Putinin səfəri İlham Əliyev üçün nə deməkdir?

Şəklin mənbəyi, Azərtac

  • Müəllif, İzolda Ağayeva
  • Vəzifə, BBC Azərbaycanca

Rusiya Prezidenti Vladimir Putinin ölkəsində müharibə getdiyi bir vaxtda Azərbaycana gəldi və Prezident İlham Əliyev onu evində qonaq etdi.

Cənab Əliyev bu səfərin “xüsusi xarakter daşıdığını” vurğuladı.

“Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, – İlham Əliyev deyib.

Prezident Əliyev Ukrayna müharibəsindən sonra ölkəsinin əhəmiyyətinin Rusiya üçün artdığını yaxşı bilir.

2-ci Qarabağ müharibəsindən sonra Ermənistanla münasibətləri gərginləşmiş Rusiyanın dostluğu elə Azərbaycan üçün də vacibdir.

Qərbin təzyiqi

Siyasi şərhçi Alya Yaqublu hesab edir ki, səfər həm Putin üçün, həm də İlham Əliyev üçün qarşılıqlı mənfəət daşıyır.

Putinin Bakı səfəri İlham Əliyev üçün Ermənistanla razılaşdırılmaq prosesində olan sülh müqaviləsi ilə bağlı Qərb ölkələrinin təzyiqindən qorunmağa dəstəkdir, o deyir.

“Putin Azərbaycana özünün fiziki gəlişiylə Cənubi Qafqazdan çəkilmək fikrində olmadığını, Qərb ölkələrinin bu regionda söz sahibi olmaq cəhdlərinə qarşı çıxacağını nümayiş etdirir. Bu, İlham Əliyevin də maraqlarına uyğundur”, Alya Yaqublu BBC-yə deyib.

O hesab edir ki, bu səfər İlham Əliyevə Qərb dövlətləri qarşısında “zəif görünməmək imkanı” yarada bilər.

“… Qərb də bilir ki, Rusiya böyük, nüvə dövlətidir. Başqa bir ölkənin ərazisinə girib, bütün müharibə qanunlarına zidd formada qırğın törədən adamı durdura bilməyib, öhdəsindən gələ bilməyib İlham Əliyevdən onu durdurmağı, Azərbaycanın müstəqil siyasət yeritməsini tələb etmək doğru yanaşma deyil. Bu baxımdan düşünürəm ki, Qərb indiki reallığı, Putinin demarşını – mən Putinin Azərbaycana səfərini onun demarşı hesab edirəm- nəzərə alacaq”.

“Rusiya Azərbaycan üçün məcburiyyətdir”

Cənubi Qafqaz üzrə araşdırmaçı Şücaət Əhmədzadənin fikrincə, “Rusiya Azərbaycan üçün məcburiyyətdir və Rusiya ilə münasibətlərin pisləşməsi onun üçün fatal nəticələrə” səbəb ola bilər.

“…Adətən, bizdə bir baxış var idi ki, Rusiya böyük, Azərbaycan isə kiçik dövlətdir və Rusiya nə desə, Azərbaycan onu etməlidir. Lakin Ukrayna müharibəsindən sonra biz gördük ki, Azərbaycan nə qədər kiçik dövlət olsa da, Rusiyanın o boşluğundan və ya prioritetlərinin dəyişməsindən istifadə edərək, strateji naliyyətlər əldə edə bildi”, – Şücaət Əhmədzadə bildirib.

Araşdırmaçı hesab edir ki, Putinin Cənubi Qafqazdakı 3 ölkədən məhz Azərbaycana səfər etməsi təsadüfi deyil, çünki digər iki respublikaya səfər etməsi “müəyyən dərəcədə problemlidir” və yalnız Azərbaycan münasibətləri müəyyən dərəcədə stabil saxlamağı bacarıb.

Təhlilçiyə görə, Ukrayna-Rusiya müharibəsindən sonra Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyub.

“Burada da bir neçə aspekt var. Ukrayna müharibəsindən sonra Rusiyanın məqsədi odur ki, xüsusi ilə qonşu dövlətlərlə münasibətdə elə bir sistem yaratsın ki, onlar anti-Rusiya blokuna qoşulmasınlar. Azərbaycan da bu istiqamətdə kifayət qədər özünü saxlaya bilib, doğrudur, Ukraynaya müəyyən humanitar yardımlar edib, amma yardımlar bundan o tərəfə keçməyib. Bununla yanaşı, bu müharibədən sonra həm Avropa dövlətləri, həm də Rusiya üçün Azərbaycanın özünün əhəmiyyəti artıb”.

Şücaət Əhmədzadə deyir ki, bunun bir səbəbi Rusiya üçün vacib olan, Azərbaycandan keçən Şimal-cənub dəhlizidir, digər səbəb isə Azərbaycan vasitəsi ilə tənzimlənən Türkiyə münasibətləridir.

“Səfər Rusiyanın təşəbbüsüdür”

“Putinin Azərbaycana səfəri Rusiyanın təşəbbüsüdür”, – deyən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili məsələni də elə bu kontekstdə təhlil edir.

“İndiki şəraitdə Rusiya hər bir formada çalışır ki, Azərbaycanla münasibətlərini aktivləşdirsin. Rusiya çalışır ki, Azərbaycan İran və Rusiya məsələlərini aktiv saxlasın. Putinin bu gün gəlib, Şəhidlər Xiyabanını ziyarət etməsi, Fəxri Xiyabana getməsi o deməkdir ki, Rusiya Azərbaycanla bağlı təşəbbüslər irəli sürür və bu təşəbbüslərdən Azərbaycanın pozitiv rəyinə çox ehtiyacı var. Ona görə də hesab edirəm ki, [Putinin səfəri] İlham Əliyev üçün, Azərbaycan üçün yox, Rusiya üçün nə deməkdir şəklində sual versək, daha doğru olardı”.

Əhməd Əlili hesab edir ki, Qərb Putinin İlham Əliyevlə münasibətlərindən yararlanmağa çalışır.

“Çünki Azərbaycanın Rusiya ilə münasibətləri Avropa İttifaqı və ABŞ -a imkan verir ki, Ukrayna və Rusiya arasında, xüsusi ilə enerji məsələlərində mediatr kimi Azərbaycanı təklif etsinlər”, – Əhməd Əlili bildirib.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment