Ermənistan yenə KTMT tədbirində iştirakdan imtina edib

Şəklin mənbəyi, kremlin.ru

Şəklin alt yazısı, KTMT-nin 2019-cu ildə Bişkekdə keçirilən tədbiri

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə bildirib.

Cümə günü, iyunun 21-də Almatıda Qazaxıstan Respublikası Baş nazirinin müavini – Xarici İşlər Naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Görüşün yekununa əsasən KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

KTMT-yə təsisçi üzv Ermənistan da daxil olmaqla, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Ermənistan son 2-3 ildə ilk dəfə deyil ki, KTMT tədbirlərində iştirak etməkdən imtina edir.

Daha əvvəl Ermənistan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz edib, mart ayında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina edib.

2023-cü ilin noyabrında Ermənistan baş naziri Yerevanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamayıb.

Paşinyan deyib ki, Yerevan təşkilatdan “Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini gözləyirdi, lakin bu, səslənmədi”.

“Son iki il ərzində KTMT üzvü olan Ermənistan azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. Məyus edən odur ki, Ermənistanın KTMT üzvü olması Azərbaycanı aqressiv hərəkətlərdən saxlamadı və faktiki olaraq, bugünədək biz Azərbaycanın Ermənistana qarşı təcavüzünə dair heç bir qərara nail ola bilməmişik. Bu faktlar KTMT-nin imicinə istər bizim ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda böyük xələl vurur. Və mən bunu Ermənistanın KTMT-də sədrliyinin ən böyük uğursuzluğu kimi qiymətləndirirəm. Bunu müttəfiqlərimiz Qırğızıstan və Tacikistan arasında sərhəddə eskalasiya haqqında da demək olar”, – Ermənistan baş naziri çıxışında deyib.

2020-ci ildən bəri bütün sərhəd toqquşmalarında Azərbaycan tərəfi Ermənistan tərəfindən atəş açıldığını, “provokasiya” edildiyini iddia edib, onlara cavab tədbirləri gördüyünü deyib.

Bundan başqa, Azərbaycan bildirib ki, hələ sərhədlər müəyyənləşmədən, delimitasiya olmadan Ermənistan həmin ərazilərin özünün olduğunu deməsi və Azərbaycanı işğalda təqsirləndirməsi “absurddur”.

Bu il, fevralın 22-də Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirib. Mayın 8-də parlament saatı zamanı Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan edib, daha sonra isə Ermənistan Təşkilatın mayın 31-də Almadıda keçiriləcək KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməyəcəyini bildirmişdi.

İyunun 12-də parlament saatında müxalif millət vəkilləri ilə mübahisə zamanı Paşinyan Ermənistanın, ümumiyyətlə, KTMT-dən çıxmaq niyyətində olduğunu bildirib, lakin bunun nə vaxt baş verə biləcəyini dəqiqləşdirməyib.

Ermənistan KTMT-nin təhlükəsizlik zamini öhdəliyini yerinə yetirməməkdə ittiham edib və “təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar” axtarmağa məcbur olduğunu bildirib.

Son çıxışlarından birində Ermənistan baş naziri “iki ölkə tərəfindən” 44 günlük Qarabağ müharibəsinə hazırlaşmaqda “qarşı tərəfə” kömək etməkdə və müharibədən sonra Ermənistanın müraciətlərinə etinasızlıq göstərməkdə ittiham edib. O, bu ölkələrdən birinin Belarus olduğunu açıqlayıb və bəyan edib ki, Belarusun prezidenti Aleksandr Lukaşenko olduğu müddətdə heç vaxt bu ölkəyə səfər etməyəcək və Ermənistan rəsmilərinə də icazə verilməyəcək.

O əlavə edib: “KTMT rəhbərlərindən biri bəyan edir ki, 44 günlük müharibənin hazırlanmasında iştirak edib, təşviq edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Və bundan sonra mən gedib Belarusun prezidenti ilə oturub KTMT formatında məsələ müzakirə edim?”

Ötən ay Bakıda olan Lukaşenko Azərbaycan rəsmiləri ilə görüşündə İkinci Qarabağ müharibəsinə toxunub. Deyib ki, müharibədən əvvəl İlham Əliyevlə təkbətək görüşündə bu nəticəyə gəliblər ki, “müharibədə qələbə çalmaq olar, bu, vacibdir və qələbəni qoruyub saxlamaq daha vacibdir”.

Belarus XİN Ermənistan rəsmisinin sözlərini ölkədəki “çətin daxili vəziyyətlə” əlaqələndirib və bildirib ki, rəsmi Minsk Ermənistanla münasibətləri korlamağa hazırlaşmır.

“Biz heç vaxt dostlarımızın zərərinə nə isə etməmişik, daxili məsələlərə qarışmamışıq və erməni xalqına hörmət edir, onlara həqiqətən də ölkənin gələcəyini və insanların rifahını düşünəcək rəhbərlik arzu edirik”, – XİN sözçüsü Anatoly Glaz deyib.

Bundan sonra Ermənistan və Belarus öz səfirlərini “məsləhətləşmə məqsədilə geri çağırıb”.

Rusiyanın Ermənistanın qərarına reaksiyası nə olub?

Ermənistan nümayəndə heyətinin Almatı KTMT Nazirlər Şurası sammitinə getməməsinə Rusiya XİN-i münasibət bildirib.

Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində Moskvanın Yerevanda KTMT platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı əməkdaşlıq üçün hərtərəfli imkanlar verdiyi anlamına gələcəyinə ümid etdiyini bildirib.

“Biz ümid edirik ki, bizim erməni tərəfdaşlarımız – biz isə müttəfiq qalmaqda davam edirik – hər necə olsa da, anlayacaqlar ki, regional təhlükəsizliyin daha səmərəli təmin edilməsi yolu regional dövlətlər arasında əməkdaşlıqdır”, – Qaluzin deyib.

Bundan başqa Ermənistan MDB-nin Moskvada keçirilən konfransına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib, Ermənistanı baş nazir müavini əvəzinə ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil edib.

Bu arada, Ermənistan XİN mətbuat xidməti xarici işlər naziri Ararat Mirzoyanın iyunun 20-də işgüzar səfərlə Litvaya yollandığını bildirir.

Vilnüsdə Ararat Mirzoyan Litvanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Qabrielius Landsbergislə, görüşləri planlaşdırılıb. Görüşdən sonra birgə mətbuat konfransı və qarşılıqlı anlaşma haqqında memorandum imzalama mərasimi keçiriləcəyi bildirilir.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment