Qarabağ məhbusları. Azərbaycan həbsxanalarında Ruben Vardanyan və digər ermənilərlə nə baş verir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Erməni fəallar Qərbdən məhbusların azad edilməsi üçün səylər tələb edirlər, lakin onların vəkillərinin Ermənistan rəhbərliyinə də sualları var

Bir il əvvəl ermənilər Azərbaycanın hərbi əməliyyatından sonra Dağlıq Qarabağı tərk ediblər. Amma qonşu Ermənistana hamını buraxmayıblar: Qarabağ ermənilərinin liderləri, milyarder Ruben Vardanyan da daxil, həbs edilərək Bakıya göndəriliblər.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri və nazirlərini nə gözləyir? Onlara kim vəkillik edir? Və nə üçün onların buraxılmasına dair ümidlər COP29 iqlim konfransı ilə əlaqələndirilir?

Jurnalist Lilit Şahverdyan BBC Rusca Xidməti üçün onların yaxınları və vəkilləri ilə danışıb.

Ötən ilin sentyabrında on aylıq blokadadan sonra Dağlıq Qarabağ Azərbaycanın tam yurisdiksiyasına keçdi. Həmin günlərdə Azərbaycan sərhədçiləri səkkiz ermənini – tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) keçmiş hərbi və siyasi liderlərini saxlayıblar.

Onların arasında üç keçmiş prezident də olub – Arkadi Ğukasyan, Bako Sahakyan və Arayik Harutyunyan. Lakin onların arasında ən tanınmışı bir neçə ay separatçı DQR hökumətində baş nazir vəzifəsində çalışmış rus-erməni milyarder Ruben Vardanyandır.

Hakimiyyət orqanları və hüquq müdafiəçiləri məhbusların dəqiq sayı ilə bağlı müxtəlif məlumatlar verirlər. Bakıda isə söhbət 23 erməni məhbusundan gedir: səkkiz DQR rəhbəri, 15 hərbi əsir və 2023-cü ilin sentyabrında Azərbaycanın hərbi əməliyyatı nəticəsində saxlanılan mülki şəxslər.

Lakin Avropa İnsan Haqları Məhkəməsində (AİHM) erməni məhbusların maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan hesab edir ki, məhbusların real sayı rəsmi məlumatlardan xeyli çoxdur.

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bir il əvvəl 100 min Qarabağ ermənisi öz evlərini tərk edib

Bəs Qarabağın keçmiş rəhbərlərinə nə oldu?

Sentyabrın əvvəlində Azərbaycanın Baş prokuroru elan etdi ki, istintaq başa çatıb və Qarabağın keçmiş liderlərinin işləri tezliklə məhkəməyə veriləcək. Bu, demək olar, həbs olunduqdan bəri onların taleyi ilə bağlı ilk açıqlama idi.

Bir il əvvəl keçmiş məmurların həbsi Azərbaycan mətbuatında aktiv şəkildə işıqlandırılırdı. Keçmiş liderlərin əlləri bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin binasına aparılmasını əks etdirən görüntülər, habelə onların istintaq təcridxanasında fotoları dərc olunmuşdu.

Lakin o vaxtdan bəri onların yeni görüntüləri dərc olunmayıb. 2023-cü ilin martında Azərbaycanın dövlət kanalı AzTV separatçı, keçmiş DQR prezidenti Arayik Harutyunyanın və keçmiş müdafiə naziri Levon Mnatsakanyanın müsahibələrinin yayımlanacağını anons etmişdi.

Ancaq proqram efirdən çıxarıldı. “Müsahibələrin yayımı təkcə bizdən asılı deyil. Biz onun indi dərc edilməsinin nə dərəcədə məqsədəuyğun olması sualı ilə qarşılaşdıq”, – kanalın nümayəndəsi izah edib.

O vaxtdan bəri məhbuslar mediada görünmür.

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan
Араик Арутюнян Araik Arutyunyan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qarabağ liderlərinin rusiyapərəst mövqeyinə baxmayaraq, Rusiya hərbçiləri 2023-cü ilin sentyabrında onların həbsinə mane olmayıblar.

BBC həbsdə olan iki keçmiş məmurun ailə üzvləri ilə əlaqə saxlayıb. Hər iki qohum məhbuslarla telefon əlaqəsi saxladıqlarını, lakin öz təşəbbüsləri ilə zəng vura bilmədiklərini bildiriblər. Onlar anonimlik şərti ilə danışıblar.

“Onun vəziyyəti haqqında çox az şey bilirik. Bilmirəm, o, nə vaxt yenə zəng edə biləcək – [Beynəlxalq Qırmızı Xaç Komitəsi] və ya digər vasitəçilərin vasitəsilə. Əlaqə saxlayırıq, amma vəziyyətini bölüşmür, sadəcə hər şeyin qaydasında olduğunu deyir. Adətən, mən özüm ona ailə xəbərlərini söyləyirəm”, – həmsöhbətlərdən biri deyib.

O, məhkəmə prosesləri barədə ancaq Azərbaycan mediasından xəbər alır.

Digər məhbusun oğlu BBC ilə söhbətində oxşar vəziyyəti belə təsvir edib: “O, vaxtaşırı bizə zəng edir, səhhətinin yaxşı olduğunu deyir. Uzun müddət əlaqəyə çıxmaması halları olmayıb”.

Məhkumların ailələri anlayırlar ki, yaxın gələcəkdə qohumlarını görməyəcəklər. “Biz onun azadlığa buraxılacağına ümid edirik, lakin bunun üçün hələlik heç bir real şərait görmürük”, – qohumlardan biri BBC-yə deyib. O deyir ki, Ermənistan hökumətindən onların ailəsinə, faktiki olaraq, heç bir yardım olmayıb.

Azərbaycan və Ermənistan arasında praktiki olaraq, vasitəçi rolunda çıxış edən, həbs olunanlarla fiziki əlaqəyə malik olan və onların ailələri ilə əlaqəsini təmin edən yeganə təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK).

BQXK Ermənistan və Azərbaycan mediasını məhbuslara baş çəkdiyi barədə məlumatlandırır. Sonuncu dəfə belə səfərlər haqqında bu ilin avqustunda məlumat verilib.

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan
Gəncə

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qarabağ liderlərinə qarşı ittihamlardan biri 2020-ci ildə Gəncənin atəşə tutulmasıdır

Rusiya milyarderi və Qarabağ hərbçiləri

Qarabağ ermənilərinin keçmiş rəhbərlərinin yaxınları onların onsuz da həssas vəziyyətini pisləşdirməmək üçün saxlanma şəraiti ilə bağlı təfərrüatları açıqlamamağa çalışırlar. Lakin Ruben Vardanyanın beynəlxalq hüquqşünaslar komandası başqa strategiya seçib.

Bu ilin iyununda Vardanyanın pis rəftara və işgəncələrə məruz qaldığını pisləmək çağırışı ilə BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisinə müraciət göndərilib. Məktubda bildirilir ki, Vardanyan 2024-cü ilin aprelində aclıq elan etdikdən sonra, karserə salınıb və yemək və içməli sudan məhrum edilərək cəzalandırılıb.

Vəkillər deyirlər ki, təcrid şəraitində kamerada işıqlar gecə-gündüz söndürülməyib, Vardanyan uzun müddət ayaq üstə durmağa məcbur edilib, ona tualet kağızı, yuyunmaq və əynini və alt paltarını dəyişmək imkanı verilməyib.

İrlandiyanın keçmiş prezidenti Mary Robinson-dan tutmuş Fransanın keçmiş xarici işlər naziri Bernard Kouchner-ə qədər bir sıra tanınmış şəxslər Azərbaycanı Vardanyanı azad etməyə çağırıblar. Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin avqustunda Bakıya səfərindən əvvəl Rusiya Erməniləri İttifaqı ondan Bakıda danışıqlar zamanı Azərbaycanda saxlanılan Qarabağ erməni liderləri ilə bağlı məsələ qaldırmağı xahiş etmişdi.

Vardanyan Qarabağda “terrorçuluğu maliyyələşdirməyə”, qanunsuz silahlı birləşmələr yaratmağa və Azərbaycanda qeyri-qanuni yaşamağa görə saxlanılıb.

Tanınmamış “DQR”in digər rəhbərləri işgəncə, terror aktları və ya milli ədavəti qızışdırmaqda ittiham olunurlar.

Məsələn, Arayik Harutyunyan 2020-ci ildə Qarabağ müharibəsi zamanı ölkə ərazisini minalamaqda, qeyri-qanuni hərbi birləşmələr yaratmaqda, qanunsuz olaraq silah idxal etməkdə və Azərbaycan şəhərlərini atəşə tutmaqda ittiham olunur.

Arkadi Ğukasyan, Bako Sahakyan və parlamentin sədri David İşxanyan terrorçuluqda, qanunsuz silah əldə etməkdə, saxlamaqda və gəzdirməkdə, silahlı qruplaşma yaratmaqda ittiham olunublar. Keçmiş xarici işlər naziri David Babayana isə Azərbaycan Cinayət Məcəlləsinin ondan çox maddəsi ilə ittiham irəli sürülüb.

BBC Azərbaycanca Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib və hələ cavab almayıb.

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan

Рубен Варданян и Джордж Клуни

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistanda Vardanyan əvvəlcə xeyriyyəçiliklə məşğul olsa da, sonra siyasətə baş vurub.

Əsirlərin azad edilməsi ilə kim məşğul olur?

Son bir ildə Bakı və Yerevan Rusiyanın və ya Qərbin vasitəçiliyi olmadan birbaşa danışıqlara başlayıblar. Hər iki tərəf sülh müqaviləsini mümkün qədər tez imzalamağa çalışdıqlarını deyir, lakin nəsə həmişə mane olur.

Lakin uğurları da var. Bunlardan birini iki ölkə arasında sərhədin delimitasiyası prosesi hesab etmək olar. Digəri ötən ilin dekabrında hərbi əsirlərin mübadiləsi olub. Sonra Azərbaycan əsir götürdüyü 32 ermənini, Ermənistan isə iki Azərbaycan əsgərini geri qaytararaq, Bakının COP29-a, yəni BMT-nin iqlim dəyişikliyi üzrə konfransının 29-cu sessiyasına ev sahibliyi etmək istəyini dəstəklədi. Konfrans noyabrın 11-dən 22-dək baş verəcək.

Qarabağ ermənilərinin keçmiş rəhbərləri bu mübadiləyə daxil edilməyiblər.

Ermənistan XİN səviyyəsində Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin həbsini pisləyib və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Lakin Ermənistanın Baş naziri onların azadlığa buraxılmasını öz prioritetləri sırasına daxil etmir.

Buna baxmayaraq, bu məsələyə beynəlxalq diqqətin yenidən güclənəcəyinə ümid var. BBC ilə söhbətində hüquq müdafiəçisi Siranuş Sahakyan və Ruben Vardanyanın maraqlarını təmsil edən vəkil Jared Genser əmin olduqlarını bildiriblər ki, noyabrda COP29-un yaxınlaşması dünya ictimaiyyətinin diqqətini bir daha hərbi əsirlər və siyasi məhbuslar probleminə cəlb edə bilər.

Genser siyasi məhbuslar üzrə ixtisaslaşmış tanınmış amerikalı insan hüquqları mütəxəssisidir. Genser bu məsələdə beynəlxalq ictimaiyyətin mühüm rol oynadığını vurğulayıb: “Bizim tərəfimizdə insan haqları və həqiqətdir. Beynəlxalq məhkəmələrdə Azərbaycanda baş verənlərdən dərindən narahat olanlar çoxdur. [Prezident İlham] Əliyev bu həqiqətdən qaçmağa və ya gizlənməyə çalışa bilər, lakin bu, onun reputasiyası ilə bağlı istənilməz nəticələrinə gətirib çıxara bilər ki, bu da COP29 yaxınlaşdıqca daha da artacaq”.

COP29 ilə bağlı məhbusların azadlığa buraxılacağına dair ümidlər, həmçinin Qərb siyasətçilərinin bəyanatları ilə əlaqələndirilir. Belə ki, sentyabrın əvvəlində ABŞ Senatının Xarici Siyasət Komitəsinin sədri Ben Cardin Prezident Əliyevi erməni məhbusları və ölkədə korrupsiya və ya insan haqları pozuntularını işıqlandırdıqlarına görə saxlanılan azərbaycanlı fəalları və jurnalistləri azad etməyə çağırıb.

Senator yazır ki, COP29 kimi mühüm beynəlxalq tədbiri keçirmək ev sahibliyi edən ölkə üzərinə söz və toplaşmaq azadlığına hörmət etmək öhdəlikləri qoymalıdır.

ABŞ və Aİ rəsmiləri də vaxtaşırı erməni əsirlərin taleyindən söz açır və Azərbaycanı onlarla humanist və beynəlxalq hüquqa uyğun davranmağa çağırırlar.

Chatham House Kral Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Laurence Broers qeyd edir ki, Azərbaycanda əvvəllər də Qərbin müdafiə etdiyi fəallar üçün amnistiyalar olub. Buna görə, COP29-a hazırlıq dövründə məhbusların azad edilməsini də istisna etmək olmaz, lakin hələlik heç bir şey belə bir perspektivə işarə etmir.

“Mən yalnız bunun baş verə biləcəyi barədə şayiələr eşitmişəm”, – ekspert deyir.

Ermənistanın mövqeyi və Paşinyanın mövqeyi

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan

Şəklin mənbəyi, Ermənistan Baş Nazirinin office

Şəklin alt yazısı, Paşinyan Dağlıq Qarabağa səfər edib və hazırda Azərbaycanda həbsdə olan separatçı DQR rəhbərləri ilə tədbirlərdə iştirak edib.

