Azərbaycana Telegram təsisçisi Durov niyə gəlmişdi?

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Səadət Akifqızı
  • Vəzifə, BBC Azərbaycanca

Şəxsi təyyarəsi ilə Bakıdan uçandan sonra Parisdə həbs edilən “Teleqram”ın təsisçisi Pavel Durova qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Onun Azərbaycanda olması Rusiya Prezidenti Vladimir Putinin Bakıya 19-20 avqust tarixli səfəri ilə üst-üstə düşüb və onun Putinlə görüşdüyünə dair şayiələr yayılıb.

Pavel Durovun Azərbaycana səfəri ilə bağlı detallı məlumatlar yoxdur, amma BBC Azərbaycanca onunla Bakıya birgə gəldiyi iddia olunan bloqçu Yuliya Vavilovanın sosial mediadakı son paylaşımlarını araşdırırkən bəzi məlumatlara diqqət yetirib.

Pavel Durov kimdir?

Rusiyada doğulmuş 39 yaşlı milyarder Pavel Durov vaxtilə Rusiyada məşhur VKontakte-nin təsisçilərindən biri olub.

Sonradan verdiyi müsahibələrin birində iddia edib ki, 2014-cü ildə Rusiya hakimiyyəti ondan ukraynalı müxalif fəalların hesablarını tələb edib, amma o bundan imtina edib.

Rusiya hakimiyyəti internet üzərində nəzarəti gücləndirməsindən və VKontakte-yə nəzarəti ələ almağa çalışmasından sonra Durov platformadakı payını sataraq ölkədən qaçdığını deyib.

Sonradan o, qardaşı ilə birgə Telegram mobil tətbiqin əsasını qoyub.

Hazırda onun Birləşmiş Ərəb Əmirlikləri və Fransanın vətəndaşı olduğu deyilir.

Durov Faceook yaradıcı Mark Zuckerberg və ya X sahibi Elon Musk kimi populyar deyil, ictimaiyyətdə haqqında o qədər çox məlumat yoxdur.

“Forbes” Pavel Durovun var-dövlətini təxminən 15 milyard dollar qiymətləndirib.

Durov Azərbaycana niyə gəlmişdi?

BBC Azərbaycancaya qeyri-rəsmi mənbələr deyib ki, Durov Bakıda keçirilən kibertəhlükəsizliklə bağlı təlimdə iştirak etmək üçün gəlib. Bu təlimin detalları barədə məlumat yoxdur. Ancaq o məlumdur ki, Azərbaycan İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib və 3 il ərzində Azərbaycanda yüzlərlə mütəxəssisə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulub. Bu təlimlərə tanınmış bloqçuların, sosial media kanalları rəhbərlərinin dəvət almasına dair məlumatlar var.

Pavel Durov Prezident Vladimir Putinlə eyni vaxtda – avqustun ortalarında Azərbaycanda olub. Bundan əvvəlki aylarda Durov Mərkəzi Asiya ölkələrinə səfər edib.

Kremlin sözçüsü Dmitri Peskov BBC-yə Putinlə Durovun görüşməsi ilə bağlı deyilənləri təkzib edib.

Putin Bakını tərk etdikdən sonra Telegramda “Baza” adlı kanal yazıb ki, Durov Putinlə görüşmək istəsə də, Rusiya Prezidenti bundan imtina edib. Məlumatda Durovun Putinlə niyə görüşmək istəməsi barədə açıqlama yoxdur.

Telegram təsisçisinin Azərbaycanda rəsmi şəxslərlə görüşdüyü iddia olunur, amma bu barədə hər hansı rəsmi məlumat yoxdur.

Onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihəsi olan Kibertəhlükəsizlik Mərkəzinə baş çəkdiyi güman edilir.

Nazirlikdən BBC-yə deyiblər ki, Durov nazirliyin hər hansı institutunda olmayıb və rəsmi və ya qeyri-rəsmi görüş keçirməyib.

Vavilova Kibertəhlükəsizlik Mərkəzindən

Şəklin mənbəyi, julivavilova/Instagram

Şəklin alt yazısı, Yuliya Vavilovanın İnstagram-da paylaşdığı foto

Pavel Durovla birgə saxlandığı deyilən və sonradan sərbəst buraxılan köməkçisinin – xarici mediada onun bloqçu Yuliya Vavilova olduğu iddia olunur – İnstagram-da paylaşdığı fotoda görünən tavanın dizaynı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihəsi olan Kibertəhlükəsizlik Mərkəzinin rəsmi saytında paylaşılan fotodakı tavanın dizaynı ilə oxşardır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı BBC Azərbaycancanın sualını hələ cavablandırmayıb.

Kibertəhlükəsizlik Mərkəzi

Şəklin mənbəyi, Kibertəhlükəsizlik Mərkəzi

Şəklin alt yazısı, Kibertəhlükəsizlik Mərkəzinin rəsmi saytında paylaşılan foto

Yuliya Vavilovanın iziylə: Durov Azərbaycanda harda olub?

Yuliya Vavilova

Şəklin mənbəyi, julivavilova/Instagram

Bloqçunun sosial mediadakı paylaşımları ilə Durovun sosial mediada Azərbaycandan paylaşdığı iddia olunan bir videoda bəzi detallar üst-üstə düşür: Hər ikisinin eyni məkanda atıcılıq etdiyi görünür. Amma bunun Azərbaycanın hansı ərazisi olduğunu demək çətindir.

Onların atıcılıq etdiyini göstərən videolarda məkan bənzərliyi var.

Pavel Durovun Telegram kanalında onun iyun ayında Mərkəzi Asiya ölkələrinə səyahətindən fotolar paylaşılıb.

Bu, Yuliya Vavilovanın da İnstagram hesabında eyni vaxtda Qazaxstan, Qırğızstan və Özbəkistandan foto və videolar paylaşması ilə üst-üstə düşür.

Yuliya Vavilova Durov

Şəklin mənbəyi, julivavilova/Instagram P

Şəklin alt yazısı, Yuliya Vavilovanın sosial mediadakı paylaşımları ilə Durovun sosial mediada Azərbaycandan paylaşdığı iddia olunan iki videoda bəzi detallar üst-üstə düşür.

Yuliya Vavilovanın İnstagram səhifəsində “Azəri Az” adıyla paylaşdığı “Story” bölümündə Azərbaycan bayraqlı helikopterdən istifadə edildiyi görünür. O, Göygöldən video paylaşıb və Gəncədə 3 saat keçirdiyini yazıb.

Yuliya Vavilovanın İnstagram səhifəsində “Azəri Az” adıyla paylaşdığı “Story” bölümündə Azərbaycan bayraqlı helikopterdən istifadə edildiyi görünür

Şəklin mənbəyi, julivavilova/Instagram

Şəklin alt yazısı, Yuliya Vavilovanın İnstagram səhifəsində “Azəri Az” adıyla paylaşdığı “Story” bölümündə Azərbaycan bayraqlı helikopterdən istifadə edildiyi görünür

Durov nədə ittiham olunur?

Fransa məhkəməsinin açıqlamasına görə, Durov bir sıra cinayətlərdə şübhəli bilinən, adları açıqlanmayan şəxslərlə bağlı istintaq çərçivəsində dindirilir.

Məlumata görə, işdə 12 epizod var. Bu epizodlara görə, ittihamlar arasında “uşaq pornoqrafiyasının mütəşəkkil şəkildə yayılması, təklif və ya təqdim edilməsində sövdələşmə”, “narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, təklif edilməsi və ya ötürülməsində şəriklik” kimi ittihamlar yer alıb. Bu iş üzrə Durovun statusu aydın deyil.

Bazar ertəsi polis nümayəndəsi Reuters-ə bildirib ki, Durov Telegram-da maliyyə və kibercinayətlərlə bağlı araşdırmalarda əməkdaşlıq etmədiyi üçün milli kibercinayətkarlıq və dələduzluq departamentləri tərəfindən istintaq altındadır.

Telegram-ın şərhi nədir?

Durov saxlandıqdan sonra, Telegram-ın komandası bildirib ki, Avropa qanunlarına əməl edir və platforma da sənaye standartlarına uyğun olaraq moderasiya edilir.

Komanda hesab edir ki, Telegram-ın təsisçisinin “gizlədiləsi heç nəyi yoxdur”. “Platformanın və ya onun sahibinin bu platformadan sui-istifadəyə görə günahkar olduğunu iddia etmək absurddur”, – Telegram komandası deyib.

Fransa nə deyir?

Fransanın TF1 telekanalının məlumatına görə, Durov Fransada axtarışda olduğunu bilib və bu ölkəyə getməkdən yayınırdı. Onun bu dəfə Fransaya niyə getdiyi hələlik bəlli deyil.

Fransa prezidenti Emmanuel Maсron Durovun saxlanmasının davam edən istintaqla bağlı olduğunu və “siyasi qərar olmadığını” bildirib.

“Pavel Durovun həbsindən sonra Fransa haqqında yanlış məlumat oxuyuram. Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa həmişəkindən daha çox sadiqdir. Belə də olacaq”, – Makron X sosial şəbəkəsində yazıb.

Telegram nədir?

Telegram Durov

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Telegram 200 minlik qrup yaratmaq və ya limitsiz auditoriyanın izləyə biləcəyi yayım kanalı açmaq imkanı verir.

2013-cü ildə yaradılan Telegram Facebook, WhatsApp, Instagram, TikTok və WeChat kimi dünyanın iri sosial media və mesaj platformasıdır.

Bu platforma istifadəçilərə mesaj, foto və böyük ölçülü fayllar göndərməyə, o cümlədən, 200 minlik qrup yaratmaq və ya limitsiz auditoriyanın izləyə biləcəyi yayım kanalı açmaq imkanı verir.

Hazırda bir milyarda yaxın aktiv istifadəçisi var və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, münaqişə zonalarında mühüm ünsiyyət vasitəsi kimi tanınır.

Platforma bu nəhəng qruplarda dezinformasiyanın yayıla biləcəyi ilə bağlı tənqidlərlə üzləşib.

Tənqidçilər platformada sui-qəsdçi, neo-nasist, pedofil və ya terrorla əlaqəli məzmunun paylaşıldığını iddia edirlər.

Rusiyadan hansı reaksiya var?

Durov Rusiyadan təzyiqlərə görə qaçıb getidyini söyləsə də, onun həbsi vətənində qəzəblə qarşılanıb.

BBC-nin Moskvada mənzillənən müxbiri Steve Rozenberg yazır ki, “Nezavisimaya qazeta” öz məqaləsində onu “Rusiyalı Zuckerberg” adlandırıb.

“Telegram-a vurulan bu zərbə Rusiyaya zərbə olmaq təhlükəsi yaradır”, – Məqalədə vurğulanıb.

2018-ci ilin aprelində Rusiya hakimiyyəti Telegram-a girişi əngəlləməyə başladı, ancaq 2020-ci ildə qadağa aradan qaldırıldı. Bu gün təkcə Rusiya rəsmiləri yox, həm də Rusiyanın Ukraynaya müharibəsində iştirak edən hərbçilər bu platformadan istifadə edir.

Steve Rozenberg yazır ki, “Moskovski Komsomolets” vəziyyəti suallandırıb: “Əgər Telegram çöksə, [ordumuz] necə döyüşəcək?”

Rusiya Prezidenti yanında İnsan Hüquqları üzrə Ombudsman Tatyana Moskalkova iddia edib ki, “Pavel Durovun həbsinin əsl səbəbi “dünyada baş verənlər haqqında həqiqətlərin platforması olan Telegram-ı bağlamaqdır. “Söz azadlığı uğrunda mübarizə aparan hər kəs buna etiraz edir”, – o deyib.

Amma Tatyana Moskalkova ölkədə bu ayın əvvəlində qadağan edilən Signal və girişi məhdudlaşdırılan Youtube, o cümlədən bloklanan Facebook və Instagram-dan bəhs etməyib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment