Azərbaycan hakimiyyəti bir ildən çoxdur ki, fasiləsiz şəkildə siyasi həbslər həyata keçirməklə məşğuldur. Ölkənin tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər ard-arda şərlənərək həbs olunur. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.
Bütün əvvəlki repressiya dalğalarında olduğu kimi, bu dəfə də həbslər Azərbaycan Xalq Cəbhəsi Partiyasından yan keçməyib. Bu dəfəki siyasi həbslər kampaniyasında partiya məhbuslarının sayı artaraq 11 nəfərə çatıb.
Hakimiyyəti öz tənqidçilərini, müxalifətçiləri şərləyib həbs etməklə kifayətlənmir, üstəlik həbsxanalarda da onlara “işgəncə verir, qeyri-insani münasibət göstərir”.
Partiya bildirir ki, bütün bu həbslər və başqa təqib-təzyiq üsulları partiyanı fəaliyyət imkanlarından məhrum etmək üçündür.
“Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası öz prinsipial mübarizəsini, İlham Əliyevin Azərbaycanda tam olaraq totalitar sistem qurmaq cəhdlərinə qarşı təşkilatlanmış müqaviməti davam etdirməkdə qərarlıdır”- , sənəddə deyilir.
Partiya beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycan hakimiyyətilə bütün təmaslarda siyasi məhbusların azadlığını, ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarından istifadə edə bilməsini prioritet məqsəd kimi qarşıya qoymağa çağırır.
“Azərbaycanın avtoritar rejimi beynəlxalq sanksiyalara məruz qalmalı, müxalifətçilərin, ictimai-siyasi fəalların, jurnalistlərin uydurma ittihamlarına məsul olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməlidir”, – bəyanatda deyilir.