Erməni hərbi əsirlərin ailələrini beynəlxalq məhkəmələrdə təmsil edən vəkil Siranuş Sahakyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi çərçivəsində həbsdə olan bütün ermənilərin azad edilməsi məsələsi müzakirə olunmalıdır. Lakin Ermənistan hakimiyyətinin səyləri ona yetərli görünmür.

“Təzyiq beynəlxalq ictimaiyyətdən gəlməlidir. Ermənistan təkbaşına lazımi təzyiq yaratmağa qadir deyil. Əgər o, passiv mövqedə qalsa və dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət etməsə, lazımi təzyiq sadəcə olmayacaq”, – Sahakyan deyir.

Vardanyanın maraqlarını təmsil edən Jared Genser rəsmi Yerevanın səylərini “tam uğursuzluq” kimi qiymətləndirib. O iddia edir ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları çərçivəsində əsirlərin azad edilməsi məsələsi gündəmə belə gətirilmir.

Ermənistan Xarici İşlər Nazirliyi BBC-nin sorğusuna cavab olaraq bəyan edib ki, erməni hərbi əsirlərin, mülki şəxslərin və keçmiş DQR rəhbərlərinin qaytarılması “prioritet hesab olunur və həmişə Xarici İşlər Nazirliyinin diqqət mərkəzindədir”.

Lakin Ermənistan Baş nazirinin son açıqlamaları onu göstərir ki, ən azı Vardanyan üçün Yerevana ümid etməyə dəyməz. Sentyabrın əvvəlində keçirdiyi mətbuat konfransında Paşinyan, faktiki olaraq, Vardanyanın taleyi üçün məsuliyyəti Rusiyanın üzərinə atıb.

“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi, kim ona bu addımı atmağı məsləhət gördü, onu Ermənistan Respublikasına, Dağlıq Qarabağa kim göndərdi və ya ezam etdi, hansı məqsədlə, hansı şərtlərlə, hansı vədlər verilibmiş?”, – Vardanyanın taleyi ilə bağlı jurnalistin sualına cavab olaraq Ermənistanın Baş naziri soruşub.

Bu eyhamlar Vardanyanı “Qarabağa göndərilmiş Kreml agenti” adlandıran Azərbaycanın dövlət mediasının ritorikasına bənzəyir. Bu məsələdə iki ölkə liderinin mövqeyi o qədər oxşardır ki, müstəqil jurnalistlər birbaşa onları eyniləşdirirlər.

“Artıq bir neçə ildir ki, Ermənistan və Azərbaycan rəsmi təbliğatı Ruben Vardanyanı Ermənistana, oradan da Dağlıq Qarabağa Putin tərəfindən göndərildiyini iddia edir”, – “Aravot” qəzetinin redaktoru Aram Abrahamyan öz köşə yazısında bildirir.

Vardanyan separatçı Dağlıq Qarabağ Respublikası Azərbaycan Ermənistan

Şəklin mənbəyi, Azərbaycan Prezidenti

Şəklin alt yazısı, Əliyev Qarabağ ermənilərinin liderləri və müstəqillik tərəfdarları üçün məğlubiyyəti mümkün qədər alçaldıcı etməyə çalışır

Sonra nə olacaq?

Qarabağ ermənilərinin liderləri üzərində məhkəmə proseslərinin nəticəsi hələ ki, bəlli deyil – yubadılması həm əsirlərin xeyrinə, həm də zərərinə oynaya bilər. COP29 iqlim konfransı çox güman ki, Azərbaycana beynəlxalq diqqətin maksimum yönəldilməsi anı olacaq. Alternativi Ermənistan və Azərbaycan arasında birbaşa razılaşma ola bilər, lakin hələlik bu, mümkün olmayan kimi görünür.

Laurence Broers deyir ki, tanınmamış “DQR” rəhbərliyinin həbsi Azərbaycanın mühüm simvolik qələbəsini ifadə edir. Gözləmək olar ki, onların məhkəmələri Azərbaycanın Qarabağ münaqişəsinə baxışını təsdiqləyən media tamaşasına çevriləcək.

Bakı bu yaxınlarda DQR-in keçmiş rəhbərlərinə qarşı yumşaqlıq ehtimalını bir daha rədd edib. “Hərbi əsirlərin qaytarılmasına gəlincə, Azərbaycan hərbi cinayətkarları və separatçı xunta rejiminin nümayəndələrini azad etməyə borclu deyil”, – Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

Bununla belə, məhbusların yaxınları ümidlərini itirməməyə çalışırlar.

“Əgər indiyə kimi hökm çıxarılmayıb, deməli, yəqin ki, hansısa tədbirlər görülür. Ola bilsin, həqiqətən də nəsə dəyişəcək”, – ailə üzvü BBC ilə söhbətində ümid etdiyini bildirib.

Məqalənin hazırlanmasında Qriqor Atanesyan da iştirak edib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment