Bir əsrdə üç dəfə dəyişən Azərbaycan əlifbası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2001-ci ildən bəri 1 avqust Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur

  • Müəllif, Dr. Harun Yilmaz
  • Vəzifə, Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

Azərbaycan əlifbası 20-ci əsrdə üç dəfə dəyişdirilib. Bunu çoxlarının dediyi kimi yalnız “parçala, hökm sür” siyasəti, ya da ruslaşdırma siyasətləri ilə izah etmək mümkündürmü?

1920-ci illərdə (erməni və gürcüləri istisna etməklə) SSRİ-də əksər xalqların əlifbası Latın qrafikasına keçirilib.

Halbuki həmin vaxt bütün xalqlara ən inkişaf etmiş respublikanın – Rusiyanın əlifbası, Kiril əlifbası da verilə bilərdi. Elə isə niyə Latın qrafikasına üstünlük verilib?

Bütün bu suallara cavab axtararkən belə bir nəticəyə gəlmək olar ki, məqsəd SSRİ-dəki müsəlman və türkdilli xalqların Türkiyə və İranla mədəni əlaqələrinin kəsilməsi olub.

Amma bu məqsəd üçün təkcə Azərbaycanda deyil, Sibirdəki Yakutiyadan tutmuş Karakalpak elinə qədər hər yerdə Kiril yox, Latın əlifbası seçilmişdi.

1920-ci illərdə niyə Latın əlifbasını seçmişdilər?

Bu yanaşmanın arxasında 1920-ci illərdə bolşeviklərin yürütdüyü milli siyasət dayanırdı.

Bu siyasəti bütünlüklə bir yazıda şərh etmək çətindir, amma mövzumuzla əlaqədar bir məsələ barəsində fikrimi sizlərlə paylaşmaq istərdim.

Məsələ burasındadır ki, 1920-ci illərdə aparılan milli siyasət ruslardan başqa SSRİ-dəki bütün xalqların milli kimliyi məsələsini əsas faktor kimi götürmüşdü. Məsələn, Azərbaycanda təkcə azərbaycanlıların deyil, tatların, talışların, udinlərin, farsların, almanların, kürdlərin və başqalarının da milli kimlikləri inkişaf etdirilirdi. Bu proses bütün ittifaq respublikalarında yürüdülən dövlət siyasəti olmuşdu.

Bu siyasətə görə, böyük-kiçikliyindən, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün xalqlar öz milli kimlikləri içində öz ziyalılarını, həkimlərini, mühəndis və müəllimlərini yetişdirməli idilər. Beləliklə, tatlar tat, kürdlər kürd, yakutlar yakut dilində mütəxəssislər yetişdirməli və öz milli kimlikləri ilə inkişaf etməli idilər. Qərb ekspertləri bu dövrü etnofiliya dövrü adlandırırdılar.

Lakin bu məsələdə bolşeviklərin qarşısında ciddi bir problem dayanırdı. Bütün xalqların mədəni inkişaf səviyyəsi eyni deyildi. O vaxtadək tatlar, kürdlər və yakutlar kimi öz əlifbası olmayan çox sayda etnik qruplar vardı. Bəzi yerlərdə, məsələn Azərbaycanda birdən artıq əlifba və ya əlifba layihəsi vardı. Bəziləri Ərəb qrafikasına üstünlük verirdilərsə, bir başqaları Latın qrafikasının tətbiqini istəyirdilər. Ortalıqda böyük bir xaos hökm sürürdü.

Bütün milli və etnik dillərin sistemləşdirilməsi, orfoqrafiya və qrammatikasının işlənməsi kimi ağır bir proses vardı. Bir çox ziyalılar, o cümlədən Azərbaycanda Latın əlifbasına keçid məsələsini uzun illərdir ki, müzakirə edirdilər. Bu şəraitdə orta bir yolun tapılması vacib idi. O zaman bolşeviklər bu yolu Latın qrafikasına keçiddə görmüşdülər. 1920-ci illərdə kürdlərdən moldovanlara, yakutlardan tatlara qədər hamı Latın qrafikasına keçirilmişdi.

Lakin görəsən nə üçün birbaşa olaraq rus əlifbasına keçilməmişdi? Bunun səbəbini rus milli kimliyinə bolşevik baxışında axtarmaq lazımdır. 1920-ci illərdə rus kimliyi dövlət dəstəyi almayan yeganə milli kimlik idi.

Çünki bundan əvvəl Vladimir Lenin rus millətçiliyini şovinizm kimi kəskin tənqid etmişdi. Lenin rus millətçiliyini çoxmillətli sovet ölkəsinin varlığı üçün təhlükə hesab edirdi.

Məhz bu basqıya görə rus millətçiliyi daha çox inkişaf etmişdi və daha aqressivdi.

Digər tərəfdən Rusiya tarixən başqa xalqları zəbt etmiş, müstəmləkə halına salmış və işğal etmişdi.

Lakin bu cür yanaşma, sonunda ölkədə yeni bir vətəndaş müharibəsinə yol aça bilərdi. Belə bir şəraitdə Rus əlifbasının tətbiqi başqa xalqlar tərəfindən öz mədəniyyətlərinin ruslaşdırılması cəhdi kimi görülə bilərdi. Odur ki, Moskva üçüncü, neytral yolu seçmiş və başqa xalqlar üçün Latın qrafikasının tətbiqinə qərər vermişdi.

Nə üçün 1930-cu illərdə Kiril əlifbasına keçildi?

Vladimir İliç Lenin Lenin burjia Rus Rusiya Sovet İttifaqı SSRİ
Şəklin alt yazısı, Lenin rus millətçiliyini çoxmillətli sovet ölkəsinin varlığı üçün təhlükə hesab edirdi.

1930-cu illərin başlanğıcında Sovetlər ölkəsində artıq iki əlifba standart halına gətirilmişdi. Bunlardan biri Kiril, digəri isə Latın qrafikası idi. Burada yalnız gürcülər və ermənilər istisna təşkil edirdilər. Onların qədim yazısına toxunulmamışdı.

İki sistemdən istifadə davam etdirilə bilərdi, lakin 1930-cu illərdə o vaxtadək Latın əlifbasından istifadə edən dillərin Kiril əlifbasına keçirilməsi barədə qərar qəbul edilmişdi.

Bu qərar ilk növbədə rus dilinin ortaq dil olaraq qəbul edilməsi məqsədilə bağlı idi.

Beşillik inkişaf planı Sovet iqtisadiyyatını tarixdə və heç bir ölkədə misli görünməmniş bir şəkildə mərkəzləşdirməliydi.

İqtisadiyyatla yanaşı, bütün başqa dövlət struktur və sistemlərinin də mərkəzləşdirilməsi siyasəti yürüdülürdü. Söhbət bir-birlərindən məsafəcə uzaq olan istehsalçıların və nəqliyyatçıların inteqrasiyasından gedirdi.

Sibirdəki bir zavoddan Bakıdakı neftçilər üçün dəzgahlar göndərildiyi bir vaxtda Həştərxandakı dəmiryolçularla da rabitə qurulması zəruri olurdu.

Belə bir şəraitdə hər hansı dəzgahdan istifadə təlimatının 20 müxtəlif dildə yazılması, kompüter proqramlarının olmadığı bir vaxtda asan məsələ deyildi. Ekstremal şəraitdə mərkəzləşdirilən iqtisadiyyat və idarəetmənin vahid bir dilə ehtiyacı vardı.

Rus zabitinin əmrləri

Əlifba məsələsi təkcə dil ehtiyacı olmaqdan çıxıb təhlükəsizlik məsələsinə çevrilmişdi. Sovet İttifaqı artıq 1930-cu illərdə Avropada böyük bir müharibənin başlayacağını və SSRİ üzərinə hücum olacağını düşünürdü.

Bu səbəbdən hərbi xərclərə və hərbi sənayenin inkişafına xüsusi diqqət verilirdi. Ordunun gücləndirilməsinə başlanmışdı. Bu dövrdə hərbi kadrların yetişdirilməsinə də xüsusi bir diqqət vardı. Orduda modernizasiya aparılırdı. Lakin burada da problem vardı. Sovet ordusunda zabitin rusca “sağa dön, sola dön, yerə yat” kimi komandalarını əsgərlərin yarısı başa düşmürdü. Çoxsaylı xalqları təmsil edən əsgərlər öz aralarında ünsiyyət qura bilmirdilər. Bir tankdan, topdan və təyyarədən necə istifadə edilməsini rus dilini bilməyən əsgərlərə öyrətmək olmurdu.

Ortaq bir dilə ehtiyac vardı və Sovet coğrafiyasında bu dilin rusca olacağı təbii idi. Stalin və digərləri dil problemlərinin fərqində idilər və 1930-cu illərdən etibarən bəzi tədbirlər barədə düşünürdülər. Bu tədbirlərdən biri də rus dilinin təbliği və onu bilməyən xalqlara tədris edilməsiydi.

Bir tərəfdən azərbaycanlı, ukraynalı və özbəklər öz dillərini bilməli və inkişaf etdirməli, digər tərəfdən isə mərkəzləşdirilmiş sistemin, iqtidasiyyatın işləməsi üçün rus dilini öyrənməli idilər.

O zamankı sovet liderləri sovet xalqlarının rus dilini öyrənməsində Latın əlifbasını əngəl kimi görməyə başlamışdılar. Daha doğrusu milli dillərin rus əlifbasına keçirilməsi rus dilinin öyrənilməsini asanlaşdırmalı idi.

Bəs rus milli kimliyinin dəstəklənməməsi siyasətinə səbəb nə idi? 1920-ci illərdə rus milli kimliyinin arxa plana keçirildiyi barədə bəhs etmişdik. 1934-1936-cı illərdə isə bu siyasət dəyişib. Çünki bolşeviklər yaxınlaşmaqda olan müharibə təhlükəsini görürdülər.

Kənd təsərüffatının kollektivləşdirilməsi, milyonlara kəndlinin Sibirə sürgün edilməsi, dindarların, dini liderlərin repressiya və güllələnməsi, istehlak mallarının qıtlığı, dükan-bazarlarda bitməyən növbələr – bütün bunlar bolşevik üsul-idarəsindən narazılıq yaradırdı.

Xalq və ələlxüsus da onun çoxluğunu təşkil edən kəndlilər xarici bir qüvvəni xilaskar kimi görürdü.

Rus millətçiliyi üçün aralı qapı

Sovet liderləri 1927-ci ildən sonrakı hesabatlarda bütün bunları görür və yaxınlaşan müharibə şəraitində ölkənin səfərbər edilməsi və sənayeləşdirilməsi yolları barədə düşünürdülər.

Belə bir məqamda Stalin və Jdanov kimi liderlərin təklifi ilə rus millətçiliyinin də nəzarətli bir şəkildə Sovet ideologiyasına daxil edilməsi nəzərdə tutulurdu. Sovet hakimiyyətinin və Kommunist Partiyasının populyarlaşdırılması və xalqın sənayeləşmənin məşəqqətlərinə hazırlaşdırılması məqsədilə rus millətçiliyinin qapısı nəzarət olunan bir tərzdə azaçıq aralı qoyulmuşdu.

Məhz bu dövrdə, xüsusilə də 1935-ci ildən sonra, İkinci Dünya Müharibəsinə hələ dörd il qalarkən İvan Qroznı, Böyük Pyotr, Kutuzov, Suvorov, Puşkin kimi fiqurların kino və ədəbiyyatla təbliğatına başlanmışdı.

1935-ci ildən bu yana rus milli kimliyi artıq müstəmləkəçi və mürtəce bir şey kimi pislənmir, əksinə bu kimliyin SSRİ-nin başqa xalqlarına Qərbin inkişaf işığını çatdırdığı iddia edilirdi. Bundan sonra rus dilinin bir ittifaq dili kimi önə sürülməsi qarşısında heç bir ideoloji maneə qalmırdı.

Əgər əlifba söhbətinə qayıtsaq deməliyik ki, Latın əlifbası bu dönəmdə sanki ölkəni ikiyə bölmüşdü. Bir tərəfdə Kiril əlifbası ilə oxuyub yaza bilən ruslar, ukraynalılar və belaruslar, digər tərəfdə isə Latın əlifbasından istifadə edən başqaları vardı.

Belə bir şəraitdə yaxınlaşmaqda olan müharibə təhlükəsi ilə üz-üzə qalan Sovet dövləti vahid və bütöv bir ölkə, səfərbər edilmiş və hamılıqla gecə-gündüz çalışan ölkə kimi görünməliydi.

Məhz buna görə də hamılıqla Kiril əlifbasına keçilməsi bu ikibaşlı vəziyyəti aradan qaldırmalı, rus dilinin bir xarici dil kimi tədrisinin tətbiqini asanlaşdırmalıydı.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment