fəaliyyət gözlənilir”.
“Onlardan şəxsi baxış və əqidələrinin UNFCCC rəsmisi kimi onların rolunu və funksiyalarını təhdid etməməsinə və ya təhdid etmiş kimi olmamasını təmin etmələri gözlənilir”, – sənəddə deyilir.
Kosta-Rikalı diplomat Christiana Figueres 2015-ci ildə Parisdə dünyanın qlobal temperaturun artmasını 2C-dən aşağı saxlamaq üçün birgə işləməyə razılaşdığı əlamətdar COP konfransı dövründə BMT-nin iqlim prosesində rəhbər vəzifədə olub.
O, BBC-yə deyib ki, COP prosesinə cəlb olunmuş istənilən şəxsin öz vəzifəsindən istifadə edərək qazıntı yanacağı üzrə yeni sövdələşmələr bağlamaq cəhdinə heyrət edib.
O deyib ki, belə davranış bu konfransların məqsədinə “ziddir və bərbaddır” və prosesə “xəyanətdir”.
BBC, həmçinin COP29 komandası ilə saxta investorlar arasında e-mailləri görüb. “Global Witness” deyir ki, bunlar davamlılığın COP29 komandası üçün əsas gündəm olmadığına dair əlavə sübutları göstərir.
Görüşlərin birində iqlim konfransı müddətində SOCAR-ın təqdimatı və “davamlı neft və qaz investisiyası” mövzusunda tədbirə cəlb olunmasının əvəzində saxta şirkətlə 600,000 dollarlıq sponsorluq sövdələşməsi müzakirə edilib.
COP29 rəsmiləri sammitə 5 keçidlə tam girişin təklif olunduğu müqavilə layihəsi hazırlayıblar.
Müqavilə saxta kampaniyadan davamlılığa dair bəzi öhdəliklər tələb edib, amma o rədd ediləndə azərbaycanlılar bunu bir kənara qoyaraq, “düzəlişlər” etməyi nəzərdən keçirməyə razılaşıblar.
Əlbəttə, şirkət mövcud olmadığından heç bir müqavilə də bağlanmadı.
Biz Azərbaycanın COP29 komandasından və SOCAR-dan aşkar etdiyimiz məlumatları şərh etmələrini istədik. Onlar sorğularımıza cavab vermədilər.
Bir il əvvəl BƏƏ-nin COP28-ə ev sahibliyi rolundan istifadə edərək neft və qaz sövdələşmələri bağlamaq planlarını aşkarlayan sızdırılmış sənədlər əldə etmişdik.
Bununla belə, həmin sammitdə ilk dəfə dünyanın qazıntı yanacaqlardan uzaqlaşmasının lazım olduğuna dair razılıq əldə edildi.
Bu göstərir ki, COP 29-da hələ də irəliləyiş əldə edilə bilər, lakin konfransın açılışına bir neçə gün qalmış ev sahibliyi edən komandanın qanunsuz hərəkətləri ilə bağlı iddialar ümidverici başlanğıc olmaya bilər.